doktor Səlim Əhədova
Bizə əbədiyyət, əbədi həyat,
Kitaba inansaq, Tanrı vəd edir.
Əbədi cəhənnəm, əbədi cənnət,
Gözləyir hər kəsi, kim ölüb gedir.
+
Əbədi həyatı görəsən niyə,
Elə burda vermir bizə Yaradan?
Sübutsuz vədlərlə axı ölməyə,
Azdır bu dünyada tələsən insan.
+
Məqsədi, mənası nədir ölməyin,
Tanrım, dirilirsə ölən, yenidən?
Cənnətin var burda, var cəhənnəmin,
Burda qurmaq olar məhkəməni də.
+
Özün bilirsən ki, öyrəşikliyik,
Yaxşıya, həm pisə biz bu dünyada.
İtə, pişiyə də üz-göz öyrəşir,
Çiçəyə, ağaca, ota, suya da.
+
Hazırıq, iş əgər məhkəməliksə,
Sənin hüzurunda duraq indidən.
Göstər özünü də, nəhayət, bizə,
Qaldır min illərlə ölənləri də.
+
Doğma kürəmizi “kun!” deyib böyüt,
Çatsın hər kəsə yer, hava, çörək, su.
Divanı bitirib taxtına qayıt,
Yaşayaq, bilmədən ölüm qorxusu…
+
Demə insan ömrü əbədi olsa,
İtərdi həyatın bütün ləzzəti.
Anlat, Tanrım, mənə, əgər eləsə,
Niyə vəd elədin əbədiyyəti?
+
…Bu nə xoş ətirdir dəyən burnuma? –
Ah, çəmən biçilib yol qırağında…
Xoşdur əbədiyyət söhbəti, amma,
Yoxdur bu nemətdən behişt bağında…
15.05. 2025, Samara
