Архив тегов | hörümçək surəsi

HİCAB MÜCAHİDLƏRİ MÜSƏLMANDIRLARSA, UŞAQ PULUNU NİYƏ ALLAHDAN YOX, ƏLİYEVDƏN İSTƏYİRLƏR?

İki həftə bundan qabağa qədər azərbaycanlıların gerçək ya İnternetdəki virtual davası əsasən türkçülük üstündə idi, “türk”ü dilin və millətin adından xaincəsinə və namərdcəsinə  götürüb onu “Azərbaycan”la əvəz edən bolşeviklərə lənət və qarğışlar yağdırılırdı. İndi elə bil bir anda, bəlkə də Tale Bağırzadənin türmədən verdiyi komanda ilə millətin arvadları da, kişiləri də hicabçı oldular, hərçənd sağlam fikirli hər kəs üçün hicabçılıqla türkçülük bir araya sığan şeylər deyil.

Yaxşı, deyək ki, müsəlmansınız, hicab mücahidisiniz və hətta çoxunuz ürəklərinizin dərin guşələrində işidçisiniz də. Bəs onda niyə İslamın buyurduqlarına əməl eləmirsiniz?

Hüd surəsinin 6-cı ayəsində deyilir: «Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin…»

Başa düşdünüz? Yəni ki, bunu Allah özü deyir, deyir ki, bütün canlıların – adamların, mal-qaranın, itin, pişiyin ruzisini verən odur. Aydındır?

Bu, gün kimi aydın olmalıdır, əgər insan özünü korluğa, karlığa vurmayıbsa və lallığa qoymayıbsa.

Bəs onda niyə azərbaycanlılar (keçmiş türklər) niyə ruzini Əliyevdən istəyirlər? Niyə uşaq pulu istəyə-istəyə o boyda kişinin qulaqlarını dəng eləmisiniz? Əgər uşaq pulu verilmirsə, deməli, Allah məsləhət bilmir. Əliyev də,  yardıma baxan nazir də, nədir o qurums… cənabın adı, onlar da sizin kimi və bəlkə sizdən on qat artıq müsəlmandırlar, Allah onlara buyursaydı ki, əhaliyə uşaq pulu verin, verərdilər. Deməli Allah buyurmur. Allahdan narazısınızsa, gedin yığılın məsciddə, etiraz aksiyası keçirin, ya ərizə yazın Allahşükürə, o da lazımı yerinə yollasın…

Zariyat surəsi, 58-cı ayə: «Şübhəsiz ki, ruzi verən də, güc və qüvvət sahibi olan da Allahdır!»

Bu, çox gözəl ayədir. Yuxarıdakı ayəni tamamlayır. Burda deyir ki, ruzini də Allah verir, güc və qüvvəti də. Son sözlərə xüsusi fikir verin. Görün Allah necə uzağı görür. Bilib ki, siz səhvən ruzini gedib nazirdən ya möhtərəm prezidendən istəyəcəksiniz. Polislər də haqlı olaraq, tamamilə haqlı olaraq dəyənəkərini qapıb qol-qabırğanızı əzəcəklər. Bəlkə də sındıracaqlar. Çox haqlı olaraq. Çünki siz Quran deyənə, Allahın buyurduğuna boyun qoymursunuz. Ona görə sizin boynunuz burulub sındırılmağa layiqdir.

Hələ bu harasıdır. Ənkəbut (ərəbin sözünə bax: ənkəbut! Abid Qafarovun söyüşlərini yadıma saldı. Abid Qafarov onu şəbəkədə tənqid edənləri belə söyür: «Sənin ənkə böyüyün… «- bu da azərbaycanlı müsəlman!), yəni Hörümçək surəsinin 60-cı ayəsində deyilir: «Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır ki, onların da, sizin də ruzinizi Allah verir…»

Başa düşdünüz? Sizin nazirliyin qabağına getməyinizə, nazirə müraciətlər yazmağınıza ehtiyac yoxdur. Allah məsləhət bilib sizə ruzi, pul ayırsa, bunları birbaş qapınıza gətirib sizə təqdim edəcəklər. Gətirmirlərsə, deməli, Allah buyurmur. Nazir də özbaşına deyil ki. Əlahəzrət prezident də Qurana and içib, indi Allahla ayaq-ayağa verə bilməz ki.

Ona görə də əgər özünüzü müsəlman sayırsınızsa, hicab davası eləyirsinizsə, Quranda deyilənlərə əməl edin, Quranda buyurulan kimi oturub-durun.

Bir lətifə var, rus lətifəsidir. Boynunda yekə xaç olan bir yəhudi  ümumi hamama gəlir, tam soyunub özünü verir buğa. Yanındakılar gah onun boynuna baxırlar, gah da əyilib qurşağından aşağısına. Biri dözməyib deyir: “Bura bax, sən ya xaçı boynundan çıxar, ya da tumanını (трусы) gey”…

(Послушайте, вы или крестик снимите, или трусы наденьте!

Siz də həmçinin. Müsəlmansınızsa, öz kitabınız deyən kimi oturub-durun. Möhtərəm əlahəzrət prezidentin başını ağrıtmayın…

Mİrzə ƏLİL

23. 10. 2026, Samara