Doğrusa Darvinin nəzəriyyəsi,
Təkamülsə bizi yaradan əgər,
Azərbaycanlılar, əgər beləsə,
Yaxın zamanlarda uça bilərlər.
Yaxın deyəndə ki, bir neçə əsr,
Keçəcək, nə qədər tələssək də biz..
Sərhəd bağlı qala gərək o qədər,
Qanad arzusuna düşə ellimiz.
Danışmaq arzusu yaradıb dili,
Yemək arzusuyla yaranıb ağız.
Burun yaranıb ki, iyləyək gülü,
Yaranıb oğlanın arzusuyla qız…
Türmədən, qəfəsdən, yuvadan çıxıb
Getmək arzusundan möhtəşəm nə var?
Hər şey də arzudan başlanır axı,
Kimin arzusu var – o, qanadlanar.
Arzula, soydaşım, arzunu bəslə,
Bir də görəcəksən qanadların var.
Yoxsa tay olarsan sürünənlərə,
Var bunu da sənə arzulayanlar…
27. 02. 2026, Samara

