Bəkir Nəbiyevi xatırlayan var?
Azərbaycan Elmlər Akademiyasının həqiqi (!) üzvü olub. Azərbaycanda Elmlər akademiyasının həqiqi üzvü olmaq, yəqin ki, “Həsən ağanın qohumu” olmaq kimi bir şeydir. Yəni bu “həqiqiliyin” elmə dəxli yoxdur.
1961-ci ilin yazında – bəlkə də aprel ayı idi, yağırdı — Bakıda idim, bilmirəm Vaqif Cəbrayılzadə (indi Vaqif Bayatlı) ilə harda görüşdük və hara gedirdik. O vaxtlar mərkəzi küçələrdə qəzet stendləri var idi. Mərkəzi qəzetləri bu stendlərə vururdular: Pravda, İzvestiya, bizim Kommunist, Sovet kəndi, Bakinski raboçi qəzetləri. Yəni bu qəzetləri dayanıb havayı oxumaq olurdu. Qabağımıza bu stendlərdən biri çıxanda Vaqif onun qabağında dayandı. Mən də yaxın gəlib onun Kommunist qəzetini oxuduğunu gördüm. Dördüncü səhifədə akademik (həqiqi!) Bəkir Nəbiyevin böyük məqaləsi çap olunmuşdu. Məqalədə gənc və nisbətən gənc şairlərin “yaradıcılığı”, o vaxtlar deyilən kimi, “şiddətli tənqid atəşinə tutulmuşdu”. Bu şiddətə məruz qalanlar içində Vaqif Cəbrayılzadə də var idi. O, yağışdan üslanmış üzünü mənə çevirib dedi:
— Ağdaşdan indiyəcən kişi çıxıb?
Mən dinməzcə çiyinlərimi çəkdim, çünki nə Ağdaşı, nə ağdaşlıları tanıyırdım…
Səhv etmirəmsə, akademik (həqiqi) Bəkir Nəbiyev gənc və nisbətən gənc şairləri ədəbiyyatda sosialist realizmi prinsilərinə xəyanətdə, və türkçülükdə ittiham edirdi…
İndi Vikipediyaya vaxıram, görürəm ki, bu akademik (həqiqi) 90-cı illərdə “Əhməd Cavadın yaradıcılığında türkçülük idealları» adlı “əsər” də yazıb.
Yəni lotu (həqiqi akademik!) cildini dəyişib…
Son vaxtlar azı üç dəfə professor Cəmil Həsənlinin formal cəhətdən ədəbiyyatşünaslığa və ya ədəbi tənqidə aid edilə biləcək məqalələdrinə rast gəlmişəm. Və oxuduqca mənə elə gəlib ki, yazıların müəllifi britaniya arxivlərini alt-üst edən professor yox, ağdaşlı həqiqi sovet akademiki Bıkir Nəbiyevdir.
Və ya da ki, sovet Azərbaycanındakı ədəbiyyat dərsliklərindki məqalələrdir.
Cəmil Həsənli tarixçidir. Yəni tarix elmi ilə məşğuldur. Düzü, tarixin nə dərəcədə elm olduğu barədə mənim müəyyən fikrim yoxdur. Məsələn, Cəmil Həsənli gedir Britaniya arxivinə, sənəd sifariş verir, sənəddə oxuyur ki, filankəs haçan və nə yeyib ölüb. Ya filankəsi kim və nə üstündə öldürüb. Və ya hansı kolxoz neçə Lenin ordeni alıb… Əlbəttə, bunları öyrənmək və bilmək çox vacibdir. Ancaq bu, elmdirmi?
Tarixlə işim yoxdur, yəni mənlik deyil. Deyək ki, elmdir. Keçək, türkün məsəli, Cəmil Həsənlinin dalınca ədəbiyyata. Professor son məqaləsini Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edib. Məqalə belə başlayır: “Sabah Azərbaycan ədəbiyyatının böyük adlarından biri Bəxtiyar Vahabzadənin 100 illik yubiliyedir.”
Əlbəttə, Azərbaycanda, xüsusən yaradıcılıq sahələrində, ən vacibi ad çıxarmaqdır. Bəxtiyar Vahabzadə doğrudan da ad çıxarıb. Yəni usta piarçı olub. Özü özünün imicmeykeri olub.
Bununla işimiz yoxdur.
Sonra Cəmil Həsənli Bəxtiyar Vahabzadə ilə tanşlığının tarixindən yazır. Tələbəlik illərini xatırlayır. Məlum olur ki, tələbə Cəmil 70-ci illərdə şairi “yataqxana diarları arasnda” görürmüş. Universitet professorunun yataqxana divarları arasında nə qayırdığını Həsənli dəqiqləşdirmir.
Bunu da qoyaq qırağa.
Cəmil Həsənli yazır: “O, poeziyada Səməd Vurğun yolunun davamçısı idi, həyatda isə Səməd Vurğunun vurğunu idi.”
Gördüyünüz kimi, Cəmil Həsənlinin özünə burda şairlik gəlir və kalambur işlədir: “Vurğunun vurğunu!” Yəqin bunu yazanda özündən o qədər razı qalıb ki, Puşkin kimi başı tavana dəyənəcən tullanıb və öz-özünə deyib: “Ay-da molodes, ay-da sukin sın….”
C. Həsənli daha sonra yazır: “Səməd Vurğun onun üçün ideal idi.”
Yəni repressiya kampaniyalarının müğənnisi, bülbülü olmuş, “Komsomol”, “26-lar” kimi poemalarda xalqı müstəsna işgəncələrə məruz qoyan bolşevikləri tərənnüm etmiş, “Vaqif” pyesində Qarabağ xanlığına, Qarabağ xatirinə ən ağır təhqirlər yağdırmış, repressiyaların kollektiv müəllifi olan Partiyanı “bəşərin vicdanı, eşqi, ürəyi” adlandırmış adam Bəxriyar Vahabzadənin idealıdır…
Bəxtiyar Vahabzadə də Cəmil Həsnlinin idealı? Belə çıxır? Ya ayrı şey?
Deməliyəm ki, Cəmil Həsənli bəzən nə və necə yazdığının fərqinə varmər. Baxın:
“Onun 1959-cu ildə nəşr olunmuş böyük mütəfəkkir Məhəmməd Füzuli haqqında “Şəbi-Hicran” poemaları böyük ədəbi hadisəyə çevrildi.”
Cümə quruşuşunun qüsuru bir yana, “Şəbi-hicran” neçə dənədir?
Azərbaycanda “böyük ədəbi hadisə”! Təsəvvür edirsiniz? Yəni doyunca yeməyə çörək tapmayan Azərbaycan xalqı elliklə “Şəbi-hicran” “poemalırını” oxuyurdu?
Tarixçi professor Cəmil Həsənli Bəxtiyar Vahabzadənin 1957-ci ildə Kürdəmirə getməyini böyük tarixi hadisə sayır. Hətta ezamiyyət üçün yazdığı ərizəni məqaləsində bütöz verir. Yəqin Cəmil müəllim bu ərizənin oruijinalını Britaniya arxivlərindən tapıb…
Eşq olsun…
Yazıq Kürdəmir…
Cəmil Həsənli yazır ki, bir roman yazmış gənc yazıçı Yazıçılar İttifaqına qəbul olma istəyəndə “Bəxtiyar Vahabzadə qəti şəkildə bunun əleyhinə oldu və bildirdi ki, “kimsə xam torpaq adı ilə bir şey yazıbsa, bu o demək deyildir ki, o yazıçılar ittifaqına üzv olmalıdır”.
Cəmil Həsənliyə xatırladıram ki, Səməd Vurğun Bəxtiyar Vahabzadəni Yazıçılar İttifaqına bircə şeiri ilə qəbul elətdirmişdi. Yəni sən bir şeirlə İttifaqa girə bilərsən, başqası bir romanla yox?
Yəni Bəxtiyar ömrünün çoxunu Səməd Vurğunun çörəyini yeyib. Səməd Vurğundan namizədlik dissertasiyası, doktorluq dissertasiyası… Professor, akademik… Biliyi isə orta məktəb müəllimi səviyysində və ya ondan aşağı…
Cəmil Həsənlinin ədəbiyatla bağlı məqalələri bizim millətdə humanitar mədəniyyətin nə qədər aşağı olduğunu göstərir. Britaniyaları gəzib-dolaşan, yəqin ingilisi bilən bu adamın bədii zövqü, əslində zövqsüzlüyü təəssüf doğurur. Yaxşı, deyək ki, musiqi eşidimi olmayanlar kimi, bu adamın “söz eşidimi” yoxdur, yəni bədii olanı bədii olmayandan ayıra bilmir, ən azından demokratik zümrənin liderlərindən sayılan bu adam Bəxtiyar Vahabzadə, Səməd Vurğun kimi şəxslərlə özü arasında ideya distansiyası saxlamalıdır, cilddən cildə girmiş, hətta repressiv, qanlı rejimlərin cinayətlərini əsərlərində tərənnüm etmiş bu müəlliflər Cəmil Həsənli üçün antpod olmalıdırlar. Ancaq antipod deyillər. Sabah Cəmil Həsənli ya onun dostu Əli Kərimli hakimiyyətdə olsa, dərsliklərimizdə yenə “Vaqif” olacaq, Qarabağ şəhidlərinin uşaqları, nəvələri Qarabağa, onun tarixinə atılmış bu iyrənc böhtanı, bu rəzil komediyanı oxuyacaqlar…
Cəmil Həsənli bilir ki, Bəxtiyar Vahabzadə pozyor olub, sözü ilə əməli heç vaxt düz gəlməyib. 70-ci illərin sonunda “Leninlə söhbət” poemasını yazıb Heydər Əliyevin proteksiyası ilə SSRİ DÖvlərt mükafatını alan Bəxtiyar Vahabzadə deyildimi?
“Gülüstan” müqaviləsi bizim xalqımız üçün müsbət hadisə olub, çünki millətin yarısı avropalılıq şansı alıb. Çar Rusiyası Azərbaycanla müharibə etməyib, çünki Azərbaycan adlı dövlət yox idi, çar Rusiyası İranla müharibə aparıb və qələbə çalıb və biz bu qələbədən bəhrələnmişik.
Amma 1920-ci ildə müstəqil Azərbaycan dövləti olub və bu dövləti Lenin yıxıb. Və həmin bu leninə Bəxtiyar Vahabzadə poema həsr edib: «Lenin, sənin hər sətrini dönə-dönə əzbərlədim…”
Belə-belə işlər, Cəmil müəllim. Öz işinizlə məşğul olun.
16. 08. 2025, Samara
