ŞƏHİDLƏRİN XATİRƏSİNİ TƏHQİR EDƏN İKİ-ÜÇ ƏRƏBDİR YA ÖZ HARINLARIMIZ?

Üçüncü dünya müharibəsi başlanıb – xəbəriniz var?

Yox, mən Qəzzanı, Ukraynanı, Yəməni və s. nəzərdə tutmuram. Üçüncü dünya müharibəsi Azərbaycanda gedir. Və azərbaycanlılar, əsasən yuxarının, buyruğu ilə, gah farslarla, gah fransızlarla, gah ruslara, gah ərəblərlə vuruşurlar. Evlərindən, yəni ölkədən qırağa çıxmadan vuruşurlar. Ölkədən bəlkə çıxardılar. Ancaq İlham Əliyev damın qapısını, daha doğrusu ölkənin sərhədlərini bağlayıb, ona görə qəhrəman millətimiz elə evin içində böyük-böyük millətləri yıxıb-sürüyür. İndi ərəb cəbhəsində millətimizin ən fəal oğulları və qızları səngər döyüşləri aparılar. Yəni sosial şəbəkələrdə qan da olmasa, sel kimi təl axıdaraq ərəblərə üzücü zərbələr endirirlər. Rus, fars cəbhəsində taktiki döyüşlər davam edir. Müşahidəçilər erməni cəbhəsində nisbi sakitliyin yarandığını qeyd edirlər…

Ərəblərlə qəhrəman xalqımızın müharibəsi qısa fasilələrlə uzun illərdir ki, davam edir. Bu günlərdə bir neçə ərəb bizim qəbiristanlıqda tərbiyəsizlik edəndən sonra qəhrəman xalqım mərhum Aslan İlyasovun ifasında “Öldü var, döndü yox” mahnısını sifariş verərək könüllü səfərbər olub. Döyüşlər səngimək bilmir…

Bakıda bir xanım var… Gültəkin Hacıbəyli. Düzü, arxayın deyiləm ki, indi o, Bakıda olar. Çünki, deyilənlərə görə, Gültəkin xanım gəzəyəndir. Yəni başqa ölkələrə gedib-gəlir, ürəyinizə ayrı şey gəlməsin. Hə, bu gülyanaq xanım yazır ki, biz ərəblərin şəhidlərini min beş yüz ildir ki, yas tuturuq, ərəblər bizim şəhidlərimizi təhqir edirlər…

Gültəkin Hacbəylinin şəklinə baxıram, görürəm ki, bu xanım nəinki min beş yüz il, heç on beş gün yas tutana oxşamır… Deyək ki, tutur. Yəni şiə imamlarına. Ancaq bir vacib məsələ var: qəbiristanlıqda tərbiyəsizlik edən ərəblər şiədirmi? Axı ərəblərin cəmi on-on beş faizi şiədir. Və o tərbiyəsizlərin də şiə olmağı zəif ehtimaldır. Yəni Gülyanaq, yəni Gültəkin xanımın məsələyə ”əvəz-əvəzlik” yanaşımı yersizdir. Məişət xuliqanlığına, ictimai yerdə nalayiq hərəkətə siyasi, dini don geydirmək ciddi siyasətçiyə yaraşmaz. İki-üç nəfərin tərbiyəsizliyini bütün ərəb dünyasına aid eləmək primitivlik, ibtidailikdir, kollektiv cəza prinsipi isə totalitar zehniyyətin xassəsidir.

Azərbaycanda on minlərlə yuyulmamış ağızdan ərəblərə qarşı nifrət yağır, onları Azərbaycana buraxmamaqq, artıq gələnlərini isə dallarına təpik vurub qovmaq tələb edilir. Bir müsəlman soydaşımız yazır ki, evi məscidin yanındadır, bir dəfə də görməyib ki, bir ərəb məscidə gəlsin, ancaq Bakı fahişələrinə “paka-paçka” pul xərcləyirlər.

Müsəlman soydaşımız məscidə gələnlərin içində ərəbi ərəb olmayanlardan necə ayırır? Deyək ki, Allah ona istedad verib, tükü tükdən seçir. Ancaq ərəblərin Bakı fahişələrinə “paçka-paçka” pul xərclədiyini hardan bilir? Bəlkə sutenyordur? Bəlkə ozlərini ərəblərə satan qızların içində onun qohumları da var? Bakı fahişərərinə pulu elə ərəblər xərcləyirlər? Bəs öz harınlarımız?

Deyək ki, ərəbləri qovuruq. Bəs birdən ərəblər deməzlər ki, muğamatımızı da özümüzlə aparırırıq? Deməzlər ki, dilinizin söz ehtiyatının yarıdan çoxunu da aparırııq? Deməzlər ki, əruzu aparırırıq? Deməzlər ki, adlarınızın çoxunu aparırıq? Deməzlər ki, məktəbi, kitabı aparırıq?

Biz atəşpərəst omuşuq ya olmamışıq? İranda atəşpərəstlərdən indiyəcən qalanlar var. Ölənlərini aparıb qoyurlar qayalıqlara, qurd-quş gəlib dağıdır. YouTube-da baxa bilərsiniz… Yəni demək istəyirəm ki, dəfn mərasimimiz, qəbiristanlıq mədəniyyəti də elə ərəblərdən gəlmədir…

Gəlin ərəbin kitabını, musiqisini, şeirini qaytaraq. Gəlin avropalı paltarlarımızı soyunaq. Gəlin ölülərimizi aparıb qoyaq dağın başına, qurd-quşa yem edək…

Səməd Vurğun deyirdi ki, guya bizim “çoban torpağı nizamilər, füzulilər yetirib”.

Ağ yalandır. Füzülini Kərbəla yetirib. Nizaminin beşiyi fars ədəiyyatdır. Gəncə quldur icra başçılarıyla idarə olunan “çoban torpağına” çevriləndən orda heç nə bitmir…

Müəllimlərə qarşı hörmətli olaq. Müəllim millətlərlə dünya müharibəsinə qalxmayaq.

Şəhidlərimizi iki-üç tərbiyəsiz ərəb yox, Qarbağ müharibəsi zamanı Bakının küələrində milyonlarla dəyəri olan maşınlar sürən, xalqdan oğurlanmış pullarla dünyaın müxtəlif guşələrində kef eləyən harınlar təhqir edib… Azərbaycan zənginlərinin həyat tərzinə baxın, görərsiniz ki, şəhidlərin xatirəsini kim təhqir edir…

Torpağın azadlığı uğrunda həyatlarının itirmiş oğulların xatirəsini indi xalqın ən yaxşı oğul və qızlarını türmlərdə çürüdənlər təhqir edirlər.

Ərəblər yox…

X.X.

19. 08. 2025, Samara