Архив | Декабрь 2025

GÜZGÜ

Hər qadın – vaxtı çox, işisə azsa,

Güzgü qabağında sevir durmağı.
Səthinə göz dikib suyun haçansa,
Qadın öz əksinə beləcə baxıb.

 +

Baxıb öz əksinə özgə gözüylə,

Təsəvvür edərək kişidir baxan.

Kişi gözlərində, bu, gizli deyil,

Görülən qiymətdir gerçəyə yaxın.

 +

Con Pekam güzgünü icad edəndən,
Sayı yox önündə keçən zamanın.

Baxıb, bəzənib vaxt əsirgəmədən,

Baxışlarda qiymət axtarıb qadın.

 +

Güzgüdür sosial şəbəkələr də,

İnteraktivliyi var onun hələ.

Öz əksini görür hər insan orda,

Qiymətini görür həmçinin hərə.
+

Fərqi yox kişinin daha qadınla,
Diqqət təşnəsidir qadın, həm kişi.

Çıxır min oyundan fərqlənə bilə,

Sayır layklarla gələn alqışı.

 +

Gündüz vurnuxuruq, yatmırıq gecə,

Şəkil qondararaq, söz uyduraraq.
Deyirik tezliklə izləyiciyə,

Çatdıraq və bəlkə yığaq beş-on layk.

 +

Suda öz əksinə vurulan oğlan,
Özünə sevgidən öldü ordaca

Və döndü çiçəyə. İndiki insan,

Yaşayır – özünün əksi tək ancaq…

 

24. 12. 2025 Samara

KİŞİLİYİ «MİL DURAN» SİYASİ ŞAİRLƏR VƏ YA QORBAÇOVUN TƏRİFİ

Azərbaycan xalqı şeirsevər xalqdır, Azərbaycan xalqının heç bir mərasimi şeirsiz keçmir, yasda, toyda şeir oxunur, məhkəmədə məhkum şeir deyir, hakim ona şeirlə cavab verir. Azərbaycanın siyasəti də şeirli və şairanədir. Zəlimxan Yaqub kimi saray şairləri olduğu kimi, müxalifətin də şairləri var. “Azadlıq” qəzeti vaxtaşırı şeir dərc edir, hərçənd şeirlərin səviyyəsi elə təsəvvür yaradır ki, bu adamlar iqtidara qarşı yox, sənətə müxalifdirlər. Yəni şeir — nə şeir, dizinə vur ağla…

Əli Kərimli tutulmamışdan bir az əvvəl Ayaz Arabaçı adlı birinin şeiri “Azadlıq”da çıxmışdı, yəni sayta qoyulmuşdu. Mən bu “şeir” barədə ayrıca yazmışam, indi yadımda qalan odur ki, Arabaçı Ayaz kişilyini (öz kişiliyini) tərənnüm edirdi, deyirdi ki, “pələnglər tuta dövrüm”(Cəfər Cabbarlı demişkən), “kişiliyim mal dura bilməz”. Bunu mən belə başa düşdüm ki, Arabaçının kişiliyi, repressiyalar nə qədər güclənsə də, “mal dura bilməz”, bəlkə də, əksinə, onu kişiliyi mil durar…

Hanı? Əli Kərimli zindanda, türmənin qabağına beş adam yığılmır. Üzümü tuturam Arabaçıya və başqa cəbhəçi sürücülərə: polis sübut elədi ki, kişiliyiniz “mal durur”? Elədi ya eləmədi?

Cəbhəçiləri qınayırlar ki, Əli Kərimlinin məhkəməsi olanda məhkəmə binasının yanına cəmi altı nəfər gəlmişdi. Cəbhəçilər deyirlər ki, bəs polis yolları bağlamışdı, biz nə qayıraydıq?

Cəhənnəm qayıraydınız, gor qayıraydınız! Bəs demirdiniz ki, 1990-cı ildə millət özünü rus tanklarının altına atırdı? İndi niyə polis dəyənəyindən qorxursunuz?

Əslində millət özünü 1990-cı ildə özünü tankların altına atmırdı. Milləti, yəni Meydana yığılanların bir hissəsini quzu kababı yeyib tribunadan nitq və şeir deyənlər inandırmışdılar ki, gedin durun tankların qabağında, sizə heç nə olmayacaq. Xeyli adamı zorla qus qoşununun qabağına göndərmişdilər – bu, faktdır.

Qoşun qabağına çıxanların heç biri, əlbəttə, dəli deyildi ki, özünü tank altına atsın. Onlar arxayın idilər ki, sovet hərbçiləri onlara güllə atmazlar. Onlar qorxmurduar! Ana südü ilə əmdikləri qorxunu sovet adamlarının ürəyindən Qorbaçox qovub çıxarmışdı!

Dörd il idi ki, Kalininqraddan Vladivostoka qədər Sovet İttifaqlnın bütün ərazisində xristian eksorsizminə bənzər proses gedirdi, ancaq bir mühüm fərqlə: insanların içindən, yəni qəlbindən, ruhundan mövhumi cinlər yox, gerçək Qorxu qovulurdu.

Ölkədə dörd ilə yaxın idi ki, insanlar Sovet imperiyasının bütün institutlarını demontaj edirdilər və heç kim tutulmurdu, heç kimə güllə atılmmırdı. 1990-cı ilin yanvarında sovet qoşununun qabağına çıxanlar da arxayın idilər ki, onlara güllə atılmaz.

Ancaq Meydan rəhbərləri hər ehtimala qarşı gedib girmişdilər isti mənzillərinə, arvadlarının, məşuqələrinin qoynuna. Tribuna şairlərindən, dil pəhləvanlarından birinin də 20 yanvarda burnu qanamayıb…

Ruslarda bir ifadə var: “Vdruq vsyo poşlo ne tak”. Bakıdakı qoşun hissələrinə şəxsən Qorbaçov yox, Əfqanıstanda əlləri qana bulaşmış zabitlər, məsələn, Aleksandr Lebedev, rəhbərlik edirdilər. Onlar bir neçə gün yol gəlib yorulmuşdular, ac və acıqlı idilər, bundan əlavə, “politruklar”  erməni talanlarından, ruslara qarşı təzyiqlərdən danışıb onları hazırlamışdılar. Və onlardan hansısa komanda verir, atəş açılır, tanklar yeriyir…

20 yanvar faciədir, şübhəsiz. Ancaq bu faciə millətin demokratik azadlıqlar uğrunda özünü qurban verməyə hazırlığını göstərmir. Bizim millətdə demokratik azadlıqlar tələbi əhalinin çox az hissəsindədir. Məsələn, Əli Kərimlinin məhkəməsinə gəlmiş altı nəfərdə. Yaxşı, altını vuraq ona. Eləyir altmış. Altmış nəfərlə hara getmək olar?

Meydana dörd ilə yaxın vaxtda yığılan kütləvi mitinqlər də illüziya yaratmamalıdır. Meydana yığılanlar Qorbaçova arxayın olub yığılırdılar. Qorbaçov hələ 1988-ci ildə o meydanı dəyənəklə dağıdıb beş-on adamı qoduqluğa atsaydı, daha o Meydana ayaq basan olmazdı. Bəlkə də gərək Qorbaçox bunu eləyəydi. Onda Nemət Pənahlı kimi şarlatanların, Sabir Rüstəmxanlı kimi oğraşların kim olduğu bilinərdi.

Mətbuat azadlığı, dini azadlıq, seçkili demokratiya, milli oyanış – bunlar hamısı Qorbaçovun irsidir.

Qorbaçov sovet insanının ürəyindən, ruhundan qorxunu xristian ruhanilərinin cini qovduğu kimi qovmuşdu. Bir iş var ki, qorxudan çıxmaqla cəsurluq arasında məsafə böyükdür. Bizim xalq cəsur xalq deyil.

Bizim xalqda demokratik azadlıqlar tələbatı, qanunsevərlik yoxdur – bunları kultivasiya etmək, yəni insanların təbiətinə bunları əkib becərməyə Qorbaçovun nə müddəti çatardı, nə də iradəsi. Qorbaçov devrildi, xalqımız isə uğrunda heç vaxt sistemli mübarizə aparmadığı müstəqilliyi alıb başını itirdi, öz taleyini bəlkə də təmiz insan olan, ancaq zəif iradəli, qıt bilikli Əbülfəz Əliyevə həvalə edib fəlakətə uğradı…

İsa cinləri qovub onları donuzların içində yerləşdirdi  və donuzlar da özlərini sıldırım qayadan atıb məhv oldular.

Qorbaçvun azərbaycanlı insanının içindən qovduğu qorxunun yerini Qorbaçovun Siyasi bürodakı düşməni Heydər Əliyev yaxşı bilirdi. Və  qorxu bir neçə ilin ərzində azərbaycanlı insanın ürəyinə, ruhuna qayıtdı.

Qorbaçov insanlarda şəxsi ləyaqət hissini oyatmağa çalışırdı. Şəxsi ləyaqət hissi olmayan insanı əyilə-yilə yerimək, məmur qabağında ikiqat olmaq narahat etmir. Cəsur adam şəxsi ləyaqət hissi olan adamdır. Şəxsi ləyaqət hissi olan adamın seçki hüququnu alanda, azad danışmaq hüququndan mərhum edəndə, sərhədləri bağlayıb əsir-yesir edəndə o, qorxusuna qalib gələcək, onu nə polis dəyənəyi, nə zindan qorxudacaq. Belə adamlar var. Ancaq onların sayı altı, ya uzağı altmışdır. Altı yüz, altı min olsa belə, az və hətta çox azdır. Və bu azlığı iqtidar vaxtaşırı qəssab sürüdən qoyun seçən kimi seçib atacaq türməyə.

Yox, bizim xalq cəsur deyil. Əsgər şücaəti tamam ayrı şeydir. Cəbhədəki igidliyi mülki həyatda gözləmək sadəlövhlükdür. Cəbhədə əsgər əmrlə rəqib üstünə gedir və kim-kimi məsələsi həll olunur. Əsgər – nəhəng bir hərbi maşının bir hissəsidir. Cəbhədə seçim yoxdur. Ona görə Napoleona qalb gəlib Parisi fəth etmiş rus əsgərləri evlərinə qayıdıb dinməzcə təhkimçiik boyunduruğuna girirdilər. Hitlerə qalib gəlmiş sovet əsgərləri də Berlindən fateh kimi qayıdıb ikiqat əyili yaşayırdılar.

Qarabağda qanlarınını axıtmış əsgərlər – sağ qalanları – nazirliklərin qabağnda acizanə xahişlər eləyirlər, cəsarətləri ona çatır ki, özlərini yandırırlar…

Biz kim olduğumuzu, harda, hansı vəziyyətdə olduğumuzu başa düşmək üçün tariximizi yaxşı bilməliyik, Tribuna pəhləvanlarının yaratdığı miflərdən azad olmalıyıq, “kişiliyim mal durmur, mil durur” deyən heyvərə qafiyəbazları özümüzdən kənar eləməliyik. Dostoyevskinin bir qəhrəmanı Rusiya haqqında deyir: «Россия есть игра природы, а не ума». Azərbaycan haqqında nə demək olar? Azərbaycan nə təbiətin, nə ağlın oyunudur. Azərbaycan bəlkə də tarixi anaxronizm, təsadüfilik və anlaşılmazlıqdır. Azərbaycan yalnız formal cəhətdən dövlətdir, məzmun etibarı ilə ona dövlət demək çətindir… Niyə təsadüfilikdir? Çünki xalq öz dövləti uğrunda mübarizə aparmayıb. Qorbaçov icazə verənə qədər Bakıda bir nəfər meydana çıxmışdı? Hardaydı o Pənahhseynlər, Nemətpənahlılar, Sabirüstəmxanlılar? 

Qorbaçovu unutmayaq…

23.12. 2025, Samara

ROMA PAPASI LEO, DEYİLƏNLƏRƏ GÖRƏ…

Roma papası Leo, deyilənlərə görə,

Alman dili öyərnir yetmişində yaşının.

Yuxusu gəlməyəndə yatağındaca elə,
Kitab, dəftər açaraq uşaq kimi çalışır.

 +

Leo bilir latını, ispanı, ingilisi,

İtalyan dilində də danışır, əlbəttə, o.

Hansı bir xristian yəni yanına gəlsə,
Dil tapacaq onunla Roma papası Leo.

 +

O ki qaldı Tanrıya…Bu iş Tanrılıq deyil,
Tanrı özü deyilmi hər dilin yaradanı?

Bircə dili də bilmə, bütün dilləri ya bil –

Çatmaz ona, eşitmək istəmirsə insanı…

 +

Bəlkə papa Leonun elə sualı var ki,
Cavab vermir Kitabı, oxusa da nə qədər.

Götedə ya Şillerdə, Herman Hessedə bəlkə,

Deyir tapar, oxusa, orijinalda əgər.

 +

Bəlkə ən uca dahi Bethovenlə danışmaq,
Arzusundadır Leo? Bəli, Lüdviq Bethoven.
Eşitmir… Keçməyibsə karlığı hələ… Ancaq,
Eşitməyib bir kəsi Tanırı da indiyəcən…

 

21. 12. 2025, Samara

FƏRİDƏ ÜÇÜN

Nimçə iri, dərin, dopdoludur həm,
Ətri iştah açan içindəkinin.

Yeyirəm arxayın və çəkinmədən,

Qalmır pərçim olub boğazda tikəm.

 +

Son dəfə mən haçan olmuşam qonaq?

Yemişəm bişəni qadın əliylə?

Getmərəm, çağıran olsa da belə,
Özgə süfrəsindən düşmüşəm qaçaq.

 +

Yesən, hər tikəndən dikəldilər dağ,
Sayıb yediyini beşə vurarlar.

Deyərlər “nə canı, nə cəsədi var,

Doymur, dəyirman tək üyüdür ancaq.”

 +

Özgə süfrəsinə getmirəm yaxın,

Özgədir tikəni sayan doğma da,

İndi dolu nimçə qabağımdadır,

Yeyirəm iştahla, sakit, arxayın.

 +

Cənnət nemətləri Kitab vəd edir,
Şərtlərsə ağırdır ora düşənə.

Sən nə şərt qoyansan, tikə sayan nə,

Cənnət neməti tək yeyirəm gedir…

 

18. 12. 2025, Samara

RAMİZ RÖVŞƏN. «SƏKSƏN YAŞIN ŞEİRİ» (NƏZİRƏ)

Demək, uzun ömür bu imiş, balam,

Bizdə çıxan azdır səksənə axı.

Ramiz Mehdiyev tək doxsana qalan,

DTX önündə səksənir axı.

 +

Eh, bu səksən ildə nələr görmədim,

Gah ona, gah buna dedim mən “öndər”,

Çıxar Mehdiyevin məktubu indi,

Yaxşı axtarsalar evi bir qədər.

 +

Ah, bu nə hədiyyə, ah, bu nə bəxşiş,
Verildi bu gecə mənə yuxuda!!

Yəqin ki, üçüncü pulsuz ev imiş,
Verər prezident onu axırda.

 +

Qazancdır, gəlirdir saydığım ancaq,

Özümü yormuram  illəri sayıb,

Jurnalist, demokrat türmədə dustaq,

Susub durmağımı bilmirəm ayıb.
+

Qızıl qələmim var —  qızıldan əsa,

Gələcək möhtərəm prezidentdən.

Ağlım yerindədir, dilimsə qısa,
Dalıma soxaraq yaşayıram mən.

17. 12. 2025, Samara

RAMİZ RÖVŞƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: «TƏPƏDƏN DIRNAĞA HİRS İÇİNDƏYƏM…»

Mən bu şeirin birinci misrasını əvvəl belə oxumuşdum: “Təpədən dırnağa his içindəyəm, Dönmüşəm dustağa hirs içindəyəm”. Və fikir məni götürmüşdü ki, yəqin Azərbaycanın canlı klassiki haçansa kömür çıxarırmış ya Bakının köhnə məhəllələrində buxarıları təmizləyirmiş. Elə işlərdə Ramiz Rövşən kimi mötəbər şəxs, əlbəttə, özünü dustaq hiss edər. Ancaq dalını (şeirin) oxuyub gördüm məsələ ayı cürdür. Şairəşşüəra his içində deyil, hirs içindədir.
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz

Bilmək olmur ki, hasar nə hasardır. Hasarın içi olmur, hasarın dalı, qabağı, və enlisə, üstü olur.

Ramiz Rövşən öz ali statusundan xəbərdardır, İsa Tanrının oğlu olduğuna inandığı kimi. Ramiz Rözşən bilir ki, xalq on milyondur, o isə təkdir. Və hərdən xalqı qorxudur ki, baxıb görsün bu gedəndən sora bu miskin kütlə başına nə daş salacaq. Gah bir də şeir yazmayacağını, gah da gözəllərin sevgisinə cavab verməyəcəyini elan edir.

Xalqın da halı, Məşədi ibad demişkən, pərişan olur.

“Səpdim mən öz yarama mən öz külümü”

Burdan nə başa düşmək olar? Şairin yarası var. Və öz külünü səpib yaraya. Öz külüdürsə, yəni Ramiz Rövşən yanıb, ancaq tamam yanmayıb, bir hissəsi yanıb. Bir hissəsi, yaralı olan yer salamatdır. Və Ramiz Rövşən yanan yerinin külünü tökür yarasına. Sonra deyir:

“Adam öz külünə bulunur belə”.

Belə — yəni necə?

Ramiz Rövşənin tonu get-gedə sərtləşir, Ramiz Rövşən xalqla polis kimi, məhkəmə kimi danışır, yəni hədə-qorxu ilə.
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim

“Mən belə adamam” – sən necə adamsan? Yaxşı, yarana özü külünü tökdün, sonra?
“Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın”

Bir vaxt deyərdilər ki, Sovet İttifaqının bütün qadınları Müslüm Maqomayevə vurulublar. Mən əminəm ki, Ramiz Rözşən bütün Azərbaycan qadınlarının ona vurulduğuna və ondan ötrü göz yaşı tökdüklərinə şübhə eləmir… İndi əvvəl Müslüm Maqomayevi gözünüzün qabağına gətirin, sonra Ramiz Rövşəni… Müslüm Maqomayevə qulaq asın, sonra bu cəfəngiyatı oxuyun…Mən bizim qadınları elə də yüngülağıl saymıram…
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam

Ramiz Rövşən ömrü boyu daşlanıb? Sabir kimi? Qoşa-qoşa mənzili xalqın hesabına havayı alan adam nədən narazıdır?

Sonra maraqlı iki misra gəlir ki, bunun məğzi Ryazanovun “Slujebnı roman” filmindən oğurlanıb. Novoseltsev soruşur: Siz giləmeyvə sevirsiniz? Lyudmila Prokofyevnanın cavabı güllə kimi açılır:  “Bəli, ancaq mürəbbə halında…” Ramiz Rövşən bir azərbaycanlı kimi kabab əlavə edir…
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam

Sonra Ramiz Rövşən xalqa xəbərdarlıq edir ki, onun heykəlini Füzulinin yanında qoymasınlar, ya ayrı yerdə qoysunlar, ya da Füzulini götürüb ayrı yerə aparsınlar. Məsələn, Füzuli rayonuna..
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim

Nə gizlədim, bu şeirdən baş çıxamağa, onu, necə deyərlər, yozmağa çalışsam da, bir şey başa düşə bilmirəm. Axı cəfəngiyatı başa düşmək mümkün deyil. Belə yaradıcılığa pul tələsi deyirlər. Üç-dörd yüz belə şeirdən yazıb kitab düzəldəcək, kitabı da xalq gözünə təpəcək…

Sonda maraqlı bir şey baş verir. Şair bir dilənçi qarıya müraciət edir. Bütün böyük klassiklər dilənçilərə müraciət ediblər. Kalassiklərin özlərindən də dilənənlər çox olub. Sabir sabun bişirib satıb…

Hə Ramiz Rövşən üzünü tutur qarıya.

Mən sənin yanında dururam sənin
Küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı

Fikirləşirsən ki, nəhayət, şairəşşüəranın vicdanı oyandı. Sadə xalqın, əzilən, sürünən və hətta dilənən xalqının tərəfinə keçdi. Bundan sonra prezidentlə tutacaq davanı, aldıqlarını qaytaracaq, deyəcək tutulanları burax…

Heyf, yanılmışıq…
“Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin”

Demə Ramiz Rövşən dilənçi qarını dolayıbmiş. Deyir qorxma, ovcuna pul qoymuram… A kişi, dilənçi onun ovcuna pul qoyandan niyə qorxmalıdır? Sən xalqı bağlamısan təsərrüfatına.  “Əlindən öpürəm”… Bəs dilənçi qarı qayıdıb deməz ki, ay vələdəzzina, get filankəsin filan yerini öp?

 

  1. 12. 2025, Samara

ABBAS SƏHHƏTİN «VƏTƏN» ŞEİRİ HAQQINDA

 

 

Abbass Səhhəti çox sevirəm: ilhamlı şairliyinə görə, doktorluğuna görə, Sabirlə qardaşlıqdan artıq dostluğuna görə, cavan öldüyünə görə… «Vətən» şeri, əlbəttə, unudulmazdır. Öz təcrübəmdən deyə bilərəm ki, hətta vətəni tamam unudandan sonra da «Vətən» şeiri yaddan çıxmır…
Və elə tez-tez şeir yaddaşında səsləndiyinə görə onda əvvəllər görmədiyin cəhətləri açırsan.
Könlümün sevgili məhbubu mənim…
«Məhbub» ərəbcədir, elə «sevgili» deməkdir. Yəni şair deyir «sevgili zevgili». Bunun eybi yox. Sonra:
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Mən Azərbaycan məktəbinin həm şagirdi, həm müəĺlimi olmuşam, yadımdadır ki, sovet vaxtı bu beyti dərsliklərə salnırdılar.  Çünki bolşeviklərin fikrinə görə, insanları Allah yaratmayıb, insanlar meymunlardan, meymunlar isə Lenindən törəyiblər…İndi yəqin bu beyt dərsliklərdə var və məsum azərbaycanlı balalar insanı Xudanın, yəni Allahın yaratdığına, zəncir ocağlna, Ətağanın cəddinə, sahibəzzamanın züburuna və Ramiz Mehdiyevin Əli Kərimli ilə birləşib dövlət çevrilişi hazırladığına inanırlar…
Sonra:
Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.
Birimci misrada vətən — anadır, çünmi süd verir. Uşaq südü içib böyüyür, vətən olur sevgili canan, hə? İndi biz neyləyək, freydizmə müraciət edib Edip kompleksindən danışaq? Yox, buna bizim gücümüz çatmaz, bəlkə Azərbaycandakı fəlsəfə doktorları bunu yoza bilələr…
Sonra:
Vətənin neməti nisyan olmaz.
Yəni vətənin neməti unudulmaz. Bu halda ikinci misra ziddiyyət yaradır.
Naxəıəflər ona qurban olmaz.

Vətən neməti unudulmursa, «naxələflər» hardandır və «qurban olmaq» necə başa düşülməlidir?
Sonra:
Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

Burda, əlbəttə, ruslar demişkən, poeziya gecələməyib. Eyni uğurla vətəni sevməyənə qarğış eləmək, onu allı-yaşılll söymək olar. Və təkrar edirəm ki, Abbas Səhhəti sevirəm, ancaq «Vətən» şeirini yox. Açığını desəm, heç vətəni də sevmirəm, bir damcı da, çünki vətən unudulub, unudulan şeyin sevgisi qalarml?

14.12. 2025, Samara
Seredavin adlna vilayət xəstəxanasl

MÜQƏDDƏS İŞ GÖRDÜN, USMAN DEMBELE…

Xəbər var: Parisdə Dembele Usman,
Hospital tikdirib möhtəşəm, gözəl.
Müalicə alır hər evsiz insan
Havayı, özünə gələnə qədər.
+
İyirmi səkkiz milyon Dembele Usman,

Ora maya qoyub, yenə qoyacaq.

Arabir, özünü tanıtdırmadan,

Gedib fəhlə kimi rəng çəkib qoçaq.

+
Yüksək qiymət verib bu işə Makron,

Tarixə bu hünər, deyib, düşəcək.
Paris meri deyib küçə ya rayon,
Usmanın adını daşıya gərək.

+
Bir neçə futbolçu var ki, onları,

Xüsusi sevirəm, niyə gizlədim.

Dembele Usmanın ayrıdır yeri,
Bu yer yəni mənim ürıyimdədir.
+
Çox oxşarllğı var bizim adama,
Yalnız qaralıqda fərqlənir azca.
Nadir ustalığı onun bir yana,
Həqir və sadədir, qalxsa da uca.
+
Beləsi bizdən də kaş çıxa bilə,
Çıxmağa kaş qoya ölkə və rejim…

Müqəddəs iş gördün, Usman Dembele,

Oxuyub ağladım — niyə gizlədim…

13.12.2025, Samara

Seredavin adına vilayət xəstəxanası

BİR STƏKAN SU…

          Şirvan Kərimova

Pəncərənin içində həcmi beş litr olan,
Qabdakı su içilib yarıyacan  hələ ki.
Üç butulka da gəldi — bir yarım, ya da iki,
Dəvə içsə yay günü, doyar
, olmasın yalan.

+

«Suyun ziyanı yoxdur»- gətirən mənə deyir,
Bu su adi su deyil, bu, dərmandır xəstəyə,
Tez-tez içəsən gərək, ürəyin də istəyə,
Bu suyu kim içirsə, canavar kimi yeyir»

+

Süzülüb dönə-dönə, yoxlanıb dönə-dönə,
Bu suya ləyaqətim varmı mənim görəsən?
Bir vaxt Kürdən içən tək içərdim rahatca mən,
Qabla da yox, ağzımı söykəyərək krana.

+

Sudan töküb içməyə burda piyalə da var,
Baxanda göz önümdə canlanır zaman-zaman,
Kasıbda da tapılan klassik daş stəkan,
O stəkanla məni o qədər qorxudublar!

+
Deyiblər axır günün sənin ağlr olacaq,
Nə övladın, nə nəvən — kimsəsiz qalacaqsan.
Bəlkə ciyərin yana su üçün bir stəkan,
Verən tapılmayacaq sənə o suyu ancaq…

+

Pəncərənin içində su qabları yan-yana,
Yarı da içilməmiş sağalıb gedəsiyəm.
Dost, bilirəm haçansa zarıyıb su istəsəm,
Gələrsən, su doldurub stəkana, ovcuna…

11.12.2025, Samara
Seredavin adına vilayət xəstəxanası

«DÜNYADA AĞ ADAM AZALIB GEDİR…»

İqlim dəyişimi doğrudur yəqin

Yəqin ki, qlobal istiləşmə var.

Yəqin ki, dünyada ağıllı başlar,
Axtarır problem həllini gərgin.

 _

Ayrı problem də yaranıb artıq,
Yox ancaq çox geniş müzakirəsi.

İqlim tək narahat etmir hər kəsi,
Bilən, anlayan da danışmır açıq.

 _

Dünyada ağ adam azalıb gedir,
İndi ilbəil yox, günbəgün hətta.

Rəngdən rəngə düşür indi hər qitə,

Və iqlim, əlbəttə, səbəb deyildir.

 _

Çoxalır sarılar, qaralar artır,

Qarabuğdayılar artır həmçinin,
Sayını qırmızıdərililərin,
Bilən yox, onlar da az deyil artıq.

_
Ləyaqət, əlbəttə, rəngdə deyildir,
Yaxşı da, pis də var elə hər irqdə,

Kim həyat veribsə, verib o, rəng də,

Nemətdir rəng, çalar müxtəlifliyi.

 _

Ancaq təhlükə var ağına rəngin,
Gün-gündən ağların sayı azalır,

Cəmi səkkiz faiz, deyəsən, qalır,

İtər, belə getsə, tumu da yəqin.

 _

Qarabuğdayıyam, qarayam hətta,
Məni ağ adamın taleyi ancaq,
Düşündürür sudan, havadan qabaq,

Elə bil ən vacib budur həyatda.

 _

İtsə ağın tumu haçansa, nizam,
Yəqin ki, pozular yer kürəsində,

Elə bil anqlo-saks məhkəməsidir —
Ağır hökm oxuyub  gedər ağ adam…

 07. 12. 2025, Samara