Siyasətçilərin bədii yaradıcılığa həvəsli, daha dəqiq desək, azarlı olduqları məlumdur. Karl Marks şeir yazıb. Stalin də. Hitler, qulaqlara qurğuşun, rəssam olub.Attestatı olmadığına görə onu rəssamlıq akademiyasına götürməyiblər, o da acıqca gedib olub fürer…
Azərbaycan siyasəti, siyasi həyatı toylarımızın, yas məclislərimizin davamı olduğundan “poeziya” onun üzvi tərkibidir. Meydanda hər iki-üç nəfərdən biri şeir deyirdi. İndiyəcən deyirlər… Son vaxtlar (bəlkə mən indi görürəm) müxalifətin bədii yaradıcılığı yeni vüsət alıb. “Azadlıq” qəzeti kilometrlərlə şeir çap edir. Professor Cəmil Həsənli cild-cild ədəbi icmallar yazır və qəribədir ki, bu icmallar qondarma professor Vaqif Yusiflinin icmallarına o qədər oxşayır ki, onların bir adam tərəfindən yazıldığını düşünürsən…
Səadət Cahangirin FB-da bədii yaradıcılığını yaxın vaxtlardan, yəni həbslərə görə “Azadlıq” qızetini vaxtaşırı izləyəndən görürəm. Şübhəsiz ki, bu qadında poetik talant var, Ayaz Arabaçının tayı deyil, yaxşı ifadələri və hətta misraları da olur. Bu gün tezdən lentdə onun səhifəsi, türkün məsələsi, qabağıma çıxdı. 20 yanvar əlamətdar gündür və şeir də, haçan yazılsa da, bu əlamətdar günə həsr olunub.
“Biz də bir vaxt savaşlarda
bayraq olmuş adamdıq”
Biz – konkret kim? Hansı savaşlarda? Birinci Qarabağ müharibəsində? Ya Lenin adıına meydanındakı fasiləsiz mitinqləri? Deyəsən, Lenin (sonra Azadlıq) meydanını deyir.
“meydanlarda asılmağı
gözə almış adamdıq…”
Mən Səadət Cahangiri tanımıram, yəqin ki, çox yaxşı insandır. Mübarizliyinə isə söz yoxdur. İndi Azərbaycanda müxaliflik mübarizliyin sinonimidir. Ancaq niyə şişirdir və hətta yalan danışır? Meydana yığılanları kim asmalıydı? Qorbaçov? 1985-ci ildə SSRİ-nin rəhbəri olandan Qorbaçov kimi asmışdı? Qorbaçov baş katib olandan sonra siyasi dustaqları buraxmadımı? Özü xalqı partiya bürokratiyasının üstünə qaldırmadımı? Qorbaçov Əfqanıstandan qoşunu çıxarıb on minlərlə əsgər və zabitin həyatını xilas etmədimi? Vətəndaşlığı alınanların pasportunu qaytarmadmı? Bakı meydanına yığılanlardan kim tutulmuşdu? Pafosla, öz dilimizdə desək, yekə-yekə danışmaq min illər ərzində doğrudan da həyatını ideal uğrunda qurban vermiş insanların xatirəsini təhqir etməkdir.
“bilirdik nə, şəhid olub
al qanlara bələnmək,
şüar yazdığın divara
söykənib güllələnmək…”
Səadət Cahangir elə yazır ki, elə bil on-on beş dəfə divara söykəyib güllələyiblər… Peşəkar… Znatok…
“bilirdik hardan çevirir
fələk köhnə çarxını”
Fələyin çarxını hardan çevirdiyini heş Füzuli də bilmirdi, bu bilir…
“bir qurşun necə öldürür
içindəki qorxunu…”
Qurğuşun? Yəni güllə? Səadət Cahangir yəqin ona atılan gülləni ağzıyla tutub…
Yeri gəlmişkən, qurğuşunun sayı olur?
“oxuyardıq nəğməsini
azadlığa acların..”
Bunu başa düşmədim…
Mənim sualım var: əgər bu Səadət Cahangir dar ağacını göz altına almış adamdırsa, niyə indi meydana çıxıb tək piket də keçirmir?
Xatırladıram ki, keçən əsrin 80-ci illərinin sonunda Lenin (sonra Azadlıq) meydanındakı mitinqlərdə şeir deyənlərin heç biri ordu qabağına çıxmayıb – nə Bəxtiyar Vahabzadə, nə Xəlil Rza, nə Sabir Rüstəmxanlı və şoxlu başqaları. Bəxtiyar Vahabzadə sonra tez KQB-nin (KQB generalı Heydər Əliyevin) tərəfinə keçdi. Sabir Rüstəmxanlının necə rəzil tip olduğunu hamımız görürük. Xəil Ruza iki gün Moskva türməsində saxlanan kimi televiziyaya çıxıb dedi ki, “qələt eləyib…” Tankların qabağına çıxanlar, əslində aldadılıb göndərilənlər sadölövh insanlar idilər. Onlar şeir yazmırdılar. Onların adalrı indi heç kimə məlum deyil. Onlar manipulyasiya alətinə çevrilmiş rəqəmdirlər, vəssalam.
Hörmətli Səadət Cahangir! “Biz”- ehtiyatla işlədin. Mən çəkməçi bizini demirəm, əvəzlik bizi deyirəm. Göstərmədiyiniz şücaəti öz adınıza çıxmayın. 1988-ci, 89-cu illərdə azərbaycanlı insan meydana ona görə çıxırdı ki, Qorbaçov heç kimi asmırdı, heç kimi güllələmirdi və hətta tutmurdu da. Əgər “siz” doğrudan da “biz”sinizsə, yəni çoxsunuzsa və dar ağaclarını “gözə almısınızsa”, rus demişkən, “flaq vam v ruki”, çıxın meydana. Şükr Allaha ki, indi Bakıda meydan bir deyil, çoxdur…
20. 01. 2026, Samara
P.S. Mən bütün bunları Səatət Cahangirin səhifəsində şərh kimi yazmaq istəyirdim, təəssüf ki, ona şərhi ancaq «dostları» yaza bilərlər. Bunlar belə demokratdırlar, hakimiyyətə gəldikləri halda özlərini necə apara biləcəkləri elə burdan görünür…
