Spleen
Qüssə əsirliyində sızıldayan ruhlara,
Ağır və yaxın səma qapaq kimi enəndə,
Aləmi çevrələyən üfüqdən elə qara
Gün doğur üstümüzə, qəmi çox gecədən də.
Elə ki torpaq dönür rütubətli zindana,
Ümid Yarasa kimi zərif qanadlarıyla,
Divarları döyərək uçuq-sökük tavana,
Baş vurar şığıyaraq;
Tükənməz şırnaqları sallananda yağışın,
Barmaqlıqlar bərkidən türməni xatırladar.
Rəzil hörümçəklərin mini birdən daraşıb
Beynimizin dibinə, səssiz tor hörər orda.
Qəzəblə səslənərlər birdən qüllə zəngləri,
Tük ürpədən nərələr göylərə ucaldaraq.
Necə ki, ruhlar olur vətənsiz və sərsəri,
Ağlayıb-sızıldayır inadla yalvararaq.
Uzun şayiələrsə təbilsiz və çalğısız
Ləngərli dolaşırlar ürəyimdə; Ümidsə,
Yenilərək ağlayır, Qüssə qəddar, amansız,
Sərir qara bayrağı əyilmiş kəlləm üstə.
Fransızcadan tərcümə
09-10.06. 2018
Samara