
1963-ilin yay günlərinin birində əlimdə bir yekə tikə çörəyi gəvələyə-gəvələyə Kürün qırağına gedirdim. Kolazdan çıxıb mənimlə qabaq-qabağa gələn adamların biri dayanıb üzünü ciddiləşdirərək dedi: “Xruş dayın o boyda çörəyi yeməyə icazə verib?”
Mən tutuldum. Çünki bilmirdim ki, Xruş dayı kimdir və niyə dədəmin çörəyini yemək üçün ondan icazə almalıyam.
Mənimlə əslində, sonradan başa düşdüyüm kimi, zarafat edən adam Qardaş idi. “Xruş dayı” SSRİ-nin o vaxtkı rəhbəri Xruşşova deyirdilər.1961-ci ildən ölkədə çörək qıtlığı başlanmışdı. Şəhərlərdə çörək adambaşına talonlarla satılır, adamlar növbəyə gecədən yazılırdılar. Kənd mağazalarında unu adambaşı bölüb satırdılar. Bizim evdə çörək qıtlığı olmayıb. Kişi köhnə qayda ilə qabaqcadan taxıl alıb quyulara vururdu. Satışda un olmayanda dəni məməm daşda çəkirdi. Lələm özü hər həftə Salyana gedir, yəqin ki, tanışlıqla bir sarıq arası çörək alıb gətirirdi. Ancaq elə bizim kəndimizdə çörək korluğu çəkənlər çox idilər. 1963-cü ilin dekabrında elə bu çörək qıtlığından mənfi qəhrəmanı Qardaş olan qanlı faciə törəndi. faciəyə İndiyəcən Yavərin səsi qulaqlarımdadır. Təzə köçdüyümüz evin qabağında ağlaya-ağlaya qışqırırdı: “Əkbər ölüb, ay Cahangir dayı…”
1963-cü il dekabrın 9-u idi…
Qardaşım Süleyman 1963-cü il dekabrın 1-də əsgər getmişdi. Dekabrın 8-də, hələ üç il xidmət edəcəyi yerə, yəni Qazaxstana çatmamış, onu bir həftə əvvəl yola solmış yola salmış kənd cavanlarından biri, özü donanmada dörd illik əsgərlikdən təzə gəlmiş Əkbər dəfn olunurdu…
O günlər yağırdı. Kəndin palçıqlı yollarında bata-bata gedən adamlar səhər tezdən Mir Cabbarın oğlu Gülağanı əsgərliyə yola salıb Əkbərin dəfninə tələsdilər…
Əkbəri 1963-cü il dekabrın 7-dən 8-ə keçən gecə Qardaş tüfənglə vurmuşdu…
Əkbərin dörd il çəkmiş əsgərliyindən əvvəlki vaxtını xatırlamıram. Əsgərlikdən sonra görərdim. Ölümünə yaxın elə hyətimizdə, nərdivanın yanında durub gətirdiyi qurban ətini məməmgilə verdi – sırıqlının ya da kitelin altından geydiyi matros köynəyi yaxşı yadımdadır. Üzü gülürdü…Ölümündən sonra məməm şəklini böyütdürüb divardan asmışdı…