Архив | 13.04.2024

«TOYUQDAN-CÜCƏDƏN HAÇAN NƏ BİŞSƏ…»

Toyuqda-cücədən haçan nə bişsə,
Yeyərdi boyunla ayağı anam.

Deyərdi: “Bunları sevirəm nəsə,

Ətlə uşaqlıqdan olmayıb aram”.

 

Biz də inanırdıq onun sözünə,
“Ayaq, baş sevəndir məmə”, deyirdik.

Buddan, döş ətindən bəxtə düşsə nə,
Bir göz qırpımında basıb yeyirdik.

 

Çorəyin boyadı, çayın qalmışı,
Qazanın kəfgirlə sıyrılan dibi,

Paltarın köhnəsi. güvə salmışı –

Yaxşını qıymadı ölənə kimi.

 

Oğul-uşaq yedi yaxşını, geydi,
Şirin, dadlı bizə düşəydi gərək.

Qazanın dibində qalanı yedi,

Qalmayanda yedi anam şor-çörək.

 

Tikənin yağlısı, ya təzə paltar,
Çaşdırır, indi də məni, pərt edir.

Mənə xatırladır anamı bunlar,
Nə yesəm, nə geysəm, haram kimidir…

  1. 04. 2024, Samara