Архив | 10.02.2026

İSLAM

İşıq var —  mənbəyi zəka, ağıldır,
Var iti tiyədən yarananı da.

Gur işıq parlayıb zülməti yardı,
Bir zaman ilğımlı yarımadada.

 +

Neçə minlər idi qılınc tiyəsi,

Oynayır, şimşək tək çaxır hər biri.

Tiyə işığını tiyə yiyəsi,
Tutaraq durmadan gedir irəli…

 +

Zəka işığı da, şübhəsiz, yanıb,
Sübutlar az deyil – səhih, tarixi.

Bəs bu qaranlığın mənbəyi hanı? –

Niyə büdrəyirik kor kimi axı?

 +

Bir zaman Çernobl stansiyası,
Məgər deyilmiydi işıq mənbəyi?

Elə ki, baş verdi nüvə qəzası,
Külə çevirdi o, canlı hər şeyi…

 +

Biz haçan qəzaya uğradıq belə? —
Yada təhlükəyik, özümüzə həm.

Çalma əsarəti, vətəndaş – kölə,

Ölkə türmə kimi – qıfılı möhkəm.

 +

Kimlər cəhənnəmə çevirib belə

Möhtəşəm  İranı, əvəzindısə,
Ərəb cənnətini vəd edir hələ? —

İransa qan qusan vərəmli xəstə…

 

 

10. 02. 2026, Samara

FƏZAİL AĞAMALININ ÖLÜMÜNƏ

Bakı özündən gedib,
Neftçala, Salyan zəlil.

Bu dünyanı tərk edib,
Ağamalı Fəzail.

 +

Tükü biz-biz duran da,
Tükü ağaran da var,
Ağ kürü tökür indi,
Kürdəki ağbalıqlar.

 +

Yerazdı xalisindən,
Deyildi adi bir şəxs,

Yerini yerazınsa,
Başqası verə bilməz.

 +

Burun tutub küləyə,
Cəbhə, partiya seçdi.

Quruculuqda bəlkə,
Məmmədəmini keçdi.

+

Axıtdı qızıl qanı,

Şuşada, Xankəndidə.

Bağışladı Salyanı,
İlham da əvəzində.

 +

Keçdi cavanlıq, heyhat,

Yoruldu Ağamalı,

Qızına keçdi mandat,
Halaldır ata malı!


Yeri yuxarıdaydı,
Deputatdı çoxillik.

Millətim yaş axıdır,
Dünya dərdinə şərik.

 +

Necə çəkək bu dərdi,

Bu dərd dözməli deyil.

Fəzail yox, öləydi,
Kaş ki, Mustafa Fazil…

 

Mirzə TƏBİL

10. 02. 2026, Samara