İkinci Dünya müharibəsinə görə yaşına görə ya ayrı səbəbdən getməmiş kişilər kənddə vaxtlarını boş keçirmirdilər.1941- 45-ci ildə Ərəbqardabəylidə xeyli uşaq doğulub… Əşrəf kişi ilə Səkinə xalanın kiçik qızı Əzizə təxminən 1943-cü ildə anadan olub. Mənim qardaşım Süleymandan bir az böyük olsa da, bir yerdə məktəb şəkilləri var idi. 1956-57-ci illərdə çəkilmiş bu ağ-qara şəkillərdə yeniyetmə Əzizənin necə kamil gözəl olduğunu görürsən.
Əzizə anası Səkinə xala kimi şən, zarafatcıl qız idi. Aralıqda özündən kiçik uşaqlara qoşulub oynayardı.
Ağaların Əzizədən yəqin on beş yaş – on altı yaş böyük olardı. Bir neçə il əvvəl ürəkkeçməsi olan birinci arvadı Zeynəb bədbəxt hadisə nəticəsində ölmüş, Ağalar iki oğlu ilə dul qalmışdı.
Yaxınlarının Ağəllə (Ağalələ) dedikləri Ağaları mən bir dəfə çox yaxından müşahidə eləmişəm. 1974-cü ildə Lətiflə İlham əsgərlikdən gələndə gözaydınlığılığına gələnlər Kamil müəllimin aynəbəndinə yığışmışdılar. Mən Ağalarla üzbəüz oturmuşdum. Və ona yaxından baxdıqca bu taksi şoferinin Hindistanın əfsanəvi aktyoru və rejissoru Rac Kapura onun əkiz qardaşı kimi oxşadığını görürdüm. Üz oxşarlığı bir yana, Ağaların mimikası, jestikulyasi da Rac Kapuru və ya onun “Avara”da ya “Cənab 420”- də oynadığı qəhrəmanları xatırladırdı. Ağalarda da aktyorluq istedadı var idi. Təxminən iki saat ərzində aynəbəddə qismən bəzək və uydurma olan müxtəlif məzəli əhvalatlar danışır və müxtəlif adamların tərzini çıxardıqca aynabənddəkilər uğunub gedirdilər. Lətif və İlham çoxdan yaddan çıxmışdılar…
Ağalar həmişı Bakıya işləyərdi, avtobazada hörməti var idi, tez-tez maşınını dəyişirdi. Müştərilər üçün də həmişə teatr çıxarırdı. Ancaq onu yaxından tanıyanlar bilirdilər ki, Ağaların görünən tərəfləri olduğu kimi görünməyən tərəfləri də var…
Mənim o vaxtlar eşitdiyim söhbətlərdən yadımda qalan budur ki, Əzizə Babazanlı qəsəbəsində yaşayan bacısıgilə gedirmiş. Salyanda Ağalara, yəni qardaşı Əzizağanın qaynına rast gəlir. Əzizədən hara getdiyini öyrənəndə deyir ki, otur maşına, aparım. Maşında Ağalara kömək üçün ayrı adam da olmuşdu, kimliyi yadımda deyil. Maşın tərpənəndən sonra Ağalar Əzizəyə elan eləmişdi ki, onu qaçırır. Əzizə haray qoparmışdı…
Əzizənin qaçırılmaq xəbəri ölüm xəbərinə, özü də cavan adamın qəfil ya da qəzanəticəsində ölüm xəbərinə bənzəyirdi. Bu hadisəni dəhşətli edən bir neçə məsələ vardı və Ağaların yaşının çoxluğu, dulluğu, iki uşaq atası olmağı əsas məsələlər deyildi. Əsas məsələ Ağaların əmanətə xəyanəti, özünün də dolayısı ilə mənsub olduğu ailənin məsum, özünü müdafiəyə qadir olmayan üzvünə qarşı misilsiz zorakılığı idi. Bununla Ağalar həm də öz bacısınının ailəsəini dağılmaq təhlükə qarşısında qoymuşdu. Hadisədən sonrakı ilk günlərdə Əzizağadan Rahiləni, yəni Ağaların bacısını qovmağı tələb edən qohumlar az deyildi…
Əzizəni aparıldığı yerdən tapıb gətirdilər. Səknəxalagilin təkcə evində yox, həndəvərində də yas atmosferi vardı. Əzizə görünmürdü. Görünənlər qaşqabaqlı və hətta acıqlı gəzidrilər. Yadımdadır ki, radiomuzda konsert olanda səsini ya kəsirdilər ya da lap azaldırdırdılar. Adətən yaxında yas olanda ya da məhərrəmlikdə belə eləyərdilər…
Mənə elə gəlir ki, Əzizə bu qayda ilə üç aya qədər öz evlərində yaşadı. Hamı bu işi bitmiş saymağa başlayanda qəfildən səs-səmir çıxarmadan Əzizəni geyindirdilər, düyünçəsini qoltuğuna verib havanın qaralan vaxtında onun dalınca gəlmiş adamlarla Ağaların evinə göndərdilər. Səhv etmirəmsə, ya payızın axırı, ya qışın əvvəli idi. Əzizənin belə ötürülməyi tələsik, adamsız keçirilən dəfnlərə bənzəyirdi…
Bəs bu üç ayda nə baş verirdi? Niyə bu qədər vaxt keçdi? Əlbəttə, bu üç ayda yəqin ki, Ağalar tərəfdən diplomatlar işləyir, Səkinəxalagili razı salmağa çalışırdılar. Bəs bu iş niyə belə uzun çəkdi? Üç aya iki-üç müharibə yatırtmaq olar…Əlbəttə, şübhəsiz ki, Əzizə lap qardaşının, anasının təzyiqi olsa belə getmək istəmirmiş. Ancaq niyə sonra razı oldu?
Hələ bu qaçırılmağa qədər danışırdılar ki, Əzizəni kənddə istəyən subay oğlan var və Əzizə də o adama biganə deyil. O adamda elə bir kir kişi gözəlliyi yox idi, ancaq eybəcər də deyildi, gəlirli işi, hətta maşını var idi… Ola bilsin ki, bu üç ayda Səkinə xalagildə o adamdan bir səs çıxacağını gözləyirdilər.
O adam da səsini çıxarmadı…
Zorakılıq (zorla qaçırılmaq nənasında) qurbanı olmuş Əzizə indi iki ailədə yaranmış dərin çatların bərpası üçün özünü təzədən qurban verirdi…
Kamil müəllimgildə saysız şəkillər yığılmış çoxlu albomlar var idi. Onlara mərhum Ehtiramla çox baxmışam. Ağaların da müxtəlif yaşda çəkdirdiyi şəkilləri görmüşəm. Ancaq Əzizə ilə birgə çəkdirdiyi şəkil hamısından yaxşı yadımda qalıb. Şəkil yəqin ki, Salyandakı foto-atelyelərin birində çəkilib. Bayramsayağı geyinmiş Ağalarla Əzizə yanaşı qoyulmuş stullarda oturub obyektivə baxırlar Görəsən bu an onların hər birinin fikrindən nə keçirmiş? Atelyedə, peşəkar fotoqrafın qabağında oturub gözünü obyektivə dikəndə elə bil bir anın içində bütün həyatın gözünün qabağından ildırım sürətiylə ötüb keçirdi…
Çətin ki, Əzizə ömrünün sonuna qədər könüllü seçmədiyi, ona zorla sırınmış, boynuna ağır yük ya ağır günah kimi qoyulmuş həyatla barışardı…
Kənddə yaxın adamların şənliklərində Ağalarla Əzizə xoşbəxt cütlük kimi görünsələr də, evdə vaxtaşırı qalmaqalların olduğu da deyilirdi.
Əzizənin haçan, nədən öldüyünü bilmirəm. O mənim yadımda həmişə uşaq vaxtı gördüyüm gülərüz gözəl qonşu qızı kimi qalacaq…
Ağaların ömrünün son illəri birinci arvadından olan oğlu Qaliblə məhkəmə çəkişmələrində keçirdi. Qalibin atasına mülk iddiası var idi. İstədiyini xoşluqla ala bilməyəndə atasını vermişdi məhkəməyə. Qalibdə mərhum anası kimi ürək qüsuru var idi, tez-tez ürəkkeçməsi olurdu. Qəribədir ki, atası ilə məhkəmə çəkişməsi elə bil Qalibin dərmanı imiş və proses başlanandan Qalibin ürəyi cağbacağ işləyirdi. Ağaları isə məhkəmə iclasları zəiflədir, o, gündən-günə şuxluğunu itirirdi. Hərdənbir Kamil müəllimgilə gəlir, yenə də tərz çıxarır, Kamil müəllimi, Sima xalanı və uşaqları güldürürdü. Ancaq Ağalar indi yalnız bir adamın tərzini çıxarırdı. Bu adam oğlu Qalib idi. O, Qalibin məhkəməyə necə geyinib gəldiyini, necə danışdığını ətraflı, elə oğlunun səsi və mimikası ilə təsvir edirdi, ayağa durub yerişini də göstərirdi. Ağaları bu işdə ən çox yandıran Qalibin məhkəmələrə başında şlyapa gəlməsi idi. Ağalar düşünürdü ki, Qalib şlyapanı onu sarsıtmaq, zəiflədib məğlubiyyətə uğratmaq üçün qoyur…
Məhkəmənin kimin xeyrinə qurtardığını bilmirəm.
Ata ilə oğul arasındakı mülk davasında qalib ya məğlub tərəf ola bilərmi?
Kənddə zorla qızqaçırma, xoşbəxtlikdən, az olurdu. Əzizədən sonra zorla Məlahət qaçırılıb. Bu, 1969-cu ildə olub…
X.X.
24-25.12. 2024, Samara
(ardı var)
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 5. QANLI SURRA TOYU, ƏZİZAĞA VƏ SALAH QARDAŞLARI
