Архив тегов | kərbəlayı Xədicə

«MƏN, SƏKKİZ YAŞLI KƏRBƏLAYI XƏDİCƏ, LENİN ADINA PİONER TƏŞKİLATINA QƏBUL OLARKƏN AND İÇİRƏM…»

“Mən (ad, soyadı), Lenin adına Ümumittifaq Pioner Təşkilatına daxil olarkən yoldaşlarımın qarşısında təntənəli and içirəm: Vətəni qızğın məhəmbbətlə sevəcək, böyük Leninin vəsiyyət etdiyi və Kommunist partiyasının öyrətdiyi kimi yaşayacaq, oxuyacaq və mübarizə aparacaq, Sovet İttifaqı pionerlərinin qanunlarını yerinə yetirəcəyəm”.

SSRİ dağılana qədər on yaşına çatmış bütün məktəblilər bu andı içərək pioner təşkilatına qəbul olunur və on dörd yaşa çatana qədər pioner adlanaraq qırmızı qalstuk bağlayır, döş nişanı taxırdılar.

Sovet Azərbaycanında əlli-altmış il ərzində hansı valideyninsə qızının ya oğlunun bu təşkilata girməyinə etdiyi barədə məlumat yoxdur. Əksinə, bütün analar  çox həvəslə uşaqlarının qalstukunu yuyur, ütüləyirdilər. Qalstuklar iki cür olurdu: ucuz çitdən olan qalstuk tez rəngini itirirdi və ucları da burulurdu. Süni ipəkdən olan qalstukun rəngi uzun müddət getmirdi, yaxşı ütü götürürdü. Baha olduğundan uşaqların çoxu çit qalstuk taxırdı…

İndi şəkli bütün dünyanın radikal islamçı mətbuatının ön səhifələrini bəzəyən Kərbəlayı Xədicənin uşaqlığı əlli il bundan qabağa düşsəydi, o da kərbəlayı Xədicə yox, pioner Xədicə olacaqdı, atası qalstukun ipəyindən alacaqdı, anası hər gün ütü çəkəcəkdi, döş nişanını diştəmizləyən tozla sürtüb parıldadacaqdı. Kərbəlayı Xədicə bəlkə də siniflərində manqa rəhbəri olacaqdı, sovet pionerinə yaraşmayan hərəkətlər edən yoldaşları barədə “yuxarıya”, yənı baş dəstə rəhbrinə və hətta direktora məlumat verəcəkdi. Pioner Xədicə səbirsizliklə komsomola keçəcəyi günü gözləyəcək, özündən böyüklərin komsomol biletinə həsədlə baxacaqdı. Atası deyəcəkdi: “qızım, sən hələ partiyaya da keçecəksən, tarix fakultəsinə girə bilsən, raykom katibi də olarsan”…

Qəribə deyilmi? Əlli-altmış il ərzində Azərbaycanda bir nəfər də deməyib ki, yox, mənim qızım ya oğlum pionerə ya komsomola keçə bilməz, çünki bu təşkilatra üzvlük mənim dni etiqadıma ziddir, mən uşağımın boğazına çatı salıb boğaram ki, bu allahsız təşkilatlara üzv olmasın…”

Yox, əsla yox. Əksinə, əgər bir uşağı dələduzluğuna ya ayrı qüsurlarına görə pionerə ya komsomola qəbul eləməsəydilər, valideynləri dəridən-qabıqdan çıxardılar ki, “uşağın işini” düzəltsinlər… Pionerdən, komsomoldan qovulan uşaqları ali məktəbə də qəbul eləməzdilər…

Əlli-altmış ildə bu xalqın dindarlığı harda imiş və ya harasında imiş? Dini hisslərini indiki həcilər, kərbəlayılar, şeyxlər gharalarına soxub gizlədiblərmiş? Niyə cınqırları çıxmırmış? Deməli, bütün xalq binamus, biqeyrət imiş? İndi arsız-arsız din azadlığından danışırlar, ancaq bu azadlığı onlara Qorbaçovun verdiyini dillərinə gətirmirlər. Onlar gərək Qorbaçovu müqəddəs sayalar, ona şeyx Qorbaçov deyələr. Azərbaycandakı 1900 məscid Qorbaçovun sayəsində yaranıb. Qorbaçov SSRİ xalqlarına azadlıq, o cümlədən inam azadlığı verməsəydi, indiki şeyxlər, döş ciblərində, ürəklərinin başında bolşevik bileti gəzdirəcəkdilər. Ancaq onlarda nə kommunist əxlaqı, nə kommunist əqidəsi olacaqdı. Necə ki, indi – bu müsəlman adları, statuslar əqidə göstəricisi deyil, bu, kütlə içində fərqlənmək üçün statusdur. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” – nə təhsili var, nə peşəsi, Məkkəyə təyyarə ilə və yəqin ki, haram pulla uçub, adına “hacı” əlavə edib və özü öz gözündə böyüyüb, indi məclisə girəndə gərək hamı ayağa qalxa…

Səkkiz yaşlı Kərbəlayı Xədicə bəlkə də Kərbəlaya anasının qucağında gedib. İndi sinfə Kərbəlayı Xədicə kimi girir və şübhəsiz ki, özünü kərbəlayı olmayanlardan üstün, onları isə bəlkə də pozğun, əxlaqsız sayır. Bu kərbəlayı Xədicədən sinifdə beş nəfər olsa, qalan iyirmi beş nəfəri gözümçıxdıya salarlar – buna şübhəniz olmasın…

Azərbaycanda çox ağır siyasi rejim mövcuddur və bu rejim radikal islamçıığın dərin kök atması  üçün məsuiliyyət daşıyır. Çünki bir tərəfdən özünü islamçı göstərə-göstərə radikal islamçıları şirnikləndirib, digər tərəfdən bütün başqa siyasi-ictimai fəaliyyətləri qanundankənar elan edən ölkədə dindarlıq yeganə leqal fəaliyyət formasına çevrilir. Və 1900 məscidə qarşı cəmi 26 teatrı olan ölkədə əhalinin kütləvi şəkildə dini təbliğata uyması təəccüblüdürmü?

«Qəhvəyi taun”un nə olduğunu yaşlı nəsil yaxşı bilir. İndi Azərbaycan yavaş-yavaş “yaşıl taun”a yoluxur. Təəssüf ki, ölkədə həkimliyə, sanitarlığa yarayacaq zümrəni görmürük… Ümid əslində bu bəlanı öz vecsiz siyasəti ilə yaratmış hakimiyyətədir. Başqa ümid, təəssüf ki, yoxdur…

21. 10. 2026, Samara