Var hər birimizin içində dərya,
Tükənməz, nə qədər axa, işlənə,
Yer yana, göy yana qurumaz yenə,
Azalmaz, nə qədər insan ağlaya.
+
Körpəyə, cavana gülüş yaraşır,
Ağlamağın vaxtı yaş ötəndədir,
Adamsız bir küncə çəkil, tində dur,
Ağla, axıb getsin gözünün yaşı…
+
Bacın yada düşür, gah da qardaşın,
Gözlərin önünə gəlir anan da,
Hönkür, kimsə əgər yoxsa yanında,
Sıxılma, saxlama, qoy axsın yaşın.
+
Nə gözəl nemətdir bu saf gilələr!
Tükənmir, ürəyin boşalır ancaq.
Hələ ki, gözlərin yaş axıdacaq,
Nə ölər, nə solar qədim sevgilər.
+
Qəbrinin üstündə indiyə qədər,
Anam, nə ağladım, nə gül gətirdim.
Yığılsa, bəlkə də bağ bitirərdim,
Burda axıtdığım göz yaşı əgər…
03.03. 2025, Samara
