Архив тегов | hicablı müəllimlər

İLHAM ƏLİYEV XALQLA İLLƏRDƏN BƏRİ OYNADIĞI «İSLAM OYUNU»NU, DEYƏSƏN, UDUZUR…

Azərbaycanlıların necə and içdiklərini, daha doğrusu, necə and içdiyimizi yaxşı bilirik. İstər Allaha, istər Qurana, istər Ətağanın cəddinə, istər qərib əzizilərin canına and içilsin – bu andların səmimi içildiyinə, and içənin içdiyi anda sadiq qalacağına ancaq sadəlövh insan inanar. Gəlin “Danabaş kəndinin əhvalatları”ndan karvansarada Kərbalayı Cəfərlə Xudayar katda arasındakı səhnələri xatırlayaq.  Xudayar Məmmədhəsən əminin eşşəyini minib gəlib şəhərə, Məmmədhəsən əminin xırda oğlu gəlib eşşəyinin dalınca, özünü sürtür yerə ki, verin eşşəyimi aparım. Kərbəlayı Cəfər deyir ki, “axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə…. Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyә? Görək mənnən qəsd-qərəzin var?» Xudayar deyir ki, Məmmədhəsən əmi eşşəyi özü veribdi. Kərbəlayı Cəfər inanmayanda Xudayar katda and içir: «Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?»

Qurana içdiyi anddan beş-on dəqiqə keçməmiş Xudayar özgə eşşəyini girov qoyacaq.

«Kərbəlayı Сəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər neсә olmuş olsa, tapıb mənim işimi düzəldəsən.»

Kərbəlayı Сəfər əlüstü cavab verdi:

«Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?»

Xudayar təklif edir ki, eşşəyi girov qoysun. Beş dəqiqə əvvəl peyğəmbərə and içib pulunun olmadığını deyən  “kərbəlayı Сəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına.”

O vaxtdan biz azərbaycanlılar dəyişmişikmi? Yox! Sözünə sadiq adam, reputasiyalı adam niyə and içməlidir?

Yeri gəlmişkən, karvansara epizodunda biz azərbaycanlıların müsəlmanlığını, yəni bizdə dini əxlaqın və ya ümumiyyətlə əxlaqın yalnız deklarasiya, ritorika olduğunu sübut edən başqa detallar da var. Kərbalayı Cəfərin oğlu çölməkdə yemək gətirib deyir:

«Dadaş bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Сəfər qeyznən cavab verdi:

«Ay ananın dədəsinin gorunu ….» Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

İndi bilmirəm,  bir vaxt, yəni bir -iki nəsil əvvələcən, öz arvadlarının ata-anasını, bacı-qardaşlarını seksuallaşdırılmış söyüşlərlə söymək azərbaycanlı kişilərin əksəriyyəti üçün norma olub. “Ölülərin gorunu” xüsusi həzzlə söyürdülər. “Ananın ağzını…” bu da şiə söyülərinin hiti sayıla bilərdi… Andlarını yalandan içən müsəlmanlarımız söyüşlərində tam səmimi idilər və hər an bunu sübut etmək üçün hərəkətə keçə bilərdilər: qadının saçını əlinə dolayıb sürümək, yerə yıxıb qol-qabırğasını sındırmaq… “Danabaş kəndinin əhvalatları”nda belə səhnə də var…

Mən azərbaycanlılarda anda qeyri-ciddi münasibəti ona görə xatırladıram ki, prezidentin Qurana içdiyi andı xalqın əksəriyyətinin ciddi qəbul etmədiyini çatdırım. Yəni xalq bilir ki, o, Qurana necə and içir və içdiyi andı necə pozursa, prezident də eynilə o cür and içir və onun içdiyi anda əməl edəcəyini ancaq sarsaq adamlar gözləyə bilərlər..

Yəni İlham Əliyev Azərbaycan xalqı ilə sonu görünməyən İslam oyununa girişmişdi. Bu, idman oyunundan çox qumar oyununa bənzəyirdi. Ancaq uşaqların yalançı qumarına – əsl pul əvəzinə yalançı pul, konfet kağızı ya ayrı vecsiz şey. Hər şey yalançıdır – kartlar da, oynanılan pullar da…

Və prezidentin hər dörd ya beş ildən bir Qurana and içməyi “Groundhog Day” adlı məşhur Amerika filminə də bənzəyirdi ( azərbaycanca adını bilmirəm – “Marmot günü”? “Dağsiçanı günü”?) Xalq beş ya altı ildən bir ayılır, ya da bir gözünü açır, artıq bir neçə dəfə görmüş olduğu şeyi təkrar görür…

İlham Əliyev arxayın idi ki, xalqla oynadığı İslam oyununu udub, udur və həmişə udacaq. Xalq da  saxta kartlarla,yalançı pullarla, konfet kağızı bu qumarı prezident istəyən qədər oynayıb ona uduzmağa hazır idi. Ancaq məlum olur ki, xalqın içində ciddi adamlar var imiş və onlar gözə çarpmadan bu başaldatdı İslam oyununa qoşulublar, tədricən yalançı kartları əsl kartlar əvəz edib, yalançı pullar bir kənara qoyulub, ortaya həqiqi pullar atılıb, böyük pullar… Oyunun bu cür radikal dəyişə biləcəyini gözləməyən prezident başlayıb onu dramatik şəkildə uduzmağa…

Bir məzəli video var. Köhnədir. İlham Əliyev hansısa jurnalistə onun qumarbaz olduğu və həmiş uduzduğu barədə düşmənlərinin yaydığı məlumatların yalan olduğunu deyir və sözünə qüvvət kimi ritorik sual verir: “Mən qumar oynamışamsa, yəni həmişə uduzmuşam? Heç udan vaxtım olmayıb?”

Mən İlham Əliyevin qumar oynayıb-oynamadığını bilmirəm, hamının cavanlıq günahları var, indi İlham Əliyevin necə rəhbər olmağının onun bir vaxt qumar oynayıb-oynamamasl ilə heç bir əlaqəsi yoxdur. Ancaq islamçılarla, müsəlmanlarla münasibətini İlham Əliyev oyun kimi, məhz qumar oyunu kimi qurmuşdu – onun fikrincə, başaldatdı oyun kimi. O özünü elə göstərurdi ki, ölkənin birinci dindarı odur, xalq da özünü elə göstərirdi ki, ona inanır. Çünki xalqın böyük əksəriyyətinin də, bəlkə də xoşbəxtlikdən, dərin inamı yoxdur. Yəqin ki, xoşbəxtlikdən. Ağlı başında olan adam cəhənnəmdə yandırılacağına inanar?

Ancaq ölkədə ciddi azlıq var. Yəni ciddi kişilərdən ibarət azlıq var. Onlar başaldatdı oyunlara yalnız o məqsədlə girirlər ki, oyunun qaydalarını öz istədikləri kimi dəyişsinlər, yəni onu ciddiyə çevirsinlər. Ciddidə bu azlıq güclüdür. Təbliğatda da, təşviqatda da, şantajda da, manipulyasiyada da. Arxasında da güclü maliyyəyə malik islamçı dairələr durub. Onlar zarafat sevmirlər. Onların zarafatı da, sarkazmı da, ironiyası da qorxu yaradır və hətt tük ürpədir. İranda 20-30 avtomobil kranından asılmış ölülər – elə bil ki, balıq qurudulur… Bu, “əhli-beyt” mücahidlərinin estetikasıdır…

 

 04. 11. 2026, Samara

«ƏVVƏL ARVADLARI ABRA SALAQ…»HƏ? BƏLKƏ QABAQCA OĞLANLARI VƏ KİŞİLƏRİ?

“ Əvvəl biz gedək, arvadları abra salaq…”

Bu günün Azərbaycan həyatı elə bil ki, “Hacı Kərimin aya səyahəti”ni xatırladır, on minlərlə, yüz minlərlə kişi daha yaxşı tətbiqə layiq inadla qeyrət və namus asayişinə qalxaraq arvadları abra salmaq istəyirlər. Arvad deyəndə ki, əslində qadın cinsi ilə doğulmuş hər kəsi – biz çoxsaylı videolarda “könüllü” hicab əsarətini qəbul etmiş beş-altı yaşlı körpə qızları da görürük..

Qəribədir, doğrudanmı bu kişilərin əksəriyyəti və bəlkə də hamısı qadın qeyrətini qorumağa özünü layiqli bilir? Yəni bu kişilərin fikrincə qadın ibtidadan, yəni yaranışdan zəif varlıqlardır, onların içində yaşadıqları cəmiyyətin əxlaq normalarına və standartlarına uyğun yaşaya biləcəklərinə qətiyyən etibar eləmək olmaz, qadin cinsindən olanlar lap az yaşlarından kişilərin nəzarətinə götürülməli və əslində əsarətə çevrilən bu nəzarət qadın əfəlləyib əldən düşünə qədər davam etməlidir.

“Hicab bizim qeyrətimiz, namusumuzdur”, — müxtəlif yaşda, müxtəlif şəkildə olan kişilərin səsləndirdiyi şüar janrında bu iddia  sosial şəbəkələrdə minlərlə layk yığır. Ancaq bu kişilərin özlərinin kim olduğu ilə maraqlanan yoxdur. Bu kişilər qeyrət çəkməyə layiq adamlardırmı? Bəs hər birinin həyatı  diqqətlə öyrənilsə? Bəs hər birinin telefonuna, kompüterinə baxılsa? Oturub-durduğu adamlarla elədiyi söhbətlərə qulaq asılsa?  Onda arvadların qeyrətiniu çəkmək arzusunda olan bu kişilərin həyatının elə təfərrüatı üzə çıxar ki, söyləməyə, yazmağa da çətinlik çəkərsən… Əgər bizim kişilər belə ucdantutma qeyrət, namus mücahidləridirsə, onda İnternetdə pornosaytlara yüz minlərlə, milyonlarla baxış hardandır? Müxtəlif adlarla pərdələnib əslində seksual xidmət göstərən obyektlərdən çox danışırlar – onların müştəriləri kimlərdir? Yəqin ki, elə qeyrət, namus davası eləyənlərin çoxu…

Daha vacib sual: əgər bizim milləti əxlaq narahat edirsə (mən əminəm ki, belə deyil, şiəlik sektadır, sektanın öz məqsəd və məramları var, hicab – kütlələrin cəlbi və səfərbərliyi üçün görülən işdə birləşdirici rəmzdir), niyə yalnız qızların, qadınların əxlaqı? Bəs oğlanların, kişilərin?

Böyük alman filosofu İmmanuil Kand “Antropologiya praqmatik baxımdan” adlı əsərində (1798) vətəndaş yetkinliyi ilə təbii yetkinlik arasında fərqi göstərir. Oğlan uşağı, Kantın müşahidəsinə görə 10 yaşından nəsil artırmağa qadir olur.

O vaxt isə kişi yalnız 25 yaşına çatanda cəmiyyətin müstəqil üzvü olaraq ailəni saxlamağa və uşaq tərbiyə etməyə qadir ola bilərdi.

10 yaşla 25 yaş arasındakı dövrün nə ilə dolduğu barədə sual qaldıran Kant özü ona belə cavab verir: yəqin ki, bu dövr daxili ixtilafla, ayıbla və günahla doludur.

Kantın nöqteyi-nəzərindən bu dövrün əsas problemləri bunlardır:

Təbiətlə mübarizə: Gənc oğlan məcburdur ki, daim güclü təbii ehtiraslarını söndürsün, çünki cəmiyyət onların reallaşması üçün ona leqal və əxlaqi imkan vermir. Kant qeyd edir ki, bu boşluq qaçılmaz şəkildə gəncləri ayıb hərəkətlərə  ya da nizamsız əlaqələrə və fahişələrlə yaxınlığa sövq edir ki, bu da onların həm əxlaqınl, həm də fiziki gücünü zəiflədir.

Kantın bu problemllə bağlı çox maraqlı, sistemli tövsiyələri var, mən ancaq oğlan uşaqları və yeniyetmələr üçün çox problemli dövrün olduğunu nəzərə çatdırıram ki, həmin dövrdə nəzarət altında qızlar yox, bəlkə də oğlanlar olmalıdırlar. Əgər qondarma islamçılar kimi namus, qeyrət müdafiəçisi rolunu oynamaq fikrinə düşmüşüksə, gərək qızlara hicab bağlatdırmamışdan qabaq oğlanlar da xüsusi  geyim elementlərindən istifadə edələr.

Doğrudan da, niyə məktəbli  oğlanlar, hətta tələbə gənclər üçün orta əsrlərdə dərvişlərin-qələndərlərin istifadə etdiyi həlqələr məcburi olmasın? İndi sənaye üçün yüngül xəlitədən olan həlqələr buraxmaq problem deyil, Çinə sifariş eləsən, bazarı doldurar. Prezident fərman verər ki, intim orqanına həlqə salıb sıxmayan, iffət kəməri və ya iffət qəfəsi geyməyən bir oğlan belə dərsə buraxılmasın. Belə həlqədən, həmçinin iffət kəmərindən ya iffət qəfəsindən istifadə edən oğlanlarda, gənclərdə qızlara qarşı yalnız qardaş münasibəti ola bilər, qızların da özünü gizlətməyə ehtiyacı olmaz…

620 min insanı əhatə edən 211 tədqiqatın qlobal metaanalizi seksual davranışda  mühüm gender fərqlərinin olduğunu təsdiq edir.

Libido səviyyəsi: Kişilər bütün ömürləri boyu daha güclü cinsi həvəsə malikdirlər. Onlar  mühüm dərəcədə daha tez-tez seks barədə düşünür, kortəbii istəklər yaşayırlar.

Bu o deməkdir ki, nəzarətə, abra salınmağa qızlardan, qadınlardan çox oğlanların və kişilərin daha çox ehtiyacı var. Özləri üçün dörd arvad almaq normasını Allahın adı ilə bağlayıb qanunilədirilmiş, istər şənlikdə, istər yasda söhbətlətinin əsas mövzusu birbaşa ya dolayısı ilə seks olan şorgöz kişilərin “hicab! hicab!” qışqırmağı həm də öz eyiblərini örtmək üçündür. Ancaq qlobal məqsəd, əlbəttə, İŞİD dövləti qurmaq yolunda ilk böyük addım kimi qadınları əsarət altına almaqdır.

 

30. 10. 2026, Samara

«MƏN, SƏKKİZ YAŞLI KƏRBƏLAYI XƏDİCƏ, LENİN ADINA PİONER TƏŞKİLATINA QƏBUL OLARKƏN AND İÇİRƏM…»

“Mən (ad, soyadı), Lenin adına Ümumittifaq Pioner Təşkilatına daxil olarkən yoldaşlarımın qarşısında təntənəli and içirəm: Vətəni qızğın məhəmbbətlə sevəcək, böyük Leninin vəsiyyət etdiyi və Kommunist partiyasının öyrətdiyi kimi yaşayacaq, oxuyacaq və mübarizə aparacaq, Sovet İttifaqı pionerlərinin qanunlarını yerinə yetirəcəyəm”.

SSRİ dağılana qədər on yaşına çatmış bütün məktəblilər bu andı içərək pioner təşkilatına qəbul olunur və on dörd yaşa çatana qədər pioner adlanaraq qırmızı qalstuk bağlayır, döş nişanı taxırdılar.

Sovet Azərbaycanında əlli-altmış il ərzində hansı valideyninsə qızının ya oğlunun bu təşkilata girməyinə etdiyi barədə məlumat yoxdur. Əksinə, bütün analar  çox həvəslə uşaqlarının qalstukunu yuyur, ütüləyirdilər. Qalstuklar iki cür olurdu: ucuz çitdən olan qalstuk tez rəngini itirirdi və ucları da burulurdu. Süni ipəkdən olan qalstukun rəngi uzun müddət getmirdi, yaxşı ütü götürürdü. Baha olduğundan uşaqların çoxu çit qalstuk taxırdı…

İndi şəkli bütün dünyanın radikal islamçı mətbuatının ön səhifələrini bəzəyən Kərbəlayı Xədicənin uşaqlığı əlli il bundan qabağa düşsəydi, o da kərbəlayı Xədicə yox, pioner Xədicə olacaqdı, atası qalstukun ipəyindən alacaqdı, anası hər gün ütü çəkəcəkdi, döş nişanını diştəmizləyən tozla sürtüb parıldadacaqdı. Kərbəlayı Xədicə bəlkə də siniflərində manqa rəhbəri olacaqdı, sovet pionerinə yaraşmayan hərəkətlər edən yoldaşları barədə “yuxarıya”, yənı baş dəstə rəhbrinə və hətta direktora məlumat verəcəkdi. Pioner Xədicə səbirsizliklə komsomola keçəcəyi günü gözləyəcək, özündən böyüklərin komsomol biletinə həsədlə baxacaqdı. Atası deyəcəkdi: “qızım, sən hələ partiyaya da keçecəksən, tarix fakultəsinə girə bilsən, raykom katibi də olarsan”…

Qəribə deyilmi? Əlli-altmış il ərzində Azərbaycanda bir nəfər də deməyib ki, yox, mənim qızım ya oğlum pionerə ya komsomola keçə bilməz, çünki bu təşkilatra üzvlük mənim dni etiqadıma ziddir, mən uşağımın boğazına çatı salıb boğaram ki, bu allahsız təşkilatlara üzv olmasın…”

Yox, əsla yox. Əksinə, əgər bir uşağı dələduzluğuna ya ayrı qüsurlarına görə pionerə ya komsomola qəbul eləməsəydilər, valideynləri dəridən-qabıqdan çıxardılar ki, “uşağın işini” düzəltsinlər… Pionerdən, komsomoldan qovulan uşaqları ali məktəbə də qəbul eləməzdilər…

Əlli-altmış ildə bu xalqın dindarlığı harda imiş və ya harasında imiş? Dini hisslərini indiki həcilər, kərbəlayılar, şeyxlər gharalarına soxub gizlədiblərmiş? Niyə cınqırları çıxmırmış? Deməli, bütün xalq binamus, biqeyrət imiş? İndi arsız-arsız din azadlığından danışırlar, ancaq bu azadlığı onlara Qorbaçovun verdiyini dillərinə gətirmirlər. Onlar gərək Qorbaçovu müqəddəs sayalar, ona şeyx Qorbaçov deyələr. Azərbaycandakı 1900 məscid Qorbaçovun sayəsində yaranıb. Qorbaçov SSRİ xalqlarına azadlıq, o cümlədən inam azadlığı verməsəydi, indiki şeyxlər, döş ciblərində, ürəklərinin başında bolşevik bileti gəzdirəcəkdilər. Ancaq onlarda nə kommunist əxlaqı, nə kommunist əqidəsi olacaqdı. Necə ki, indi – bu müsəlman adları, statuslar əqidə göstəricisi deyil, bu, kütlə içində fərqlənmək üçün statusdur. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” – nə təhsili var, nə peşəsi, Məkkəyə təyyarə ilə və yəqin ki, haram pulla uçub, adına “hacı” əlavə edib və özü öz gözündə böyüyüb, indi məclisə girəndə gərək hamı ayağa qalxa…

Səkkiz yaşlı Kərbəlayı Xədicə bəlkə də Kərbəlaya anasının qucağında gedib. İndi sinfə Kərbəlayı Xədicə kimi girir və şübhəsiz ki, özünü kərbəlayı olmayanlardan üstün, onları isə bəlkə də pozğun, əxlaqsız sayır. Bu kərbəlayı Xədicədən sinifdə beş nəfər olsa, qalan iyirmi beş nəfəri gözümçıxdıya salarlar – buna şübhəniz olmasın…

Azərbaycanda çox ağır siyasi rejim mövcuddur və bu rejim radikal islamçıığın dərin kök atması  üçün məsuiliyyət daşıyır. Çünki bir tərəfdən özünü islamçı göstərə-göstərə radikal islamçıları şirnikləndirib, digər tərəfdən bütün başqa siyasi-ictimai fəaliyyətləri qanundankənar elan edən ölkədə dindarlıq yeganə leqal fəaliyyət formasına çevrilir. Və 1900 məscidə qarşı cəmi 26 teatrı olan ölkədə əhalinin kütləvi şəkildə dini təbliğata uyması təəccüblüdürmü?

«Qəhvəyi taun”un nə olduğunu yaşlı nəsil yaxşı bilir. İndi Azərbaycan yavaş-yavaş “yaşıl taun”a yoluxur. Təəssüf ki, ölkədə həkimliyə, sanitarlığa yarayacaq zümrəni görmürük… Ümid əslində bu bəlanı öz vecsiz siyasəti ilə yaratmış hakimiyyətədir. Başqa ümid, təəssüf ki, yoxdur…

21. 10. 2026, Samara

MÜSƏLMAN BİZ VƏ XRİSTİAN GÜRCÜLƏR: KİMİN GÜNÜ DAHA XOŞ KEÇİR?

Şekspirin eyni adlı faciəsinin qəhrəmanı Hamlet deyir: «…for there is nothing either good or bad, but thinking makes it so» Yəni, ya yaxşı, ya pis olan heç nə yoxdur, hər şeyi yaxşı ya pis edən bizim fikrimizdir, bizim verdiyimiz qiymətdir.

Son on gün ərzində fövqəladə fəallıq göstərən islamçıların spikerləri hicabdan istifadə edərək əslində İslam təbliğatı, daha doğrusu, reklam kampaniyası aparırlar. Klassik İslam reklam, təbliğat, təşviqat tanımayıb. Ərəblər bizim ulu babalarımızın üstünə qılıncla gəliblər və onlara seçim şansı verməyiblər. İndiki islamçıların silaha sarılmaq potensialı yoxdur, hələ azdırlar, üstəlik ən zirəkləri, döyüşkənləri, radikalları zərərsizləşdiriliblər. Ona görə islamçılar onların özlərinin yox, yəhudilərin, xristianların, çinlilərin yaratdığı imkanlardan istifadə edərək, yəni İnternet və İnternetdəki sosial şəbəkələrdə səfərbər olaraq futbolun “ən yaxşı müdafiə hücumdur” prinsipindən istifadə edir, hicabın məziyyətlərini təbliğ edərək tərəfdarlarının sayını artırmağa çalışırlar. Yəni sadə desək, kişili-arvadlı İslam təbliğatçıları əhalinin dindən uzaq olan hissəsini inandırmağa çalışırlar ki, yalnız müsəlman həyatı yaşayan insan əsl xoşbəxtliyin nə olduğunu bilər.

Şekspirin dediyi kimi, hər şeyin müqayisədə tanındığı fikrini rəhbər tutsaq, islamçıların bu iddiasının doğru ya yalan olduğunu asanlıqla üzə çıxararıq.

Gəlin Cənubi Qafqazın üç böyük xalqını müqayisə edək. Yox, erməniləri çıxaq ki, artıq-əskik danışılmasın. Götürək gürcüləri və özümüzü. Əvvəl elə bugunkü günümüzü tutuşduraq. Bu iki xalqdan hansı yaxşı yaşayır? Gürcüstanın sərhədləri bağlıdır? Yox. Gürcüstanda siyasətçilər (Saakaşvilini çıxaq, o, ölkə sərhədini qanunsuz keçib, ona qarşı başqa ittihamlar da var) tutulurlar? Yox. Jurnalistlər, xüsusən qadın jurnalistlər, Gürcüstanda şərlənib uzunmüddətli həbs cəzası alırıar? Yox!

Bir az geriyə, sövet dövrünə dönək. Götürək kino və teatrı. Gürcü filmləri bütün SSRİ-də sevilib. Gürcüstanın iki dram teatrı əlli-altmış il bundan qabaq bütün Avropada tamaşalar verirdilər və həmişə anşlaq olurdu. Amerika baletinin yaradıcısı kimdir? Gürcü Balançin! Gürcü Tsiskaridze və Ananiaşvili uzun illər Bolşoy teatrın əsas rəqqasları olublar, Tsiskaridze indi balet akademiyasının rektorudur.

Gürcü mənşəli çoxlu həkim Moskvada, Peterburqda ad çıxarıb. Təkcə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Leo Bokeriyanın xatırlamaq kifayətdir.

Bəs idman? Tbilisinin “Dinamo” komandası nəinki SSRİ çempionu olub, bu komanda Avropa kubokunu da qazanıb. Bakının “Neftçi” komandasında yalnız ruslar və ermənilər oynayan vaxtlar “Dinamo”da oynayanların hamısı yalnız gürcülər idilər, tək-tük abxaz ya osetin də olurdu ki, onlar da yerli xalqların nümayəndələri idilər. Gürcülər sövet dövründə güləş üzrə dönə-dönə dünya və olimpiya çempionu olublar. Rusiyanın güləş üzrə yığmasına indi də olimpiya çempionu Mixail Mamiaşvili başçılıq edir. Gürcüstanda, iqtisadi çətinliklərə baxmayaraq, indi də yaxşı futbolçular yetişirlər. Kvaratsxeliya Qızıl topa əsas namizədlərdən biridir. Avropanın top çempionatlarında daha bir neçə gürcü oynayır – Liverpulda, Vilyarealda.

Xristianlıq gürcülərə həm də o üstünlüyü verib ki, xristianlığı qəbul edəndə İncil onların dilinə tərcümə olunub. Bu o deməkdir ki, əhali elliklə savadlanır və nə oxuduğunu başa düşür. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər əhalinin böyük əksəryyəti savadsız olub, savadlı olanlar da yalnız Quranı oxuya biliblər və nə oxuduqlarını da başa düşməyiblər. Ona görə bizdə yasini pulla oxutmaq ənənəsi yaranıb…

Gürcülər Rusiyanın tərkibinə girəndən sonra uşaqlarını onun ali məktəblərində oxudublar, çoxlu gürcü rus ordusunda yüksək rütbələr qazanıb. General Baqration Napoleona qarşı döyüşlərdə ən çox fərqlənmiş generallardan biridir.

Saymaqla qurtarmaz…

Bizə deyirlər az müsəlmanıq, gərək çox müsəlman olaq. Müsəlmanlığımız zəifdir, gərək gücləndirək ki, işlərimiz düzəlsin.

Düzəlməz. İşlərimiz düzəlsəydi, bu on üç-on dörd əsr ərzində düzələrdi. Əgər xoşbəxtlik istəyiriksə, onu İslamda axtarmağa dəyməz. İslam xoşbəxtliyi, sadə desək, kefi bizə o dünyada, cənnətdə vəd edir. Bu dünyada biz ancaq ibadət eləməliyik. Şiələr isə ilin yarısını imamlara yas tutmalıdır. İslamın bayramı yoxdur. Ən əziz bayramımız bizə atəşpərəstlikdən qalıb. İslamın bayramı Qurbandır ki, bu da bayramdan çox hərbi təlimə, baş kəsmək, qan axıtmaq təliminə bənzəyir…

Beş-altı gürcü bir yerə yığılanda yaxşı yeyir, öz əlləri ilə yetirdikləri üzüm şərabından içir və başlayırlar oxumağa — gürcülərin polifonik, yəni çoxsəsli xoru dünyada məşhurdur. Bizdə beş-altı kişi yığılanda hicabdan, qüslü necə almaqdan, amerikalıların ağamız Xamaneini necə öldürməyindən danışırlar…

İslam bizə şərab içməyi qadağan edib. Bizim içməyən kişilərimiz tiryəkçi olublar, anaşa çəkiblər. Gürcülər isə öz üzümlərinin çaxırını içib şənləniblər, oxuyublar…

Hicabsız gürcü arvadları gələcək rejissorlar, aktyorlar, müğənnilər, futbolçular doğurlar. Hicabsızları qoyaq bir qırağa, niyə bir hicablı azərbaycanlı arvad Xviça kimi futbolçu doğa bilmir?

İndi deyəcəyim sözdən heç kim inciməsin, çünki özüm lap eybəcərəm. Məktəblilərin şəkillərini görürəm İnternetdə, məyus oluram — nə qədər eybəcər uşaq var! Niyə belədir? Qadınların ağır iş görməyindən? Pis qidalanmaqdan? Suyun, torpağın zəhərli olmağından? Qohumlararası nikahlardan?

İndi gürcü uşaqlarına baxın…

Gürcülərin nefti, qazı yoxdur, ona görə Qarabağ, Sabah kimi feyk komandalar yarada bilmirlər. Ancaq yeni-yeni gürcü futbolçuları yetişir, çünki gürcülər azad xalqdır, onlara oğru idman məmurları rəhbərlik eləmirlər. Bizdə idman iqisadi, maliyə fırıldaqları zonasıdır. Alırlar, verirlər. Hamısı da müsəlman.

Soruşuram: niyə müsəlmanlıqla rüşvətxorluq, oğurluq, əyrilik, atmaqlıq bir araya sığır? Niyə azərbaycanlı müsəlmanın tərəzisi düz deyil, altna maqnit ya ayrı şey yapışdırır?

Yaşlı nəslin yadında olar: azərbaycanlılar bazarlığa Tiflisə, Yerevana gedərdilər. Azərbaycanın mağazaları tərifli yetmişinci illərdə boş idi… «Широко шагает Азербайджан по магазинам Грузии…» İnd maraqlı bir şey deyim. Elə o vaxtlar Salyana xeyli gürcü gəlirdi. Ağbalıq, kürü almağa. Salyanlıların çoxu, kürü bir yana, ağbalığı da alıb yeyə bilmirdi. Gürcülər gəlib alır, aparıb yeyir, üstündən  gözəl ev çaxırı vurur və oxuyurdular…

Bizim mollalar deyirdilər ki, ağbalığı yemək olmaz, axçası yoxdur…

 

20. 10. 2026, Samara