Архивы

SƏGRƏGİN ANASINA QEYZLİ CAVABI

(Uşun qoca oğlu Səgrəg boyu)

Ağzın qurusun, ana,
Dilin çürüsün, ana!

Qardaşım var imiş, demədin mənə!

İndi mən bu yoldan heç dönərəmmi?

Qardaşsız Oğuzda görünərəmmi?

Haqqın olmasaydı Tanrı haqqı, bil,
Polad qılıncımı çəkərdim qəfil,
Cəllad tək başını kəsib atardım,

Qanını torpağa şoruldadardım,

Zalımsan, zalımdır bu gündən adın!

20. 04. 2021, Samara

ANASININ SƏGRƏGƏ DEDİYİ

(Uşun qoca oğlu Səgrəgin boyu)

Dilinin-ağzının qadası mənə!

Qarşı qara dağın yıxılmış idi,
Tanrıya alqış ki, ucaldı yenə!

Tükəndi, çayların göründü dibi,
Tanrıya alqış ki, çağladı yenə!

Ağaclar qurudu, oduna döndü,
Tanrıya alqış ki, göyərdi yenə.

Oğuz bəyləriylə yollan ora sən,
O igidə çatıb, ağ-boz atdan en.

Əl verib igidə, oğul, salam de.

Boynunu qucaqla, öp əlini də.

Oğul, nə durmysan, yubanma, tərpən!

19.04. 2021, Samara

ƏGRƏG ADLI QARDAŞININ OLDUĞUNU BİLƏNDƏ SƏGRƏGİN ANASINA DEDİYİ

Uşun qoca oğlu Səgrəg boyu

Qalxıb səhər durdum, ana, yerimdən,
Qara yallı Qazlı atıma mindim,

Sürdüm Ala dağın ətəyinəcən.
Gördüm Qalın Oğuz igidlərindən,
Bir məclis qurulub, getdim ora mən.

Atlı çapar gəldi yeyib-içərkən,

Dedi: «Əgrəg adlı igid əsirdi,
Tanrı yol açıbdır, qayıdır indi.

Hamı qabağına tələsib gedir”.

Ana, mən də gedim? Məsləhət nədir?

19.04. 2021, Samara

ƏMRANIN KAFƏRƏ DEDİYİ

 

(Bəkil oğlu Əmran boyu)

 

Saxla, itim kafir, hərzə-mərzəni!

Xoşuna gəlmir Al ayğırım mənim? –

Şahə qalxıb oynar görəndə səni!

Əynimdə dəmir don, qısır çiynimi,
Polad üz qılıncım kəsir qınını.

Niyə bəyənmirsən qarğı süngümü?

Dəlib göyə fırlar sənin köksünü!

Tozağacı yayım zar-zar inləyər,
Oxlarım oxdanın kişini dələr.

Başımda igidlər savaş əzmli,

Ərə qorxu vermək ayıb deyilmi?

Vuruşaq, üstələr görək kim kimi.

 

18.04. 2021, Samara

KAFƏRİN ƏMRANA DEDİYİ

(Bəkil oğlu Əmranın boyu)

Haramzada oğlan! Quş kimi oğlan!

Mindiyin Al ayğır arıq, yarımcan!

Nə yaman gödəkdir polad qılıncın,

Sınıb, xəbərin yox, əlində süngün!

Sənin tozağacı yayın çox incə,

Sayı oxlarının cəmi bir neçə.

Yanındakıların yox əyni-başı,
Qaranlıq gözlərin çuxura düşüb.

Yaxşı pusdu səni Şöklü Məliksə,

Dedi: “bu oğlanı tutun, kimdisə.

Bağlayın dalında ağ əllərini,
Tez kəsin başını, aman verməyin.

Şoruldadın yerə alca qanını!

Ağlatma, var isə ağsaqqal atan,
İnlətmə, var isə ağbirçək anan!

Əgər yalnızdırsa, ucalmaz igid,
Boş olar həmişə yovşanın dibi.

Əbləh oğlu əbləh, əcəlin çatıb,
Ağlını başına topla dön, qayıt.

17. 04. 2021, Samara

ƏMRANIN ATASINA DEDİYİ

(Bəkil oğlu Əmran boyu)

Nə deyirsən, ata, nə söyləyirsən,

Mənə dağ çəkirsən niyə belə sən?

Yerindən qalxaraq mənəm atılan,

Minməyim çox olub Qazlıq atıma.

Ov üçün aşmadım mən Ala dağdan,
Olmadım Bayındır divanında da.

Qazan kim? Əlini onun öpmədim,
Ala ayğırını mənə ver ind!

Qan-tərə batırıb çaparam onu,
Çıxar ver əynindən qara donunu.

Sənə təzə yaxa tikdirərəm mən,
Ver mənə polad üz qılıncını sən,

Baş kəsim səninçin nə qədər desən.

Ver, ata, üstəlik qarğı süngünü,

Deşərəm onunla yağı köksünü.

Hanı ağ lələkli oxun, ver mənə,

Deşib yağıları düzərəm ona.

Üç yüz alagözlü igid də gərək,

Məhəmməd yolunda döyüşə girək.

16-17. 04. 2021, Samara

KAFİRLƏRİN HƏMLƏ HAZIRLADIĞINI BİLƏNDƏ BƏKİLİN OĞLUNA DEDİYİ

 (Bəkil oğlu Əmranın boyu)

Oğul, oğul! Zülmət həndəvərimi,
Alsa, gözlərimə işıq verənim!

Belimin qüüvəti, gücüsən, oğul!

Gör nələr baş verib, gör nələr olub!

Qalxaraq yerimdən gəldim, oğul mən,

Andır Al ayğırla, nəfəs dərmədən.

Ovladım, quşladım, atım yoruldu,

Sürüşdü, yıxıldım, sındı sağ budum.

Gör qara başıma nə gəldi sonra,

Adladı bir xəbər qara dağları,
Yelə dönüb keçdi qanlı suları,
Keçdi Dəmir qapı Dərbənddən xəbər,

Qurub Şöklü Məlik pusqu, deyirər.

Alsa da dağları duman, o durmuş,
“Bəkili yatanda tutun” buyurmuş.

Dirsəkdən bağlansın ağca əlləri,
Vurulsun, bələnsin qana əsgəri.

Ağüz qız-gəlini gətirin əsir”.

Yerindən duraraq, oğul, gəl indi,

Qarayallı Qazlıq atın belində!

Gecə Ala dağın aş o üzünə,

Tez Bayındır xana çatdır özünü.

Ədəblə salamla Bayındır xanı,

Öpəlini bəylər bəyi Qazanın.
Söylə ki, ağsaqqal atam xəstədir,
De ki, Qazan xandan kömək istədi.

Məmləkət pozulub gedər, gəlməsə,

Əsir aparılar qız-gəlinimsə.

15-16.04. 2021, Samara

OVDAN SINIQ QAYIDAN ATASINA ƏMRANIN DEDİYİ VƏ BƏKİLİN CAVABI

(Bəkil oğlu Əmranın boyu)

Durmusan yerindən, ata, gəlmisən,
Minib qara yallı ata gəlmisən.

Bəlkə ov qovanda dağ ətəyində,

Uğradın qaradon kafirə birdən?

Qırdırdın alagöz igidləri sən?

De görüm başına nədir gələnlər,

Qurban başım sənə, ağam, ver xəbər.

BƏKİLİN ƏMRANA DEDİYİ

Qalxaraq yerimdən, gəldim ay oğul!

Düşdüm ov dalınca, gedib dağ yolu.

Qaradon kafirə uğramadım mən,
Ölən yox alagöz igidlərimdən.

Oğul, qəm eləmə, hamısı sağdır,

Öz halım üç gündür çox qarışıqdır,

Düşür məni atdan, yatağa çatdır.

14. 04. 2021, Samara

BƏKİLİN ARVADINA DEDİYİ

(Bəkil oğlu Əmranın boyu)

Qarayallı Qazlıq atın belində,

Gəldim, ağüz gözəl, durub yerimdən,
Aşdım dik yamaclı Ala Dağı mən,
Keçdim coşqun, gözəl suların üstdən.

Getdim divanına Bayındır xanın,
Yedim igidlərlə qonaqlığını.

Gördüm ki, qohumla qohum mehriban,

Çəkibdir bizdənsə nəzərini xan.

Gərək el-günümü yığıb bu gündən,
Gedəm doqquz tümən Gürcüstana mən,
Bilin ki, dönmüşəm Oğuz elindən!

12. 04. 2021, Samara

BƏKİL BAYINDIR XANDAN KÜSÜB GƏLƏNDƏ ARVADININ DEDİYİ

 (Bəkil oğlu Əmranın boyu)

Bəyim, qızıl taxtım yiyəsi igid!

Göz açıb gördüyüm, könül verdiyim!

Yola düşüb gəldin durub yerindən,

Yanında yol gəldi igidlərin də.

Aşdın dik yamaclı Ala Dağı sən,

Coşqun axınları adladın asan.

Getdin divanına Bayındır xanın,

Quruldu bəyərlə ov qonaqlığın.

Qohum qohumuyla deyib-güldümü?

Sənə qəribliyin ağır gəldimi?

Görürəm altında atın yox, xanım,
Hanı altın zireh, boş qalb alnın.

Yoxdur bəylərinlə mehribanlığın,
Söylə arvadına, nədir bu halın?

 

12. 04. 2021, Samara