İLHAM ƏLİYEV XALQLA İLLƏRDƏN BƏRİ OYNADIĞI «İSLAM OYUNU»NU, DEYƏSƏN, UDUZUR…

Azərbaycanlıların necə and içdiklərini, daha doğrusu, necə and içdiyimizi yaxşı bilirik. İstər Allaha, istər Qurana, istər Ətağanın cəddinə, istər qərib əzizilərin canına and içilsin – bu andların səmimi içildiyinə, and içənin içdiyi anda sadiq qalacağına ancaq sadəlövh insan inanar. Gəlin “Danabaş kəndinin əhvalatları”ndan karvansarada Kərbalayı Cəfərlə Xudayar katda arasındakı səhnələri xatırlayaq.  Xudayar Məmmədhəsən əminin eşşəyini minib gəlib şəhərə, Məmmədhəsən əminin xırda oğlu gəlib eşşəyinin dalınca, özünü sürtür yerə ki, verin eşşəyimi aparım. Kərbəlayı Cəfər deyir ki, “axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə…. Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyә? Görək mənnən qəsd-qərəzin var?» Xudayar deyir ki, Məmmədhəsən əmi eşşəyi özü veribdi. Kərbəlayı Cəfər inanmayanda Xudayar katda and içir: «Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?»

Qurana içdiyi anddan beş-on dəqiqə keçməmiş Xudayar özgə eşşəyini girov qoyacaq.

«Kərbəlayı Сəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər neсә olmuş olsa, tapıb mənim işimi düzəldəsən.»

Kərbəlayı Сəfər əlüstü cavab verdi:

«Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?»

Xudayar təklif edir ki, eşşəyi girov qoysun. Beş dəqiqə əvvəl peyğəmbərə and içib pulunun olmadığını deyən  “kərbəlayı Сəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına.”

O vaxtdan biz azərbaycanlılar dəyişmişikmi? Yox! Sözünə sadiq adam, reputasiyalı adam niyə and içməlidir?

Yeri gəlmişkən, karvansara epizodunda biz azərbaycanlıların müsəlmanlığını, yəni bizdə dini əxlaqın və ya ümumiyyətlə əxlaqın yalnız deklarasiya, ritorika olduğunu sübut edən başqa detallar da var. Kərbalayı Cəfərin oğlu çölməkdə yemək gətirib deyir:

«Dadaş bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Сəfər qeyznən cavab verdi:

«Ay ananın dədəsinin gorunu ….» Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

İndi bilmirəm,  bir vaxt, yəni bir -iki nəsil əvvələcən, öz arvadlarının ata-anasını, bacı-qardaşlarını seksuallaşdırılmış söyüşlərlə söymək azərbaycanlı kişilərin əksəriyyəti üçün norma olub. “Ölülərin gorunu” xüsusi həzzlə söyürdülər. “Ananın ağzını…” bu da şiə söyülərinin hiti sayıla bilərdi… Andlarını yalandan içən müsəlmanlarımız söyüşlərində tam səmimi idilər və hər an bunu sübut etmək üçün hərəkətə keçə bilərdilər: qadının saçını əlinə dolayıb sürümək, yerə yıxıb qol-qabırğasını sındırmaq… “Danabaş kəndinin əhvalatları”nda belə səhnə də var…

Mən azərbaycanlılarda anda qeyri-ciddi münasibəti ona görə xatırladıram ki, prezidentin Qurana içdiyi andı xalqın əksəriyyətinin ciddi qəbul etmədiyini çatdırım. Yəni xalq bilir ki, o, Qurana necə and içir və içdiyi andı necə pozursa, prezident də eynilə o cür and içir və onun içdiyi anda əməl edəcəyini ancaq sarsaq adamlar gözləyə bilərlər..

Yəni İlham Əliyev Azərbaycan xalqı ilə sonu görünməyən İslam oyununa girişmişdi. Bu, idman oyunundan çox qumar oyununa bənzəyirdi. Ancaq uşaqların yalançı qumarına – əsl pul əvəzinə yalançı pul, konfet kağızı ya ayrı vecsiz şey. Hər şey yalançıdır – kartlar da, oynanılan pullar da…

Və prezidentin hər dörd ya beş ildən bir Qurana and içməyi “Groundhog Day” adlı məşhur Amerika filminə də bənzəyirdi ( azərbaycanca adını bilmirəm – “Marmot günü”? “Dağsiçanı günü”?) Xalq beş ya altı ildən bir ayılır, ya da bir gözünü açır, artıq bir neçə dəfə görmüş olduğu şeyi təkrar görür…

İlham Əliyev arxayın idi ki, xalqla oynadığı İslam oyununu udub, udur və həmişə udacaq. Xalq da  saxta kartlarla,yalançı pullarla, konfet kağızı bu qumarı prezident istəyən qədər oynayıb ona uduzmağa hazır idi. Ancaq məlum olur ki, xalqın içində ciddi adamlar var imiş və onlar gözə çarpmadan bu başaldatdı İslam oyununa qoşulublar, tədricən yalançı kartları əsl kartlar əvəz edib, yalançı pullar bir kənara qoyulub, ortaya həqiqi pullar atılıb, böyük pullar… Oyunun bu cür radikal dəyişə biləcəyini gözləməyən prezident başlayıb onu dramatik şəkildə uduzmağa…

Bir məzəli video var. Köhnədir. İlham Əliyev hansısa jurnalistə onun qumarbaz olduğu və həmiş uduzduğu barədə düşmənlərinin yaydığı məlumatların yalan olduğunu deyir və sözünə qüvvət kimi ritorik sual verir: “Mən qumar oynamışamsa, yəni həmişə uduzmuşam? Heç udan vaxtım olmayıb?”

Mən İlham Əliyevin qumar oynayıb-oynamadığını bilmirəm, hamının cavanlıq günahları var, indi İlham Əliyevin necə rəhbər olmağının onun bir vaxt qumar oynayıb-oynamamasl ilə heç bir əlaqəsi yoxdur. Ancaq islamçılarla, müsəlmanlarla münasibətini İlham Əliyev oyun kimi, məhz qumar oyunu kimi qurmuşdu – onun fikrincə, başaldatdı oyun kimi. O özünü elə göstərurdi ki, ölkənin birinci dindarı odur, xalq da özünü elə göstərirdi ki, ona inanır. Çünki xalqın böyük əksəriyyətinin də, bəlkə də xoşbəxtlikdən, dərin inamı yoxdur. Yəqin ki, xoşbəxtlikdən. Ağlı başında olan adam cəhənnəmdə yandırılacağına inanar?

Ancaq ölkədə ciddi azlıq var. Yəni ciddi kişilərdən ibarət azlıq var. Onlar başaldatdı oyunlara yalnız o məqsədlə girirlər ki, oyunun qaydalarını öz istədikləri kimi dəyişsinlər, yəni onu ciddiyə çevirsinlər. Ciddidə bu azlıq güclüdür. Təbliğatda da, təşviqatda da, şantajda da, manipulyasiyada da. Arxasında da güclü maliyyəyə malik islamçı dairələr durub. Onlar zarafat sevmirlər. Onların zarafatı da, sarkazmı da, ironiyası da qorxu yaradır və hətt tük ürpədir. İranda 20-30 avtomobil kranından asılmış ölülər – elə bil ki, balıq qurudulur… Bu, “əhli-beyt” mücahidlərinin estetikasıdır…

 

 04. 11. 2026, Samara