Müxtəlif hallarda tez-tez işlədilən və müəllifliyi səhvən Makiavelliyə aid edilən bir ifadə var: “Qalib gələ bilmirsən — başçılıq et” və ya “Kütləyə qalib gələ bilmirsənsə, ona rəhbərlik et”.
Bu ifadənin bir varinantı kimi ingilis idiomu da mövcuddur: «If you can’t beat them, join them» — “qalib gələ bilmirsənsə, qoşul onlara”….
Nəinki konkret Nikkolo Makiavellini, hətta bütün makiavelliləri, onların dediklərini, onlara aid edilənləri, o cümlədən bu ifadəni İlham Əliyevin yaxşı bildiyinə şübhə etmirəm. Ancaq yaş ötdükcə yaddaş zəifləyir, həm yaşın ötməyi, həm yaddaşın zəifləməyi isə vəzifənin böyüklüyünə baxmır. Yəni İlham Əliyev bəlkə də bu ifadəni unudub deyə, mən onun yadına salmaq istədim. Çünki çox kiçik bu ifadədədə Azərbaycandakı siyasi böhranda çıxışın həlli var.
İfadəyə bir də baxaq: “Əgər kütləyə qalib gələ bilmirsənsə, ona başçılıq et”. Bəziləri təəccüb edərək deyə bilərlər ki, İlham Əliyev kütləyə çoxdan başçılıq edir, qələbəni isə hələ mərhum atası başçı olandan qazanıb. Burası, əlbəttə, elədir. Ancaq böyük kütlənin içində kiçik görünsə də, get-gedə həcmini, çəkisini artıran bir kütlə yaranıb ki, onun üzərində prezident hələlik qələbə qazana bilmir. Mən hicabçıları deyirəm. Hicabçılarla İlham Əliyev arasındakı döyüşdəmi deyək, oyundamı deyək, pat vəziyyəti yaranıb və belə vəziyyətdən şahmatda heç-heçə ilə çıxılır. Hicabçılarla oyunda heç-heçə isə İlham Əliyev üçün alçaldıcı məğlubiyyətdir.
Hakimiyyətə gələndən İlham Əliyev sistematik və metodik şəkildə ölkədə bütün azadfikirliliyə, onun hər cür təzahürünə qarşı bütün leqal, qeyri-leqal və hətta cinayət məsuliyyəti yarada biləcək vasitələrdən istifadə edərək mübarizə aparıb və bəzi qeyd-şərtlə demək olsr ki, qalib gəlib. Ölkədə məhkəmə, parlament, mətbuat ləğv edilib və daha səsini yox, cınqırını çıxaran tək-tük adam qalıb ki, onlar da operativ şəkildə zərərsizləşdirirlər. Qələbədir? Əlbəttə, qələbədir. Ancaq indi məlum olur ki, bu Pirr qələbəsidir.
Romalılar üzərində qələbədən sonra şah Pirr nə demişdi? “Daha belə bir qələbə — biz məhv olasıyıq!”
İndi İlham Əliyevə qarşı siyasi partiyalar, hərəkatlar, təşkilatlar durmur, bunların hamısı darmadağın edilib. İlham Əliyevə qarşı yeddi-səkkiz yaşlı hicablı qızlar durublar. Bunları polis dəyənəyinin altına salmaq, su topu ilə atəşə tutmaq olar, ancaq bu, ağır nəticələr verər və hicabçılara beynəlxalq dəstəyi daha da artırar. Məlum məsələdir ki, qızcığazları qabağa verənlərin davası hicab deyil, hakimiyyətdir, hicabçı qızcığazların başını doldurub təlimatlandıranlar İlham Əliyev hakimiyyətinin zəif yerlərini hər hansi siyasi partiya rəhbərindən daha yaxşı görürlər və hara, haçan, necə vurmağı bacarırlar.
Bu böhranı yaradan, əlbəttə, İlham Əliyev və onun ətrafıdır. Onun uzun illər əhali ilə oynadığı islam oyununu o hökmən uduzmalı, ən yaxşı halda pat vəziyyətinə düşməliydi. Yuxarıda dedim ki, patdan heç-heçə ilə çıxış İlham Əliyev üçün məğlubiyyətdir.
İlham Əliyevin xalq içində etibarlı dayağı yoxdur. Ordu, polis – bunlar effektif repressiya aləti ola bilər, ancaq heç bir ölkədə etibarlı siyasi dayaq sayılmır. İlham Əliyev ölkədə elə bir institut qoymayıb qalsın ki, xalq onu hicabçılardan müdafiəyə qalxsın. Xalqın ədalətli və effektiv səhiyyə, təhsil sistemi, pensiya təminatı, iqtisadi azadlıqları yoxdur. Hicabçılar,çalmalılar haimiyyətə gəldikləri ölkələrdə insanları fərdi azadlıqlardan mərhum edirlər. Məgər Azərbaycanda çoxmu fərdi azadlıq qalıb? İlham Əliyev kovid bəhanəsi ilə altı ildir ki, ölkənin sərhədlərini bağlayıb, əhalini azad yerdəyişmə, azad hərəkətetmə kimi konstitusiya hüquqlarından mərhum edib – belə hakimiyyətin islamçılardan müdafiəsinə çoxmu adam qalxacaq? İslamçılar hakimiyyətə gələndə mədəniyyəti məhv edirlər – ancaq Azərbaycanın mədəniyyəti varmı? Əgər 1900 məscidə qarşı ölkədə cəmi 26 teatr varsa, mədəniyyətin varlığından danışmaq olarmı?
İndi başqa bir müdrik ifadədə deyildiyi kimi — “əgər sizi zorlayırlarsa və sitüasiya qaçılmazdırsa, əl-qolunuzu uzadıb həzz alın” – bəlkə xalq özünü çalmalıların və hicabçıların hakimiyyətinə hazırlasın?
Və ya:
Mən İlham Əliyevə məsləhət görərdim ki( ümid edirəm ki, mən bu təklifimlə prezidenti thqir etmirəm, çünki demokratik ölkələrdən başçı məsləhətə qulaq asır, məsələn, bildiyimə görə Türkmənistan parlamenti elə belə də adlanır: “Xalq məsləhəti”) kütləyə qoşulsun və ya ona başçılıq etsin. Yəni bu hicabçılara qalib gəlməyin çətinliyini başa düşəndən sonra İlham Əliyev özü ölkənin birinci müsəlmanı olmalı, fərman verib hicabı bütün qadınlar üçün qabuni elan etməlidir. Əlbəttə, qabaqca bəzi hüquqi prosedurlar icra oluna bilər, yəni Azərbaycanının analoqsuz parlamenti İlham Əliyevi , prezident vəzifəsini saxlamaqla, ali dini rəhbər elan edər. Ya prezident vəzifəsi keçər arvadına, özü olar ali dini rəhbər. Ona bir titul da düşünüb taparlar. Ya elə ali dini öndər deyərlər. Ali dini öndər və ya ali dindar dərhal bütün qadınların və beş yaşından tutmuş bütün qızların hicabsız evdən bayıra çıxmasını qadağan edən fərman verər. Mənə elə gəlir ki, demokratik hərəkatdan qalan tör-töküntü də bunu sevinclə qarşılar, bəzi cəbhəçilərin, hətta Avropada yaşayanların çıxışlarından görünür ki, onlar nəinki hicabı, hətta niqabı da dəstəklərlər. Sonra şəriətin başqa qanunları respublikanın hüquq sisteminə daxil edilər. Bakı meydanlarının biri, yaxşı olar ki, Azadlıq meydanı, toyuq-cücə oğrularının əliniu kəsmək üçün ayrılar, Milli məclis üzvləri kütləvi şəkildə Məkkə ziyarətinə göndərilər və hamısı “hacı” titulu daşıyar, küçələrdə Əfqanısdandakı kimi kişilərin saqqallarınının uzunluğunu ölçən patrullar keşik çəkər və sair…Beləliklə, ölkə uzun sürən bu gərgin oyunda yaranmış pat vəziyyətindən çıxar. Bəli, İlham Əliyev formal cəhətdən məğlubiyyətə uğrayar, ancaq o, qələbə çalanların, yəni çalmaçıların və hicabçıların tərəfinə keçdiyinə görə faktik cəhətdən yenə qalibdir, müzəffərdir…
“A” deyən gərək “B” də desin. Sən hər dörd-beş ildən bir seçki keçirib özünü prezident elan edərkən Qurana and içirsənsə, Quranda yazılanlarla getməlisən. Getmirsənsə, islam oyunu oynayırsan. Bu oyundasa kimin qələbə qazanacağını qabaqcadan demək olar…
13. 11. 2026, Samara
