GÜLMƏLİ ŞEİRLƏR: ƏHMƏD CAVAD. «SƏSLİ QIZ» II

əhməd cavad səsli qız

ƏVVƏLİ BURDA: https://xeyrulla.com/2024/04/27/gulmeli-seirler-ehmed-cavad-sesli-qiz-i/

Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə!

Şagird bunu necə başa düşməlidir? Başa düşməyəndə müəllim necə izah etməlidir? Belə çıxır ki, mühasirə “acı basqına” tutulub?  Və “altı aydan çox sürən”“birdən-birə” necə uyuşur?

Yüz minlərlə atılan
Can yağısı oxları,
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.

Təsəvvür edirsiniz? Gülləni ağzı ilə tutan qoçaqlar haqqında lətifələr eşitmişdim, ancaq “oxları dişləri ilə çeynəyib sərillənlərin” olduğunu bilmirdim.

Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc!

“Xınchaxınc” sözünü eşidən var? “Xıncım-xıncım” bilirik, ancaq “xınchaxınc” ı yox. Bu yöndəmsiz sözü Əhməd Cavad ona görə uydurur ki, sonrakı beytdə “qılınc” sözünə qafiyə olsun. “Tökülmüşdü yerlərə” – bu, azərbaycancadır? Biz “yerə tökülmüşdü” deyirik. Döyüş meydanını təsəvvür edin – qılınc, qalxan səpələnər, ancaq qalaqlanıb dağ olmaz, əlbəttə, əgər onları böyük bir ərazidən yığmasan…

İncilərin sayı-hesabı yoxdur.

Hər şeydən xəbərsizkən
Yandırıldı çox canlar.

Canlar nədən xəbərsiz idilər? Yandırıldılar ya “xınchaxınc” oldular?

Qalmadı ağızlarda
Yaşamağın heç dadı.
Bir çox yazıq quşların
Qoparıldı qanadı.

Burda xeyli güldüm.Quşların qanadlarının qoparılmağı, əlbəttə, heç yaxşı iş deyil, ancaq gzünün qabağına gətirirsən ki, düşmənin bir alayı ancaq quşların qanadlarını qoparmaqla, yəni ütməklə məşğul olur, özünü saxlaya bilmirsən.

Yazıq quşlar… Yazıq Azərbaycan uşaqları. Belə təhsil almaq elə qanadı qoparılmaq kimi bir şeydir.

Əsgərsiz komandanlar
Qırıb atdı yayını,
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.

Başa düşdünüz? Əsgərlər düşmən oxlarını çeynəyib səriliblər, komandanlar əsgərsiz qalıb öz yaylarını qırıblar.  Fələk də bu ölkənin payını “zəhrə” döndərib…

Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq…

Yəni deyir ki, onsuz da gülən yox idi, ağlamağı da qadağan edlədilər… İlham Əliyev bunu oxusa, millətə ağlamağı qadağan edər. Yaxşı ki, azərbaycanca oxuya bilmir…


Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü,
Hıçqırıqla bir diyar.

Necə istəyirsiniz, elə də başa düşün. Mən üfqi də oxuyuram, şaquli də oxuyuram, bir şey başa düşmürəm…
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.

Qanı hıçqırıq qusur?

Qaranlığın qalmadı
Dodaqlarında qanı.

Qaranlığın dodaqları var imiş. Dodaqlarda da qan.


— Dünən buludların da

Çox dönük rəngi vardı! —
Bir az sonra onlar da
Əkildilər, getdilər.

Rəngin dönüklüyü necə olur? Ancaq buludların “əkilib getməyi” gülməlidir, bunu gərək etiraf edəsən…

Sonarı misradan məlum olur ki, buludların hamısı əkilib getməyib. “Yerdə qalanı” da var.

Yerdə qalan buludlar
Matəmi tərk etdilər.

Sonra şair deyir ki, günəş çıxanda çiçəklər mahnı oxuyur.

Bu qıldıqsız günəşin
Sehr var baxışında.

“Qıldıqsız”ı başa düşmədim, ayıb sözə oxşayır… Lənət şeytana…

Çoxlu canların yandığı, əsgərlərin oxları çeynəyib sərildiyindən cəmi bir gün keçsə də:

 Doğrudan çıxdı yasdan.
Düşmən şalım gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər,
Qanlı sevinclə doldu.

“Qanlı sevinc”…

Şair keçir fəlsəfəyə, azərbaycanlı yeməsin, içməsin, ancaq qoyasan filosofluq eləyə.

Qəribə şeydir insan:
Al əlindən canını,
İstəyirsən ovucla
Hortlat axan qanını.

“Hortlat”! Qulaqlara qurğuşun…

Qoparıb əz qəlbini
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə…

Beyninin bağasi”  bilmirəm nədir, bəlkə osmanlıcadırr. Şair insanın başına gətirilə bilənləri sadalayıb deyir:

Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.

Bunu elə bil Tərtər generallarına deyib, yəni generallar işgəncə verəndən sonra “məğrur baxışla” baxıb görəcəklər ki, bağırsaqları baldırlarına dolanmış qurbanlar generalları bağışlayıb “dadlı-dadsız gülmyə” hazırdırlar…

Etiraf etmək lazımdır ki, burda həqiqət var…

Ancaq “Səsli qız” — ədəbiyyat deyil, müsibətdir, fəlakətdir. Mən Əhməd Cavadın böyük insan, cəsur, fədakar vətənpərvər şəxs olduğuna bir saniyəliyə də olsa şübhə eləmirəm. Ancaq şair vətənpərvərliyin ya cəsurluöun bir xassəsi deyil, tanrı vergisidir. Əhməd Cavadın bu mətni öz müəllifini ancaq hörmətdən sala bilər. Azərbaycan ədəbi dilinin belə mətnlərlə tədrisi və təbliği dolaşıq nitqli, dolaşıq düşüncəli, dolaşıq yazılı on minlərlə, yüz minlərlə gənc deməkdir, perpektivdə isə kəmsavad millət deməkdir. Sosial şəbəkəlrdə yazılan minlərlə, on minlərlə postu, şərhi nəzərdən keçirin — ən azı Avropanın, Asiyanın mədəni millətləri arasında yazı savadı baxımından ən geridə olduğumuzu görərsiniz…

28. 04. 2024, Samara