Архив | 22.04.2025

YUXUSUZ MÜXALİFƏT DAHA QOYUNLARI YOX, TOFİQ YAQUBLUNUN ACLIQ GÜNLƏRİNİ SAYIR…

Məlumdur ki, yuxusu pozulmuş adamlar yuxuya getmək üçün yataqlarında qoyun sayırlar: bir qoyun, iki qoyun. Bütün dünyaya yayılmış bu metodun çobanlarla bağlı olduğunu iddia edənlər var. Çobanlar axşam qoyunları yatağa gətirəndə onları bir-bir sayırlarmış. İtib-batanın olmadığına arxayın olanda çoban rahat yatırmış.

Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycsnda da bu metoddan istifadə edənlər az deyil. Azərbaycanda, sirr deyil, yuxusu pozulmuş insan çoxdur. Hansı insanların yuxusunun pozulduğu da məlumdur. Yapçıların, milli məclis deputatlarının, polislərin, hakimlərin, prokurorların, məmurların yuxusu niyə pozulsun? Pulları zibil kimi, kefləri istəyəni eləyirlər, qayğı, fikir çəkmirlər, əsgərliyə övlad göndərmirlər. Ona görə də başlarını balışa qoyan kimi şirin yuxuya gedirlər.

Yuxusu pozulan müxalifətdir. Necə yuxuya gedəsən ki, hər dəqiqə polis qapını sındırıb içəri girə bilər? Necə yuxuya gedənsən ki, başını qoyduğun balışın altından qaçaqmal, narkotik çıxar? Başqa səbəb var: müxalifətçilərin evində gizli kameraların quraşdırılması. Vallah, bu kameralarla nəinki yuxu, hətta başqa vacib funksiyalar da pozular.

İndi biz orta statistik bir müxaifətçini təsəvvür edək. Gecədən xeyli keçib. Arvad yuxuya gedib, müxalifətçi ər Azərbaycanın qoyunlarını sayıb, keçib Gürcüstanın qoyunlarına, ancaq yata bilmir. Arvad ayılıb baxır ərinə və deyir:

— Əzizim, indi ki, yata bilmirsən, bəlkə zad eləyək?

— Nə zad?

— Şey də…

— O şey?

— Hə, o şey, çoxdan eləmirik…

— A qız, nə danışırsan, bilmirsən Əliyevin kamerası bizi çəkir? Zad, türkün məsəli, şey eləyərik, elə sabah bütün İnternet bizim nə qayırdığımızı görər..

— Düz deyirsən, əzizim. Onda mən yatım, sən də hələlik qoyunları say. Yata bilməsən, Azərbaycan polislərini say, onlar qoyundan çoxdur…

İndi məndə belə təsəvvür yaranır ki, müxalifət daha qoyunları yox, Tofiq Yaqublunun aclıq çəkdiyi günləri sayır. Cəmil Həsənli sayır, Əli Kərimli sayır… Tofiq Yaqublunu aclığı, birinci gün, Tofiq Yaqublunun aclığı, ikinci gün, Tofiq Yaqublunun acllığı, üçüncü gün… Bir Altay Göyüşov var, bilmirəm kimdir, ancaq gündə bir neçə dəfə sayır, yəqin yatmağı sevir…

Nə gizlədim, son vaxtlar mən də yuxuya getmək üçün sayıram: Tofiq Yaqublu, beşinci gün, Tofiq Yaqublu onuncu gün… Onuncu gündən o yana keçmirəm, çünki məni yuxu aparır. Əliyevlər, Paşayevlər, deputatlar, hakimlər, prokurorlar kimi pullu deyiləm, vəzifəm yoxdur, yəni həsir və Məmmədnəsir. Ancaq arsız adamam, arsız adam da  fikir çəkməz, başını daş üstə də qoysa, yuxu aparacaq…

Mirzə ƏLİL

22.04. 2025, Samara