Архив тегов | Azadlıq qəzeti

BAHƏDDİN HƏZİ GECƏ MEYDANDA TONQAL İŞIĞINA DƏRS OXUYAN 8 YAŞLI QIZDAN YAZIR…HANI DELAKRUA Kİ, BUNU ÇƏKƏ…

«— Давно не читал книги, — скажет он или иногда изменит фразу: — Дай-ка почитаю книгу, — скажет или просто мимоходом, случайно увидит доставшуюся ему после брата небольшую кучку книг и вынет, не выбирая, что попадется».

+++++++++++++++++++++++++

Bilnirəm, indi Azərbaycanda İlya Qonçarovun romanlarını oxuyan varmı. Mən özüm ilk gənclik illərində “Oblomov”u azərbaycanca oxumuşdum. Təsiri elə güclü olub ki, sonralar rusca oxusam da, bəzi epizodları indiyəcən elə azərbaycanca xatırlayıram. “Çoxdandır kitab oxumamışam”, — hərdənbir Oblomovun atası belə deyirdi, bəzən isə ifadəni dəyişirdi: “Götürüm bir kitab oxuyum”. Deyir və əlinə keçən hansı kitab keçsə, onu oxuyurdu…

Mənim də Azərbaycan mətbuatını oxumağım elə İlya İvanoviçin kitab oxumağı kimidir. Yəni hərdənbir və əlimə nə keçsə. Mühüm xəbərləri, yəni hava, avtomobil qəzaları, prezidentin kənd yollarına neçə manat ayırdığı və harda şor ya qatıq sexi açdığı  barədə xəbərləri Eynula Fətullayevin (İblisin adını çəkdim, qulaqlara qurğuşun!) saytından rusca oxuyuram. Çünki rusca oxumaq mənə daha asandır, çünki rus dilində yazanların hamısı vahid  rus dilində yazır, Azərbaycan dilində yazanların hər birinin öz dili var, yəni hər yazar (sözə bax – yazar!) mətbuata öz dili ilə çıxır. Və bu, dil fərdiliyi, yəni üslub fərdiliyi deyil, əməlli-başlı dil fərqliliyidir, yazılanı başa düşmək üçün gərək baş sındırasan, lüğətlərə baxasan, bəzən Sİ – də aciz qalır, dönə-dönə üzr istəyib deyir ki, başa düşmədi…

İndi Azərbaycanda hicabla bağlı hadisələr məni də (eycahanlıqdan, vallah eycahanlıqdan!) narahat etdiyinə görə bu barədə məlumatı azarbaycanca axtardım, çünki Eynulla Fətullayevin (qulaqlara qurğuşun) saytında hicab qiyamı işıqlandırılmır. Qabağıma “Bizim yol” saytında Bahəddin Həzinin məqaləsi çıxdı. Mənə bu müəllifinn adı tanışdır, çünki sıfırıncı illərdə “Azadlıq” qəzetini oxuyurdum, o qəzetdə özümün də bir neçə yazım o vaxtlar çap olunub. İnternetdə baxdım – Bahəddin Həzi indi yalnız elektron kimi çıxan “Bizim yol” qəzetinin təsisçisi və baş direktorudur. Hicab qiyamına həsr olunmuş yazısına belə ad qoyub: “Körpə gül balalarımızın xətrinə”.

Maraqlıdır ki, şairlərin dilində körpə balaların hamısı və həmişə güldür. Hərçənd bu gül balalarını kürəyinin ortasına çox ata-ana elə yumruq vurur ki, nəfəsləri bir neçə dəqiqəliyə kəsilir. Ancaq bu, ayrı məsələdir. Biz şairlərin işinə qarışmırıq…

Bahəddin Həzi yazır ki, başı bağlı məktəbə buraxılmayan gül balaların “…pilləkəndə oturub, açıq havada dərs hazırlaması… təsirli mənzərədir.”

“İnsanın içi titrəyir”.

Belə ifadə eşitmisiniz? “İçim əsir” – kimsə belə deyir? “Ürəyim əsdi” deyirik, “içim titrəyir” demirik.

Bahəddin Həzi sonra yazır:

“Təhsil könül işidir — ya elə, ya belə — hər cür məcburiyyətdən yüksəkdədir.”

Təhsiliə həvəs, hətta sevgi onu “könül işi” eləmir, təhsil məcburi yəni icbari olaraq qalır, bir vaxt onillik-onbirillik təhsil icbari idi, indi doqquzillik. Sabahdan təhsil “könül işi” elan olunsa, şagirdlərin yarısı məktəbdən çıxar, çünki uşaqların çox az hissəsi təhsilin vacibliyini başa düşmür, məktəbə nifrət edir, elə şagird-müəllim qarşıdürmalarının əsas səbəblərindən biri budur.

Bahəddin Həzi davam edir:

“Vahid forma geymədiyi üçün məktəbə buraxılmayan balaca qızlar üçün göz yaşı tökən məktəb yoldaşları! Bunlar da balaca tənlərdə böyük ürəklərin tablosudur.”

Gec də olsa, deməliyəm ki, Bahəddin Həzi jurnalist kimi yazmır, o, şair kimi yazmağa çalışır, Gülhüseyn Hüseyoğlu kimi mənsur şeir yazır. Yadınızdadır? – açıldl, mücrü, örtüldü mücrü…

Yuxarldakı fraqmentin ikinci cümləsini başa düşmədim. “balaca tənlərdə böyük tablolar”. Tən – yəni bədən?Yəni Bahəddin Həzi burda Gülhüseyn Hüsynoğludan da bir neçə əsr o yana gedir, Nəsimi kimi yazır: “…təndə canı neylərəm…”

“Balaca tənləri”, boynuma alım, əvvəl “balaca çənlərdə” kimi oxumuşdum…

Məndə yaşla əlaqəli göz zəifliyi var…

Görünür, indi Azərbaycanda “dal”, “qabaq” sözləri kimi “bədən” sözü də ayıb sayılır. İnsanları belə məsum, utancaq olan ölkədə uşaqlar necə dünyaya gəlirlər, ilahi?

Bahəddin Həzi yazır:

“Düşünürsən, bu millətin uşağı da… çox BÖYÜKDÜR!”

Burda təkcə “iç titrəmir”, burda başın tükləri də biz-biz durur. “Böyükdür” sözünün bütün hərfləri böyüklə yazılıb – ayrı necə ola bilər?
“Bu millətin” – hansı millətin? Bahəddin Həzi öz milləti haqqında “bu millətin” deyir? Yəni Bahəddin özünü Misir yürüşü zamanı əsgərlərinə müraciət edən Napoleon kimi hiss edir. “Bu millətin…”

Yeri gəlmişkən, Napoleon fransızlar haqqında belə deyə bilərdi, çünki özü korsikalı idi…

Bu millətin uşağı da böyükdür…

Əlbəttə, əlbəttə. Uşağı da, müəllimi də, şeyxülislamı da, prezidenti də, Paşa holdinqi də. Hər kəsi və hər şeyi böyükdür. Hətta adı çəkilməsi burda ayıb olan şeyləri də…

“…Mən azadlıq uğrunda mübarizə Meydanında…”

Meydanda azadlıq uğrunda mübarizə gedirdi? Nemət Pənahlı necə mübarizə aparırdı? Kiminlə? Meydanda güləş, boks yarışı təşkil olunsaydı, deyrdim hə, mübarizə olub. Məsələn, Nemət Pənahlı ilə Pənah Hüsey arasında…

Bahəddin Həzi cümləsini belə bitirir: “…tonqal başında atasının paltosuna bürünmüş, əl fənərinin solğun işığında dərs oxuyan 8-9 yaşlı qız uşağını xatırladım…”

Elə burdan da, sonrakı cümlədən də aydın olur ki, gecə imiş. Soruşuram: 8-9 yaşlı qızın gecə Meydanda nə işi vardı? Gecə Meydanda oturmaq 8-9 yaşlı qızın “könül işi” ola bilərdimi? Deyək ki, gündüz atası ilə gəlib. Bəs gecə? Atada insaf yoxdur ki, 8-9 yaşlı qızı evə aparmır? Gecə, tonqal başında 8-9 yaşında qız dərs oxuya bilər? Ay Bahəddin bəy, bu ağ oldu ki. 8-9 yaşında uşaq gecə tonqal başında ölü yuxusuna gedər, vallah, belədir.

Bahəddin Həzi davam edir: “Qanlı Yanvarda 9 yaşlı qız şəhid düşmüşdü. Bəlkə də o gecə dərs oxuyan o balaca qızcığa elə həmin bu Larisa imiş”.

Vallah, burda lap acığım tutdu, fikirləşdim ki, Bahəddin Həzi bunu yazanda yəqin sərxoş olub. İçkili yox, sərxoş! Ay cənab, sən bunu yazanda bir İnternetdə Larisa haqqında məlumata baxa bilmirdin? Larisa on üç yaşın içində olub! Atası ilə evinə gedəndə avtobusa açılan atəşdən ölüb. Bahəddin bəy, şair kimi yazmayın, Gülhüseyn Hüseynoğıu kimi yazmayın, Gülhüseyn Hüseynoğlu mənə dərs deyib, o, problemli adam idi, elələrinə “sekslə qayğılanmış” deyirlər…

“Biz bu dövləti qurmaq üçün nələrdən keçdik, atam-qardaşım!”

Siz  dövlət qurmusunuz? Daha doğrusu, dövləti siz qurmusunuz? Dövlət Rusiya imperiyasının, sonra Sovet İttifaqının tərkibində necə formalaşmışdısa, elə də indiyəcən qalır.

Nələrdən keçdiniz? Meydandakı şoular erməni talanları ilə nəticələndi. 20 yanvarda isə tankların qabağına sadəlövh insanları göndərib qırdırdınız. O nitq deyənlərdən birinin burnu qanadı?

“Uşaqlı-böyüklü can qoyduq.”

Siz can qoydunuz? Rüstəmxanlı, Səmədoğlular, Anarlar can qoydular? Bəs necə oldu ki, özbəklər, türkmənlər, qazaxlar meydana yığılmadan, isgəndər həmidovlarsız  dövlət aldılar?

“…elə anlar gəlir, əmr dəmiri kəsir…”

Yox, qafiyə ilə yazmağı hicabə bərabər tutub jurnalistlərə qətiyyətlə qadağan etmək lazımdır.

Bahəddin Həzi get-gedə siyasi-fəlsəfi nüansları gücləndirir.

“Heç bir milli dövlət — içində milli kimlik duyğusu olan heç kimsə istəməz azyaşlı qızlarımız, uşaqlarımız təhsilsiz, müəllim bacılarımız isə işsiz qalsın.”

Milli dövlət nədir? Milli olmayan dövlət nədir? Nümunələri var? Gürcüstan milli dövlətdir ya qeyri-milli? Suveren dövləti, müstəqil dövləti başa düşürük. Bəs milli dövlət nədir? Azərbaycan ləzgilərin də, talışların da dövlətidirmi? Hə ya yox?

Bahəddin Həzi dediyinin üstündə durub davam edir:

“…milli dövlət zəifləsə, sarsılsa, dini etiqadı da qoruyacaq kimsə qalmaz. Qorumaq istəyənin də dövlətsiz buna qüdrəti, qüvvəti çatmaz.”

Bunu başa düşdünüz? Ermənilərin əsrlərlə dövləti olmayıb. Dinlərini necə saxlayıblar? Daha yaxşı nümunə yəhudilərdir. İki min ildən çox dövlətsiz olublar. Dinlərini gör necə saxlayıblar!

Yəni açıq deməliyik ki, Bahəddin Həzi nə yazdığını özü də başa düşmür…

Və sonda milli dövləti saxlamaq  üçün kompromis təklif edir: kəlağayı. Yazır ki, nənələrimizin başında həmişə kələğayı görmüşük.

Mənim kəndim yəqin çox kasıb kənd olub. Kəlağayı tək-tük arvadda olardı. Gündəliyə qaba çitdən olan, gülyaylıq deyilən bir ləçək bağlayırdılar, qiyməti bir manat on ya iyirmi qəpiyə idi, bizim mağazalarda bir əlliyə verirdilər. Təzəsi qıpqırmızı olurdu, yuyulduqca rəngi gedirdi.

Allahşükürün çalmasına və Paşa holdinqə and olsun!

16. 10. 2026, Samara

KİŞİLİYİ «MİL DURAN» SİYASİ ŞAİRLƏR VƏ YA QORBAÇOVUN TƏRİFİ

Azərbaycan xalqı şeirsevər xalqdır, Azərbaycan xalqının heç bir mərasimi şeirsiz keçmir, yasda, toyda şeir oxunur, məhkəmədə məhkum şeir deyir, hakim ona şeirlə cavab verir. Azərbaycanın siyasəti də şeirli və şairanədir. Zəlimxan Yaqub kimi saray şairləri olduğu kimi, müxalifətin də şairləri var. “Azadlıq” qəzeti vaxtaşırı şeir dərc edir, hərçənd şeirlərin səviyyəsi elə təsəvvür yaradır ki, bu adamlar iqtidara qarşı yox, sənətə müxalifdirlər. Yəni şeir — nə şeir, dizinə vur ağla…

Əli Kərimli tutulmamışdan bir az əvvəl Ayaz Arabaçı adlı birinin şeiri “Azadlıq”da çıxmışdı, yəni sayta qoyulmuşdu. Mən bu “şeir” barədə ayrıca yazmışam, indi yadımda qalan odur ki, Arabaçı Ayaz kişilyini (öz kişiliyini) tərənnüm edirdi, deyirdi ki, “pələnglər tuta dövrüm”(Cəfər Cabbarlı demişkən), “kişiliyim mal dura bilməz”. Bunu mən belə başa düşdüm ki, Arabaçının kişiliyi, repressiyalar nə qədər güclənsə də, “mal dura bilməz”, bəlkə də, əksinə, onu kişiliyi mil durar…

Hanı? Əli Kərimli zindanda, türmənin qabağına beş adam yığılmır. Üzümü tuturam Arabaçıya və başqa cəbhəçi sürücülərə: polis sübut elədi ki, kişiliyiniz “mal durur”? Elədi ya eləmədi?

Cəbhəçiləri qınayırlar ki, Əli Kərimlinin məhkəməsi olanda məhkəmə binasının yanına cəmi altı nəfər gəlmişdi. Cəbhəçilər deyirlər ki, bəs polis yolları bağlamışdı, biz nə qayıraydıq?

Cəhənnəm qayıraydınız, gor qayıraydınız! Bəs demirdiniz ki, 1990-cı ildə millət özünü rus tanklarının altına atırdı? İndi niyə polis dəyənəyindən qorxursunuz?

Əslində millət  1990-cı ildə özünü tankların altına atmırdı. Milləti, yəni Meydana yığılanların bir hissəsini quzu kababı yeyib tribunadan nitq və şeir deyənlər inandırmışdılar ki, gedin durun tankların qabağında, sizə heç nə olmayacaq. Xeyli adamı zorla rus qoşununun qabağına göndərmişdilər – bu, faktdır.

Qoşun qabağına çıxanların heç biri, əlbəttə, dəli deyildi ki, özünü tank altına atsın. Onlar arxayın idilər ki, sovet hərbçiləri onlara güllə atmazlar. Onlar qorxmurduar! Ana südü ilə əmdikləri qorxunu sovet adamlarının ürəyindən Qorbaçox qovub çıxarmışdı!

Dörd il idi ki, Kalininqraddan Vladivostoka qədər Sovet İttifaqlnın bütün ərazisində xristian eksorsizminə bənzər proses gedirdi, ancaq bir mühüm fərqlə: insanların içindən, yəni qəlbindən, ruhundan mövhumi cinlər yox, gerçək Qorxu qovulurdu.

Ölkədə dörd ilə yaxın idi ki, insanlar Sovet imperiyasının bütün institutlarını demontaj edirdilər və heç kim tutulmurdu, heç kimə güllə atılmmırdı. 1990-cı ilin yanvarında sovet qoşununun qabağına çıxanlar da arxayın idilər ki, onlara güllə atılmaz.

Ancaq Meydan rəhbərləri hər ehtimala qarşı gedib girmişdilər isti mənzillərinə, arvadlarının, məşuqələrinin qoynuna. Tribuna şairlərindən, dil pəhləvanlarından birinin də 20 yanvarda burnu qanamayıb…

Ruslarda bir ifadə var: “Vdruq vsyo poşlo ne tak”. Bakıdakı qoşun hissələrinə şəxsən Qorbaçov yox, Əfqanıstanda əlləri qana bulaşmış zabitlər, məsələn, Aleksandr Lebedev, rəhbərlik edirdilər. Onlar bir neçə gün yol gəlib yorulmuşdular, ac və acıqlı idilər, bundan əlavə, “politruklar”  erməni talanlarından, ruslara qarşı təzyiqlərdən danışıb onları hazırlamışdılar. Və onlardan hansısa komanda verir, atəş açılır, tanklar yeriyir…

20 yanvar faciədir, şübhəsiz. Ancaq bu faciə millətin demokratik azadlıqlar uğrunda özünü qurban verməyə hazırlığını göstərmir. Bizim millətdə demokratik azadlıqlar tələbi əhalinin çox az hissəsindədir. Məsələn, Əli Kərimlinin məhkəməsinə gəlmiş altı nəfərdə. Yaxşı, altını vuraq ona. Eləyir altmış. Altmış nəfərlə hara getmək olar?

Meydana dörd ilə yaxın vaxtda yığılan kütləvi mitinqlər də illüziya yaratmamalıdır. Meydana yığılanlar Qorbaçova arxayın olub yığılırdılar. Qorbaçov hələ 1988-ci ildə o meydanı dəyənəklə dağıdıb beş-on adamı qoduqluğa atsaydı, daha o Meydana ayaq basan olmazdı. Bəlkə də gərək Qorbaçox bunu eləyəydi. Onda Nemət Pənahlı kimi şarlatanların, Sabir Rüstəmxanlı kimi oğraşların kim olduğu bilinərdi.

Mətbuat azadlığı, dini azadlıq, seçkili demokratiya, milli oyanış – bunlar hamısı Qorbaçovun irsidir.

Qorbaçov sovet insanının ürəyindən, ruhundan qorxunu xristian ruhanilərinin cini qovduğu kimi qovmuşdu. Bir iş var ki, qorxudan çıxmaqla cəsurluq arasında məsafə böyükdür. Bizim xalq cəsur xalq deyil.

Bizim xalqda demokratik azadlıqlar tələbatı, qanunsevərlik yoxdur – bunları kultivasiya etmək, yəni insanların təbiətinə bunları əkib becərməyə Qorbaçovun nə müddəti çatardı, nə də iradəsi. Qorbaçov devrildi, xalqımız isə uğrunda heç vaxt sistemli mübarizə aparmadığı müstəqilliyi alıb başını itirdi, öz taleyini bəlkə də təmiz insan olan, ancaq zəif iradəli, qıt bilikli Əbülfəz Əliyevə həvalə edib fəlakətə uğradı…

İsa cinləri qovub onları donuzların içində yerləşdirdi  və donuzlar da özlərini sıldırım qayadan atıb məhv oldular.

Qorbaçvun azərbaycanlı insanının içindən qovduğu qorxunun yerini Qorbaçovun Siyasi bürodakı düşməni Heydər Əliyev yaxşı bilirdi. Və  qorxu bir neçə ilin ərzində azərbaycanlı insanın ürəyinə, ruhuna qayıtdı.

Qorbaçov insanlarda şəxsi ləyaqət hissini oyatmağa çalışırdı. Şəxsi ləyaqət hissi olmayan insanı əyilə-yilə yerimək, məmur qabağında ikiqat olmaq narahat etmir. Cəsur adam şəxsi ləyaqət hissi olan adamdır. Şəxsi ləyaqət hissi olan adamın seçki hüququnu alanda, azad danışmaq hüququndan mərhum edəndə, sərhədləri bağlayıb əsir-yesir edəndə o, qorxusuna qalib gələcək, onu nə polis dəyənəyi, nə zindan qorxudacaq. Belə adamlar var. Ancaq onların sayı altı, ya uzağı altmışdır. Altı yüz, altı min olsa belə, az və hətta çox azdır. Və bu azlığı iqtidar vaxtaşırı qəssab sürüdən qoyun seçən kimi seçib atacaq türməyə.

Yox, bizim xalq cəsur deyil. Əsgər şücaəti tamam ayrı şeydir. Cəbhədəki igidliyi mülki həyatda gözləmək sadəlövhlükdür. Cəbhədə əsgər əmrlə rəqib üstünə gedir və kim-kimi məsələsi həll olunur. Əsgər – nəhəng bir hərbi maşının bir hissəsidir. Cəbhədə seçim yoxdur. Ona görə Napoleona qalb gəlib Parisi fəth etmiş rus əsgərləri evlərinə qayıdıb dinməzcə təhkimçiik boyunduruğuna girirdilər. Hitlerə qalib gəlmiş sovet əsgərləri də Berlindən fateh kimi qayıdıb ikiqat əyili yaşayırdılar.

Qarabağda qanlarınını axıtmış əsgərlər – sağ qalanları – nazirliklərin qabağnda acizanə xahişlər eləyirlər, cəsarətləri ona çatır ki, özlərini yandırırlar…

Biz kim olduğumuzu, harda, hansı vəziyyətdə olduğumuzu başa düşmək üçün tariximizi yaxşı bilməliyik, Tribuna pəhləvanlarının yaratdığı miflərdən azad olmalıyıq, “kişiliyim mal durmur, mil durur” deyən heyvərə qafiyəbazları özümüzdən kənar eləməliyik. Dostoyevskinin bir qəhrəmanı Rusiya haqqında deyir: «Россия есть игра природы, а не ума». Azərbaycan haqqında nə demək olar? Azərbaycan nə təbiətin, nə ağlın oyunudur. Azərbaycan bəlkə də tarixi anaxronizm, təsadüfilik və anlaşılmazlıqdır. Azərbaycan yalnız formal cəhətdən dövlətdir, məzmun etibarı ilə ona dövlət demək çətindir… Niyə təsadüfilikdir? Çünki xalq öz dövləti uğrunda mübarizə aparmayıb. Qorbaçov icazə verənə qədər Bakıda bir nəfər meydana çıxmışdı? Hardaydı o Pənahhseynlər, Nemətpənahlılar, Sabirüstəmxanlılar? 

Qorbaçovu unutmayaq…

23.12. 2025, Samara

AXCP HAKİMİYYƏTƏ GƏLSƏ, ARABAÇI ŞAİRƏŞŞÜƏRA OLACAQ?

Şeirin müəllifi Ayaz Arabaçıdır. Niyə arabaçıdır, niyə, məsələn, avtoş deyil, deyə bilmərəm. Arabaçı da gözəl sözdür. Mən kəndimizdə evimizin yanından yığılan pambığın at arabası ilə daşındığı vaxtları xatırlayıram və yadımdadır ki, arabaçı olmaq istəyirdim… Olmadım, çünki arabaları maşınlar əvəz elədilər, maşından isə qorxuram… Ayaz necə arabaçı olub, bilmirəm, bu barədə yəqin ”Azadlıq” qəzetinin redaksiyasında məlumat var.

İndi keçək şeirə.

Əsl Azərbaycan şeiri kimi Arabaçının da şeiri rədiflidir. Rədif “bilmir” feilidir. Yəni üçüncü şəxsin təki, indiki zaman. Təxəllüsü arabaçı olsa da, Ayaz bəy söz ustasıdır. İndi görəcəksiniz.

“Bala bal deyirəm, zəhərə zəhər”.

Yəni Arabaçı həqiqət mücahididir. Ancaq zəhərin zəhər olduğunu sübut eləmək üçün onu gərək əvvəl içəsən, yəni Arabaçının iddiasında ziddiyyət var. Ya da kolliziya. Mən söz ustası deyiləm, səhv edə biərəm…

“Dilim lal dayanıb, lal dura bilmir.”

Yəni demək istəyir ki, dili dinc dura bilmir. “Dilim lal dayanıb”, əlbəttə, artıq və cəfəngdir.

“Mənim kişiliyim, mənim mənliyim…”

“Mənim kişiliyim…” Nə başa düşürsünüz? Kişilik… Burd 18+ qoyulmalı deyil? Hərə öz kişiliyini təsvir etməyə başlasa, abır-həya itər… Yaxşı ki, Arabaçı kişilikdən mənliyə keçir. Yəni üstüörtülü danışır.

“Bu gün çoxlarıtək mal dura bilmir..”

Bu misra oxuyanda mənə elə gəldi ki, Qənimət Zahid əvvəlcə Şamaxı aşıqları kimi şikəstə üstündə zümzümə edib, sonra qəzetə qoyub. Yəni Qənimət Zahid Fransada döymə şikəstə üstündə oxuyur:

…mənliyim mal dura bilmir, ay Əlyof, mal dura bilmir…hay-hay… hey-hey…

Hərçənd bu qoşmanı Gədəbəy ya Qazax aşıqları yaxşı oxuyardı…

Mal dura bilmir… Bilmirəm kimdən soruşum: Ayaz bəy azərbaycanlıdır?  Axı heç bir azərbaycanlı “mal dura bilmir” deməz. Azərbaycanlı deyər “mal kimi durmaq”. Azərbaycanlı qonağının dalınca deyər “əliboş gəldi, mal kimi yeyib getdi”. Mal kimi!

“Çəkildi düz görən gözlərə millər”

Başa düşdünüz? Gözlərə millər çəkilib ki, əyri görsünlər.

“Hər yeri talayıb dağıtdı fillər”

Mən elə bilirdim ki, Arabaçı böyük sözlər işlədəcək. İctimai-siyasi şeirdə böyük sözlər olmalıdır. Fillər! Hər yanı dağıtdılar!

Azərbaycan da Rusiya kimi fillərin vətənidir ya Azərbaycanı Rusiya filləri dağıtdılar?

“Tüstümü başımdan çıxardan illər,

Yandığım havanı çaldıra bilmir.”

İllər Arabaçının başından tüstü çıxardır, ancaq “yandığı havanı” çaldıra bilmir…

İlahi, biz niyə bu günə qalmışıq? Hansı günahlarımıza görə Azərbaycan millətinə Azadlıq kimi qəzet və Ayaz Arabaçı kimi şair qismət olub?  Ay müsürmanlar, “yandığım hava” bizim dildə deyil, mən bilən dilərin heç birində deyil. Bu Ayaz bəy ya dili bilmir ya milləti sarıyıb təsərrüfatına. Vallah, belədir…

“Əridim illərin heçində, heç nə…”

İllərin heçində… Hansı illərin? Başında tüstü çıxardan illərin?

“Daha bu zəqqumun içində,heç nə-

Məni xəyallara daldıra bilmir.”

Arabaçı bilirmi ki, “zəqqum” cəhənnəmdə bitən mifik ağacdır və “zəqqumun içində” ifadəsi cəfəngdir? “Xəyala daldırmaq” – azərbaycanca deyil!

“Poladdan töküldü dərdimin himi”

Mən üzümü tuturam Xalq Cəbhəsi partiyasına, sədri Əli Kərimliyə, Qənimət Zahidin şamaxılı yerlilərinə: “dərdin himi” nədir?

“Göylərə kişnədim, köhlən at kimi”

İkinci misrada at kimi kişnəyir, özü də göylərə. A kişi, heç olmasa, deyəydin ki, nalların poladdan tökülüb, əgər kişnəmək fikrin vardısa…

“İndi heç Allah da sınıq qəlbimi,

Bir şeynən aldadıb aldıra bilmir.”

Allah özü də Arabaçının qəlbini “aldıra bilmir”… İndi inandınız ki, Arabaçı Azərbaycan dilini bilmir?

Dalı (“şeir”in dalı, türkün məsəli) lap maraqlıdır.

“Hanı günəş vətən, hanı ay vətən”

Arabaçı vətəni itirib, axtarıır.

“Yadlara bal-qaymaq, şiinçay vətən…”(qəzetdə belədir – “r” buraxılıb)

Vətəni indiyəcən “şirinçaya” bənzədən olmuşdu? Qənimət Zahidin qərib canına and içərəm ki, olmayıb! Şirinçay vətən!

“Sən niyə bu günə düşdün, ay vətən”

Soruşmaq ayıb olmasın, nə günə düşüb vətən? Mənə elə gəlir ki, indiki vaxtda Azərbaycanın ən böyük problemi Ayaz Arabaçıdır. Bu mətnin altındakı laykları görsəniz, bilərsiniz ki, millətimiz xəstədir, naxoşdur və çox ciddi müalicəyə ehtiyacı var…

“Ciblərə qablandı bu xalqın haqqı…”

Ciblərə qablandı…

“Bu millət yuxudan kal dura bilmir…”

Əgər millət belə “şeirlərə” “möhtəşəm” deyirsə, nə kal durur, nə yetişmiş. Millət transdadır…

İndi Qənimət Zahid haqqında bir neçə kəlmə. Yəni ümumiyyətlə demokratik zümrə haqqında.

Sabah Azərbaycanda hakimiyyət dəyişilsə, məsələn, Qənimət Zahid mətbuat ya maarif naziri olsa, dərsliklərə Ayaz Arabaçının şeirləri salınacaq və Arabaçının özünü qoyacaqlar AYB sədri ya da şairəşşüəra təyin edəcəklər. Arvadı hamama gedəndə küçələri bağlayacaqlar – nağıllarda belədir…

Fransada oturan Qənimət Zahid Şamaxıdan necə getmişdisə, elə də qalıb. Nə Viyonu, nə Bodleri, nə Mallarmeni tanıyır. Başlı-qulaqlı vəhşi kimi yaşayır Avropa sivilizasiyasının mərkəzlərinin birində.

1992-ci ilin yayında Azərbaycana məzuniyyətə gələndə gördüm ki, Salyanda çıxan qəzetin adını cəbhəçilər dəyişiblər, Xəlil Rzanın qardaşını da qoyublar redaktor. O cənabın o vaxta qədər bir məqaləsini də heç yerdə görməmişdim. Yeganə ləyaqəti Xəlil Rzanın qardaşı olmağı idi…

Niyə Qənimət Zahid (əgər redaktor odursa) belə cəfəng, hətta Azərbaycan dilində yazıldığı şübhə doğuran “şeiri” nəşr edib yayır və beləliklə, belə antiestetizmin normalaşmasına, stsndartlaşmasına təkan verir? Yəqin araları yaxşıdır. Yəqin onlar üçün Ayaz Arabaçı yaxşı oğlandır…

Bunlar dövləti də belə idarə edəcəklər?

Bunların dalınnca gedən yüz ölçüb bir biçməli deyilmi?

 

23. 11. 2025, Samara

++++++++++++++++++++++++++

Azer Isgenderov

Möhtəşəm….

Vidadi Allahverdiyev

İmkan verin yataq.Sizin yuxunuz gəlmir deyə biz yuxusuz qalmalıyıq?

«Millətin səsi»qəzeti

Elcin Cahangirov

Sağ ol Şair, var olun, yazın yaradın, bəlkə nə vaxtsa oyana

Ikram Eyvazov

Qələminə şükür

Allah qorusun

Rustem Eyyubov

ƏHSƏN.

Илгар Гаджиев

Çox əla təsvir edilib, qələminiz həmişə yazar olsun !

Mehemmed Demirchelov

Təəbinə bərəkət, möhtəşəmdir.

Vidadi Yusifoqlu

Allah sizi qorusun.

Elmar Piriyev

Möhtəşəm

Gulbeniz Rzayeva

Yaxşı ki və axır ki,bu şairin üzün görə bildik.Var olun.

Piri Piriyev

Allah sizi qorusun

Kamal Heyderov

Çox sağ olun.

Eyyar Sixeliyev

Gözəllll

Shemsi Ilyasov

GÖZƏL!

Мустафаев Сахават

Malik Soltanov

Gulsura Hasanova

Möhteşem

Muzeffer Mezahim

Əla şeirdir, haqq və ədalət naminə… Eşq olsun.

Мазаксир Дяфаров

Əzəldən belədir dünyanın işi

Neyləyər təklərin acı təşvişi

Hər zaman hədəfdə bar yetişmişi

Şakəri belədir KAL qala bilmir …

NİYƏ QƏNİMƏT ZAHİDİN PARİS «KAYFI» KORLANIR?

qənimət zahid

“Mən sosial şəbəkələrdə necə şiddətli ittihamların yağdırıldığını müşahidə edirəm”, — bunu Qənimət Zahid deyir.

Yəni Qəzzada müharibə başlanandan Fələstin tərəfdarı azərbaycanlılarla “İsrailin yanında olan” azərbaycanlılar bir-birlərinə ittiham yağdırırlar. Qənimət Zahid də Parisdə oturub bunu müşahidə edir.

Qənimət Zahit poetik üsluba keçir, o axı adi jurnalsit deyil, ədibdir. “Bu mənə zaman-zaman acı duyğular bağışlayır”.

Zaman-zaman… acı duyğular…

Ah-vay! Parisin bütün kayfını bu müşahidələr adınını tutulması ayıb olan qəhvəyi rəngli substansiyaya döndərir…

Qənimət Zahid acı düşüncələrini ritorik sualla soydaşlarına çatdırır:

“İctimai rəy..Onun Qəzzada baş verənlərə zərrə qədər təsiri varmı?”

Sual ritorik olsa da, cavab verirəm: “Yoxdur!”

Sonra Qənimət Zahid təkid edir ki, Azərbaycan kimi ölkələrdə ictimai rəyin dövlət siyasətinə “uzaqda yanan zəif şam işığı qədər də təsiri yoxdur!”

Ağzından inci tökülür! Ey, fransız, gözün bağlanıb, yığ apar qoy Luvra!

Fonviznə demişdilər: “Умри Денис, лучше не напишешь!»

Qənimət Zahidlə yüz faiz razıyam, danışmağın, yazmağın, nümayişə çəxmağın “zərrə qədər də təsiri yoxdur”. Ancaq sual çıxır ortaya: Bəs sən niyə danışırsan? Bəs sən niyə yazırsan? Mən havayı bloqa yazıram, havayı sosşəbəkədə yazıram, kompüterim də keçən əsrdən qalmadır. Sənin teleizuya kanalın var, efirə çıxırsan, studiyanın kirayəsi, avadanlıq, işıqpulu, maaş və s. xərclər – buna bir ətək pul gedir.  Bu pulu sənə kimsə verir – ya qrant ya ayrı şey. Əgər danışdığının bir gilə təsiri yoxsa (doğrudan da yoxdur), niyə Avropa vergiverənlərinin pulunu xərcləyirsən? Niyə gedib Şamaxıda beş-altı qoyun alıb qatmırsan qabağına?

Əgər ictimai rəyin, danışmağın, yazmağın təsiri yoxdursa, niyə Əli Kərimli heykəl pozası alıb nitqlər deyir? Niyə gedib bir işin qulpundan yapışmır? Məsələn, Saaatlıda iki hektarını alıb pambıq əkmir? Niyə bu vecsiz partiyanı buraxmır, özü nitqlər deyir, cangüdənləri tutulur, bazarlıq eləyənləri tutulur. Niyə, hə? Niyə ona inanıb dalınca gələnlərə demir ki, gedin işinizlə məşğul olun, ailənizi saxlayın. Bu ölkədə siyasət yoxdur.

Əli Kərimli son iyirmi ildə nə qədər adam tutdurub?

Arif Hacılı niyə gedib bazarda alver eləmir?

Siyasət, danışmaq sizin kimi “seçilmişlər” üçündür? İbarəli danışmaqla özünüz öz gözünüzdə o qədər böyümüsünüz ki, xalqı gədə-güdə sayırsınız?

İctimai rəylərin qütbləşməsi qorxulu deyil, buna sevinmək lazımdır, adamlar hələ seçimlərində yanlışlıqlar eləsələr də seçməyə çalışırlar, düşünürlər. Sizi isə düşünən adamlar narahat edirlər. Sizə Əli Kərimluinin führerliyinə inanıb illərlə özlərini tutduran sadəlövhlər lazımdır.

Bu adamlar iqtidardan heç nə ilə fərqlənmirlər. İqtidar adamları seçmək hüququndan mərhum edir, bunlar isə  xalqa yazmağı da, danışmağı da çox görürlər…

31. 10. 2023, Samara

P.S. Bu yazının linkini Qənimət Zahidin videosunun altında şərh kimi yerləşdirdirdim. On dəqiqə sonra baxdım, gördüm siliblər. Pulları o qədər çoxdur ki, sayta qarovulçu da qoyublar.

Bunlar Azərbaycanın demokratlarıdır…

BƏZƏN BAYRAQLARA BAXANDA MƏN TƏKCƏ ONLARIN AĞACLARINI GÖRÜRƏM…

Ötən qışda mənə dostluq təklifi göndərməmişdən qabaq Natiq Ədilov (Natiq Adilov) haqqında heç nə bilmirdim, boynuma alıram ki. “Azadlıq” qəzetini on ilə yaxındır ki, oxumuram. Əslində Azərbaycana on il də getməsən, ölkədə nə baş verdiyini bilmək üçün təzə məlumat mənbəyi lazım deyil – ölkədə indi də on il bundan qabaq olanlar baş verir…

Qarsia Markes 1957-ci ildə Moskvada ümumdünya gənclər festivalında jurnalist kimi olub, qayıdandan sonra yazıb ki, diktatura rejimli ölkələrdə nə baş verdiyini bilmək üçün Kafkanı oxumaq kifayətdir (bunu yaddaşla yazıram)…

Mən “Azadlığ”ı təzə çıxan vaxtlar oxuyurdum, onda ölkə dəyişirdi… Abunə yazılmışdım və cəmi iki-üç gün yubanmaqla qəzet gəlib çatırdı Samaraya (o vaxtlar Kuybışev). İndi qəzet oxunaqlı deyil, mətnlərin çoxu elə bil yad dildədir. Müəlliflərin çoxu jurnalistlikdə təsadüfi adamlardır, bəlkə də (hətta yəqin ki) onlar hamısı gözəl şəxsiyyətdirlər, vətənpərvərdirlər, mübarizdirlər, demokratdırlar, ancaq bunların hamısının toplusu bir keyfiyyəti – jurnalistlik qabiliyyətini və yazı savadını vermir – təəssüf ki…

“Dost” olandan sonra FB-da mən Natiq Ədiovun fəaliyyətini gördüm və haqqında bəzi şeyləri (çox az) öyrəndim. Bildim ki, bu adam “Azadlıq” qəzetinin  “Azadlıq saatı” televiziya kanalının mətbuat xidmətinin rəhbəridir.

Düzü, bilmirəm ki, qəzetdə mətbuat xidməti nə işdir. Qəzet mətbuatdır, qəzetin də redaktoru var, yəqin ki, şöbə, böımə müdirləri var. Mətbuat xidməti nə xidmətdir, mən başa düşmürəm. Özü də Fransada otura-otura Bakıda çıxan qəzetə necə rəhbərlik etmək olar? Bu insan mətbuat işində belə səriştəlidirsə, niyə Fransada bir balaca qəzet yaratmır? Bunu İnternetdə elə bir xərc çəkmədən də eləmək olar….

Ancaq bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, Natiq Ədilov, filoloji təhsilli, yaxşı yazı savadı olan hər kəs mənim dediyimi təsdiq edə bilər, jurnalist peşəsinə qabiliyyətli adam deyil. Belə insanın jurnalist kollektivinə rəhbərliyi jurnalistləri ancaq demoralizə edə bilər. Təsəvvür edin ki, futbol komandasına dərzi ya diş texniki məşqçi təyin olunur – futbolçuların halı necə olar?

Mən inanıram ki, Natiq Ədilov mübarizdir, cəsurdur, fədakardır və s. Ancaq bu keyfiyyətlərin jurnalistliyə nə dəxli var? Əgər müxalifət mətbuatında kadr problemi varsa və Natiq Ədiıov mətbuat rəhbərliyinə çarəsizlikdən irəli çəkilibsə, bu, təşviş və həyəcan doğurmalıdır. Yəni bu, ümumilikdə müxalifətin problemidir, onun savadlı adamlar üçün cazibəli, nüfuzlu olmamağındandır. Axı hər dövrdə, elə Rusiya tarixini götürək, qabaqcıl ideyalarln daşıyıcılarının ön sırasında qələm sahibləri olublar. Adlar: Gertsen, Belinski, Çernışevski…Bizdə: Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbyov… İndi bu adamlardan birinin Natiq Ədilovun “rəhbərliyi” altında işlədiyini təsəvvür edirsiniz? Natiq Ədiıov Azərbaycan dilinin qayda-qanunlarını bilmir…

Mənə elə gəlir ki, Natiq Ədilov qabiliyyətindən, istedadından çox özünə yumruqlarıyla yol açan adamlardandır. Əli Kərimli kimi zəif və populyarlığı sıfra yaxın partiya rəhbərinin, əlbəttə, belə üzlü adamlara ehtiyacı var. Həsən bəy Zərdabini Əli Kərimlinin yanında təsəvvür edirsiniz? Yaxşı, mən sizə kömək edərəm: Əli Kərimli, sağında Həsən bəy Zərdabi, solunda almayanaq Gültəkin Hacıbəyli…

Bu gecə Natiq Ədilovu dostluqdan sildim. Və buna yuxarıda yazdıqlarımın dəxli yoxdur. Məni öz səhifəmdə faşist Tale Bağırzadəni görmək təngə gətirdi. O Bağırzadə ki, Nardaranda izdiham qarşısında təntənə ilə elan edirdi: “Rafiq Tağı cəhənnəmə vasil oldu”! İndi Tale Bağırzadə Natiq Ədilovun cğvə bütövlükdə müxalifətin qəhrəmanıdır.

Bax bu Natiq Ədilov təsəvvür etsin ki, Tale Bağırzadə bu sözləri onun mərhum yaxınları haqqında deyib. Hə? Axı Rafiq Tağının da uşaqları qalıb, o cümlədən, təxminən Natiq yaşda olan Leyla adlı qızı. Hə?

Niyə Cəmil Həsənli indiyəcən Tale Bağırzadənin bu hoqqalarını qınamayıb? Sualın cavabı çox sadədir. Əli Kərimli də, Cəmil Həsənli də özlərinin populyar olmadıqlarını yaxşı başa düşürlər, ona görə ümidləri müsəlman qiyamınadır – məgər Tale Bağırzadə öz çıxışlarının çoxunda qiyama çağırmır? Ancaq müsəlman qiyamı baş versə, Artur Rəsizadədən ya Ramiz Mehdiyevdən qabaq Cəmil Həsənlıini və Əli Kərimlini Bakı küçıələrində qalmış tək-tük ağaclardan asarlar…

Mən çox yaxşı başa düşürəm ki, mövcud rejimə qarşı dinc siyasi mübarizə vacib və zəruridir, belə mütəşəkkil, sivil mübarizənin və müqavimətin olması indiki rejimin özünə də vacibdir. Hər cür siyasi mübarizənin qadağan olduğu ölkələrdə rejim gec-tez qanlı çevrilişlə ya qanlı qiyamla yıxılır. Tarixdə heç vaxt başqa cür olmayıb, Azərbaycanın istina ola biləcəyini düşünənlər ciddi yanılırlar… Ancaq indiki müxalifətin rejimlə qarşıdurmada müəyyən balans yarada biləcəyi şübhəlidir. Bunun səbəbləri çoxdur və yazımın da mövzusu deyil. Ancaq niyə görə yaxşı təhsil görmüş, ölkədə demokratik dəyişikliklərin olmağın ürəkdən istəyən gənclərin va cavanların niyə indiki müxalifətdən qaçmağı ya da onunla məsafə saxlamağı hamını düşündürməlidir. Səbəb təkcə qorxu deyil. Hamını qorxaq saymaq olmaz. Hərçənd mən bəzən müxalifət çıxışlarındakı bayraqlara baxanda qorxu hissi keçirirəm; çünki bu çıxışlarda Tale Bağrzadənin adı və şüarları səslənir və bayraq əvəzinə onun ağacını görürəm…

22.09.16

Samara

 

BİLƏSUVARIN BAŞÇISINA HƏSR OLUNUR

ЧОБАН 1

BU ŞƏKİLDƏN İNCİYƏNLƏR «AZADLIQ» QƏZETİNDƏ BİLƏSUVARIN İCRA BAŞÇISININ BİOQRAFİYASINA BAXSINLAR

MARAFON ƏHVALATI

nar

Əliyev: Ramil, eşitmişəm marafon olacaq, nə marafondur bu?
Usubov: Zat-aliləri, marafonu “Azadlıq” qəzeti keçirir.
Əliyev: Ramil, deyirəm bəlkə açaq sərhədi, bizdə ərazi bu marafona bəlkə çatmaya, qoy qaçıb getsinlər ya Rusiya tərəfə, ya da İrana-zada…
Usubov: Zat-aliləri, bunlar qaçış marafonu keçirmirlər, bunların firkri nəzir yığmaqdır… qəzet pulları qurtarıb…
Əliyev: Ramil, onda sərhədi hökmən açmaq lazımdır. Burda kimdir onlara nəzir verən? Qoy getsinlər Rusiyaya, Türkiyəyə, İrana, nəzirlərini yığsınlar. Həm de deməsinlər ki, biz demokratiyanı boğuruq…

PREZİDENTİN SƏHƏRİ

nar

Səhər çağı. İlham Əliyevin evi. Prezident səhər yeməyinə girişmək istəyəndə birdən duruxur və nökərə deyir:
-Mən stolun üstündə “Azadlıq” qəzetini görmürəm! Bəs bilmrsiniz mən “Azadlığı” oxumayanda çörək boğazıma getmir?
Nökər üçqat əyilərək deyir:
— Zat-aliləri, “Azadlq” bu gün çıxmayıb…
— Onda “Yeni müsavat”ı gətirin, birtəhər çörəyimi yeyim.
Nökər yarıuzanılı vəziyyət alır:
— Zat-aliləri, “Müsavat” da çıxmayıb, deyəsən pulları yoxdur…
Zat-aliləri, Elşad Abdullayevin təzə videosu var, bəlkə qoşum?
— Qoş, yoxsa kürü boğzımdan keçmir. Avropalılar düz deyirlər ki, kürünkü demokratiyadır…