Архив | Июнь 2025

MƏHKƏMƏYƏ BƏNZƏYƏN DƏFN MƏRASİMLƏRİ

Bizim məhkəmələri xatırladan nəsə var

Dəfn mərasimində — gəncsə, xüsusən, ölən.

İstərsə molla olsun, istərsə yasa gələn —

Ölüm səbəbkarını təmizə çıxarırlar.

 +

Bir ağızdan deyirilər: “Yaradandır hər kəsi
Dünyaya gətirən də, aparan da dünyadan.

Başında bir tükü də itirə bilməz insan,
Bu işə Yaradanın olmasa iradəsi.

 +

Bu gəncin ölümü də, Tanrıdandır, şübhəsiz, 

Biz kimik bilək ancaq nədir bu işdə niyyət.

Nə gəlirsə Tanrıdan, ya dərsdir, ya da ibrət,

Həqir səcdə edərək şükr deməliyik biz.
+

Yaxşılığadır ancaq, Tanrıdan nə gəlirsə,

Bundan yaxşı dünyaya, bu gənc yəqin gedəcək,

Yaradanın hökmüdür, buna baş əyək gərək,

Səxavətdə o təkdir, min verir, bir alırsa…”

 +

Üzümüzü tuturuq göylərə, əl açırıq,

Alqış pıçıldayırıq faciə törədənə.

Gözlənilən tək sona yetir məhkəmə yenə,
Hönkürən var, kimisə boğur isti hıçqırıq….

 

26. 06. 2025, Samara

DOKTOR MƏSUD PEZEŞKİAN

“Dünyanın köksündə ürəkdir İran” –

Nizami Gəncəvi bunu deyibdir.

Ürəkdə min yerdən yara var indi,

Kimsən doktor Məsud? Həkim, qəhrəman?

 +

Doktor, ürək birdir, dilsə bir deyil,
Sənə hər ikisi əziz və doğma.

Şəhriyar şeirini deyəndə amma,
Özün kövrəlirsən, xalqın ağlayır.

 +

Dağıdır ölkəni raket və bomba,
Heyf ki, acizsən skalpelinlə.

Şəhriyar şeirini gətirib dilə,

Deyirsən, kömək ol, ya Heydərbaba…

 +

Azarlı kimiyik biz də bu tayda,
Bizə dərman dedin öz dilimizi.
Elə  bil ayıltdın, sağaltdın bizi,

Dərman içməmişdik biz heç bu dadda…

 +

Dövlət borcu da var, şəxsi borc da var,
İxtilaf yaranır, məhv olur insan.

Doktor, sən facisə qərəmanısan,
Millətin indidən yasını saxlar…

 +

20.06. 2025, Samara

GÜLMƏLİ MAHNILAR: «KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR…»

“Keçən günlərimi qaytaraydılar…”

Bu mahnı 1976-cı ildə yazılıb, mənim yaşım 22 ilə 23 arasında olub, o yaşda heç mahnının sözlərinə fikir vermirsən, əgər melodiya səni tutursa, mövzu sevgidirsə, olan-qalan ağlın da itir, yəni içkili kimisən və mətnə ayıq gözlə, açıq şüurla baxıb onu təhlil edəcək halda deyilsən. Elza İbrahimova isə cavanlıqda yaxşı melodiyalar yaradırdı…

İndiki yaşda yaxşı melodiyalı mahnıların da sözlərinə fikir verirsən. Bu, qeyri-ixtiyari olur. Gənclikdə bir yaxşı qız görəndə onu təhlil eləməyə halın olurdumu? Elə qəfil güllə dəymiş adam kimi vurulub qalırdın yerində… İndi dünya gözəlini görəndə də fikirləşirsən ki, bu xanım görəsən hansı kitabları oxuyub, təmizkardırmı, xörək bişirə bilirmi, ciddi kinolara baxır ya serial dəlisidir və s. Gözəl xanım, gənclidəkindən fərqli olaraq, heç yaxşı təəssür yaratmır, elə bil yayın qızmarında yanından qaynar asfalt daşıyan maşın keçib…

Keçək mətləbə. Bu günlərdə İnternetdə “Keçən günlərimi qaytaraydılar” mahnısının mətnini gördüm. Düzü, heç bilmirdim ki, mətn Rəfiq Zəka Xəndanındır. Bir neçə kəlmə Rəfiq Zəka Xəndan haqqında. O, ədəbiyyatşünas və şair Cəfər Xəndanın oğludur. Əvvəlcə bir təxəllüsü var idi: Rəfiq Zəka. Sonra atasnın da təxəllüsünü ikinci təxəllüs kimi adına əlavə elədi. Bunu başa düşmək olar. Cəfər Xəndan oğlundan çox tanınırdı, “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəlliflərindən idi. Rəfiq Zəkanı isə nədənsə ciddi şair kimi qəbul eləmirdilər. Bilmirəm niyə. Yəni o da cəfəng şeirlər yazırdı. Ancaq məgər Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə cəfəng şeirləri yazmırdı? Niyə Rəfiq Zəkaya münasibət belə idi, bilmirəm. Ancaq Rəfiq Zəka, sonradan Rəfiq Zəka Xəndan, özünü o yerə qoymurdu, kitabı kitab dalınca çap elətdirirdi, dissertasiya yazırdı, elmlərin namizədi ya doktoru idi. Mahnı sözləri də qoşurdu.

Keçək “Keçən günlərimi qaytaraydıar” mahnısına.

“Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim”.

Diqqətlə baxın. Bayatı var: “İldə qurban bir olar, Qurbanınam gündə mən”. Hər şey aydındır. Yəni ki, oğlan qıza gündə “qurban olum” deyir, ya da qız oğlana elə əziyyət verir ki, oğlan gündə o dünyaya gedib-qayıdır.

Rəfiq Zəka +Xədan deyir ki, “bircə kəlmənə min can verərdim”. Desəydi ki, “min dəfə “can” deyərdim, başa düşərdik. Min canı Rəfiq Zəka Xəndan necə qurban verə bilər? Məgər o, Teymurləngdir? Miranşahdır? Stalindir? Yox, yox bu, heç cür mümkün deyil!

“Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə.”

Yəni qız oğlanın sədaqətindən bezib? Oğlan “sola” getməliymiş? Yəni, türkün məsəli, arvadbazlıq eləməliymiş?

Belə çıxır ki, qız oğlana istefa verib, deyib get, mən gəzəyən oğlanları sevirəm, sənin sədaqətin məni bezdirdi. Basta! Və oğlan:

“Qaldım həsrətinlə, müsibətinlə.”

Oğlan qızın həsrətiylə qalıb. Bunu candərdi qəbul edək. Bəs “müsibəitinlə”?  Başa düşürük ki, bu söz qafiyədir, misranı bitirmək üçündür. Ancaq sadalanan sözləin arasında bir məna əlaqəsi olmalıdır ya yox?
“Ömrünü, gününü dərd eyləsəydin”

Ömrü, günü necə dərd eləyərlər? Bu, azərbaycancadır? Mən üzümü tuturam prezident administrasiyasına, Əli Əsədova, gömrüyə, ali məhkəməyə, Əli Kərimliyə, Cəmil Həsənliyə: Bu misra azərbaycancadır?

Biz azərbaycanlılar necə deyirik? Deyirik ki, bu hadisəni, bu fikri və s. özünə dərd eləmə. Adam öz gününü qara eləyə bilər, ancaq dərd yox.

“Könlümü alsaydın bu zülmətinlə”

Hansı zülmətinlə? Bu zülmət hardan çıxdı? Əvvəldə bildik ki, qız oğlanı gəzəyən olmadığına görə qovub. İndi oğlan iddia edir ki, qız zülmətdədir və ya qızın zülməti var. “Bu zülmətinlə…”

Könül zülmətlə necə alınar?

O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar

Deməyə məcburam ki, çoxdan Azərbaycandan uzaqlarda yaşadığıma görə bəzi sözləri düzgün başa düşdüyümə şübhəm var, ona görə lüğətlərə baxıram. İndi “hay” sözünə baxdım. Lüğət deyir:  Çağırışa cavab səsi bildirən təqlidi söz. … Diriyə hay verməz, ölüyə pay. (Atalar sözü). 2. İsim kimi: səs-küy, hay-küy, qarma-qarışıqlıq…” İndi bu mənalardan birini yuxarıdakı misrada axtarın. O çağlar, yəni o vaxtlar, “mənə haydılar?” Misra cəfəngdir. Vaxt çağırışa cavabdır? Yox, burda məna axtarmağa dəyməz. Sonrakı misra da eləcə: haydılar, yaydılar…Rəfiq Zəka Xəndan “şah misrası” üçün bünövrə haızırlayır: haydılar, yaydılar, keçən günlərimi “qaytaraydılar…”

Mətndəki iki misralıq refrendən başqa qalan nə varsa, həm məzmun, həm dil tələbləri baxımından tam cəfəngiyatdır.

O ki qaldı musiqiyə, mahnının melodiyası, əlbəttə, gözəldir. “Düzü, “gözəl” şişitrtmədir. Bu mahnı Akif İslamzadənin ifasında gözəl olub, başqaları oxuyanda olub yaxşı, ya da babat.

Sözümün canı nədir? Gəlin nə yediyimizə, nə geydiyimizə fikir verdiyimiz kimi, nə oxuduğumuza, nə eşitdiyimizə də fikir verək. Qoy qafiyəbazlar və manıslar bizi barmaqlarına dolamasınlar…

X.X.

18. 06. 2025, Samara

AÇARLARI VƏ SƏDAQƏTİ QORUYANLAR HAQQINDA…

2024-cü il iyunun 6-da səhər mənim harayıma gəlmiş Şirvan Kərimov, Namiq Məmmədov və Camal Əkbərovla birlikdə gecə saatlarında yanmış evimin həyətini tərk edəndə açarları cibimdən çıxarıb maşına minməzdən əvvəl yerə tulladım. Evin xüsusən mənim mənzilim yerləşən hissəsi küllüyə dönmüşdü. Küllüyə nə açar?…

Necə, harda yaşayacağımı bilmirdim. Onu bilirdim ki, fəlakətə uğramışam.

Bir müddət sonra Samara şəhərinin Samara rayonunun administrasiyası binanı bərpa etmək barədə qərar çıxardı. Bərpa işləri sentyabırın ikinci yarısında başlandı. Adminstrasiya öz öhdəsinə götürdüyü işləri, yəni damın, divarların yenidən yaradılmasını dekabrın axırlarında bitirdi. Sonrakı bütün işlər Şirvan Kərimovun vəsaiti ilə və onun rəhbərliyi altında görülüb. İyunun 15-də mən əslində təzə mənzilə köçdüm. Yanğından sönrakı ilk günlərdə Şirvan müəllim demişdi ki, “darıxma, əvvəlkindən də yaxşı olacaq”. Şirvan müəllim dediyini eləyəndir, bilirdim ki, əvvəlkindən yaxşı olacaq. Ancaq u qədər yaxşı olacağını təsəvvür eləmirdim…

Böyük rus şairi Tyütçev haqqında tarixi lətifə var. Şair ağır xəstə yatanda imperator 2-ci Aleksandr başının dəstəsi ilə ona dəyməyə gəlir. Çar gedəndən sonra şair deyir: indi gərək mən öləm, yoxsa ayıb olar…

Mənim mənzilimn bərpası, çox güman ki, təzə tikilən mənzildən baha başa gəlib. İndi gərək mən burda hökmən bir müddət yaşayam, yoxsa ayıb olar…

Yanğından sonrakı il ərzində Şirvan müəllimin tutduğu rahat mənzildə yaşamışam. Kirayə haqqı mənim pensiyamdan xeyli çox idi. İndi özünüz fikiriləşin…

Bir neçə ay ərzində mənzilimin küllükdən əfsanəvi quş kimi dirçəlib qalxmasında xeyli soydaşımızın böyük əməyi olub. Nurməhəmməd Ələsgərov, Rövşən və Elxan Quliyev, Zahir Həsənov, Mübariz Quliyev, Eldar Yusubov, Camal Əkbərov, Namiq Məmmədov…Bu adamların hər birində, əlbəttə, fəlakətə uğramış soydaşa kömək etmək niyyəti və istəyi olub. Ancaq şübhəm yoxdur ki, mənzilimin bərpasında bilavasitə ya dolayısı iştirakı olan bütün insanlar bunu Şirvan Kərimova görə eləyiblər. Şirvan Kərimov özü mənim yerimdə ayrı adam da belə fəlakətə uğrasaydı, eyni əzmlə mənə etdiyi yaxşılığı ona eləyərdi. Və onun Samaradakı hörməti çoxlu başqa insanı da bu işə  cəlb edərdi. Yəni hər şey öz qaydasındadır….

Adminstrasiya binanı bərpa eləməyə başlayandan sonra yanğından salamaqt çıxmış metal küçə qapısı yenə açılıb-bağlandı. Mən isə açarı tullamışdım…Qapının açarı daha iki nəfərdə var idi – Şirvan Kərimovda və Namiq Məmmədovda. Məlum oldu ki, hər ikisi açarı saxlayıb…

Şirvan Kərimovun bu nəhən iş görməyə, nəhəng xərci çəkməyi üçün, nə gizlədim, heç bir səbəb yoxdur. Axtarsan, mənə arxa çevirməyi üçün nə qədər istəsən, səbəb var…Ancaq Şirvan Kərimov arxa çevirən adam deyil. Yəni sədaqətlidir, sədaqəti qoruyandır…

Ümid edirəm ki, Şirvan Kərimovun və onun komandasındakı adamların bu fövqəladə işi həmişə xatırlanacaq və bunun sayəsində mən də xatırlanacağam. Məsələn, deyəcəklər: “Necə yadımda deyil, yaxşı yadımdır. Yanan evi Şirvan Kərimov evi əvvəlkindən də yaxşı düzəldib verdi… Hə idi o qocanın adı…”

İnanmıram ki, mənim adım yada düşə. Bunun eybi yoxdur. Sağlığımda elə hörmət görmüşəm ki, sonra xatırlanmaq istəyim qətiyyən yoxdur…

Şirvan müəllim tapşırıq verdi: “Birdən məndən yazarsan ha, bir kəlmə də yazma!” Dedim yazmaram. Ancaq mən sözə sədaqətli deyiləm. Hətta açarımı da itirirəm…

 

15.06. 2025, Samara

MƏNƏ ÇİYƏLƏK PAYI GƏTİRMİŞ RÖVŞƏN QULİYEVƏ

Qardaş minnərdarlığım,
Bil ki, yerlə göy qədər.

Xəcalətdən qızardım,

Bu çiyləkdən betər.

 +

Talan edib bostanı,
Bağı yağmalamısan,
Belə payı dostuna,

Qıyardı çox az insan.

 +

Sənin yerində hər kəs,

Bu neməti satardı,
Pulunu tez xərcləməz,

Dal gününə atardı.

+

Elə bu  gedişlə də,
Pul yığardı bir kisə,
Nivanı dəyişərdi,
X5 Mersedesə.

 +

Sözüm yox dəyə bircə

Çiyələk dənəsinə.
Ona görə sadəcə,

“Sağ ol!” deyirəm sənə…

 

14. 06. 2025, Samara

NİYƏ BİZ BELƏ PAXILIQ?

Mənə bir neçə nəfə təkidlə tövsiyə edib ki, Azərbaycanda keçirilən muğam müsabiqəsində iştirak edən cənub azərbaycalısının çıxışına baxım. Baxdım, yəni qulaq asdım, bəyənmədim – səsi güclü olsa da, kaldır, texnikası qüsurludur. Üstünlüyü elə cənubdan olmağıdır. Ümumiyyətlə, mən muğam müsabiqəsinin  həvəskarı deyiləm.Başına molla papağı və ya araqçın qoyaraq münsiflər heyətində oturub qədəş kimi danışan manıs “professorlar” məni canımdan usandırırlar…

Muğam, əlbəttə, bizim sərvətimizdir, qeyrətimizdir, papağımızdır (kişilərin), ləçəyimizdir (arvadların). Muğam yeganə sərvətdir ki, hakim ailə onu yeyib-dağıda bilməz… Muğam tamamilə kəndçi-küdçünün, kasıb-kusubun ixtiyarındadır…

Ancaq muğam yeganə musiqi janrı deyil. Klassik vokal deyilən musiqi janrı var. Klassik vokal milli olduğu qədər də beynəlmiləldir və ona görə klassik vokal ifaçıları mənsub olduqları xalqı dünyaya tanıdırlar. Yaxın günlərdə Azərbaycanın iki telekanlında çıxış etmiş Nail Əkbərovun da belə bir sənətkat olacağına inanırıq. Və onun bizə ikinci vətən olmuş Samarada, necə deyərlər, gözümüzün qabağında yetişməsi, əlbəttə, hamımızı sevindirməlidir. Ancaq sevindirirmi?

Mən bir neçə gün əvvəl FB-da Nailin Bakıdakı uğurlarına həsr olunmuş bir yazı yerləşdirmişəm. Üç gün keçib, yazının altında iki “like” var. Birini mənim Bakıda yaşayan qardaşım oğlu, ikincisini isə Nailin atası qoyub…

FB-dakı “Газета Очаг Самара» səhifəsinin 893 abunəçisi var, səhifənin baş tərəfində bu rəqəmi görə bilərsiniz. Bu 893 nəfərdən ən azı üçdən biri o yazını görübmü? Deyək ki, dörddən biri, beşdən biri görüb. Bəs niyə cəmi iki nəfərin əli “like” qoymağa gəlib? Şübhəm yoxdur ki, “like” qoymaq istəyənlər olub, qoymaq istəyəndə əlləri əsib, fikirləşiblər ki, mən buna niyə “like” qoymalıyam, bunun atası mənim oğlum (ya qızım) üçün neyləyib?

Məsələ burasındadır ki, biz yaxşılığı ancaq əvəz-əvəz eləməyə öyrəşmişik. Məsələn, Camal  FB-da iki “like” yığan oğlunun toyuna 1000 adam çağırsa, ən azı 800-ü gedəcək. Çünki toy əvəz-əvəzdir. Camalın oğlunun sənət uğuruna sevinmək isə təmənnasız səxavətlilik, ürək açıqlığı, genişliyi tələb edir. Bunlar isə bizdə yoxdur. Qonşumuzun, hətta yaxın adamımızın uğurundan daralıırıq, özümüzə yer tapmırıq, boğulub-qaralırıq…

Yeri gəlmişkən, bəlkə rəngimizin qaralığı paxıllıqdandaır? Axı biz Qafqaz xalqıyıqsa, rəngimiz göyçək olmalıdır —  elə deyil?

Alimlər iddia edirlər ki, paxıllıq insan ömrünü on beş-iyrmi il azaldır…

Gəlin paxıl olmayaq…

Mənim heç övladım yoxdur, ancaq Nailin uğuruna sevinirəm. Az qala iyirmi ildir ki, ondan yazıram. Talant – ümumbəşər sərvətdir. Məgər Messinin, Ronaldunun, Mbappenin, Lamin Yamalın talantı hamıya, hər kəsə məxsus deyil?

Bir məsələ də var ki, bizdən uzaq, tanımadığımız insanların uğuruna sevinə bilirik, tanıdığımız adamları uğurlu görəndə isə yasa batırıq. Başqalarının yüksəlməyi elə bil bizi alçaldır.

Alçaltmır, vallah, alçaltmır. Nail oxuyur, sənin də övladın ayrı bir peşənin sahibidir, hər peşədə hörmət, ad qzanmaq olar.

Paxıl olmayaq. Vallah, paxıllıq bizi öldürəcək…

Hanı Camalın çoxsaylı qohum-qardaşı? Niyə onlar Feysbuku “like”la basdırmırlar? Axı çox layk olan postları FB daha çox istifadəçiyə göstərir, beləliklə, biz Nailin tanınmasına bir barmaq basmaqla dəstək veririk.

Məsələ burasındadır ki, Camalın qohum-qardaşı heç Naillə Aidənin çıxış etdiyi konsertlərin çoxuna gəlmirdi.

Niyə biz beləyik, ayrı cür deyilik?

Bizim adam ayrı yerdə gözünə dəyən bir şey görən kimi, əlli, yüz adamla paylaşır. “İsfahanda eşşək ağaca çıxır!” Gözünün qabağında sənətkar yetişir, sabah bu sənətkar ölkənin, xalqın adına şöhrət qazandıracaq. Bu onu sevindirmir, qarnına ağrı salır…

Əlbəttə, hamının yaxşılığı əvəz-əvəz elədiyini iddia eləmirəm. Təmənnasız yaxşılığa qadir insanlar da var. Evim yanandan sonra məni, həqiqəti desək, küçədən götürüb rahat mənzildə yerləşdirən, əynimə pal-paltar alan, küllüyə dönmüş evimi bərpa edən Şirvan Kərimova mənim nə yaxşılığım olub? Heç bir!

Şəxsən mənim özümə FB “like”ları lazım deyil, mən bu yaşda “layyklaşma” oyunu oynayayacaq dərəcədə arsız deyiləm. Təkcə indi yox, FB-un əvvəlindən. Mən Nailə görə pərtəm. Postun altına baxıb görəcək ki, cəmi iki nəfər “like” qoyub, biri atası, biri dostu…

Hamıya paxıllıq azarından şəfa diləyirəm. Yəni uzun ömür arzulayıram.

X.X.

P.S. Yazını qurtaranda ““Газета Очаг Самара»” səhifəsinə baxıb gördüm ki, abunəçilərin sayı 893 yox, 892-dir. Yəqin kimsə Nailin uğuruna dözməyib həlak olub…

08. 06. 2025, Samara

HƏMİN NAİL: BAKI MUSİQİ AKADEMİYSININ TƏLƏBƏSİ NAİL ƏKBƏROV

«ÇOXLU TURİST GÖRÜRƏM YAŞADIĞIM ŞƏHƏRDƏ…»

Çoxlu turist  görürəm yaşadığım şəhərdə

Olduğum küçəni də var gəzib-dolananlar.

Önlərinə nə çıxsa, maraqla baxır onlar,
Gidə qulaq verirlər sanki nəfəs dərmədən.

 +

Qədim divar önünə yaxın gəlib dururlar,
Öyrənirlər kərpici, hörgünü və suvağı.

Yazını oxuyurlar onlar şagird sayağı,
Qarşısına çıxanı telefona çəkən var.

 +

Şəhərin adamları qaçmır nəzərlərindən,
Oğrun baxanı olur, bəzisi göz bərəldir,
Burdakılar tək adam görməyiblər elə bil,
Baxıb pıçıldaşırlar aralarında hərdən.

 +

Axşam çağı gəzəndə həzz alırlar qürubdan —
Bizim şəhərdə yəqin günəş batır ayrı cür,

Ayın da əksi çayda daha gözəl görünür,

Görə bilmir bunları nədənsə yerli insan…

 +

Gözucuyla olsa da, baxan olur mənə də,

Tarixi abidəyəm, yaşımı hesablasan.

Maraqla ya həsədlə bəlkə nabələd insan,
Baxır, yolu düşərsə, pəncərəmin önündən…

 +

Qırx uzun ildən bəri yaşadığım şəhərdə.

Kaş mən özüm bircə gün dönüb turist olaydım,

Divarlara, tağlara, hörgüyə vurulaydım,
Duyğudan yaşaraydı gözlərim güngedərdə…

 +

Özüm öz pəncərəmin işığına baxaydım,
Maraqla və həsədlə, dayanıb aralıda.

Elə gələydi, məni çağıran da var orda,
Ürəklə qapı açıb pilləkəni çıxaydım…

 

07. 06. 2025, Samara

XVİÇA

Ah, yenə tarix yaradır Dembele,

Həm ötürür, həm də vurur kim belə?!

Mərkəzi xətdən o, dəqiq pas verir,
Gürcü də dərhal səsinə səs verir.

Top ona çatcaq şığıyır güllə tək,
Göz yumub-açcaq çıxır o, təkbətək.

Şansı itirmir, solaxaydan vurur,
Heykələ dönmüş qapıçı lal durur.

Münheni alqış səsi sarsıtmada,

Xəstə tayan vardısa, durmuş o da.

İndi təsəvvür elə Gürcütanı,
Tapmaq olarmı bir ayıq insanı…

Milli fəxr, ah, necə də güc gəlir,
Kuboku almış elə bil gürcülər…

Yox İvanişvilini xatırlayan,
Yox Saakaşvilini xatırlayan…

Qol vurub əla Kvaratsxeliya,
İndiki anda nə demokratiya…

Gürcü olaydım o gecə kaş ki mən,
Hamı kimi nəğmə deyən, şənlənən.

Ayrı sevinc hardadır, anlat mənə,
Futbol olur ağrıya məlhəm yenə…

 

03. 06. 2025, Samara