Архив по авторам | Xeyrulla Xəyal

MİRŞAHİN QURBAN MƏMMƏDLİNİN QOLTUĞUNA SABİRABAD QARPIZI, QURBAN MİRŞAHİNƏ VƏZİFƏ…

       VODEVİL

Mirşahin Qurban Məmmədli

Mirşahin: Alo! Mən Londondayam?

Qurban: Yox, Londonda mənəm. Sən Bakıdasan, özü də deyəsən içmisən. İçkili olanları Azerfredomun efirinə çıxarmırıq.

Mirşahin: Qurban bəy, salam. Londondayam o mənada dedim ki, yəni zəngim çatıb Londona. Deyəsən, səsimdən tanımadın. Yadındamı, soyuq fevral günü?

(Şövkət Ələkbərovanın səsiylə oxuyur)

Mən sənin yanına qışda gəlirdim,
Bir əlimdə bahar, bir əlimdə yaz…

Qurban: Mən anlamadım. Bahar elə yaz deyil? Yox, sən içkilisən, məni işimdən ayırma.

Mirşahin: Qurban bəy, bu, poeziyadır, bahar və yaz bir fəslin iki üzüdür. Çöllə bayır kimi. Qurban bəy, mən sənin yanına türməyə gəlirdim, qucaq dolusu çiçəklə… Məm Mirşahinəm…

Qurban: Tanımadım, ruslar demişkən, varlı olacaqsan.

Mirşahin: Qurban bəy, mən çoxdan varlıyam. Ancaq rusların başqa məsəli də var: Yüz rublun olmasın, yüz dostun olsun… Mən səndən ötrü darıxmışam. Sən mənim üçün həm dost, həm böyük hüquqşünas, həm də dahi siyasətçisən.

Qurban: Tərifə görə sağ ol, anca mən sadə bir insanam.

Mirşahin: Sadəsən, ancaq adi deyilsən, qeyri-adisən. Sənin tənqidini mən qılınca, kalaşnikova, Bayraqdara bənzədirəm. Fəxr edirəm ki, məni də öz tənqidinə layiq görürsən…

Qurban (doluxsunur): Yox, Mirşahin, sən tərifə daha çox layiqsən. Bizim Azerfredomda bəzən nəzarət zəifləyir, yəqin sənin ünvanına nalayiq sözlər işlədirlər. Bundan sonra buna yol vermərəm. Səni söyənin mən anasını… Yəni səni söyəni bloklayaram ömürlük…

Mirşahin: Böyük və mqəddəs insansan, Qurban bəy. Mən istəyirəm bundan sonra sənə Mirqurban deyəm.

Qurban: Mirşahin, axı mənim atam seyid olmayıb.

Mirşahin: Eh, Qurban bəy… Mirqurban bəy… Sənə bir ekzistensial sual verim: hansımız öz atasının kim olduğunu dəqiq bilir? Məsələn, mən bahalı maşınlar alandan, villa tikdirəndən  Yardımlıda bir neçıə kişi iddia edir ki, mənim əsl atam onlardır…Sənin də atan seyid çıxa bilər…

Qurban: Ancaq hələlik Aynur… o nə qızıdır…. Məni erməni çıxarıb…

Mirşahin: Mirqurban bəy, sənə olan hücumlar sənin böyüklüyünün sübutudur.

Qurban: Sağ ol, Mirşahin. Söz verirəm ki, prezident olan kimi səni mətbuat katibi qoyum.

Mirşahin: Etibara görə sağ ol, Mirqurban bəy. Ancaq bir məsələ məni pərt edir. Məndə olan məlumata görə Ərəstun Oruclu deyib ki, o, prezident olan kimi Eynulla Fətullayevi mətbuat katibi qoyacaq.

Qurban: Niyə pərt olursan, Mirşahin? Məsələ sadədir. Biz hakimiyyətə gələndə iki prezident olacaq. Biz yalnız beləliklə avtoritarizmin kökünü kəsə bilərik.

Mirşahin. Başa düşdüm, Mirqurban bəy. Rişi Sunaka məndən salam de, o məni yaxşı tanıyır.

Qurban: Bay-bay…

Mirzə ƏLİL

24. 05. 2024, Samara

ƏHMƏD CAVAD KAZUSU. «ATILAN OXLARDAN ÇIX GƏL ZİYANSIZ…O TƏMİZ QANINA QURBAN OLDUĞUM…»

Vikipediyada “Qurban olduğum” rədifli dörd şeir var. Yaşca ən qədimi, yəqin ki, 19-cu əsrdə yaşamış Məlikballı Qurbana məxsusdur. Qoşmanın keyfiyyəti haqqında son beyt tam təsəvvür yaradır.

Cənnət heyvasını qoyub döşünə,
Təzəcə narına qurban olduğum.”

Bizim erotik və hətta erotik olmayan bayatılarda, qoşmalarda qadının sinəsindəkilər bir meyvəyə bənzədilir, adətən nara. Məlikballı isə sinədəkinin qoşa olduğunu nəzərə alıb. Hər birini ayrı-ayrı meyvəyə bənzədir: yəni biri heyvadır, biri nardır... (Vallah, bizim millətdən nə hoqqa desən çıxar…)

Yəqin pozğun adam olub. Hə? Yaşadığı vaxt məlum olmayan Gülalı Məmməd də erotoman olub və bunu gizlətməyib.

“Gülalı Məmmədəm, qadan alayım,
Ölməyəyim, qol boynuna salayım…”

Məəttəl qalırsan: millətin gözünün qabağında arvadı qucaqlamaq istəyir, özü də yəqin özgə arvadıdır… Cavanlar bunu oxuyub nümunə götürsələr, nə günə qalarıq! Bizim dəyərlərimiz məhv olub getməzmi?!

Bunlarla işimiz yoxdur. 60-cı illərin ortalarında Müşfiqin əvvəllər məlum olmayan şeirləri üzə çıxıb çap olundu, guya bəziləri arvadının dəftərindəymiş. Bu şeirlərin nə dərəcədə orijinal olduğunu, onlara kənar müdaxilənin olub-olmadığını mütəxəssislər deyə bilərlər. Yadımdadır ki, elə o vaxt Zeynəb Xanlarova Müşfiqə aid edilən qoşmanı Mİrzə Hüseyn segahı üstündə oxuyur, sonra keçirdi “Aylı gecə, sərin küləy”ə…

Müşfiqin qoşması, əlbəttə, Əhməd Cavadın sayıqlamalarıın tayı deyil, mübtəda, xəbər yerindədir. Ancaq yalnız bir ifadəni ciddi istedadın göstəricisi saymaq olar: “Qaçqın ədasına…” Gözəl deyilib…  Müşfiq həm də sübut edib ki, ənənəvi dispozisiyanı – yar-əğyar – məsələsini təzə dillə təsvir edə bilir. Müşfiq Seyid Əzim kimi demir ki, “Bağ içrə gəzib yarımı əğyar ilə gördüm”. Müşfiq belə deyir:

“Yoхsa özgəsinə üzünü tutmuş,
Yеni sеvdasına qurban olduğum?”

Burda estetika və etika var, eləmi? Ancaq bu günün alabic, internetə baxıb pozulmuş oxucusu deyər ki, bu necə adammış, sevgilisi “özgəsinə üz tutub”, bu onun “yeni sevdasına” özünü qurban eləyir. Bu, xəstədir? bu, kukolddur?

Qoşmada maraqlı ayrı heç nə yoxdur. Dolaşıqlıqlar isə çoxdur.

“Ayrılıq oduna könül dayanmaz.
Еşq oduna yanan bir daha yanmaz”.

Bu iki misranın arasında məna əlaqəsin varmı? Biri o birini izah edirmi, tamamlayırmı? Ya biri o birinə ziddir?

Ancaq toylarda oxumaq üçün belə qoşmaların əvəzi yoxdur. Özü də gənc Zeynəb oxuya, atılıb düə-düşə, sinəsində də iki müxtəlif meyvə yellənə…

Keçək Əhməd Cavada. Əhməd Cavadın şeiri 1916-cı ildə Batumda yazılıb.

Haşiyə çıxım. Vikipediyada Əhməd Cavad haqqındakı çox  böyük məqalənin xeyli hissəsi onun guya Birinci Cahan (!) müharibəsindəki iştirakına həsr olunub. Məqaləni oxuyursan, görürsən ki, iştirak-zad yoxdur. Elə həmişə yardım üstündə olub… Şeir də yazırmış. Məsələn, “Qurban olduğum” şeirini.

Baxaq. Diqqətli baxın, xanımlar və cənablar. Mən sübut etmək istəyirəm ki, Əhməd Cavad dili bilməyib.

“Bir xeyli zamandır getdi, gəlmədi”.

Sevgilisi gedib, gəlməyib. 1916-cı ildə, Birinci Cahan müharibəsinin şıdırğı vaxtında…
“Əhdi peymanına qurban olduğum!”

Bu yəqin ironiyadır, rişxənddir.

“İstədi can verdim, qədir bilmədi”.
Bu, sevgi şeiriidir ya borc qəbzi? “İstədi pul verdim, faiz almadım…”

“Dedim: ayrılığa yoxdur tavanım…”

Yəni şantaj edirmiş ki, getsə, öləcək. Ölməyib. Yenə Türkiuyə ordusuna yardıma baxır. Qəşəng iş tapıb…

“Bir daha dönməzmi yosma tərlanım…”

Batumdan ayağını qoysan, Türkiyədir. Ona görə “yosma tərlan”. Düzü, mən başa düşmürəm ki, “yosma tərlan” nə olan şeydir….

“Adına, sanına qurban olduğum!”

Sevgilisi “adlı-sanlı” imiş. Bəlkə 1-ci Cahan müharibəsində döyüşürmüş? Əhməd Cavaddan fərqli olaraq, ön cəbhədə…
“O təmiz qanına qurban olduğum!”

Qanını yoxlatdırbmış…

Sonrası çox gülməlidir
“Mən hey göyə baxdım, göy mənə baxdı…”

Belə şeyi kimsə demişdi? “Göy mənə baxdı…”

“Göylərə baxmaqdan gözlərim axdı!”

Aha! Gözləri axıb!
“Şimşək oldu, ancaq bir dəfə baxdı,”

Nə şimşək oldu və ya kim? Yuxarıda subyekt göy idi,  Əhməd Cavada o baxırdı? Göymü şimşək oldu?

“Baxdı qurbanına qurban olduğum!”

Başa düşdünüzmü kim və ya nə bir dəfə şairə baxıb və kim kimə qurbandır?

Mən başa düşmədim. Ancaq gülməlidir. “Göy mənə baxdı…”Göyün adama baxmağı necə olar?
“Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!”

Yəni əvvəllər müjdə verib, yenə vermək istəyir? Bu nə müjdədir? Bəzi kişilər bilirik qadına necə müjdə verirlər… Sonra uşağa yiyə durmurlar…
“Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!”

Kimsə Əhməd Cavadın şeirinə can cerəndən sonra göylərdən enməlidir. Kim ya nə? Göylərdən kim enməlidir? “Haqq dərgahı” enməlidir? Yəni Allah? Şeirə can verəndən sona daha niyə enir. Enərdi ki, can versin. Veribsə…

Başım çatladı…
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanma qurban olduğum!

“Ömrüm çox acı”  bəh-bəh, şairin dilindən inci tökülür…

Gedən xanımın şöhrəti-şanı var imiş…

Sovet vaxtı Bakıda bir xoreoqrafdan lətifələr danışırdııar. Arvadıyla guya gəlir Nizami kinoteatrının qabağına, gedir növbəyə durub bilet almağa, bilet alanda arvadını tapmır, hansı kişiyəsə qoşulub gedib. Bir tanışından soruşur ki, “mənim arvadımı görməmisən?” Tanışı deyir “sənin arvadını tanımıram.” Xoreoqraf təəccüblənir: “Necə tanımırsan? Bizim arvadı bütün Bakı tanıyır…”

Qəfildən şairin başının qurdu tərpənir, bir bənd yuxarıda “müjdə verdiyi” gözəlləri təhqir edir.

“Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız”.

Yəni gözəlliklər saxtadır. Duyğular cansızdır.

(Duyğu cansız ola bilərmi? Duyğu varsa, canlı olmalıdır…)

Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!

Əvvəlki beytdə gözəlliklərin saxta olduğunu demişdi, indi deyir “Atılan oxlardan çıx gəl ziyansız”. Yəni sevgilinin getdiyi yerdə oxlar atılır? Müharibədədir? Birinci Cahann müharibəsindədirsə, oxlar yox, toplar atılmallıdır. “Ziyansız çıx gəl” nə deməkdir?

“Oxlardan çıx gəl” azərbaycancadır? “Tüfənglərdən çıx gəl” demək olar?

Burda şeirin qoşma hissəsi bitir, ancaq şairin sözü qurtarmır, ona görə çarpaz qafiyəli iki dördlük əlavə edir.

Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.

Mükəddər – yəni kədərli. Yatan adamda nə kədər, nə qəm? Kədərli durmaq olar, oturmaq olar, gəzmək olar. Yatmaq? Xalqımız gözəl deyib:”Yatdın — əldün!” Yuxuda qəlbi “sonsuz fikirlər” necə sıxa bilər?

“Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!”

Aha! Qumral gözlər! Qayıdıb gəlib?

Sonrakı bənd:

“Səsimə oyandım, bomboş bir otaq…”

Bəs bayaq, günəş doğanda oyanmamşdı? İkinci dəfə oyanır?

“Eşqimə, duyğuma yoxdu bir ortaq…”

Eşqə ortaq – nədir? Sevgilisinə şərik?

“Bu iyi dünyada ixtilat qataq!”

İyi dünya – osmanlıcadan tərcümədə “yaxşı dünya” deməkdir? Şair özünə rəqib  axtarır ki, onunla davalaşsın?

Vallah, Əhməd Cavad ədəbi irs yox, yüzlərlə mina basdırılmış ərazi qoyub gedib. O əraziyə girənin qolu-qıçı salamat qalsa da, başı, beyni partlamasa da, hökmən çatlayacaq…

X.X.

24.. 05. 2024, Samara

ROBERT BERNS. “AH, İSTƏKLİ ANA, BAŞIM BATAYDI…”

Robert Burns

                      1.

Ah, istəkli ana,, başım bataydı!

Dava-dalaş üçün məni doğmusan:

Bəxtimə didişmə düşüb həyatda,
Söyür, təhqr edir məni hər insan.

                         2.

Heç vaxt buraxmadım sələmə pul mən,

İşimə yarardı beş faiz hərçənd.

Borc da almamışam, digər tərəfdən,

Mənə kim inanar, şeytana lənət.

                  3.

Bəxtim gətirmədi, pul qazanmadım,

Mənə qəddar oldu taleyim yaman.

Məni gecə-gündüz, görürsən indi,
Necə təhqir edir qız, həm də oğlan.

 ingiliscədən tərcümə

21-22. 05. 2024, Samara

 ++++++++++++++++

ROBERT BURNS

Ah, Woe Is Me, My Mother Dear

 

1.
Ah, woe is me, my Mother dear!
A man of strife ye’ve born me:
For sair contention I maun bear;
They hate, revile, and scorn me.
Читать далее

ƏHMƏD CAVAD KAZUSU. BADƏNİN CANI DODAĞINDA ÇIXAN «BUGÜNKÜ LEYLA»…

Əhməd Cavad Leyyla şeiri

1934-cü ildə Əhməd Cavad “Leyla” adlı şeir yazıb. Yazı belə başlanır:

“Deyirlər Qarabağ bir cənnət imiş”.

Kim deyirmiş? Haçan cənnət imiş? 1934-cü ildə Qarabağ cənnət statusunu itiribmiş?
“Bəslərmiş qoynunda gözəllərini!”.

Elə bil mal-heyvandan danışılır….

“Məndə qüdrət yoxdur qələm çalmağa,
Tərif eyləməyə ancaq birini”.

Bunu yadda saxlayaq. Şair özünə xas olmayan təvazö hissi ilə eriraf edir ki, hətta bir gözəli tərif eləməyə qüdrəti yoxdur. Ancaq dərhal ona xas olmayan təvazö hissini itirir və başlayır tərifə. Əhməd Cavad ya Qarabağa gedib, ya Qarabağ gözəllərindən birini onun yanına gətiriblər. Şair əməlli-başlı qızıb və qızışıb, “can qurban edir”.
“O gərgin qaşların kölgəsindəki,
Can alıb, can verən gözlərə qurban!”

Sonrakı iki misra həm gülməlidir, həm müəmmalıdır.

Bugünkü Leylanın xoş səsindəki
Mənalı, mənasız sözlərə qurban!

Necə yəni “bugünkü Leyla”? Dünən ayrı Leyla olub? Şairin hərəmxanası varmış? Hər gün bir Qarabağ gözəlini gətirirlərmiş?

Bir şeyi başa düşmək olur: “bugünkü Leyla” çox da dərin ağıllı deyilmiş, bir mənalı söz deyəndə, iki mənasızını deyirmiş, yəni sarsaqlayırmış.  Ancaq ağzından nə çıxsa, şairin canı qurbandır.

“Qurban qəbul edib töksə qanımı,
Nəyi var şairin, verər canını?!”

Birinci misranı başa düşmək olur.  İkinci misra dolaşıqdır. Əvvəl can verilməliydi, sonra “bugünkü Leyla” qanı tökməliydi. Buna dəyməyək.

“Qəmzəsi qan olan, gərdişi əla”.

Bugünkü Leylanın qəmzəsi qandır. Gərdiş nədir? Gəzinti? Seyr? Yeriş? Gəzməyi əladırsa, qəmzə niyə qandır? Əla – yəni necə? Model kimi yeryirmiş? Ya “bugnkü Leyla” elə model imiş?

“Doğrudan gözəldir, göyçəkdir Leyla!”

Gözəlliyini oxucu nədən bildi? Qəmzəsinin qan tökməyindən? Gərdişinin əla olmağından?

Vaqif öz modelini elə təsvir edir ki, biz onu görür və hətta həyəcanlanırıq (cavan olanda).

Üz yanına tökülübdür tel nazik,

Sinə meydan,zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik…

Bəh-bəh… Təzyiqim qalxdı…

Acı təəssüflə qayıdaq Əhməd Cavada…

Ruslar yaxın adamlarını dəfn eləməyə aparanda ağlaşıb deyirlər: Na koqo, na koqo tı nas ostavil…”

Yəni bizi kimə tapşrıb gedirsən…

İndi bizim də ağlayan dəmimizdir: Ay Vaqif Molla Pənah, Ay Sabir Mirzə Ələkbər, bizi kimlərə tapşırıb getmisiniz… Əhməd Cavadan sonra hələ Zəlimxan Yaqub var, Sabir Rüstəmxanlı var…

“Çiçəklər qoynunda bəsləmiş əndam.”

Əndam”, səhv etmirəmsə, “bədən”dir.  Yəni “bugünkü Leyla” əndamnı çiçəklər qoynunda bəsləyib. Arı kimi.

“Çıxdı dodağında badənin canı.”

Bu, şeir misrası deyil, Azərbaycan ədəbiyyatında zəlzələdir. Bizim klassiklərimiz badədən çox yazıblar. Ancaq badənin canının dodaqda çıxmağı onların ağlına gəlməyib. Heç bilməyiblər ki, badənin canı var. Yəqin bugünkü Leyla gillədirmiş, birbaşa badəni boğazının yoluna tullayırmış…

Bu oldu zəlzələ. Sonra gərək tsunami gələ.

Gəlir:

“Gözəlsən, incəsən, qur yeni bir dam,
Əsir et, qul eylə mahi-tabanı”

Şair bugünkü Leylaya onun gözəlliyini, incəliyini xatırladıb tövsiyə edir ki, bir dam, yəni türmə tiksin və orda “mahi-tabanı”, yəni ayı  əsir, qul saxlasın…

Bunu oxuyanda istədim ərizə yazıb Azərbaycan vətəndaşlığından çıxam, ancaq yadıma düşdü ki, Azərbaycan vətəndaşı deyiləm və heç vaxt olmamışam…

“Böylədir önündə hər yeni şair,
Yeni bir yol bular, bir əməl bəslər”.

Yəqin “bugünkü Leylanı” başqa şairərin də yanına gətirirlərmiş. Eskort maşını ilə..

Əməli necə bəsləyirlər?
“Mənim təbiətdən istəyim budur,
Çoxalsın yurdumda böylə gözəllər!”

Necə gözəllər? Dodağında badənin canı çıxan gözəllər?
“Könül tazalandı sitayişindən…”

Sitayişdən könül necə “tazalanır”? Boynuma alım ki, “tazalandı”nı əvvəl “tazılandı” oxumuşdum…

“Qorxum var dünyanın bircə işindən,
Mümkünsə dəyişdir qələm-əzəli!”

Dünyanın bircə işi – hansı işi? “Qələmi-əzəl” nədir? Bugünkü Leyla onu necə dəyişdirsin?

“Söylə ki, çiçəklər solmasın, Leyla!”

Kimə söyləsin? Allaha? Mircəfər Bağırova? Stalinə?

“Dolansın başına ulduzlar, aylar,
Bu köhnə dünyanın Leylası da var!”

Bunu oxuyanda adam başına kül sovurmaq istəyir! Kül gətirin, kül!

“Gözəllər toplaşıb olsunlar bacı,
Leyla da onların başının tacı!”

Dördlüklərdən ibarət olan şeiri şair beytlə bitirir, əlbəttə, şah beytlə.

Gözəllər bacı olsunlar…

Bugünkü Leyla onların başının tacı…

Əhməd Cavad haqqında Vikipediyada çox böyük məqalə var. Onu yazan şərəfsiz deyir ki, Əhməd Cavad “yeni ədəbi məktəb” yaradıb.

Ay anası….,  budur sənin ədəbi məktəbin?

Nə qədər adam Azərbaycanda bu cəfəngiyyatdan dissertasiyalar qondarıb elmlərin doktoru olub!

Və əgər düşünürsünüzsə ki, o doktorların Təbriz küçələrində Rəisi üçün göz yaşı töküb saç yolan güneyli arvadlardan fərqi var, yanılırsınız. Bu doktorlar onlardan da pisdir. O arvadlar bədbəxtdirlər , zavallıdırlar. Azərbaycandakı elmlərin doktorları isə yüzləri, minləri bədbəxt edirlər və bu fəlakətdən çıxış yolu görünmür…

X.X.

23.04. 2024, Samara

ROBERT BERNS. ÖLÜMÜ GÖZLƏRKƏN EDİLƏN DUA

Robert Burns

                      1.

Ey naməlum Qadir, səbəbi sənsən,

Mənim qorxumun da, ümidimin də.

Yaxın saatlarda elə bəlkə mən,
Gəlib dayanaran sənin önündə.

                   2.

O yolları ki, mən getdim həyatda,
Yaxın düşməyəydim onlara gərək.
Bir səs ürəyimdə, ucadan hətta,
Dinirdi, qınaqlı nəsə deyərək.

                     3.

Sən oldun mənə bu surəti verən,

Ehtiraslar verdin möhtəşəm, odlu.

Onların cadulu səslərinə mən,
Haçan qulaq asdım, itirdim yolu.

                   4.

Öz zəifliyimlə nə vaxt yenilsəm,
Qoysam ayağımı qırağa yoldan.

Hərəməlixeyir, bunu gizlə sən,

Bürüyüb zülmətə – sənə bu asan.

                   5.

Əgər niyyətimsə günahım harda,
Ayrı bir istəyim yox onda səndən.

Fəqət sən Yaxşısan, bağışlamaqda,
Sənin Yaxşılığın görünür hökmən.

1781

ingiliscədən tərcümə

20-21. 05. 2024, Samara

 ++++++++++++++

Robert BURNS

A Prayer in the Prospect of Death

                      1.

O Thou unknown, Almighty Cause
Of all my hope and fear!
In whose dread presence, ere an hour,
Perhaps I must appear!
Читать далее

ƏHMƏD CAVAD KAZUSU: AĞLAMALI TALE VƏ ÇOX GÜLMƏLİ ŞEİRLƏR

Sənətdə adlar necə yaranır?

Homer, Dante, Firdovsi, Şekspir, Füzuli, Sabir kimi adları, əlbəttə, onların fövqəladə talantı yaradıb. Ancaq sənətdə, ilk növbədə mən ədəbiyyatı nəzərdə tuturam, talantlı olduqları ciddi şübhə doğuran şəxslərin də adları əbədiləşir, yazdıqları mədəniyyət, mənəviyyat faktına və faktoruna çevrilir.

Əhməd Cavad bir ad kimi necə yaranıb, bu adam kitab oxumayan, şeir kimi yalnız tamadaların oxuduqları mətnləri tanıyan kütlənin nəzərində necə avtoritet qazanıb? Yazdıqlarının bədii keyfiyyətləri bir yana, Əhməd Cavadın heç yazı savadı da olmayıb!

Bunun kompleks səbəbləri var. Bunlardan biri Əhməd Cavadın sovet hökuməti  tərəfindən edamıdır. Yəni şəxsi taleyinin faciəviliyi onun adı ətrafında aura yaradıb. Şairi siyasi  rejim niyə öldürür? Əlbəttə, şeirlərinə görə — bu mülahizə ilə irtica qurbanının yazdıqları əslində onlarda olmayan keyfiyyət kəsb edir. Digər tərəfdən bütün irtica qurbanlarına kütlə nəzərində rejim əleyhdarına çevrilirlər – axı rejim onu dəstəkləyənləri niyə öldürsün. Öldürürsə, deməli, düşmənini, onun derilməyini istəyəni öldürür.

Məsələ burasındadır ki, Stalin və onun Bağırov kimi vassallarının  öldürdüyü on minlərin, yüz minlərin içində antisovetçilər çox az olublar. Kütləvi repressiyyalarda məqsəd əhalidə qorxu psixozu yaratmaq, sovet diktaturasına tam, danışıqsız loyallığı təmin etmək olub. İqtisadiyyatı planlı olan, mismardan tutmuş coraba qədər hər şeyi planlaşdırılmış sayda istehsal edən  SSRİdə repressiyalar da planlı olub – məsələn, Grcüstandən əlli min xalq düşməni çıxmalıdır, Azərbaycandan, deyək ki, səksən ya yüz min, Ukraynadan iki-üç milyon, Rusiyadan daha çox. Kimə “xalq düşməni” damğasının vurulmğı artıq hüquqi məsələ olmayıb. Vətəndaşlar özləri həvəslə “donos” yazıb bir-birlərini tutdurublar.

Beriya (guya) deyirmiş: “Bıl bı çelovek, delo naydyotsya…” Yəni adamı bizə nişan verin, ona cinayət işini özümüz taparıq…

Əhməd Cavad, şübhəsis ki, şura hökumətinə loyal adam idi. O, hər rejimə uyğunlaşan, yüksək adaptasiya qabiliyyətli karyerist olub. Həm də buqələmun kimi cildini dəyişə bilib. İyirminci əsrin onuncu illərində türkçülük küləyi əsəndə burnunu o səmtə tutub, təsadüfən Azərbaycan dövləti yarananda qollarını çırmalayıb başlayıb tərifə. Bolşeviklər gələn kimi olub sovet şairi. Təsəvvür edin ki, bu kəmsavad insan professor rütbəsi ilə ali məktəbdə dərs eyib.

Ancaq bu adamı tutdurublar, güllələyiblər!

İndi Səməd Vurğunda, Rəsul Rzada, Süleyman Rüstəmdə və Yazıçıların  İt Tifaqındakı başqa ünsürlərdə olan siyasi intriqa ustalığını, ölüm-dirim “kim-kimi” mübarizəsindəki fövqəladə çevikliyi, məharəti təsəvvün edin. Onlar Əhməd Cavad kimi rejim loyalını və hətta sadiq nökərini xalq düşməni kimi qələmə verib güllələtdirə biliblər!

Əhməd Cavad, əlbəttə, günahsız güllələnib. Ancaq öz günahsız ölümüylə bir tərəfdən öz cızmaqaralarına “əsər” statusu, özünə “böyük şair” statusu qazandırıb, digər tərəfdən bizim üçün problem yaradıb. Əhməd Cavadın mətnlərinin nəinki keyfiyyətsiz, hətta antiestetik olduğunu kütləyə anlatmaq çətindir. Təəssüf ki, bu gün Azərbaycan təhsilinə rəhbətlik, Azərbaycanda humanitar mədəniyyət proyektini həyata keçirənlərin  elə özü sözün ən neqativ mənasında kütlədir. Və təəəssüflə deməliyəm ki, biz hələ uzun illər, ölkədə humanitar təhsilin, humanitar mədəniyyətin səviyyəsi son dərəcə aşağı olduqca, yüzlərlə, minlərlə cəfəng mətnin girinci olacağıq. Beə mətnlərlə Azərbaycan ədəbi dilini öyrənimiş yazıçılar, aktyorlar, idman şərhçiləri öz nitqləri ilə az-çox dil zövqü oalan adamları dəhşətə gətirəcəklər…

Bir rus lətifəsi var. Pikant lətiədir, qaçdı-qovdu məsələsi var, ona görə son ifadəsini xatırladıram: Çatmasam da, qızınaram…

Ona görə də Azərbaycan şairlərinin çoxunun şeirlərini yumoristik, satirik mətn kimi oxuyun. Qarnınız ağrıyanacan güləcəksiniz. Sərhədlərin bağlı qalıb adamlarımızda depressiya yaratdığı bir vaxtda gülüş çox vacibdir…

İndi də Əhməd Cavadın bir şeirinə baxaq.

“Səhər zamanıydı əsərkən yellər”

Əməd Cavand tərsavand yazıb, izahı belədir: “Səhər yel əsirdi”.

Bizdə bir köpəkoğlu deyirmi “küləklər əsir”, “yellər əsir”? Yox, hamı deyir ki, “külək əsir”, “yel əsir”.

“Düşərkən jalələr oyatdı səni”

“Jalə” farscadır, şeh, şeh damlaları. “Şeh”i biz cəm hada işlədirik?

Şeh necə düşür? Şehin düşməyi gözlə görünmür, onda qalmış şehin gilələri adam oyada, Şeh dolu-zaddır?

“Çatıldı qaşların, darıldın bana.”

“Darıldın bana” – yəni şehin oyatdığı xanım şairə qaşqabaq eləyib? Şehi şair yaradıb? O xanım harda yatıbmış, ki, şehdən oyanıb?

“Bütün bir səhəri yanılıyordum…”

Mən bilirdim şair keçəcək osmanl dilinə. Ürəyimə danmşdı… “Yanılıyordum”.

Niyə şair “yanılıyordu”? Hansı məsələdə yanılıyormuş? Tənlik həllində? Pul sayanda?

“Boş qalmış qoynuna çiçək doldurdum.”

Burda gərək 18 plyus qoyula. “Qoynuna”  kimin? Şehin oyatdığı xanımın? Xanımın qoynu niyə boş qalmışdır. Xanımın qoynunda nə olmalıdır – bunu uşaq da bilir. Ancaq niyə qoyun birdən boş qalır. Və şair xanımın qoynuna çiçəyi necə doldurur?

“Gülzarına Quran deyə əl vurdum…”

Xanımın gülzarı oun nəyidir ya harasıdır? Üzü? Alnı?

“Inanmadın niyə, bilmədin yəni?”

Xanım nəyə inanmalı, nəyi bilməliydi?

“And içdim ki, könlüm sənsiz yaşamaz”.

Aha! And içib ki, könlü yaşamaz. Yəqin xanıçsız yaşamaz.

“Ağlar sənsiz, sınıq, o bir telli saz.”

Mən Azərbaycanın aşıqlar ordusunu şahid çağırıram: saz sınandan sonra ağlaya bilər? Sımıq sazdan hər hansı səs çıxa bilər?

“Qollarına verdin o dəm bir pərvaz…”

Xanım qollarına pərvaz verib. Özü də bir pərvaz! Yəqin uçacaq.

“Oxşadın sinənə cansız düşəni!”

Yox, xanım, deyəsən, uçmadı. Misraya diqqətlə baxaq. Xanım qollarını pərvazlayaraq və ya pərvazlanmış qollarıyla (bu necə olur?) kimi isə oxşayr, yəni kiməsə nəvaziş göstərir. Kimə? “Sinəsinə cansız düşəni”. Yəni şairi. Şairin könlü ölüb, özü cansız düşüb xanımın sinəsi üstünə, xanım da onun ölüsünü oxşayır.

Bəlkə şair ölməyib, özünü ölülüyə vurub?

Aha! Özünü sığallatdırmağa!

“Şimdi sənsiz xəstə könlüm sərsəri…”

Aha! Könül ölməmişmiş. Xəstələnib. Şimdi. Düşüb çöllərə. Yox, çöllərə yox:

“Dolaşıyor, durur qürbət elləri…”

Dolaşıyor… Bunu canımızı dişimizə tutub qəbul edək. Bəs “durur qürbət elləri” nə deməkdir?

“Ey məni bir dəfə güldürən pəri,
Ağlar neçin qoydun illərcə
məni?”

Cəmi bir dəfə güldürüb, illərə ağlar qoyub. Məşədi İbad  yaxşı demişdi: “Ey bivəfa arvad!…”

Şeir bitdi…

X.X.

22. 05. 2024, Samara

ROBERT BERNS. “NECƏ DƏ QƏDDARDIR VALİDENYLƏR…”

Robert Burns

Necə də qəddardır valideynlər,
Sərvətdir onları maraqlandıran

Qapıya gələn tək varlı gicbəsər,
Verilir zavallı qız ona qurban.

Bəs bu yazıq qızım əlacı nədir?

Verə ayağını yerə, getməyə;

Zavallısa o gic zənginə gedir,
Atanın qəzəbi soyusun deyə.

+

Şahin qənimətin  düşür dalınca,

Qaçır göyərçinsə dönərək yelə,
Qurtarsın ölümcül təhlükədən can,

Varkən qanadların qüvvəsi hələ;

Xilas ümidini fəqət itirir,

Yox elə bir yer ki, sğına artıq.

Şonda Şahinçiyə pənah gətirir,

Ayağı altına özünü atır.

1795

ingiliscədən tərcümə

18-19.05. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

How Cruel Are The Parents

 How cruel are the parents
Who riches only prize,
And to the wealthy booby
Poor Woman sacrifice!
Meanwhile, the hapless Daughter
Has but a choice of strife;
To shun a tyrant Father’s hate—
Become a wretched Wife.
Читать далее

GƏDƏBİYYAT. MƏMMƏD İSMAYIL ŞƏHİDİ HÖRÜMÇƏK TORUNDA ÖLƏN MİLÇƏYƏ BƏNZƏDİR…

Məmməd ismayılın “Oğul şəhid olar vətən yolunda” şeri, mən bilən, hələlik dərsliklərdə yoxdur. Ancaq perspektivi var, belə şerin yeri dərslikdir, özü də bütün siniflərin dərslikləri. Əhməd Cavadın mətni və milli öndərin şəkli ilə yanaşı.

“Oğul şəhid olar vətən yolunda…”

Bu sözü övladı şəhid olan ata ya ana deyə bilər. Deyirlər də. Səmimi deyənlər də var, təhrik edilib, tamaha salınıb mikrofona, kameraya deyənlər də. YAP əxlaqlı jurnalistlər ürəkləri parçalanmış ataları, anaları məcbur edirlər ki, toyda içkili deyilən sağlıqlara bənzəyən ”vətənpərvər” sözlər desinlər.

Ancaq övladı, nəvəsi müharibədə ölməyən “şairin” bunu deməyə haqqı varmı?

Bu, bilirsiniz necə səslənir? Məsələn, oğul itirmiş ata ya ana ağlayır, saç yolur, üzünü cırır. Bir cızmaqaraçı da bu yandan özünü yetirir ki, “nə özünü yırtırsan, vətən yolunda oğul şəhid olar də…”

Mən bilmirəm, Məmməd İsmayılın övladı ya nəvəsi şəhid olub  ya yox. Deyəsən, yox.  Mətni oxuyaq, görərsiniz ki, sütül oğlu həlak olan belə sarsaq şeyi yazmaz.

Şerin epiqrafı da var: “Ölümsüz şəhidlərimizin xatirəsinə”

Necədir?

 İndi şeiri oxuyaq.

“Açılan çiçəklər barında ölər…”

Hörümçək hördüyü torunda ölər,

Alışan kösövlər qorunda ölər,

Ölsə, bal arısı balında ölər

Pərvanə işığın yolunda ölər, —

Oğul şəhid olar vətən yolunda.”

Bənd uzundur, altı misradır, Məmməd İsmayıl orijinal forma yaratmağa çalışıb. Bəndin axırına çatanda əvvəlini unudursan, nəyin nəyə bənzədildiyini başa düşmürsən. Misralara bir-bir baxaq.

“Açılan çiçəklər barında ölər…”

Yəni çiçək əslində ölmür, çiçək meyvəyə çevrilir. Bu, qədim sözdür, Tövratda, İncildə var.

Sonra aləm qarışır bir-birinə.

Şeir, kimə həsr olunub?  Bəli, şəhidlərə!

“Hörümçək hördüyü torunda ölər…”

Şəhid burda nədir və hardadır? Şəhid hörümçək torudur? Hörümçəyin özüdür ya tora saldığı milçəkdir?

Məsələ burasındadır ki, Məmməd İsmayıl ağ yalan deyr, hörümçək toxuduğu torda ölmür, torda ölən onun ovudur, hörümçək əsasən qocalıqdan ölür.

Deməli, şəhid milçəyə bənzədilib?

“Alışan kösövlər qorunda ölər”.

“Alışan kösöv” – azərbaycanca deyil, yəni tavtalogiyadır, payanıın alışmışı kösövdür, alışan ya alışmayan kösöv yoxdur.

Burda şəhid hardadır? Kösöv şəhidin atasıdır? Şəhid – qordur ya küldür?

“Ölsə, bal arısı balında ölər”

Bu misrada şəhidi tapmağa çalışın. Şəhid arıdır ya baldır? “Ölsə…. ölər…” Bəs ölməsə?

“Həyatın sonunda bir «və»si varsa…”

Başa düşdünüz? Mən – yox.

“Əvəz    olunmazın əvəzi varsa…”

Yəni oğul əvəzolunmazdır, ancaq əvəzi var – belə başa düşək? Əvəzi nədir? Dəmir medal?

“Və… bəxtin şəhidlik zirvəsi varsa…”

Bu zirvəni Məmməd  İsmayıl harda görüb? Yuxusunda? Ya içkili fantaziyalarında?

Gəlin Məmməd İsmayılın bütün nəvə-nəticələrinə bu zirvəni arzulayaq! Hamısının bəxti gətirsin!

Məşədi İbad demişkən, yıxasan yerə, ağzına-ağzına vurasan…

 “Uca zirvə varsa, dağ var deməkdir”…

Bu nədir? Coğrafi ya geoloji kəşfdir?  Gəlin bunun əksini düşünək: “Uca zirvə yoxsa, dağ yox deməkdir” – beləmi?

“Uca zirvə” – bu, azərbaycancadır? Alçaq zirvə olur?

“Açılan gül varsa, bağ var deməkdir…”

Gül şox yerdə açılır, gül açılan hər yer bağdır? Məsələn, pəncərənin içi…

“Əgər ölən varsa, sağ var deməkdir…”

Məmməd İsmayıl xalqı ələ salıb? Dolayıb? Təsərrüfatına bağlayıb?

Gəlin məzə üçün tərsini deyək: “Əgər sağ varsa, ölən var deməkdir”…

Kül bizim başımıza…

“Ana elə-belə oğul doğurmaz…”

Əlbəttə, elə-belə “doğurmaz”. Ana ümumiyyətlə oğul “doğurmur”. Ana – doğur! Doğuran kişidir – fizioloji təfərrüata görə üzr istəyirəm.

“Qəhraman doğurar o, qul doğurmaz!”

Hər ana qəhrəman “doğurur”?  Məmməd İsmayılın anası, arvadı, gəlini, qızı neçə qəhrəman «doğurub»? Qulları, əqidəszləri, Məmməd İsmayılın özü kimi şarlatan cızmaqaraçıları kim doğurur?

“Övlada ananın bətni vətəndi”

Hörmətli oxucu!, sizcə, bu “bətn” sözünə Məmməd, bu Məmiş, qafiyə tapacaqmı?

Tapıb:

“Duyduğu laylanın mətni vətəndi…”

Bətn, mətn… Kimin ağlına gələrdi…

İlahi, biz necə rəzil millətik…

“Əgər o vətənin düşməni varsa…”

Hansı vətənin? Neçə vətən olur?

Başa düşdünüz? Vətənin düşməni varsa, “oğul şəhid olar də…” Biz də çax-çuxumuzu eləyək, azərbaycanlılar onsuz da küt xalqdır, nə yazsan, yəni qabağına nə atsan, gəvələyib “bəh-bəh” deyəcək…

Bu adam özünü heç azərbaycanlı da saymır. Vikipediyada milliyətini “türk” göstərib. Güman edirəm ki, heç atası da Mürşüd deyil Ayrı kişidir. Yəni onu bir ayrı erkek (türk demişkən) doğurub…

 X.X.

21. 05. 2024, Samara

ROBERT BERNS. ANANIN AĞISI

Robert Burns

Tale verən hökm uçdu ox kimi

Deşdi ürəyini əziz balamın.

Onunla itirdim hər sevincimi,

İndi ağlamaqdır mənə qalanı.

Yıxılır sütüllər amansız əllə,
Şərəf tapdalanır, düşür torpağa.
Ümidimin fəxri yıxıldı belə,

Doğmaz gələn günün günəşi daha.

 +

Ana kətanquşu kolda ağlayar,
Alınb əlindən gedib balası.

Məni də ağladan oğul dərdi var,

Bir gün ara vermir qəlbimin yası.

Ölüm, qorxudurdun bir zaman məni,

Səni gözləyirəm indisə daim.

Gəl, qurtar, məzarım qazılsın dərin,

Balamın yanında yatım, dincəlim.

 ingiliscədən tərcümə

17-18. 05. 2024, Samara

++++++++++++++++++++

 ROBERT BURNS

A Mother’s Lament

 

Fate gave the word — the arrow sped,
And pierc’d my darling’s heart,
And with him all the joys are fled
Life can to me impart.
By cruel hands the sapling drops,
In dust dishonor’d laid:
So fell the pride of all my hopes,
My age’s future shade.

 

The mother linnet in the brake
Bewails her ravish’d young:
So I for my lost darling’s sake
Lament the live-day long.

Death, oft I’ve fear’d thy fatal blow!
Now fond I bare my breast!
O, do thou kindly lay me low,
With him I love at rest!

 LUKAŞENKO ŞUŞADA

20230721_135628

 Şuşanın üstündəki duman tüstüyə bənzər,
Dağı sanki şumlayır “Belarus” traktoru.

Özünü yığışdırıb, quruyub-qalıb şəhər –

Qonaqdır Avropanın sonuncu diktatoru.

 +

Can verib bu şəhərə kəndimin qoç igidi,
Bulağından içmədən, meyvəsini dadmadan.

Gəlib küçələrində qaniçən gəzir indi,
Paya kimi qolları dirsəyinə qədər qan.

 +

Qatı duman, sıx meşə, sıldırım qayalıqlar –

Boylanaraq müstəbid köks ötürür həsəddən.

Minləri belə yerdə yoxa çıxarmaq olar,
Sübut-dəlil tapılmaz, istintaq min il gedə.

 +

Ləziz içki və yemək, məxfi siyasi söhbət –

Kim şagird, kim müəllim? Kim kimə nə öyrədir?

Dağ xəlvət, dərə xəlvət, Cıdır düzü də xəlvət,

Xan qovulub — gədələr indi bu yerdə bəydir…

19. 05. 2024, Samara