MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «OLA BİLMƏZ»

Yox, mən qətiyyətlə deyirəm ki, gərək darıxanda, məyusluq üz verəndə Molla Pənahın gülməli şeirlərini oxuyasan. Məsələn “Ola bilməz” qoşmasını. Bu qoşmanı oxuyan kimi krediti, ipotekası olan da, qapısını sələmçi kəsən də, ev adamları ilə dalaşıb-süpürləşən də şənlənəcək.

“Sərasər bir yerə yığılsa xublar,
Sənin bir muyinə tay ola bilməz.”

Mənim başa düşdüyümə görə, Vaqif deyir ki, bütün gözəllər bir yerə yığılsa, “sənin bir tükünə dəyməzlər”. Yəqin baş tükünü deyir…Məgər gülməli deyil?
“Günəş təki şölə verər camalın,
Belə gözəllikdə ay ola bilməz.”

Bu, heç. Sonrasına baxaq.
“Heç gözəli sən tək şux görməmişəm,
Nə fayda, hüsnünü çox görməmişəm.”

Başa düşdünüz? Çox görməyib. Bəlkə çox görsəydi, gözündən düşərdi. Belə olur də. Oğlan qızdan ötrü ölür, elə ki, alır, iki-üç ay keçməmiş soyuyur. Gərək evlənəndən sonra ayrı yaşayalar. Füzulinin Məcnunu heç Leyliyə yaxın durmadı, bilirdi ki, yaxın dursa, gözündən düşəcək…
“Uzun kirpiyin tək ox görməmişəm,
«Qaşların tərzində yay ola bilməz.”

Burası gülməli deyil. “çox görməmişəm, ox görməmişəm…” Vallah, bu misralar Vaqifi gözdən salır…

“Həsrətindən bağrım qan ilən dolub,
Heyva təki rəngim saralıb-solub».

Birinci misraya diqqət edin. Deyir “bağrım qan olub”. Bunu çox şair deyir. Şeirlərinin yarısında Əliağa Vahidin bağrı qandır. Bağır, yəni sinə, ürək – elə deyil? Yaxşı, qanı elə hərlədən, fırladan ürək deyil? Bağrın qan olmağı təbii deyilmi?

İkinci misranı yəqin Vaqif kənd müəllimi olanda yazıb – rəngi qıtlıqdan saralıbmış.

“Bu xubluq ki, həqdən bəxş olub,
Heç kimsəyə belə pay ola bilməz.”

Fikir verirsiniz? Qazaxlı şair azərbaycanca yazmağı elə bil ki, özünə sığışdırmır. A kişi, nə “xubluq”, yaz “gözəllik” də… Yəni deyir ki, onun sevgilisinə gözəllik həddən artıq verilib!

Dədəm vay!
“Qəddin şahbaz, ağ bədənin səmən tək.”

Burda erotika var, yenə sevgilisinin bədənini açdı qoydu şor gözlərin qabağına…

Səmən tək – elə bilməyin ki, Molla Pənah bədəni samana bənzədir. Yəqin “səmən” yasəməndir…
“Yanağın lalədən ziyada göyçək.”

Yanaq lalədən çox-çox göyçəkdir… Öləsən səni, ay belə yanaq yiyəsi…
“Vaqifəm, mən sənə heyran olmuşam”

Qoşmanın sonunda Vaqof öz adını həkk edir ki, oğurlamasınlar. Mən bilən, belə şeirə tamah salan çox olmaz…
“Dərdindən didəsi giryan olmuşam”.

“Didə” yəqin gözdür. Vallah, Vaqifin şeirləri adamı şəkkə salır. Bəlkə 18-ci əsrdə Qazaxda farslar etnik çoxluq imiş?
Ya bəlkə Vaqif gülmək üçün göz yerinə “didə” yazır? Farsları lağa qoyur. Hə? Belə ola bilər?
“Qanlı yaşım kimi çay ola bilməz”.

Mən də bu qoşmanı oxuyanda çox yaş axıtdım. Ancaq  qanlı yaş yox, adi yaş. Çünki gözümün yaşı gülməkdən axırdı…

 

26. 09. 2025, Samara