Архив тегов | hicablı şagirdlər

HACI ŞAHİN HƏSƏNLİ: «KUFƏLİLƏRƏ YEMƏK DAŞIMAQDAN İMAM HÜSEYNİN ÇİYNİ YARA OLMUŞDU…»

«İmam hüseyni dəfn eləyəndə yaralar dolu idi İ. Hüseynin bədənində

Bir yara var idi çiynində köhnə yara idi

Bəni Əsəd qəbiləsi soruşdu ki, imam Səccadan, bu

 yara hansı döyüşd alınıb bu yara Kərbəlada alınmıyıb

imam Səccad ağladı dedi bu yara döyüşdə alınmayıb, gecə bu kufəlilər yatanda atam onlara çiynində yemək aparırdı özləri də bilmirdi indi bu kufəlilər atamı qətlə yetirdilər»

Başa düşüdünüz? Hacı Şahin İmam Hüseyni elədi ofisiant. İmam Hüseyn gecə çiynində nə qədər yemək daşımalıydı ki, çiyni yara olsun? Çiyində yemək gedər? Yemək qazanda, teştdə daşınırsa, başda gedər, çiyində getməz…

Yəni politexnik institutun maşnqayırma fakultəsinin məzunu olan Şahin Həsənli öz dediyinə inanırdı?

16. 11. 2026

HACI ŞAHİN: «KƏBƏ YOL NİŞANIDIR, ONUN BAŞINA DOLANMAQLA MƏŞQ ELƏYİRSƏN…»

Mərhum Hacı Şahin Həsənlinin çox maraqlı bir çıxışı var, əslində bu, böyük bir moizənin bir neçə dəqiqəlik fraqmentidir, ancaq bu fraqment müasir şiəliyi, o cümlədən Azərbaycan şiəliyini başa düşmək üçün çox qiymətli sənəddir. Bu, fransızların dediyi frofession de foi- dır, yəni Azərbaycanın çşiə toplusunun tanınmış, populyar spikeri bu məzhəbin mahiyyətini elan edir və qeyri- şiə məzhəblərə münasibətini açır.

Şahin Həsənli bunları deyir – mən çalışdım ki, nitqi olduğu kimi səsindən yazım:

“ İmam Kəbə kimidir

Gəlin təvaf eliyin Kəbəni

Zəhradan başqa Kəbəni təvaf eliyən yoxdur, qalannarı üz çevirib gediblər

Daş evə təvaf eliyillər, imamət Kəbəsini buraxıbllar

Bu gün də deyəndə ki filan şey Kəbədən üstündür, adamı öldürüllər

Elə bil deyiblər ki, Kəbədən üstün heç nə yoxdur

Kim deyib bunu?

Kəbədən üstün mömin var, peyğəmbər bunu buyurur

Möminin hörməti Kəbədən üstündür

İmamın hörmətini müqayisə eləmə

Onlara daş Kəbəni vermişdilər, Kəbə yol nişanıdır hədəfi göstərir, onun başına dolanmaqla məşq eləyrsən ki, canlı Kəbəni tanıyasan, onun başına dolanasan

O Kəbəni at qırağa, get dolan Kəbənin başına.Yetmiş ik nəfər  bu Kəbənin başına dolanırdı, yüz min nəfər daş Kəbənin başına dolanırdı  onu imam yarımçıq qoydu getdi, bilinsin ki, kim həqiqətən kəbəyə iman gətirib, kimsə daşa bütpərəstlik eləyir.

İmamətsiz həcc bütpərəstlikdir İmam Kəbə kimidir…”

+++++++++++++++++++++++++++++++++++++++

Qısa desək, Şahin Həsənli bütün qeyri-şiə məzhəbləri, əslində sünnüləri, bütbərəst elan edir və Kəbənin başına dolanmağı idman məşğələsi sayır. Xatırladıram ki, şiələr bütün müsəlmanların yalnız 10-15 faizini təşkil edirlər. Yəni Azərbaycan şiələrinin fikrincə müsəlmanların 85-90 faizi əslində bütpərəstdir, şiə imamını Allaha bərabər tutmayanlar kafirdirlər… Yəni bu çalmalılar nə qədər sülhdən, mehribanlıqdan danışsalar da, əbalarının cibində ülgüc gəzdirirlər. Yəqin sünnü ruhanilərinin də ciblərində kəsici ya deşici alət tapılar… Bunlar, bizim kən arvadları demişkən, şər bardağıdırlar…

Mən indi mərhum cənab Həsənlinin başqa videolarına da baxıram, yəqin o, hardasa sünnülərin quyruqlu olduqlarını da deyib. Şəxsən eşitmək istəyirəm…

14. 11. 2026, Samara

PREZİDENTƏ: «HİCABÇILARA QALİB GƏLƏ BİLMİRSƏNSƏ, ONLARA RƏHBƏRLİK ELƏ…»

 

Müxtəlif hallarda tez-tez işlədilən və müəllifliyi səhvən Makiavelliyə aid edilən bir ifadə var: “Qalib gələ bilmirsən —   başçılıq et” və ya “Kütləyə qalib gələ bilmirsənsə, ona rəhbərlik et”.

Bu ifadənin bir varinantı kimi ingilis idiomu da mövcuddur: «If you can’t beat them, join them» — “qalib gələ bilmirsənsə, qoşul onlara”….

Nəinki konkret Nikkolo Makiavellini, hətta bütün makiavelliləri, onların dediklərini, onlara aid edilənləri, o cümlədən bu ifadəni İlham Əliyevin yaxşı bildiyinə şübhə etmirəm. Ancaq yaş ötdükcə yaddaş zəifləyir, həm yaşın ötməyi, həm yaddaşın zəifləməyi isə vəzifənin böyüklüyünə baxmır. Yəni İlham Əliyev bəlkə də bu ifadəni unudub deyə, mən onun yadına salmaq istədim. Çünki çox kiçik bu ifadədədə Azərbaycandakı siyasi böhranda çıxışın həlli var.

İfadəyə bir də baxaq: “Əgər kütləyə qalib gələ bilmirsənsə, ona başçılıq et”. Bəziləri təəccüb edərək deyə  bilərlər ki, İlham Əliyev kütləyə çoxdan başçılıq edir, qələbəni isə hələ mərhum atası başçı olandan qazanıb. Burası, əlbəttə, elədir. Ancaq böyük kütlənin içində kiçik görünsə də, get-gedə həcmini, çəkisini artıran  bir kütlə yaranıb ki, onun üzərində prezident hələlik qələbə qazana bilmir. Mən hicabçıları deyirəm. Hicabçılarla İlham Əliyev arasındakı döyüşdəmi deyək, oyundamı deyək, pat vəziyyəti yaranıb və belə vəziyyətdən şahmatda heç-heçə ilə çıxılır. Hicabçılarla oyunda heç-heçə isə İlham Əliyev üçün alçaldıcı məğlubiyyətdir.

Hakimiyyətə gələndən İlham Əliyev sistematik və metodik şəkildə ölkədə bütün azadfikirliliyə, onun hər cür təzahürünə qarşı bütün leqal, qeyri-leqal və hətta cinayət məsuliyyəti yarada biləcək vasitələrdən istifadə edərək mübarizə aparıb və bəzi qeyd-şərtlə demək olsr ki, qalib gəlib. Ölkədə məhkəmə, parlament, mətbuat ləğv edilib və daha səsini yox, cınqırını çıxaran tək-tük adam qalıb ki, onlar da operativ şəkildə zərərsizləşdirirlər. Qələbədir? Əlbəttə, qələbədir. Ancaq indi məlum olur ki, bu Pirr qələbəsidir.

Romalılar üzərində qələbədən sonra şah Pirr nə demişdi? “Daha belə bir qələbə — biz məhv olasıyıq!”

İndi İlham Əliyevə qarşı siyasi partiyalar, hərəkatlar, təşkilatlar durmur, bunların hamısı darmadağın edilib. İlham Əliyevə qarşı yeddi-səkkiz yaşlı hicablı qızlar durublar. Bunları polis dəyənəyinin altına salmaq, su topu ilə atəşə tutmaq olar, ancaq bu, ağır nəticələr verər və hicabçılara beynəlxalq dəstəyi daha da artırar. Məlum məsələdir ki, qızcığazları qabağa  verənlərin davası hicab deyil, hakimiyyətdir, hicabçı qızcığazların başını doldurub təlimatlandıranlar İlham Əliyev hakimiyyətinin zəif yerlərini hər hansi siyasi partiya rəhbərindən daha yaxşı görürlər və hara, haçan, necə vurmağı  bacarırlar.

Bu böhranı yaradan, əlbəttə, İlham Əliyev və onun ətrafıdır. Onun uzun illər əhali ilə oynadığı islam oyununu o hökmən uduzmalı, ən yaxşı halda pat vəziyyətinə düşməliydi. Yuxarıda dedim ki, patdan heç-heçə ilə çıxış İlham Əliyev üçün məğlubiyyətdir.

İlham Əliyevin xalq içində etibarlı dayağı yoxdur. Ordu, polis – bunlar effektif repressiya aləti ola bilər, ancaq heç bir ölkədə etibarlı siyasi dayaq sayılmır. İlham Əliyev ölkədə elə bir institut qoymayıb qalsın ki, xalq onu hicabçılardan müdafiəyə qalxsın. Xalqın ədalətli və effektiv səhiyyə, təhsil sistemi, pensiya təminatı, iqtisadi azadlıqları yoxdur. Hicabçılar,çalmalılar haimiyyətə gəldikləri ölkələrdə insanları fərdi azadlıqlardan mərhum edirlər. Məgər Azərbaycanda çoxmu fərdi azadlıq qalıb? İlham Əliyev kovid bəhanəsi ilə altı ildir ki, ölkənin sərhədlərini bağlayıb, əhalini azad yerdəyişmə, azad hərəkətetmə kimi konstitusiya hüquqlarından mərhum edib – belə hakimiyyətin islamçılardan müdafiəsinə çoxmu adam qalxacaq? İslamçılar hakimiyyətə gələndə mədəniyyəti məhv edirlər – ancaq Azərbaycanın mədəniyyəti varmı? Əgər 1900 məscidə qarşı ölkədə cəmi 26 teatr varsa, mədəniyyətin varlığından danışmaq olarmı?

İndi başqa bir müdrik ifadədə deyildiyi kimi — “əgər sizi zorlayırlarsa və sitüasiya qaçılmazdırsa, əl-qolunuzu uzadıb həzz alın” – bəlkə xalq özünü çalmalıların və hicabçıların hakimiyyətinə hazırlasın?

Və ya:

Mən İlham Əliyevə məsləhət görərdim ki( ümid edirəm ki, mən bu təklifimlə prezidenti thqir etmirəm, çünki demokratik ölkələrdən başçı məsləhətə qulaq asır, məsələn, bildiyimə görə Türkmənistan parlamenti elə belə də adlanır: “Xalq məsləhəti”) kütləyə qoşulsun və ya ona başçılıq etsin. Yəni bu hicabçılara qalib gəlməyin çətinliyini başa düşəndən sonra İlham Əliyev özü ölkənin birinci müsəlmanı olmalı, fərman verib hicabı bütün qadınlar üçün qabuni elan etməlidir. Əlbəttə, qabaqca bəzi hüquqi prosedurlar icra oluna bilər, yəni Azərbaycanının analoqsuz parlamenti İlham Əliyevi , prezident vəzifəsini saxlamaqla, ali dini rəhbər elan edər. Ya prezident  vəzifəsi keçər arvadına, özü olar ali dini rəhbər. Ona bir titul da düşünüb taparlar.  Ya elə ali dini öndər deyərlər. Ali dini öndər və ya ali dindar dərhal bütün qadınların və beş yaşından tutmuş bütün qızların hicabsız evdən bayıra çıxmasını qadağan edən fərman verər. Mənə elə gəlir ki, demokratik hərəkatdan qalan tör-töküntü də bunu sevinclə qarşılar, bəzi cəbhəçilərin, hətta Avropada yaşayanların çıxışlarından görünür ki, onlar nəinki hicabı, hətta niqabı da dəstəklərlər. Sonra şəriətin başqa qanunları respublikanın hüquq sisteminə daxil edilər. Bakı meydanlarının biri, yaxşı olar ki, Azadlıq meydanı, toyuq-cücə oğrularının əliniu kəsmək üçün ayrılar, Milli məclis üzvləri kütləvi şəkildə Məkkə ziyarətinə göndərilər və hamısı “hacı” titulu daşıyar, küçələrdə Əfqanısdandakı kimi kişilərin saqqallarınının uzunluğunu ölçən patrullar keşik çəkər və sair…Beləliklə, ölkə uzun sürən  bu gərgin oyunda yaranmış pat vəziyyətindən çıxar. Bəli, İlham Əliyev formal cəhətdən məğlubiyyətə uğrayar, ancaq o, qələbə çalanların, yəni çalmaçıların və hicabçıların tərəfinə keçdiyinə görə faktik cəhətdən yenə qalibdir, müzəffərdir…

“A” deyən gərək “B” də desin. Sən hər dörd-beş ildən bir seçki keçirib özünü prezident elan edərkən Qurana and içirsənsə, Quranda yazılanlarla getməlisən. Getmirsənsə, islam oyunu oynayırsan. Bu oyundasa kimin qələbə qazanacağını qabaqcadan demək olar…

13. 11. 2026, Samara

SƏKKİZ YAŞLI KƏRBƏLAYI XƏDİCƏLƏRƏ NƏ «DƏRS TƏDRİS» EDİLİR VƏ KİM O «DƏRSLƏRİ TƏDRİS» EDİR?

Mərhum Şahin Həsənlinin yas yerində yazılmış bir çıxışına qulaq asdım. Çıxış əsasən Zəhraya həsr edilib. Onun bir hissəsini olduğu kimi yazmağa çalışdım.

++++++++++++++++++

analarımız bizdən qaçan gün anamız Zəhra bizə tərəf gələcək 

Çünki diyiblər Zəhra onu sevənlərin anasıdır

Anamız Zəhra  bizə tərəf gələcək

Bizən nicat verməyə gələcək

ən həssas məqamıdır qiyamətin

ay insanlar gözüzü aşağı salın peyğəmmərin  qızı Zəhra gəlir

insannar ixtiyarsiz gözzərini aşağa salacaqlar

Zəhra gələcək Hüsenin qannı köynəyin əlində tutub

diyillər Zəhra elə yanığlı ağlayacq balası Hüseynə

Məhşər hamsı ağlıyacaq

peyğəmmərər ağlayacaq

zəhranın səsinə səs verəcəklər

Birdən deyəcəklər  daxil ol cənnətə

Xanım gedəcəy … bax, belə yazıllar: arxaya baxa-baxa…

Allahdan nida gəlir: niyə daxil olmursan?

 İssiyirəm məhşər əhli məni tanısın

Nə istəyirsən, verim

Ərz eləyər: Məni sevənlər, Hüseyni sevənlər getməsə, mən də getmərəm, darıxaram cənnətdə….»

++++++++++++=

Bilməyənlərə xatırladıram ki, Şahin Həsənli diplomlu mühəndis olub, politexnik institutun maşınqayırma fakultəsini bitirib.Ancaq bir gün də ixtisası üzrə işləməyib.

Vikipediyada oxuyuruq: “müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib.”

Youtube-dakı çoxsaylı videolarda səkkiz yaşlı Kərbəlayı Xədicəni görənlər və “hicab təhsilə mane olmur” şüarını xorla səsləndirənlər düşünsünlər: səkkiz yaşlı kərbəlayı xədicələrə “dərs tədris” edənlərin savadlısı Hacı Şahindirsə, bu uşaqların başlarının nə ilə doldurulduğunu təsəvvür etmək olar.

Zəhra yetmiş min mələyin əhatəsində gəlir… Məhşərdir, qiyamətdir… Bunu Hacı Şahin hardan bilir? Hansı kitabdan oxuyub? Kim yazıb o kitabı? Niyə yetmiş min? Mələklər kiidirlər, arvaddırlar?

“Diyillər…” Kim deyir? Kim bu cəfəngiyyatı deyir? Qurandan sonra sizin Allahınız kitab göndərib? Yox! Bəs hardan bilirsiniz ki, Allah Zəhra ilə şəxsən danışıb ya danışacaq?

Şahin Həsənli rusca təhsil alıb, maşınqayırma fakultəsini bitirib. Sonra hələ ikinci taəhsil də alıb – BDU-nun tarix fakultəsini də bitirib – mən bunu saymıram… Ancaq maşınqayırma ciddi fakultədir. Onun məzunu danışdığı bu cəfəngiyyata özü inanırdısa, deməli, sağlığına deyirəm, sağlamlığında, yəni əqli sağlamlığında ciddi problemi olub. Yox, əgər danışdığna inanmırdısa, deməli, auditoriyasını dolayırmış. İkinci variant mənə daha xoş gəlir. Bizim vəhşi xalqı, belə cəfəng rəvayətlərə göz yaşı axıdan insanları elə dolasalar yaxşıdır…

Vallah, qulaq asdıqca, mat qalırsan, inana bilmirsən ki, maşınqayırmanı bitirmiş insan bunları ağzına alıb danışa bilər…

Başqa bir məclisdəki çıxışında Şahin Həsənli deyir ki, Zəhra yamaqlı paltarda gəlin gedib, çünki bəy evinə gedəndə bir qadın yaxınlaşıb yardım istəyib, Zəhra gəlinlik paltarını çıxarıb verib, deyib ki, mənə bir yamaqlı don gətirin geyim…

 

 11. 11. 2026, Samara

İLHAM ƏLİYEV XALQLA İLLƏRDƏN BƏRİ OYNADIĞI «İSLAM OYUNU»NU, DEYƏSƏN, UDUZUR…

Azərbaycanlıların necə and içdiklərini, daha doğrusu, necə and içdiyimizi yaxşı bilirik. İstər Allaha, istər Qurana, istər Ətağanın cəddinə, istər qərib əzizilərin canına and içilsin – bu andların səmimi içildiyinə, and içənin içdiyi anda sadiq qalacağına ancaq sadəlövh insan inanar. Gəlin “Danabaş kəndinin əhvalatları”ndan karvansarada Kərbalayı Cəfərlə Xudayar katda arasındakı səhnələri xatırlayaq.  Xudayar Məmmədhəsən əminin eşşəyini minib gəlib şəhərə, Məmmədhəsən əminin xırda oğlu gəlib eşşəyinin dalınca, özünü sürtür yerə ki, verin eşşəyimi aparım. Kərbəlayı Cəfər deyir ki, “axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə…. Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyә? Görək mənnən qəsd-qərəzin var?» Xudayar deyir ki, Məmmədhəsən əmi eşşəyi özü veribdi. Kərbəlayı Cəfər inanmayanda Xudayar katda and içir: «Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?»

Qurana içdiyi anddan beş-on dəqiqə keçməmiş Xudayar özgə eşşəyini girov qoyacaq.

«Kərbəlayı Сəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər neсә olmuş olsa, tapıb mənim işimi düzəldəsən.»

Kərbəlayı Сəfər əlüstü cavab verdi:

«Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?»

Xudayar təklif edir ki, eşşəyi girov qoysun. Beş dəqiqə əvvəl peyğəmbərə and içib pulunun olmadığını deyən  “kərbəlayı Сəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına.”

O vaxtdan biz azərbaycanlılar dəyişmişikmi? Yox! Sözünə sadiq adam, reputasiyalı adam niyə and içməlidir?

Yeri gəlmişkən, karvansara epizodunda biz azərbaycanlıların müsəlmanlığını, yəni bizdə dini əxlaqın və ya ümumiyyətlə əxlaqın yalnız deklarasiya, ritorika olduğunu sübut edən başqa detallar da var. Kərbalayı Cəfərin oğlu çölməkdə yemək gətirib deyir:

«Dadaş bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Сəfər qeyznən cavab verdi:

«Ay ananın dədəsinin gorunu ….» Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

İndi bilmirəm,  bir vaxt, yəni bir -iki nəsil əvvələcən, öz arvadlarının ata-anasını, bacı-qardaşlarını seksuallaşdırılmış söyüşlərlə söymək azərbaycanlı kişilərin əksəriyyəti üçün norma olub. “Ölülərin gorunu” xüsusi həzzlə söyürdülər. “Ananın ağzını…” bu da şiə söyülərinin hiti sayıla bilərdi… Andlarını yalandan içən müsəlmanlarımız söyüşlərində tam səmimi idilər və hər an bunu sübut etmək üçün hərəkətə keçə bilərdilər: qadının saçını əlinə dolayıb sürümək, yerə yıxıb qol-qabırğasını sındırmaq… “Danabaş kəndinin əhvalatları”nda belə səhnə də var…

Mən azərbaycanlılarda anda qeyri-ciddi münasibəti ona görə xatırladıram ki, prezidentin Qurana içdiyi andı xalqın əksəriyyətinin ciddi qəbul etmədiyini çatdırım. Yəni xalq bilir ki, o, Qurana necə and içir və içdiyi andı necə pozursa, prezident də eynilə o cür and içir və onun içdiyi anda əməl edəcəyini ancaq sarsaq adamlar gözləyə bilərlər..

Yəni İlham Əliyev Azərbaycan xalqı ilə sonu görünməyən İslam oyununa girişmişdi. Bu, idman oyunundan çox qumar oyununa bənzəyirdi. Ancaq uşaqların yalançı qumarına – əsl pul əvəzinə yalançı pul, konfet kağızı ya ayrı vecsiz şey. Hər şey yalançıdır – kartlar da, oynanılan pullar da…

Və prezidentin hər dörd ya beş ildən bir Qurana and içməyi “Groundhog Day” adlı məşhur Amerika filminə də bənzəyirdi ( azərbaycanca adını bilmirəm – “Marmot günü”? “Dağsiçanı günü”?) Xalq beş ya altı ildən bir ayılır, ya da bir gözünü açır, artıq bir neçə dəfə görmüş olduğu şeyi təkrar görür…

İlham Əliyev arxayın idi ki, xalqla oynadığı İslam oyununu udub, udur və həmişə udacaq. Xalq da  saxta kartlarla,yalançı pullarla, konfet kağızı bu qumarı prezident istəyən qədər oynayıb ona uduzmağa hazır idi. Ancaq məlum olur ki, xalqın içində ciddi adamlar var imiş və onlar gözə çarpmadan bu başaldatdı İslam oyununa qoşulublar, tədricən yalançı kartları əsl kartlar əvəz edib, yalançı pullar bir kənara qoyulub, ortaya həqiqi pullar atılıb, böyük pullar… Oyunun bu cür radikal dəyişə biləcəyini gözləməyən prezident başlayıb onu dramatik şəkildə uduzmağa…

Bir məzəli video var. Köhnədir. İlham Əliyev hansısa jurnalistə onun qumarbaz olduğu və həmiş uduzduğu barədə düşmənlərinin yaydığı məlumatların yalan olduğunu deyir və sözünə qüvvət kimi ritorik sual verir: “Mən qumar oynamışamsa, yəni həmişə uduzmuşam? Heç udan vaxtım olmayıb?”

Mən İlham Əliyevin qumar oynayıb-oynamadığını bilmirəm, hamının cavanlıq günahları var, indi İlham Əliyevin necə rəhbər olmağının onun bir vaxt qumar oynayıb-oynamamasl ilə heç bir əlaqəsi yoxdur. Ancaq islamçılarla, müsəlmanlarla münasibətini İlham Əliyev oyun kimi, məhz qumar oyunu kimi qurmuşdu – onun fikrincə, başaldatdı oyun kimi. O özünü elə göstərurdi ki, ölkənin birinci dindarı odur, xalq da özünü elə göstərirdi ki, ona inanır. Çünki xalqın böyük əksəriyyətinin də, bəlkə də xoşbəxtlikdən, dərin inamı yoxdur. Yəqin ki, xoşbəxtlikdən. Ağlı başında olan adam cəhənnəmdə yandırılacağına inanar?

Ancaq ölkədə ciddi azlıq var. Yəni ciddi kişilərdən ibarət azlıq var. Onlar başaldatdı oyunlara yalnız o məqsədlə girirlər ki, oyunun qaydalarını öz istədikləri kimi dəyişsinlər, yəni onu ciddiyə çevirsinlər. Ciddidə bu azlıq güclüdür. Təbliğatda da, təşviqatda da, şantajda da, manipulyasiyada da. Arxasında da güclü maliyyəyə malik islamçı dairələr durub. Onlar zarafat sevmirlər. Onların zarafatı da, sarkazmı da, ironiyası da qorxu yaradır və hətt tük ürpədir. İranda 20-30 avtomobil kranından asılmış ölülər – elə bil ki, balıq qurudulur… Bu, “əhli-beyt” mücahidlərinin estetikasıdır…

 

 04. 11. 2026, Samara

ÇALMALILAR VƏ HİCABÇILAR MİLLƏTİ ZORLAMAĞA QALXIBLAR. VƏ, DEYƏSƏN, BU, QAÇILMAZDIR…

1990-cı ildə Texasda respublikaçılar partiyasından qubernatorluğa namizəd Kleyton Uilyams pis havanı zorlama ilə müqayisə edərək deyib: “Əgər bu, qaçılmazdırsa, özünüzü rahatlayın və həzz alın”.
Bu deyim Kleytona baha başa gəlir, çox böyük qalmaqal yaranır və o, seçkiləri uduzur…

Ancaq indi İnternetdə hicabçıların gündən-günə həndəsi silsilə ilə artan videolarını gördükcə mənə elə gəlir ki, məktəbli qızları qabağa vermiş aqressiv dayılar, əmilər, xalalar, bibilər ölkəni və milləti zorlamağa başlayıblar, bu zorlama qaçılmazdır və millətə qalan əlini-qolunu yanına salıb yerini rahatlamaqdır ki, bu işdən həzz alsın…

Hicabçılar çox yaxşı təşkil olunublar və hazırlaşıblar. Topsuz, tüfəngsiz, təyyarəsiz, dronsuz, raketsiz, demək olar ki, itki vermədən irəliləyirlər…

Qarabağı qaytarmaqda bizə türk generalları yardım etdilər. İndi türklər hicabın tərəfindədirlər. (internetdə Azərbaycan hicabçılarını müdafiə edən türklərə mən hörmətlə «Osman Osmanoviç» deyirəm: Osman Osmanoviç, get öz işinlə məşğul ol…) Türklərsiz bizim hakimiyyət, deyəsən, nə edəcəyini bilmir. Müxalifətçiləri şərləyib dama basmaq necə asanmış…

Azərbaycan doğrudan da ölkə deyilmiş. Azərbaycan, Dostoyevskinin bir əsərində Rusiya haqqında deyildiyi kimi, təbiətin oyunu imiş…

“Yaşıl taun” qapını alıb…

İndi  süni intellektlə İran barədə söhbətimin qalanını təqdim edirəm. Məni maraqlandıran İrandakı çalma rejimini kimin daha çox dəstəkləməsi idi – azərbaycanlılar ya farslar. Deyəsən, azərbaycanlılar çalmalıları daha çox dəstəkləyirlər. Hicaba qarşı da ən fəal mübarizlər şəhərli farslardır.  Çünki onların mədəniyyəti var, mədəniyyətli adam öz xoşuyla mövhumata, cahilliyə tabe olmaz. İndi siz bizim dilindən “əhli-beyt” düşməyən qadınlara baxın – bunlar mədəniyyətlə heç epizodik  təmasda da olmamış primitiv insanlardır, dövlət də əhalinin maarifləndirilməsi üçün heç nə etməyib, dövlətin məktəbini dövlət baxa-baxa yağmalayıb evlərə daşıyıblar, şagirdlərin hansı, necə müəllimlərin təsiri altında düşdüyündən dövlətin xəbəri olmayıb. Xalqın bu otuz beş ildə nə kinosu, nə teatrı, nə konsert zalları olub. 16 teatr 1900 məscidə qarşı! Qələbənin kimin tərəfində olacağını bilmək üçün ekstrasens olmaq lazım deyildi…

 ++++++++++++++++++++++++++++++++++++++++++++=

++++++++++++++++++++++++++++++++++++++++++++++++

İranda 2025-ci ilin dekabrında başlayıb 2026-cı ildə davam edən miqyaslı etirazlarda, 2022-ci il etirazlarından fərqli olaraq,  heç bir etnik qrup dominant və ya “daha fəal” adlandırıla biləcək qədər seçilməyib. Ötməkdə olan ilin hərəkətverici qüvvəsi rolunda sosial və iqtisadi siniflər, həmçinin gənclik çıxış edib.

Bu etiraz dalğalarında etnik fəallığın özəllikləri:

Ümummilli olmağı və sosial-iqtisadi xarakter daşımağı.

Etirazlar Tehranın Böyük bazarında alverçilərin tətili ilə başlanıb. Alov tezliklə ölkənin 31 vilayətinin hamısına yayılıb və ən müxtəlif əhali qruplarını iqtisadi tələblər və rejim əleyhinə şüarlar ətrafında birləşdirib.

Etnik faktor əvəzinə nəsil faktoru: Analitiklər və hüquq müdafiəçiləri qeyd edirlər ki, ən gözəçarpan və fəal qüvvəni “Z nəsli” hərəkatı nümayiş etdirmişdir. Bu hərəkat etnik mənsubiyyətindən n asılı olmayaraq tələbələri və gəncləri birləşdirmişdir.

 Klerikal rejimi farslarınmı, azərbaycanlılarınmı daha çox dəstəklədiyi barədə sual İran siyasətinin ən mürəkkəb laylarından birinə toxunur. Məsələ burasındadır ki, İranda rejimə loyallıq etnik mənsubiyyətlə yox, dini faktorla, sosial siniflə və dövlət sisteminə inteqrasiya dərəcəsi ilə müəyyən edilir.

Əgər analitiklərin mövqeləeini və sosioloji trendləri ümumiləşdirsək, sitüasiya belə görünür:

  1. Azərbaycanlılar niyə rejimin dayağı sayılırlar?

İran azərbaycanlıları — ən böyük etnik azlıqdır. Kürdlərdən, ərəblərdən , beluclardan fərqli olaraq, onlara klassik “əzilən azlıq” kimi baxılmır. Səbəblər isə bunlardır:

Ümumi məzhəb – şiizm.Tarixən məhz azərbaycanlı sülalələri şiizmi İranın dövlət dini etmişlər. Ümumi din əsrlərlə azərbaycanlıları və farsları möhkəmcə bir-birinə bağlamışdır.

Elitaya dərin inteqrasiya: azərbaycanlılar qeyri-proporsional şəkildə hakimiyyətin ən yüksək zirvələrində geniş təmsil olunublar. Keçmiş ali dini rəhbər Əli Xamanei, onun oğlu və varisi Moctəbə Xamanei, prezident Pezeşkian – bunlar azərbaycanlıdırlar.

İqtisadi çəki: Təbrizin və Tehranın bazarlarındakı alverçilər, iri sahibkarlar və İslam keşikçiləri korpusunun generallarının mühüm hissəsi azərbaycanlılardır.

Buna görə uzun müddət konsensus mövcud idi: azərbaycanlıların ənənəvi, dini və varlı təbəqələri status-kvonu və rejimi farsların sekulyar şəhər təbəqəsindən daha güclü dəstəkləyirdilər.

  1. Fars çoxluğunun tərkibində ikitirəlik

Farslar dövlətqurucu millətdir, amma məhz fars əhalisində (xüsusən Tehrandaa. İsfahanda, Şirazda)  sekulyarizmin ən yüksək səviyyəsi və teokratiyadan yorğunluq müşahidə edilir.

Məhz savadlı fars şəhər təbəqəsi mühacirətdə müxalifətin nüvəsini  təşkil edir və islam respublikasının demontajını  və dünyəvi respublikaya və ya konstitusiyalı monarxiyaya keçidi ən fəal tələb edən də odur. Əhalinin bu təbəqəsi üçün fars identikliyi islam identikliyindən vacibdir.

  1. Əks tərəf: niyə azərbaycanlılar da etiraz edirlər?

Bütün azərbaycanlıların rejimə loyal olduğunu düşünmək səhv olardı. İcmanın tərkibində bir neçə faktorun qızışdırdığı ciddi narazılıq var:

  1. Mədəni assimilyasiya: Ölkə liderlərinin azərbaycanlı olduqlarına baxmayaraq, rejim azərbaycanca təhsili həyata keçirmək cəhdlərinin qarşısını çox sərt şəkildə alır. Azərbaycanlı fəallar mədəni hüquqlarının tələbinə görə müntəzəm olaraq həbslərə məruz qalırlar.

Ekoloji triggerlər: İran Azərbaycanında Urmiya gölünün quruması mərkəzi hökumətin səhlənkarlığına qarşı yönələn kütləvi etirazlara səbəb oldu.

Liderlərin etnik praqmatizmi: İran azərbaycanlılarınınb özləri Xamaneidə “öz müdafiəçilərini” görmürlər. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Xamanei həmişə özünü islam rəhbəri və şiə lideri kimi aparmış, azərbaycanlı millətçiliyini hər hansı başqa biri kimi çox sərt şəkildə yatırtmışdır.

Nəticədə rejimdə kim daha çox maraqlıdır?

Əgər hakimiyyət strukturlarına qatılmaq cəhətindən baxsaq, azərbaycanlı elitanın konservator hissəsi İran teokratiyasına sekulyar fars çoxluğundan dahə dərindən inteqrasiya edilib. İranın klerikal reşimi, sadə dillə desək, çalmalıların rejimi fars və azərbaycanlı dini isteblişmentinin və güc strukturlarının ittifaqına söykənir.

 

 

«ƏVVƏL ARVADLARI ABRA SALAQ…»HƏ? BƏLKƏ QABAQCA OĞLANLARI VƏ KİŞİLƏRİ?

“ Əvvəl biz gedək, arvadları abra salaq…”

Bu günün Azərbaycan həyatı elə bil ki, “Hacı Kərimin aya səyahəti”ni xatırladır, on minlərlə, yüz minlərlə kişi daha yaxşı tətbiqə layiq inadla qeyrət və namus asayişinə qalxaraq arvadları abra salmaq istəyirlər. Arvad deyəndə ki, əslində qadın cinsi ilə doğulmuş hər kəsi – biz çoxsaylı videolarda “könüllü” hicab əsarətini qəbul etmiş beş-altı yaşlı körpə qızları da görürük..

Qəribədir, doğrudanmı bu kişilərin əksəriyyəti və bəlkə də hamısı qadın qeyrətini qorumağa özünü layiqli bilir? Yəni bu kişilərin fikrincə qadın ibtidadan, yəni yaranışdan zəif varlıqlardır, onların içində yaşadıqları cəmiyyətin əxlaq normalarına və standartlarına uyğun yaşaya biləcəklərinə qətiyyən etibar eləmək olmaz, qadin cinsindən olanlar lap az yaşlarından kişilərin nəzarətinə götürülməli və əslində əsarətə çevrilən bu nəzarət qadın əfəlləyib əldən düşünə qədər davam etməlidir.

“Hicab bizim qeyrətimiz, namusumuzdur”, — müxtəlif yaşda, müxtəlif şəkildə olan kişilərin səsləndirdiyi şüar janrında bu iddia  sosial şəbəkələrdə minlərlə layk yığır. Ancaq bu kişilərin özlərinin kim olduğu ilə maraqlanan yoxdur. Bu kişilər qeyrət çəkməyə layiq adamlardırmı? Bəs hər birinin həyatı  diqqətlə öyrənilsə? Bəs hər birinin telefonuna, kompüterinə baxılsa? Oturub-durduğu adamlarla elədiyi söhbətlərə qulaq asılsa?  Onda arvadların qeyrətiniu çəkmək arzusunda olan bu kişilərin həyatının elə təfərrüatı üzə çıxar ki, söyləməyə, yazmağa da çətinlik çəkərsən… Əgər bizim kişilər belə ucdantutma qeyrət, namus mücahidləridirsə, onda İnternetdə pornosaytlara yüz minlərlə, milyonlarla baxış hardandır? Müxtəlif adlarla pərdələnib əslində seksual xidmət göstərən obyektlərdən çox danışırlar – onların müştəriləri kimlərdir? Yəqin ki, elə qeyrət, namus davası eləyənlərin çoxu…

Daha vacib sual: əgər bizim milləti əxlaq narahat edirsə (mən əminəm ki, belə deyil, şiəlik sektadır, sektanın öz məqsəd və məramları var, hicab – kütlələrin cəlbi və səfərbərliyi üçün görülən işdə birləşdirici rəmzdir), niyə yalnız qızların, qadınların əxlaqı? Bəs oğlanların, kişilərin?

Böyük alman filosofu İmmanuil Kand “Antropologiya praqmatik baxımdan” adlı əsərində (1798) vətəndaş yetkinliyi ilə təbii yetkinlik arasında fərqi göstərir. Oğlan uşağı, Kantın müşahidəsinə görə 10 yaşından nəsil artırmağa qadir olur.

O vaxt isə kişi yalnız 25 yaşına çatanda cəmiyyətin müstəqil üzvü olaraq ailəni saxlamağa və uşaq tərbiyə etməyə qadir ola bilərdi.

10 yaşla 25 yaş arasındakı dövrün nə ilə dolduğu barədə sual qaldıran Kant özü ona belə cavab verir: yəqin ki, bu dövr daxili ixtilafla, ayıbla və günahla doludur.

Kantın nöqteyi-nəzərindən bu dövrün əsas problemləri bunlardır:

Təbiətlə mübarizə: Gənc oğlan məcburdur ki, daim güclü təbii ehtiraslarını söndürsün, çünki cəmiyyət onların reallaşması üçün ona leqal və əxlaqi imkan vermir. Kant qeyd edir ki, bu boşluq qaçılmaz şəkildə gəncləri ayıb hərəkətlərə  ya da nizamsız əlaqələrə və fahişələrlə yaxınlığa sövq edir ki, bu da onların həm əxlaqınl, həm də fiziki gücünü zəiflədir.

Kantın bu problemllə bağlı çox maraqlı, sistemli tövsiyələri var, mən ancaq oğlan uşaqları və yeniyetmələr üçün çox problemli dövrün olduğunu nəzərə çatdırıram ki, həmin dövrdə nəzarət altında qızlar yox, bəlkə də oğlanlar olmalıdırlar. Əgər qondarma islamçılar kimi namus, qeyrət müdafiəçisi rolunu oynamaq fikrinə düşmüşüksə, gərək qızlara hicab bağlatdırmamışdan qabaq oğlanlar da xüsusi  geyim elementlərindən istifadə edələr.

Doğrudan da, niyə məktəbli  oğlanlar, hətta tələbə gənclər üçün orta əsrlərdə dərvişlərin-qələndərlərin istifadə etdiyi həlqələr məcburi olmasın? İndi sənaye üçün yüngül xəlitədən olan həlqələr buraxmaq problem deyil, Çinə sifariş eləsən, bazarı doldurar. Prezident fərman verər ki, intim orqanına həlqə salıb sıxmayan, iffət kəməri və ya iffət qəfəsi geyməyən bir oğlan belə dərsə buraxılmasın. Belə həlqədən, həmçinin iffət kəmərindən ya iffət qəfəsindən istifadə edən oğlanlarda, gənclərdə qızlara qarşı yalnız qardaş münasibəti ola bilər, qızların da özünü gizlətməyə ehtiyacı olmaz…

620 min insanı əhatə edən 211 tədqiqatın qlobal metaanalizi seksual davranışda  mühüm gender fərqlərinin olduğunu təsdiq edir.

Libido səviyyəsi: Kişilər bütün ömürləri boyu daha güclü cinsi həvəsə malikdirlər. Onlar  mühüm dərəcədə daha tez-tez seks barədə düşünür, kortəbii istəklər yaşayırlar.

Bu o deməkdir ki, nəzarətə, abra salınmağa qızlardan, qadınlardan çox oğlanların və kişilərin daha çox ehtiyacı var. Özləri üçün dörd arvad almaq normasını Allahın adı ilə bağlayıb qanunilədirilmiş, istər şənlikdə, istər yasda söhbətlətinin əsas mövzusu birbaşa ya dolayısı ilə seks olan şorgöz kişilərin “hicab! hicab!” qışqırmağı həm də öz eyiblərini örtmək üçündür. Ancaq qlobal məqsəd, əlbəttə, İŞİD dövləti qurmaq yolunda ilk böyük addım kimi qadınları əsarət altına almaqdır.

 

30. 10. 2026, Samara

HİCAB

İrandan qovulur nə vaxtdan bəri,
Yer tapa bilmir ki, canını qoysun.

Qayıtmaq istərdi əlli il geri,

Qoruyanı vardı o vaxt bir qoşun.

 

Ciddi yaralanıb, quduzdur yəqin,
Toxunsa, öldürər, geci-tezi var.

Başda yer eləsə, düşməyi çətin,
Bir başı örtəndə min baş ağrıdar.

 

Qovur kürd qızı da, fars qadını da,

Çırpılır, qalmayıb salamat yeri.

Ayrı baş axtarır qona yenə də,
Bizi hədəf alıb nə vaxtdan bəri.

 

Bizdəsə qapılar açıq taybatay,

Yarıyuxuluyuq, salan yox haray…

 

 23. 10. 2026, Samara

 

 

HİCAB MÜCAHİDLƏRİ MÜSƏLMANDIRLARSA, UŞAQ PULUNU NİYƏ ALLAHDAN YOX, ƏLİYEVDƏN İSTƏYİRLƏR?

İki həftə bundan qabağa qədər azərbaycanlıların gerçək ya İnternetdəki virtual davası əsasən türkçülük üstündə idi, “türk”ü dilin və millətin adından xaincəsinə və namərdcəsinə  götürüb onu “Azərbaycan”la əvəz edən bolşeviklərə lənət və qarğışlar yağdırılırdı. İndi elə bil bir anda, bəlkə də Tale Bağırzadənin türmədən verdiyi komanda ilə millətin arvadları da, kişiləri də hicabçı oldular, hərçənd sağlam fikirli hər kəs üçün hicabçılıqla türkçülük bir araya sığan şeylər deyil.

Yaxşı, deyək ki, müsəlmansınız, hicab mücahidisiniz və hətta çoxunuz ürəklərinizin dərin guşələrində işidçisiniz də. Bəs onda niyə İslamın buyurduqlarına əməl eləmirsiniz?

Hüd surəsinin 6-cı ayəsində deyilir: «Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin…»

Başa düşdünüz? Yəni ki, bunu Allah özü deyir, deyir ki, bütün canlıların – adamların, mal-qaranın, itin, pişiyin ruzisini verən odur. Aydındır?

Bu, gün kimi aydın olmalıdır, əgər insan özünü korluğa, karlığa vurmayıbsa və lallığa qoymayıbsa.

Bəs onda niyə azərbaycanlılar (keçmiş türklər) niyə ruzini Əliyevdən istəyirlər? Niyə uşaq pulu istəyə-istəyə o boyda kişinin qulaqlarını dəng eləmisiniz? Əgər uşaq pulu verilmirsə, deməli, Allah məsləhət bilmir. Əliyev də,  yardıma baxan nazir də, nədir o qurums… cənabın adı, onlar da sizin kimi və bəlkə sizdən on qat artıq müsəlmandırlar, Allah onlara buyursaydı ki, əhaliyə uşaq pulu verin, verərdilər. Deməli Allah buyurmur. Allahdan narazısınızsa, gedin yığılın məsciddə, etiraz aksiyası keçirin, ya ərizə yazın Allahşükürə, o da lazımı yerinə yollasın…

Zariyat surəsi, 58-cı ayə: «Şübhəsiz ki, ruzi verən də, güc və qüvvət sahibi olan da Allahdır!»

Bu, çox gözəl ayədir. Yuxarıdakı ayəni tamamlayır. Burda deyir ki, ruzini də Allah verir, güc və qüvvəti də. Son sözlərə xüsusi fikir verin. Görün Allah necə uzağı görür. Bilib ki, siz səhvən ruzini gedib nazirdən ya möhtərəm prezidendən istəyəcəksiniz. Polislər də haqlı olaraq, tamamilə haqlı olaraq dəyənəkərini qapıb qol-qabırğanızı əzəcəklər. Bəlkə də sındıracaqlar. Çox haqlı olaraq. Çünki siz Quran deyənə, Allahın buyurduğuna boyun qoymursunuz. Ona görə sizin boynunuz burulub sındırılmağa layiqdir.

Hələ bu harasıdır. Ənkəbut (ərəbin sözünə bax: ənkəbut! Abid Qafarovun söyüşlərini yadıma saldı. Abid Qafarov onu şəbəkədə tənqid edənləri belə söyür: «Sənin ənkə böyüyün… «- bu da azərbaycanlı müsəlman!), yəni Hörümçək surəsinin 60-cı ayəsində deyilir: «Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır ki, onların da, sizin də ruzinizi Allah verir…»

Başa düşdünüz? Sizin nazirliyin qabağına getməyinizə, nazirə müraciətlər yazmağınıza ehtiyac yoxdur. Allah məsləhət bilib sizə ruzi, pul ayırsa, bunları birbaş qapınıza gətirib sizə təqdim edəcəklər. Gətirmirlərsə, deməli, Allah buyurmur. Nazir də özbaşına deyil ki. Əlahəzrət prezident də Qurana and içib, indi Allahla ayaq-ayağa verə bilməz ki.

Ona görə də əgər özünüzü müsəlman sayırsınızsa, hicab davası eləyirsinizsə, Quranda deyilənlərə əməl edin, Quranda buyurulan kimi oturub-durun.

Bir lətifə var, rus lətifəsidir. Boynunda yekə xaç olan bir yəhudi  ümumi hamama gəlir, tam soyunub özünü verir buğa. Yanındakılar gah onun boynuna baxırlar, gah da əyilib qurşağından aşağısına. Biri dözməyib deyir: “Bura bax, sən ya xaçı boynundan çıxar, ya da tumanını (трусы) gey”…

(Послушайте, вы или крестик снимите, или трусы наденьте!

Siz də həmçinin. Müsəlmansınızsa, öz kitabınız deyən kimi oturub-durun. Möhtərəm əlahəzrət prezidentin başını ağrıtmayın…

Mİrzə ƏLİL

23. 10. 2026, Samara

«MƏN, SƏKKİZ YAŞLI KƏRBƏLAYI XƏDİCƏ, LENİN ADINA PİONER TƏŞKİLATINA QƏBUL OLARKƏN AND İÇİRƏM…»

“Mən (ad, soyadı), Lenin adına Ümumittifaq Pioner Təşkilatına daxil olarkən yoldaşlarımın qarşısında təntənəli and içirəm: Vətəni qızğın məhəmbbətlə sevəcək, böyük Leninin vəsiyyət etdiyi və Kommunist partiyasının öyrətdiyi kimi yaşayacaq, oxuyacaq və mübarizə aparacaq, Sovet İttifaqı pionerlərinin qanunlarını yerinə yetirəcəyəm”.

SSRİ dağılana qədər on yaşına çatmış bütün məktəblilər bu andı içərək pioner təşkilatına qəbul olunur və on dörd yaşa çatana qədər pioner adlanaraq qırmızı qalstuk bağlayır, döş nişanı taxırdılar.

Sovet Azərbaycanında əlli-altmış il ərzində hansı valideyninsə qızının ya oğlunun bu təşkilata girməyinə etdiyi barədə məlumat yoxdur. Əksinə, bütün analar  çox həvəslə uşaqlarının qalstukunu yuyur, ütüləyirdilər. Qalstuklar iki cür olurdu: ucuz çitdən olan qalstuk tez rəngini itirirdi və ucları da burulurdu. Süni ipəkdən olan qalstukun rəngi uzun müddət getmirdi, yaxşı ütü götürürdü. Baha olduğundan uşaqların çoxu çit qalstuk taxırdı…

İndi şəkli bütün dünyanın radikal islamçı mətbuatının ön səhifələrini bəzəyən Kərbəlayı Xədicənin uşaqlığı əlli il bundan qabağa düşsəydi, o da kərbəlayı Xədicə yox, pioner Xədicə olacaqdı, atası qalstukun ipəyindən alacaqdı, anası hər gün ütü çəkəcəkdi, döş nişanını diştəmizləyən tozla sürtüb parıldadacaqdı. Kərbəlayı Xədicə bəlkə də siniflərində manqa rəhbəri olacaqdı, sovet pionerinə yaraşmayan hərəkətlər edən yoldaşları barədə “yuxarıya”, yənı baş dəstə rəhbrinə və hətta direktora məlumat verəcəkdi. Pioner Xədicə səbirsizliklə komsomola keçəcəyi günü gözləyəcək, özündən böyüklərin komsomol biletinə həsədlə baxacaqdı. Atası deyəcəkdi: “qızım, sən hələ partiyaya da keçecəksən, tarix fakultəsinə girə bilsən, raykom katibi də olarsan”…

Qəribə deyilmi? Əlli-altmış il ərzində Azərbaycanda bir nəfər də deməyib ki, yox, mənim qızım ya oğlum pionerə ya komsomola keçə bilməz, çünki bu təşkilatra üzvlük mənim dni etiqadıma ziddir, mən uşağımın boğazına çatı salıb boğaram ki, bu allahsız təşkilatlara üzv olmasın…”

Yox, əsla yox. Əksinə, əgər bir uşağı dələduzluğuna ya ayrı qüsurlarına görə pionerə ya komsomola qəbul eləməsəydilər, valideynləri dəridən-qabıqdan çıxardılar ki, “uşağın işini” düzəltsinlər… Pionerdən, komsomoldan qovulan uşaqları ali məktəbə də qəbul eləməzdilər…

Əlli-altmış ildə bu xalqın dindarlığı harda imiş və ya harasında imiş? Dini hisslərini indiki həcilər, kərbəlayılar, şeyxlər gharalarına soxub gizlədiblərmiş? Niyə cınqırları çıxmırmış? Deməli, bütün xalq binamus, biqeyrət imiş? İndi arsız-arsız din azadlığından danışırlar, ancaq bu azadlığı onlara Qorbaçovun verdiyini dillərinə gətirmirlər. Onlar gərək Qorbaçovu müqəddəs sayalar, ona şeyx Qorbaçov deyələr. Azərbaycandakı 1900 məscid Qorbaçovun sayəsində yaranıb. Qorbaçov SSRİ xalqlarına azadlıq, o cümlədən inam azadlığı verməsəydi, indiki şeyxlər, döş ciblərində, ürəklərinin başında bolşevik bileti gəzdirəcəkdilər. Ancaq onlarda nə kommunist əxlaqı, nə kommunist əqidəsi olacaqdı. Necə ki, indi – bu müsəlman adları, statuslar əqidə göstəricisi deyil, bu, kütlə içində fərqlənmək üçün statusdur. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” – nə təhsili var, nə peşəsi, Məkkəyə təyyarə ilə və yəqin ki, haram pulla uçub, adına “hacı” əlavə edib və özü öz gözündə böyüyüb, indi məclisə girəndə gərək hamı ayağa qalxa…

Səkkiz yaşlı Kərbəlayı Xədicə bəlkə də Kərbəlaya anasının qucağında gedib. İndi sinfə Kərbəlayı Xədicə kimi girir və şübhəsiz ki, özünü kərbəlayı olmayanlardan üstün, onları isə bəlkə də pozğun, əxlaqsız sayır. Bu kərbəlayı Xədicədən sinifdə beş nəfər olsa, qalan iyirmi beş nəfəri gözümçıxdıya salarlar – buna şübhəniz olmasın…

Azərbaycanda çox ağır siyasi rejim mövcuddur və bu rejim radikal islamçıığın dərin kök atması  üçün məsuiliyyət daşıyır. Çünki bir tərəfdən özünü islamçı göstərə-göstərə radikal islamçıları şirnikləndirib, digər tərəfdən bütün başqa siyasi-ictimai fəaliyyətləri qanundankənar elan edən ölkədə dindarlıq yeganə leqal fəaliyyət formasına çevrilir. Və 1900 məscidə qarşı cəmi 26 teatrı olan ölkədə əhalinin kütləvi şəkildə dini təbliğata uyması təəccüblüdürmü?

«Qəhvəyi taun”un nə olduğunu yaşlı nəsil yaxşı bilir. İndi Azərbaycan yavaş-yavaş “yaşıl taun”a yoluxur. Təəssüf ki, ölkədə həkimliyə, sanitarlığa yarayacaq zümrəni görmürük… Ümid əslində bu bəlanı öz vecsiz siyasəti ilə yaratmış hakimiyyətədir. Başqa ümid, təəssüf ki, yoxdur…

21. 10. 2026, Samara