Məmməd Arazın “Bakı fəhləsi” şeirinə baxaq, indi fəhləyə şeir yazmaq dəbdə deyil, yəni buna siyasi, sosial sifariş yoxdur. Sabah İlham Əliyev fərman versə ki, fəhlələrə şeirlər yazılsın, hər gün kilometrlərlə şeir yazılar. Sovet vaxtı belə sifariş var idi, yazıçılar və şairlər fəhlələrdən yazmalıydılar, fəhlə əməyini tərənnüm etməliydilər. Və cavan şair, o vaxtlar hələ Məmməd İbrahim imzası ilə yazan və nəşr olunan Məmməd Araz bu çağırışa cavab verir, çünki on-on beş metrlik belə şeir yazandan sonra kommunist partiyasına qəbul olunurdun, sonra Zuğulbaya, Maştağaya, Yurmalaya, Pereldelkinoya, Pitsundaya yaradıcılıq evlərinə istirahətə göndərirdilər, gedib ilin iki-üç ayını kef çəkirdin. Məmməd Araz ömrünün xeyli hissəsini Pitsundada, Brejnevlə qonşu daçada keçirib – şeirlərinin altına baxsanız, görərsiniz ki, sovet vaxtı Məməd Araz çəkən kefi tək-tük adam çəkib…
Şeir, yəni “Bakı fəhləsi” şeiri belə başlanır:
“Sən göydən ummadın günəşi, günü…”
Baxın, Məmməd Araz elə cavanlığından xalturaçı olub: məgər “günəş”lə “gün” eyni şey deyil? Bəlkə Məmməd Araz cahilliyindən onları ayrı səma cinsimləri sayırmış?
Necə yəni “günəşı göydən ummadın”? Yəni fəhlə günəşə üzünü tutub deyib ki, “get vızqırd, mənim öz sovet günəşim, ayım var”?
“Həyatın hər ağır məşəqqətini
Əzdin çəkicinlə, yudun tərinlə…”
Üzümü tuturam bütün Məmməd Arazı fanatlarına: məşəqqəti əzmək necə olur? Bu necə şairlikdir, bu necə bədii dildir? Məşəqqət tərlə yuyulur? Məmməd Araz fəhləni lağa qoyub?
“Səndə şairlik də, alimlik də var,
Fikrin qanadlıdır, ağlın dərindir.”
Yox, Məmməd Araz fəhləni dolayıb. Fəhlədə şairlik, alimlik olsaydı, Pitsundada, Yurmalada dincələrdi, Novbahar restoranında yeyib-içərdi, naharını qəzetə büküb işarası gəvələməzdi…
“Xəzərin qoynunda qalxan buruqlar
Sulara yazılan sətirlərindir…”
Buruqlar şeir sətrinə oxşayır? Bunu yazanın şairliyi cəhənnəm, qanacağı və vicdanı yoxdur…
“Samuru sinənə sığışdıraraq
Gətirdin Abşeron torpağına sən.”
Yəni Şəngülümə, Şüngülümə, Məngülümə süd gətirən keçi kimi?
“Buruq meşəsində işləyib, sabah
Palıd meşəsində dincələcəksən.”
Yalançının lap…Palıd meşəsində sən dincələcəksən, Süleyman Rüstəm, Nəbi Xəzri dincələcək. Bakı fəhləsi Sovetskdəki komasının yastı damında böyrünü yerə atıb yatacaq…
“Ölçülsə, bəlkə də günəşə dəyər
Yaşayıb, yaratmaq həvəsin sənin.”
Yəni fəhlənin həvəsini “şair” günəşə bənzədir. Yuxarıda Bakı fəhləsi günəşə “get, vızqırt” demişdi…
“Hər evin qonağı olasan deyə
Xəzriyə dönübdür nəfəsin sənin…”
Belə metafor işlədən ya gərək anaşa çəkəydi, ya alacağı qonorarın yaxınlığı onu kefləndirəydi. Bunu Azərbaycan dilinə tərcümə edək: fəhlənin nəfəsi xəzriyə dönür ki, evlərə girsin…
Arvad-uşaq özünü qaydaya salsın, Bakı fəhləsi Zevs kimi xəzriyə dönüb evlərə girir! Zevs nəfəs şəklində evlərə girəndə sonra nə qədər xanım ondan uşaq doğurdu…
Yunan mifologoyasından Məmməd Araza qədər deqradasiya. Ancaq bu hələ dib deyil. Qabaqda Aqil Abbas var…
03.12. 2025, Samara
