Bakıda Ramiz Mehdiyevin adamlarının tutulmağından xəbər tutanda başa düşdüm ki, il yarım bundan qabaq mənim bəxtim gətirib ki, evim yanıb. Evim yanmasaydı, gec-tez məni burda tutub Azərbaycana təhvil verərdilər…
Məni, əlbəttə, yanğında kitablarımın məhv olmağı, söz oynatmaq olmasın, yandırırdı. Dostoyevski, Puşkin, Mandelştam, Lermontov, Folkner, Coys, Bodler… Kitabxanamda Salman Rüşdinin “Şeytan ayələri” romanı da vardı, onu mənə Mərkəzi kəşfiyyat idarəsindən hədiyyə göndərmişdilər. Mən, nə gizlədim, kasıbçılıq üz verəndə Mərkəzi kəşfiyyat idarəsiylə əməkdaşlıq eləyirəm, onlar da hərdən pul əvəzinə kitab göndərirlər…Ancaq məni ən çox yandıran Ramiz Mehdiyevin məktublarının yanmağı idi. Neçə il idi ki, o kişi ilə məktublaşırdım. Akademikdən yüzdən çox məktub almışdım. Məktubların bəziləri erməni dilində idi, biz Ramiz müəllimlə ermənicə yazışırdıq ki, poçtalyonlar açsalar, oxuya bilməsinlər.
Ramiz Ənvəroviç məni çoxdan əməkdaşlığa cəlb eləmişdi. Hərdən görüntülü danışırdıq. Mənə deyirdi Mirzə, yaman sınıqsan, yəqin yeməyin qıtdır, darıxma, burda çevriliş eləyən kimi sənin bağın da olacaq, bostanın da.
Ramiz Mehdiyein planına görə çevrilişdə Samaradan bir alay da iştirak etməliydi, mənə tapşırılmşdı ki, qabaqda gedən tanka minib yolları göstərim. Düzü, deməyə utanırdım ki, Azərbaycanın yollarını özüm çoxdan unutmuşam, fikirləşirdim ki, naviqatordan-zaddan istifadə edərik, azmarıq. Özüm tankın qabağında qaça-qaça yerli adamlardan, bir dostum demişkən, şorusaram. Bilirəm ki, Azərbaycanda rus tanklarını həsrətlə gözləyənlər çoxdur. Him eləyən kimi məndən qabaqda qaçacaqlar…
Ramiz Ənvəroviç söz vermişdi ki, bağdan, bostandan başqa, mənə akademik rütbəsi versin, əmioğlum Mirzə Təbili isə qoysun Anarın yerinə Yazıçılar birliyinin sədri.
Mən Ramiz Ənvərovuçin məktublarının əzizləyib saxlayırdım. Fikirləşirdim ki, gələcəkdə onun heykəlləri qoyulacaq, muzeyləri açılacaq, mən də bu böyük insanın məktublarını muzeyə verəcəyəm…
Əlbəttə, indi İlham Əliyevlə Vladmir Putinin arası soyuqdur, ona görə də Erdoğandan fərqli olaraq, Putin məni tutub Bakıya göndərməz. Ancaq nə bilmək olar, birndə gördün İlham Əliyev yenə Petinlə, türkün məsəli, aranı qayırdı. Onda istədiyi adamın başına kisə atdırıb Bakıya gətirdər…
Allah, sən saxla! Bircə ümidim onadır ki, axtarış eləsələr, heç nə tapmayacaqlar. Çünki Ramiz Ənvəroviçin məktubları yanıb! Əlbəttə, Bakıda hörmətli akademikə təzyiq göstərib köhnə tarixlə mənə məktub yazdırar və sonra axtarış zamanı elə cibimdən çıxara bilərlər. Nə gizlədim, qorxuram. Əmioğlum Mirzə Təbil deyir ki, qorxma, Əliyevlə Putinin arası tezliklə düzələn deyil…
Təki düzəlməsin…
Təki Əliyevlə Ərdoğanın da arası dəysin. Elə dəysin ki, qanlı-bıçaqlı olsunlar…
Mİrzə Əlil
30.11. 2025, Samara
