Архивы

İNTİHAR HAQQINDA…

09. 10. 23

Mənə xəbər verdilər ki, Mərhum Məmmədhəsənin nəvəsi, qızı Dürnisənin Yusif adlı oğlu özünü öldürüb. Çox məyus oldum…

Mənim yaşım çoxdur, ona görə Məmmədhəsənin gənc vaxtlarını xatırlayıram. Məmmədhəsən yaxşı feldşer idi, Ərəbqardaşbəyli ilə Bala Surra arasında hər cür havada əvvəllər piyada, sonralar motosikllə çapır, evləri qapı-qapı gəzir, gecə də dalınca gələndə dinməzcə durub xəstə üstünə gedirdi. Orta təhsilli feldşer olan Məmmədhəsənə kənddə “doxdur” deyirdilər, o vaxtlar o, “doxdur” adına layiq idi.

Sonralar, təəssüf ki, Məmmədhəsəni mağaza xarab elədi…

Dürnisəni – Dürnisə müəllimi — yəqin ki, şagird olduğu vaxtlar görənəm. Mərifətli qız idi, çalışqan idi.

Hər dəfə hər hansı gəncin intihar etdiyini eşidəndə, onun ata-anasını düşünürəm. Balasını itirmiş ata-ana üçün həyat kökündən dəyişir, yeyib-içdiyi zəhrmara dönür. Mənim kiçik qardaşım Salman səkkiz yaşına çatmamış qəfil xəstəlikdən öləndən sonra məməm yasdan çıxmırdı, xasiyyəti də çox dəyişdi…

Təbiətən intihara meylli insanlar var. Nəzarətsiz qalanda özlərinə çox hallarda ölümlə nəticələnən ağır xəsarət yetirirlər. Bu, patologiyadır, psixikanın pozulmasıdır. Bəs sağlam adamlar özlərini niyə öldürürlər?

Mütəxəssislər yaşla əlaqəli böhranların yeniyetmələrdə 12-14 yaş arasında, kişilərdə 20-30 yaş arasında olduğunu qeyd edirlər. 60 yaşdan sonra belə böhranlar hər iki cinsin nümayəndələrində ola bilər.

İntihar sövq edən əsas səbəblərdən biri depressiya sayılır. Depressiya halında nə  ümid var, nə istək. Yaşamaq mənasız görünür.

Narkotik keflənmə halında intihar edənlər çoxdur. Doza qəbul etmiş narkoman üçün varlıqla yoxluq arasında fərq itir, ölüm narkotik keflənmə halında olan insan üçün heçlik deyil, nirvananın daha bir qatıdır…

Bəs sağlam, ağlı başında olan adam özünü niyə öldürür?

Mən Dürnisə müəlimin əziz balasının ölümü ilə bağlı heç bir spekulyasiya eləmək fikrində deyiləm, çünki hadisənin təfərrüatı barədə heç bir məlumatım yoxdur. Mən, yeri gəlmişkən, Azərbaycanda epidemiyaya çevrilmiş intihar halları haqqında öz fikrimi demək istəyirəm.

Məlum olduğu kimi, cinayət məcəlləsində “intihar həddinə çatdırma” kimi maddə var. Yəni insana o qədər fiziki və mənəvi işgəncə verilir ki, çıxış yolu görməyib özünə qəsd edir. İnsanı intihar həddinə öz ailəsində də çatdıra bilərlər – qayınana gəlini, gəlin qayınananı, ər – arvadı, valideynlər övladı. Belə cinayətlərin çoxu ört-basdır edilir, guya ailə şərəfini qorumaq üçün intiharın əsl səbəbi gizlədilir.

Çoxumuza məlumdur ki, hər ailə mehribanlıq hökm sürən isti ocaq deyil, əksinə zülm ocağıdır. Hər ailəyə isə nəzarətçi qoymaq olmaz ki, ata-ana uşaqlarıyla insan kimi rəftar eləsin. Ancaq intiharın profilaktikası vacibdir. Daim, intensiv, ardıcıl şəkildə uşaqlara aşılanmalıdır ki, həyat möcüzə sayıla biləcək nemətdir və biz bu nemətin üstündə elə əsməliyik ki, sanki qıraqlarına qədər dolu camı daşlı-çınqıllı yolla aparırıq. İntihar isə insanın ata biləcəyi ən uğursuz, ən mənasız addımdır.

Ailə zülm ocağıdırsa, onu tərk eləmək lazımdır.

Ordudan tez-tez əsgərlərin intihar xəbərləri gəlir. Əgər komandir, gizir, əsgərə işgəncə verir, alçaldırsa, əlində avtomat olan əsgər niyə o zalımı yox, özünü öldürsün?

Azərbaycanda depressiyaya uğramamq üçün polad sinirlər lazımdır. Bu kiçik ölkə böyük bir türməni ya da, dəbdəbəli toyların çalındığına baxmayaraq, böyük bir yasxananı xatırladır. İndi sərhədlər də bağlıyıblar ki, insanlar klaustrofobiya azarına tutulsunlar…

Futbol həvəskarları yaxşı bilirlər: həftənin dörd-beş günü Avropa ölkələrində milli çempionatların yarışları keçirilir. 50, 60, 70 hətta 90 minlik stadionlar dolu olur. İrili-xırdalı bütün şəhərlərdə opera tapmaşaları gedir, simfonik orkestlər çıxış edən filarmoniyalarda anşlaqdır. İndi bütün Avropa şəhərlərinin geniş küçələrində, meydanlarında milad yarmarkaları keçirilir. Adamlar keyfiyyətli, səmərəli işləyir, keyfiyyətli dincəlirlər. Qocalıb pensiyaya çıxanlar qollarını-qıçlarını uzadıb ölümü gözləmirlər, səyahət edirlər, cavanlıqda arzusunda olduqlaırı yerləri gəzirlər. Adamların söz demək, fikir ifadə etmək, siyasi fəaliyyət göstərmək azadlıqları, özlərini müstəqil məhkəmələrdə müdafiə etmək imkanları var. Azərbaycanda söz danışanı, söz yazanı şərləyib dama basır, türmədə çürüdürlər, kütləvi qorxu psixozu yaratmaq üçün  millətin fəxri sayıla biləcək gənc jurnalist qızları zindana atan, əhalini dilsiz-ağızsız mal-heyvana çevirmək istəyən Əliyev Amerikaya, Fransaya hərbə-zorba gəlir. Sosial vəziyyətindən asılı olmayaraq  hər hansı bir insan özünü Azərbaycanda azad hiss edə bilərmi? Yox, edə bilməz. Əgər edirsə, deməli o, narkotik keflənmə halındadır, reallıqla illüzor olanı bir-birindən ayıra bilmir…

Əgər intiharın əsas səbəblərindən biri depressiya sayılırsa, bu depressiyanı yaradıb bütün əhalini ona düçar edən Əliyev rejimidir. Ancaq bu rejimdən də qəddar rejimlər olub və adamlar çıxış yolunu intiharda yox, rejimlə mübarizədə görüblər. Zülm ailədən gəlirsə, o zülmə ailədə qarşı durmaq lazımdır, sənin intiharın zənin zülmkarına hədiyyədir.

Sirr deyil ki, bəzi gəncləri intihara aparan depressiyanın özünə uğursuz sevgi səbəb olur. Yeniyetmə, gənc sevgi uğursuzluğunu ağır yaşayır. Ancaq həyatın özündən yüksək olan heç bir duyğu yoxdur. Sevgi də, dərd də, ən müxtəlif başqa yaşantılar da həyatın təzahürüdür. Həyat varsa – yeni sevgilər, yeni münasibətlər yaranacaq. Valideynlər, hazırlıqlı psixoloqlar uşaqları rədd edilmə, cavabsızlıq nəticəsində yaran bilən böhrana hazırlamalıdırlar. Yəni hər hansı qız (oğlan) tərəfindən rədd edilmək, hətta atılmaq nə qədər ağrılı olsa da, faciə deyil, insan təbiəti dəyişkəndir, dəyişməyə, reabilitasiyaya qabildir və bu qabiliyyət bizim ən ağır yaralarımızı sağaldır, yeni münasibətlərə, sevgilərə qovuşdurur.

Bu yaxınlarda mənim 71 yaşım tamam oldu. Ölmək istyirəmmi? Yox. Bilirəm ki, yaşadığım hər gün ən sonuncu ola bilər. Ancaq təbii olacaq hadisəni özüm icra eləmək istəmirəm. Çünki həyatın əksi – heçlikdir. Axirətə inanmıran, cənnəti, cəhənnəmi heç bir sübutu olmayan fantaziya sayıram. İndi küçədə yumşaq qar yağır, şaxta üç-dörd dərəcədir, yəni çox xoş hava var, mən də qardaşoğlu Yusifin Bakıdan hədiyyə göndərdiyi noutbukda intihar əleyhinə fikirlərimi yazıram və hamını həyatı sevməyə çağırıram.

İyunun 5-dən 6-na keçən gecə mənim yaşadığım ev yandı. Nəyim vardısa odda və yanğınsöndürələrin vurduğu suda məhv oldu. Mən hər şeyimi itirib indi tamam dəyərdən düşmüş pensiya ilə qaldım. Binanın qarşı tərəfndəki səkidə durub üç-dörd saat ərzində yanğını müşahidə edərkən intihar barədə düşünürdümmü? Konkret intihar barədə düşünmürdüm, ancaq bundan sonra necə yaşayacağımı təsəvvür edə bilmirdim…

Səhərə yaxın zəngilanlı Şirvan Kərimov daha iki soydaşla yanğın yerinə gəldi, iki-üç saatdan sonra mənartıq hamamlanıb təzə paltar geymişdim…İndi bir neçə aydır ki, ev, o cümlədən mənim mənzilim Şirvan Kərimovun nəzarəti altında və dövlətin ciddi köməyi ilə yenidən yaradılır. Mənə yaxşı ev tutublar, mərkəzdə sakit həyəti olan qədim binadır. Altı ay ərzində iki kitablıq tərcümə eləmişəm və yazmışam…

Özünüzdən muğayat olun, bir-birinizi qoruyun, yəni qıraqlarına qədər dolu cam aparan adamın titrədiyini görəndə ona dəstək olun ki, camdakı cövhəri dağıtmasın…

Dürnisə müəllimə, faciə üz vermiş ailənin bütün üzvlərinə səbr diləyirəm.

X.X.

  1. 12. 2024, Samara

HƏQİQƏTDƏN XATİRƏ

İYUL 2023

Hərdən-hərdən yuxuda görürəm ki, Azərbaycandayam, Salyanda məni dostum Cəfər söhbətə tutub, günün gedən vaxtı taksi ilə gəlib qalmışam Kürün qırağında – İdris kolazı çoxdan qıfıllayyıb gedib evinə. Kolaz bağlanan qayalıqdakı suvuran maşının damdaşının yanında durub gah mənə, gah qarşı sahilə baxan kişini tanıyıram. Toranda üzünü yaxşı görməsəm də, mənə məzəmmətlə baxdığına şübhəm yoxdur. Hamının Hağiyət dediyi Həqiqət kişinin Salyandan kəndə taksi ilə gələnlərdən zəhləsi gedir, belə adamları qudurğan sayır. Salyandan vaxtsız qayıdıb Kürün qırağında əsir-yesir olanlar da Həqiqət kişinin gözünün düşmənidir, çünki ağlı başında olan adam vaxtında gələr ki, sonra gedib kolazçı İdrisin qapısında durub ağlaşma qurmasın… Bu dayanış çox çəksəydi, mən yəqin yuxuda xəcalətdən ölərdim. Ancaq birdən Həqiqət kişinin səsini eşidirdim: “Məllim, darıxma, Yolçu yarım saata gələcək tora baxmağa, səni də atar o taya…”

Kolazçı Abbasın oğlu kolazçı İdrisi uşaqlıqdan Yolçu çağırırlar…

Fövqəladə boyu, iriliyi, gücü, səsi ilə məşhir olan Heydəralı kişinin oğlu Həqiqət bizim kəndçimizdi, yəni Salyan rayonunun Şirvan Əərəbqardaşbəyli kəndindən idi. Cavanlıqdan Kürün sağ sahilinə, o vaxtlar Komsomol adlanan Ərəbqardaşbəyliyə köçmüşdü. Uzun müddət Bala Surra kəndindəki su maşınının mexaniki olmuşdu. Sonralar, bəlkə yetmişinci illlərdə Komsomolda (Ərəbqardaşbəylidə) təzə su maşını qurulanda Həqiqəti təcrübəli işçisi kimi Bala Surradan götürüb təzə maşına mexanik qoymuşdular. Təzə maşın isə iki Ərəbqardaşbəylinin arasında keçələt olan yerdə, qayann üstündə qurulmuşdu. Mexanik təzə olduğu kimi, qurğunun üstündəki tikili də, içindəki avadanlıq da təzə idi. Köhnə olan əvvəlki maşından irs qalan fəhlələr idilər ki, onların hər biri haqqında ayrıca danışmağa dəyər. Yay-qış, su maşını işləməyən vaxtlarda da maşında növbə çəkən, əsas işləri hansı hissələri isə yağlamaq olan bu kişilərin hər biri son dərəcə koloritli idi. “Kişilər” demək düz çıxmır, çünki, məsələn, Həqiqət kişi arvadını da fəhlə yazdırmışdı, yerinə özü növbə çəkirdi…

Təzə su maşını qurulandan bizim kəndimizin, xüsusən hər gün ya tez-tez Salyana gedib-gəlməli olan adamların həyatı radikal şəkildə dəyişdi. Kolaz qarşı sahilə yaxınlaşdıqca kolazdakı adamlar ağappaq əhənglənmiş tikilinin yanında düppədüz durub onlara baxan, irilikdə atası Heydəralı kişidən az geri qalan Həqiqəti görürdülər. Və hər biri təxminən bilirdi ki, indi Həqiqət kişi onların haqqında nə fikirləşir. Və hamıya məlum idi ki, Həqiqət kişi öz keçmiş kəndçiləri haqqında yaxşı fikirdə deyil. Həqəqət kişi gəlib-gedənləri qayada qazılmş pilləkənləri düşəndə ya qalxanda, kolaza minəndə ya kolazdan çıxanda zəhmli baxışları ilə süzürdü və onun gözlərinə baxan hər kəs bilərdi ki, ya işə, ya alverə, toya ya da yasa gedən bu adamların qiyməti bu gözlərdə çox aşağıdır. Mən Həqiqət kişinin gözlərinə baxmışdım və öz qiymətimi də çox aşağı görmüşdüm, hərçənd o mənə “məllim” deyirdi və lələmdən hörmətlə danışırdı… Mənə elə gəlir ki, Həqiqət kişi təkcə kolazla o taydan bu taya, bu taydan otaya keçənlərə yox, hərəkətdə olan bütün insanlara baxır, onların niyə yaşadığını başa düşə bilmirdi. Hətta ağlıma gəlir ki, Həqiqət kişiyə hökumət tərəfindən bir az dəstək olsaydı, yəni səlahiyyət veriılsəydi, kolaz hələ Kürün ortasında olanda onu topa tutar, adamları cəhənnəmə vasil edərdi…

Həqiqət kişi çox işlək adam idi, həm də özünün xarici görkəmiylə uyuşmayan çox incə estetik duyğuya malik idi. Fəza estetikası elə bil onun qanında idi. Rəhbərliyi altında təzə maşın işə başlayan kimi tikilinin ətrafını şumlaylb yonca əkdi, söyüd, qovaq qələmələri sancdı və tezliklə bu qələmələr böyüyüb kölgəliyə çevrildilər. Səhv etmirəmsə, Həqiqət kişi yeməli olan şeylər də əkmişdi. Ancaq kolaz gözləyən kəndçilərinin ona gördüyü abadlıq işləri ilə bağlı verdiyi ikibaşlı suallar, özlırini cavan söyüdlərin kölgəsinə verənlərin naqqallığı Həqiqət kişini cinləndirirdi və günlərin bir günü əkdiklərinin hamısını kökündən çıxarıb Kürə tökmüşdü…

Adətən bizim adamlar naxır qabağına çıxanda ya da Kür qırağında kolaz gözləyəndə siyasətdən danışırlar. Həqiqət kişi heç vaxt siyasətdən danışmırdı. Mənə elə gəlirdi ki, su maşınını fəhlələri ilə, avadanlığı ilə birlikdə Həqiqət kişi kiçik bir dövlət, özünü isə dövlət başçısı sayır və tamamilə məntiqi olaraq başqa dövlətin ya dövlətlərin işinə qarışmrdı. Siyasətdən danışan naqqallara zəhmlə baxır, hərdən özünü saxlaya bilməyib deyirdi: “Ağıllı olun, kümətin işinə qarışmayın, həzrət Abbas haqqı, qulaqlarna çatar, əlli-ayaqlı gedərsiniz!…”

Həqiqət kişi öz dövlətini dəmir yumruqla idarə edirdi. Su maşını qış aylarında dayanırdı. Ancaq fəhlələr növbələrini çəkirdilər. Və Həqiqət kişi vaxtaşırı gecə reydləri keçiirdi ki, növbədə olan fəhlə gecə birdən yatmasın. Bəzən saatlarla fəhlənin yanında,hətta üzbəüz otururdu ki, yatmadığına arxayın olsun. Qocaman əməkdar fəhlələrdən olan çolaq İsmayıl mənim dostum İlhama danışırmış ki, bir dəfə qışda mexaniklə bir neçə saat üzbəüz oturub. Birdən mürgüləyib gözlərini yumanda Həqiqət qışqırıb: “Elə niyə elədin?!”…

Azərbaycanda olarkən vaxtsız gəlib kolaz gözləyəndə Həqiqət kişi hərdən özü yaxın gəlib mənimlə söhbət eləyərdi. Nə gizlədim, mən bundan çox böyük qürür duyurdum. Bu mənim üçün Kaliqula da olmasa, ən azı Neronla danışmaq kimi bir şey idi. Bir dəfə Həqiqət kişi mənə ibrətli bir söhbət elədi. “Məllim, bizdə çox sarsaq adam var ki, özünü bilən kimi göstərir. Mən Surra maşınnı təhvil verəndə fəhləni aldım yanıma, başladım nə varsa göstərməyə ki, bu belədir, bu elədir. Başa salırdım ki, işlədə bilsinlər. Birdən bu qurumsaq qayıdıb mənə nə desə yaxşıdır? “Özümüz bilirk də…” Dedim, çox yaxşı, bilirsinizsə, mənim sözüm yoxdur. Məllim, o maşında bir şey var idi, onu yaxşıca burub çıxdım. Məllim, Həzrət Abbas haqqı, mən öyə gəlib çıxmamış Surra maşınında elə gurultu qopdu ki, elə bil bomba atdılar. Məllim, onu doqquz aya düzəltdilər, doqquz aya… Qurumsaq deyir özümüz bilirik, sən nə bilirsən, qoduq…”

Həqiqət kişi “doqquz ay”ı elə şiddətli təəffüz edirdi ki, elə bil doqquz işıq ili keçmişdi. Ancaq suvarma vaxtı xarab olan su maşını üçün doqquz ay elə doqquz işıq ilidir…

Həqiqət kişi dindar adama oxşamırdı, yəqin heç heç Həzrət Abbasın kim olduğunu bilmirdi, ancaq bu hərəkəti ilə əsl müsəlman olduğunu sübut eləmişdi. Müsəlmana, bildiyiniz ki, qisas buurulub…

Həqiqət kişi haqqında çox danışmaq olar. Ziddiyyətli, çox ziddiyyətli adam idi. Yəni şəxsiyyət idi. Maşını, etiraf etmək lazımdır, yaxşı işləyirdi… Ancaq bu xatirəni Həqiqət kişinin mənə elədiyi başqa bir söhbətlə bitirmək istəyirəm. Bir dəfə o mənə qız qaçlrmağından danışdı. Yənı gələcək arvadını öz razılığı ilə aparmışdı, ancaq kasıblıqdan toy eləməyə imkan olmadığına görə gərək qaçıraymış.

“Məllim, qızı sənin dədənin kolazında Kürlə keçirdim. Rəhmətlik Cahangir kişi kolazın açarını verdi qardaşın Seyfullaya, qızı qoyduq kolaza apardıq…”

Bunu danışanda Həqiqət kişin zeytun rəngli tüklü üzü işqılandı, hətta gözlərinin yaşardığını da desəm, yalan olmaz…

Ah, məhəbbət, nə gözəl şeysən, qəlbinə girdiyin hər kəsi mum kimi yumşaldırsan…

X.X.

11.12.2024, Samara

KÜRÜNÜ QAŞIQLA YEYİRDİLƏR? BƏLKƏ O, BADIMCAN KÜRÜSÜ OLUB?

Universitetdə mənim Əkrəm Əliyev adlı qrup yoldaşım var idi, yuxarı kursdan qalıb bizə qoşulmuşdu. Xaçamazlı idi, ancaq o vaxtlar, yəni yetmişinci illərin sonlarında, Bakıda yaşayır, Televiziya və radio verilişləri komitəsində rejissor köməkçisi işləyirdi. Kəndimizin adını eşıdındə Baratəlini tanıyıb-tanımadığımı soruşdu. Dedim Baratəli Kürün Salyan tayındakı Ərəbqardaşbəylidəndir, özünü tanımıram, ancaq qardaşı İmaməlini tanıyıram.

Baratəli studiyada mühəndis işləyirdi. O zaman, yəni yetmişinci illərin sonlarında, təzə toyu olmuşdu. Bakıda yaşasa da, toyu kənddə eləmişdilər. Baratəlinin qardaşı Qulaməli vəifəli şəxs idi və qardaşının qoyunun gurultusu Kürün biz tərəfinə də gəlirdi. Hətta eşitmişdik ki, bəyin sağdışı televiziyanın tanınmış aparıcısı Sabir Ələkbərov olub…

Əkrəm Əliyev deyirdi ki, toydan sonra Baratəli studiyada toyunun necə dəbdəbəli keçdiyindən çox danışırmış. Bir dəfə deyib ki, “qonaqlaq kürünü qaşıqla yeyirdilər”. Toyda özü olmamış yoldaşlardan biri deyib: “Barat, o yeyilən yəqin badımcan kürüsü imiş…”.

Mən YouTube-da Bankə balıq kombinatı haqqında bir neç videoya baxdım. Deməliyəm ki, uşaq vaxtı istəkli bacım Sübü ilə Bankədə olmuşam və Bankənin adı da, xatirəsi də mənim üçün şirindir. Əsasən ruslar yaşayan, hasarlarını qıpqırmızı çiçəklər açan sarmaşıqlar bürümüş səliqəli fin evləri indiyəcən gözümün qabağındadır. Kombinatı sonralar, bacımgil Oriada köçəndəb sonra tanıdım. Əslində iyini bildim. Çünki bankə balıq kombinatında kilkədən, səhv etmirəmsə, toyuq yemi hazırlayırdılar və bu da çox pix qoxulu istehsalat idi. Külək kombinat tərəfdən əsəndə bu qoxu Kürü keçir, Oriyadın da yarısını bürüyürdü.

Və mərc gələrəm ki, bankəlilərin də, oriyadlıların da böyül əksəriyyəti öömürləri boyu tərifli qara kürüdən dadmamışdı. Onlara qalan kilkə ununun baş gicəlləndirən qoxusu idi.

Kürünü leqal alıb yemək mümkün deyildi. Kürü satışda yox idi. Kürü 36 və 56 qramlıq bankələrə qablaşdırılır və rəhbər orqanların qapalı bufetlərinə, qapalı mağazalarına və xaricə gedirdi. Kim kürü yeyirdisə, oğurluq kürü yeyirdi. Mənim baxdığım videoların birində Hilal Cəfərov bankə balıq kombinatı

adlı bir cənab deyir ki, 1965-68-ci illərdə kürünü kilosu 2 manat əlli qəpiyə — üç manata olub. Mən bilmirən Hilal Cəfərov niyə yalan danışır. Bəlkə də dənizin ağzında ova çıxan böyük brakonyerlər kürünü alverçilərə o qiymətə veriblər. Ancaq alverçi bazarda onu Cəfərov deyən illərdə Salyanın balıq bazarında 9 ya 10 manata satrdı. Ağ balığın kilosu Cəfərov deyən illərdə əlli qəpik yox, bir manat idi. Cəfərov danışdıqca Nozdryov kimi qızışır və deyir ki, kürünü “qaşıqla yeyirdik”. Bu, ağ yalandır. Mən o illərdə tanıdığım adamlardan heç kimin süfrəsində kürü görməmişəm. Hətta brakonyerlərin çoxu da tutduğu balıqların kürüsünü ailəsinə yedirtmir, bazara çıxarırdı. Salyana gürcülər balıq, kürü almağa gəlirdilər. Kilosu on manata olan kürünü kim yeyə bilərdi? Mağaza müdiri, prokuror, raykom katibi, səhiyyə idarəsinin müdiri, milis rəisi, kolxoz sədri… Kürünü Salaynın balıq bazarından alıb rüşvət kimi Bakıya aparırdılar – rektorlara, dekanlara, cərrahlara, prokurorlara, hakimləər… Sıravi adamlar kilosu iki manata olan əti ala bimirdilər. Müəllimlərimiz kənddə dana alıb kəsirdilər. Hərəsi iki-üç kilo götürəndən sonra qalanını satmaq üçün şagirdləri qapı-qapı salırdılar. Ətin kilosu düşürdü bir manat səksən qəpiyə, ancaq yenə ətin bir hissəsi satılmırdı…

Kərə yağının kilosu üç manatt əlli qəpik idi. Mağazada qalıb göyərirdi, kənd adamları ala bilmirdilər, çox adamın mağazaya borcu olurdu. Ay Hilal Cəfərov, deyirsən bu adamlar kürü yeyiblər? Niyə yalan danışırsan, a kişi? Bəlkə sən böyük brakonyer olmusan, qırmısan balıqları, oğurluq kürünü qaşıqla yemisən, ancaq sənin qonşuların, kəndçilərin, millətinin əksəriyyəti heç şoru da qaşıqla yeməyib, barmağını batırıb yeyib…

Guya o vaxtlar hamının balıq tutmağı da yalandır. Kürün sahilləri o vaxtlar böyük brakonyerlər tərəfindən zəbt olunmuşdu. Hər adam tor qura bilməzdi. Və tor da, qarmaq da, hörmətli cənab Hilal Cəfərov, qanunsuz idi! Balıq ovuna nəzarıtçilər var idi, üstlərində də beşaçılan. Həvəskarları tuturdular, böyük brakonyerləri, Kürü kilometrlərlə zəbt edib tor, qəti qadağan edilmiş qarmaq quranları yox.. Balıqları Kürdə elə siz nəzarətsiz, qaydasız ovunuzla məhv elədiniz. Bizim millətinki balıq ovu deyildi, balığın kökünü kəsmək idi. Kürə zəhəri siz “balıqçılar” atmırdinızmı? Beş kilo balıqdan ötrü dinamit partladıb minlərlə balığı məhv edən siz deyildinizmi? Vurçatlasın idi. Kürün bütün sərvətini elə bu saat, elə bu gün çıxarıb sataraq, qəsr tikmək, daşqaş almaq, rüşvətlə uşaq oxutdurmaq, sonra vəzifə almaq arzusuyla gecə-gündüz vurnuxdunuz. İndi də Puşkinin nağılındakı qarı kimi oturmusunuz sınlq ləyənin önündə, başınıza döyürsünüz..

Qayıdaq kürünü qaşıqla yeyənlərə.

70-ci illərin sonlarında qardaşım Adıgözəl Oriyadda, yəni Bankə ilə üzbəüz kənddə yeznəmiz Böyükağa Axundovla  balıq almaq üçün bir alverçinin həyəytinə getməyindən danışırdı. Deyirdi ki, nərdivanda 9-10 yaşlı qız oturmuşdu, qabağında kütü dolu kasa. Ancaq yemirdi, fikri ayrı yerdəydi. Anası qızı göstərərək qardaşımgilə deyir: “Kül olub bunun başına, qabağına nə qoyursan, yemir…”

X.X.

06. 12. 2024, Samara

P.S. O ki qaldı kombinatın binasının dağılmağına, qəsəbə əhalisi özü fond yaradıç çoxdan onu bərpa edə bilərdi. Bir toya nə qədər xərcləyirsiniz?

P.SS. İndi çox adam heç badımcan kürüsünü də qaşıqla yeyə bilmir, elə barmağını batırır…

«ALA-BULA» YA «ALA, BULA?» BƏLKƏ «BOZ KEÇİ, BOMBOZ KEÇİ?»

salyan stansiya

Yüz il də olmasa, yüz ilə yaxın bundan əvvəl ibtidai sinif müəllimi işlədiyim vaxtlar yadıma düşür, Samaranın qədim küçələrini gəzərkən memarlıq abidəsi kimi qorunan abidələrə baxıb estetik zövq almaq əvəzinə gözümün qabağına sinif otağını gətirirəm, “Xoruz” ya “Keçi” şeirini deyən uşaqların səslərini eşidirəm…

“Ala-bula boz keçi…”

Əlbəttə, bu, Azərbaycan poeziyasının qənirsiz şedevridir…

Bu şeiri dil açan kimi öyrənmiş, həyət-bacada min dəfə təkrar eləmiş uşaqlar onu sinif yoldaşlarının qabağında ifa eləyəndə dərin həyəcan keçirir, qızarır, tərləyirdilər. Elə bil ki, hərbi and içib döyüşə yollanacaqdılar…

Mən də həyəcanlanırdım, elə bil ki, məni də bu körpə əsgərlərə qoşub basacaqdılar müharibəyə…

Bir qız şeirin bir yerində ustad müəllifə düzəliş verirdi.

Bir qurd çıxsa qarşına,
Sən nə gedərsən ona?

Qız çox inadkar uşaq idi, nə qədər çalışrdımsa, elə “edərsən” əvəzinə “gedərsən” deyirdi. Elə bil ki, keçi canavarla qumar oynayacaq, əlində də bir sanballı kart yoxdur..

Sən nə gedərsən ona…

Bıçaq sümüyə dayanırdı. Ya mən, ya da o!

Qız qaldı birinci sinifdə…

Bu günlərdə mən elə bil ki, nağıllarda deyilən kimi, qəflət yuxusundan ayıldım. Mənə bir əsrdən sonra çatdı ki, şeiri mən özüm də yaxşı başa düşmürmüşəm. Gərək müəllimliyi elə birinci ilin sonunda bitirəydim.

Necə yəni “ala-bula, boz”?

Keçi ala-buladır ya bozdur?

“Ala-bula” nədir?

Lüğətin birində oxuyuruq: “Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır.”

Başqa bir klüğətdə: “Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli”.

Deməli, keçi ala-buladırsa, boz deyil, bozdursa, ala-bula deyil…

Bu, bir yana. “Ala-bula” defislə yazılsa da, bir vurğu ilə deyilməlidir, çünki “bula”nın təklikdə mənası yoxdur. İndi diqqətli olun: “ala-bula” bir vurğu ilə deyiləndə ritm pozulur, hecanın biri itir, ona görə misra axsayır. Ona görə bu şeir dərsliklərə salınandan, dilə-ağıza düşəndən, “ala” ilə “bula” arasında pauza edirik, yəni “ala” ilə “bula” arasında, kobud şəkildə desək, vergül qoyuruq. Yəni “ala” və “bula” olur iki müxtəlif rəng. Və biz müəllimlər, sözün mənasına fikir vermədən, özümüz uşaqlardan tələb edirdik ki, “ala” ilə “bula” arasında nəfəs alsınlar.

Ala, bula boz keçi…

Yəni nəsil-nəsil uşaqları azdırmışıq. Azərbaycan millətinə vurulan zehniyyət ziyanı ölçüyə gəlməz…

Bəlkə də millətimizin bütün problemlərinin kökü elə bu “Keçi” şeirindədir…

Niyə ölkə türməyə çevrilib?

“Sən nə gedərsən ona…”

Millət elə bil üzü üzlər görmüş şulerlə qumar oynayır…

“Sən nə gedərsən…”

Şeirin birinci misrası qüsurludur, ancaq bu qüsur onun şedevrliyinə az xələl gətirir. “Keçi” şeiri Hüseyn Cavidin “İblis”i ilə bir səviyyədə dura biləcək sənət incisidir.

“Keçi” şeirinin dərin simvolizmində heç Şekspirdə olmayan dinamizm var. Diqqətlə fikir versəniz, görərsiniz ki, bu günün ictima-siyasi kontekstində, xüsusən Azərbaycan reallığında çoban və canavar iki müxtəlif personaj deyil, bir personajın iki təzahürüdür. Yəni canavar eyni zamanda çobandır. Və ya çoban eyni zamanda canavardır…

Vəziyyətdən çıxış yolu varmı?

Bəlkə “ala-bula”nı tamam ataq? Məsələn, belə başlayaq:

“Boz keçi, bomboz keçi,

Ay qoşa buynuz keçi!”

Necədir? Hər şey düzəlmirmi? Axı Azərbaycan həyatında əlvanlıq, alabulalıq, müxtəliflik çoxdan itib gedib. Bir boz rəng qalıb…

Füzulu demişkən, “candan usandıran”, gözləri yoran, ürəyi ağrıdan bozluq…

X.X.

03. 12. 2024, Samara

ƏBU LƏHƏBİN APOLOGİYASI. 2. ONUN DƏFNİNDƏ İSLAM ÜÇÜN MÜDHİŞ BİR SİMVOLİZM VAR…

əbu ləhəb

əvvəli burda: https://xeyrulla.com/2024/11/07/ebu-lehebin-apologiyasi-1-etiqadana-sadiq-qalan-insan-meger-hormete-layiq-deyil/

Məhəmmədin bizə gəlib çatmış ən erkən bioqrafiyasının müəllifi İbn İshaq (704, Mədinə – 767 ya 768, Bağdad) yazır: “Əbu Ləhəb Məhəmmədin iddialarını rədd edərək dedi: “Məhəmməd mənə şeylər vəd edir ki, mən onları görmürəm. O iddia edir ki, onlar mən öləndən sonra olacaq; bundan sonra o mənim ovcuma nə qiyur?” Sonra (Əbu Ləhəb – X.X.) əllərinə üfürdü və dedi: “Görüm yox olasınız. Məhəmməd deyən şeylərin heç birni sizdə görmürəm”.

Əbu Ləhəbi axirət vədlərinə şübhə etdiyinə görə qınamaq olarmı? O vaxtdan min üç yüz ildən (!) çox keçib, axirətin olduğuna heç bir sübut yoxdur. Əgər öz ailə problemlərini həll edərkən Məhəmməd ona vəhy gəldiyini iddia edirdisə, axirət barədə hekayələrini də bu qayda ilə uydurduğunu düşünməyə haqqımız yoxdurmu?

(Burda haşiyə çıxmaq istəyirəm. Bu yaxınlarda bir səyəhət videosuna baxdım. Səyahətçinin yolu İraqın xurma bağlarından keçirdi. Bütövlükdə peysaj zəngin deyil, xurma ağaclarının nizamlı sıraları və budaqlardan sallanan salxımlar. Məhəmmədin yaşadığı ərazidə də xurma, onun meyvəsi, ağaclarının kölgəsi təbiətin başlıca neməti olub və  elə buna görə də Quran müsəlmana cənnətdə xurma ağacının kölgəsini vəf edir. Əgər bu vəd doğrudan da Allahdan gəlsəydi, onun cənnəti min dəfə zəngin olmazdımı? Allah mömin müsəlmana Fransanın zümrüd sahillərini, İsveçrənin dağ kurortlarını. İtaliya çimərliklərini, ən azından Bilgəhi vəd etməzdimi? Müsəlmanı o filmdə gördüyüm xurma ağaclarına iplə bağlasan da, iki gündən artıq qala bilməz, qırıb qaçar…)

Əbu Ləhəbin iki oğlu Məhəmmədin qızlarına nikahlanıblar, ancaq nikahlar bitməmiş sayılıb. Al-Məsad bəyan olunandan sonra Abu Ləhəb oğlanlarını boşatdırıb.

Əbu Ləhəbin qızı bir müddət Məhəmmədin oğulluğu Zeyd ibn Harizə əl Kəlbinin arvadı olub. Sonra o, Hariz ibn Noufəl, onun ölümündən sonra isə Dihyə ibn Xəlifəyə gedib.

Rəvayətlərə görə, Məhəmməd bazarları gəzib öz peyğəmbərliyini təbliğ edərkən Əbu Ləhəb onun dalınca gəzir, ərəbləri deyilənlərə inanmamağa, ata-babalarının etiqadını qorumağa çağırırdı.

Məhəmməd, yəqin ki, Əbu Ləhəblə mübarizədən üzülərək yenə sınanılmış vasitəyə əl atır və ona düşməniylə bağlı vəhy gəldiyini elan edir. Bu vəhy Qurana Əl Məsad surəsi kimi daxil olub.

Əbu ləhəbin əlləri qurusun, özü mhv olub!

Sərvəti ona neylədi və onun qazancı nə oldu?

O, alovlanan odun yanacağı olacaq,

Arvadı odun daşıyacaq,

Boynunda xurma liflərindən toxunmuş ciyə olacaq.

Necə fikirləşirsiniz: Əbu Ləhəb min üç yüz ildən çox vaxt ərzində cəhənnəmdə yanır? Arvadı da on üç əsrdir ki, ərinin yandığı tonqala odun daşıyır? Deyək ki, bu doğrudan da belədir. Bəs bunun bir mənası varmı?

Əbu Ləhəb ata-babalarının etiqadını qoruyub saxlamalı deyildimi? Onun etiqadı da Allah tərəfində gəlməmişdimi? Allah tərəfəindən gəlməmişdisə, bəs hardan və kimdən?

Bu surədən sonra Əbu Ləhəb on il də yaşayır. Onun, qardaşı Abbas ibn əbd əl Mütəllibin arvadı Lübabənin çadır dirəyi ilə vurduğu yaralardan öldüyü bildirilir.

Əbu Ləhəbin yaraları irinləyir və bir həftədən sonra ölür.

İbn İshaqın yazdığına görə, bu hadisə 624-cü ildə martın sonlarında baş verir.  Əbu Ləhəbin yaralarından elə kəskin iy gəlir ki, heç kim ona yaxın getmir. Onun ailəsi çürüməkdə olan cəsədi qoyub evi tərk edir. İki ya üm gündən sonra qonşu onları məzəmmət edir: “Sizə ayıb olsun ki, atanızın meyidini qoymusunuz çürüyə-çürüyə, aparıb basdırmırsınız”. Ailə üzvləri qulları göndərib cəsədi evdən çıxarırlar, payalarla itələyib Məkkədən kənarda qazılmış  qəbrə tullayır və üstünü daşa basırlar…”

Əbu Ləhəbin ölüsünə heç bir əxlaq normasına, insanlıq haqqında ətsəvvürə  uyğun olmayan bu cür rəftarda çox dərin simvolizm var. Allahlarına “rəhman, bağışlayan” deyən müsəlman özü nə rəhmandır, nə bağışlayandır. Əbu Ləhəbin hörmətlə, hər bir insanın layiq olduğu qaydada dəfni müsəlmanlıq üçün çox zəngin bir tarixi-humanitar resurs yaradardı və gələcək potensial təfriqələrin, qanlı çəkişmələrin qabağına ala bilərdi. Əl Məsad surəsi də, Əbu Ləhəbin cəsədinə bu cür qeyri-insani münasibət müsəlmanlıqda kini, intiqamçılığı qidalandıran mənbələrdən biridir. Elə bu gün də Əbu Ləhəbin təzədən, hörmətlə dəfn olunması müsəlmanlığın içində fövqəladə bir əxlaqi, mənəvi təkan verərdi. Nə qədər ki, Əbu Ləhəb surəsi oxunur, nə qədər ki, müsəlman dünyası öz etiqadına sadiq qalmış insana lənətlər yağdırır və onun guya fasiləsiz yanmağından həzz alır, İslam dünyasında insanlıq naqis olacaq və Suriyadakı kimi, Sudandakl kimi, Somalidə, İraqda, İranda olduğu kimi müsəlmanlar müsəlmanları qıracaq və müsəlman olmayanlara isə lənət yağdıracaqlar…

X.X.

08. 11. 2024, Samara

ƏBU LƏHƏBİN APOLOGİYASI. 1. ETİQADANA SADİQ QALAN İNSAN MƏGƏR HÖRMƏTƏ LAYİQ DEYİL?

əbu ləhəb

Boynuma alım ki, İslama qədər azrbaycanlılarda hansı dinin olduğunu dəqiq bilmirəm. Əgər İran xalqlarından biriymişiksə, deməli zərdüşti olmuşuq. Yox, əgər bizim türk olduğumuzu və Cənubi Qafqazda min illərdən bəri yaşadığımızı iddia edən türkçülərə, turançılara və qalan hər cür demaqoqlara və hətta şarlatanlara inansaq, bizim dinimiz şamanizm olmalıydı və uzun saç-saqqal uzadaraq, boynumuzdan dənələri yekə pomidor və badımcan boyda olan muncuqlar asaraq və məcməyi boyda qavalları döyəcləyərək tanrıları ya əcdadların ruhunu çağırmaıyqlq. Elə deyil?

İnsanın günü qaradır, insan dünyaya niyə gəldiyini bilmir, bir gün öləcəyini, yəni ölümə məhkumluğunu bilə-bilə özünü oda-közə vurur, ancaq firavanlıqdan harınlaşan da, doyunca çörək yeyə bilməyən də günlərin bir günü qəssab əliylə sürüdən çəkilən heyvan kimi (bu, Şopenhauerin ifadəsidir –X.X.)  taleyi  onunkuyla eyni olan minlərin arasından çəkilib müvəqqəti və mənasını anlamadığı həyatından mərhum edilir…

İnsanın zülmü bağırdıla-bağırdıla başı kəsilən heyvanın zülmündən artıqdır, heyvan, çox güman ki, ölüm barədə düşünmür, öləcəyini bilmir, işgəncəni həyatının son dəqiqələrində görür, qalan vaxtlarda yeyir, yatır, cütləşir, bala dünyaya gətirir. İnsanı isə bütün həyatı boyu ölüm fikri təqib edir, kef çəkən insan öləcəyini düşünəndə məyus olur, günü əzab-əziyyətlə keçən insan isə öləri olduğunu düşünəndə həyatın da, çəkdiyi əziyyətlərin də mənasızlığından, fənalığından dəhşətə gəlir…

Tanrı – insanın öz doğuluşunda, həyatında, qaçılmaz ölümündə məna axtarışlarından yaranır. Bu, elmi izah deyil. Bu, fərziyyədir.

Məna axtarışına tam leqal şəkildə mənəvi axtarış da demək olar. Mənəvi axtarışlardan yaranan Tanrı ideyası müəyyən tarxi sitüasiyalarda ideologiyaya çevrilirək rəsmi institutlar yaradır, dövlət ideologiyası ilə müttəfiqlik statusunda fəaliyyət göstərir ya da dövlət ideologiyasını tamamilə əvəz edir.

Qayıdaq biz azərbaycanlıların islamdan əvəlki dini etiqadlarına. Biz atışpərəst də ola bilərdik, şamançı da olub məcməyi boyda qavalları döyəclərdik və ya ayrı bir din. Və günlərin bir günü əliqılınclı ərəb gəlib deyir ki, sənin dünün düz deyil, mən sənə düz din gətirmişəm. Bizim ulu babalarımız və ulu nənələrimiz neynəməliydilər? Məgər onlar müqavimət göstərməli deyildilər? Əsrlər və bəlkə min illər əvvəl yaranan, mənasız həyatı mənalı edən, çəkilən iztirablar səbr, dözüm yaradan, yaxşıya, rahatlığa, işığa ümid yaradan inancdan əliqılınclı görən kimi əl çəkən, qabağında diz çöküb ona deyiləni tutuquşu kimi təkrar edən insan hörmət doğura bilərmi?

Bizim babalarımız müqavimət göstəriblərmi? Biz müsəlman olmaqla nə qazanmışq? Həyatımızn iztirabları yüngülləşib? Müsəlmanlığı qəbul etməmiş qonşulardan çoxmu irəli getmişik? Hanı İranın İslama qədərki cəlalı?

Bu, ayrı məsələdir. Mən dədə-babasının, hətta ulu babalarının dini etiqadlarına sadiq qalmış, ona günlərin bir günündə zorla sırıdılan təlimdən imtina etmiş insana münasibətdən danışmaq istəyirəm.

Götürək, məsələn, Əbu Ləhəbi.

Əbu Ləhəbə biz niyə Ərəbistan yarımadasında 7-ci əsrdə meydana çıxan yeni dinin ardıcılları baxan kimi baxmalıyıq? Məhəmməd özünü yeni və sonuncu peyğəmbər elan edir və əvvəlcə yumşaq, əsasən verbal, sonra isə silahlı ekspansiya başlayır. Məhəmmədin atabir ögey əmisi Əbu Ləhəb öz dini etiqadına sadiq qalır və qardaşı oğlu ilə bacardığı qədər mübarizə aparır.

Məgər bu, hörmət doğurmamalıdır?

Əbu Ləhəbin ana nəslinin nümayəndələri İslama qədər dörd yüz ildən artıq Kəbənin qoruyucuları olublar.

Əbu Ləhəbin əsl adı Əbd al Üzzə olub, yəni ilahə əl Üzzənin qulu. Ancaq atası onu gözəlliyinə  və qırmızı yanaqlarının məlahətinə görə  Əbu Ləhəb – yəni Alov Atası adlandırır. (Mühəmməd ibn Saad).

Azərbaycan Vikipediyası bu adda “cəhənnəmlik” mənası görür. Vay məlumatı təkcə Azərbaycan Vikisindən alanların halına…

İslam mənbələrinin özündə Əbu Ləhəb Ədən əbası geyən uzun sıx saçlı gözəl kişi, səxavətli insan kimi təsvir edilir.

Əbu Ləhəbin arvadı Ümm Cəmil bint Hərb, Əbu Süfyanın bacısı idi. Bu arvaddan beş uşaqğı olub.

Məhəmməd Səfa dağına qalxıb ərəblərə onun peyğəmbərliyini qəbul etməyəcəkləri halda onları ağır cəza gözlədiyini elan edəndə guya Əbu Ləhəb ona deyir: “Görüm gününün qalanı qara olsun! Bizi elə buna görə yığmışdın?”

Əbu Ləhəbin qardaşı oğluna daş atdığını iddia edən rəvayətlər də var…

(ardı var)

X.X.

07. 11. 2024, Samara

PEYĞƏMBƏRİN ALTINCI ARVADI ÜMM SƏLƏMƏ. «SƏN DƏ QISQANC, MƏN DƏ QISQANC…»

ümm Sələmə

Məhəmmədin altıncı arvadı Ümm Sələmədir. Əsl adı Hind Hind, Əbi Üməyyə Məxzumidir. Rus Vikipediyasında doğum tarixi 596-cı il göstərilib. İngilis Vikipeduyasında Ümm Sələmənin ya 580-ci ya da 596-cı ildə doğulduğu qeyd edilib. Bu iki tarix arasında on altı fərq var – bu məsələyə sonda qayıdaram.

Ümm Sələmənin ilk əri Əbdülləh İbn Əbdüləsəd ilk müsəlmanlardan olub, Uhud döyüşündə aldığı yaralardan öləndə üç uşağı vardı və arvadı dördüncü uşağa hamilə idi.

Təfsirçilər ordusu qələmlərini qılınc kimi çalaraq əzmlə çalışırlar ki, Məhəmmədin çoxarvadlılığını şərafətlədirsinlər.

İngilis Vikipediyası islamçı mənbələrə istinadla yazır ki, Ümm Sələmə sağlığlında ərinə deyirmiş ki, onlardan hansı əvvəl ölsə, sağ qalan təzə ərə getməsin ya evlənməsin. Guya əri  təkidlə Ümm Sələməyə tapşırıb ki, o ölsə, hökmən ərə getsin. Və hətta dua eləyir: “Ya Allah! Məndən sonra Ümm Sələməyə məndən elə yaxşı ər təmin elə”.

Bunu oxuyanda qeyzindən ağlamaq istəyirsən…

Yəni bu uydurma əhvalatı eşidəndən ya oxuyandan sonra ərinin hələ sağlığında Ümm Sələməni Məhəmmədə ərə verdiyinə gərək şübhən qalmaya…

Bunu və bu kimi əhvalatları, saysız-hesabsız “hədisləri” uydurub onları Məhəmmədin adıyla bağlayanlar, cəfəng “aforizmlər” qondarıb Əlinin adıyla xalqa sırıyanlar özlərini mömin sayırlar? Məninliyin əsas şərti xeyirlə şərin sərhədini bilmək, yalanı doğruya qarışdırmamaq deyilmi? Hər bir şübhəli işi, normativ əxlaqa uyğun olmayan hər hərəkəti, addımı doğrultmaq üçün hətta Allahın adından istifadədən çəkinməyən şəxs şarlatan deyilmi?

İngilis Vikipediyası Əbdülvahid Həmidə (kitabı Londonda nəşr olunub) istinadla yazır ki, Məhəmməd Ümm Sələməyə elçilik edəndə xanım deyib: “Ya Allahn elçisi, mənim üç xassəm var. Mən həddən artıq qısqanc qadınam… Mən yaşı keçmiş qadınam…Mənim uşaqlarım var…”

Məhəmməd onu hər üç narahatlıqdan qurtarır: “Mən qadir Allaha dua edərəm ki, bu qısqanclığı səndən rədd eləsin. Yaşa qalanda, bu elə mənim də problemimdir.. O ki qaldı uşaqlara, sənin uşaqların mənim uşaqlarımdır…”

(Deməliyik ki, Məhəmmədin özünün də çox qısqanc olduğuna şübhə yoxdur. Quranda deyir ki, (əlbəttə, Allah yox, Məhəmməd özü) biş iş üçün nəbinin evinə gələndə sözünüzü deyib tez çıxıb gedin… Özü xeyli dul arvad almış, yəni dul arvadların ərə getməsinə müsbət baxan peyğəmbər öz arvadlarının onun ölümündən sonra ərə getmələrini Allahın adından qadağan edib. Yəni sən də qısqanc, mən də… Mahnıdakı kimi…)

Peyğəmbərlə onun almaq istədiyi arvadın arasında olan söhbəti kim yayıb, yayılıbsa, harda, kim tərəfindən qeydə alınıb?

Sələmə, Azərbaycan və rus Vikipediyasında göstərikən kimi, 596-cı ildə doğulubsa, Məhəmmədə gedəndə yaşı çox olmayıb. Məhəmməd isə əlli beş yaşında olmalıydı. Ona görə peyğəmbərin “problemimiz eynidir” deməyi qəribə gəlir..

Əgər Ümm Sələmə 580-ci ildə doğulubsa, peyğəmbərin elçiliyi  vaxtı 46 yaşı var imiş. Bu halda özünü ahıl saya bilərdi…

Məhəmmdəd ərə gedəndən az sonra Sələmənin dördüncü uşağı doğulur. Yəni nikah vaxtı ağır yüklü olub…

Və hər halda Sələmə Məhəmmədin arvadlarının ən yaşlısı və Xədicədən sonra ən nüfuzlusu olur. Ancaq bu və bu kimi iddiaların sənədli sübutu yoxdur.

Şübhəsiz ki, Vikipediyada müzəlmanların özləri tərəfindən yazılmış ingilis dilli məqalədə  Ümm Sələmənin son dərəcə möminliyindən əlavə onun müstəsna ağlından, siyasətçilik qabiliyyətindən və hətta qadın hüquqları uğrunda fəaliyyətindən danışılır. Guya günlərin bir günü Ümm Sələmə Məhəmməddən soruşur ki, niyə Quranda kişilərdən danışılır, qadınlardan yox.

Bunun özü də yöndəmsiz uydurmadır. Necə yəni Quran qadınlardan bəhs etmir? Quranın baş mövzularından biri elə qadın deyilmi? Quran qadında təsvir edilməyən bir yer qoymur – paltarı, bər-bəzəyi, hətta, üzr istəyirəm, mestruasiyanın ətraflı təsviri… Onun kişidən aşağı pillədə olmağını da Quran iddia edir…

İngilis dilli müsəlman Vikipediyada yazır ki, guya göydən Məhəmmədə vəhy gəlir, Allah bəyan edir ki, icmanın mömin üzvləri kimi qadınlar və kişilər bərabərdirlər…

Ağ yalandır. Quran deyir ki, qadın kişiyə bərabər deyil.

4-cü surənin 34-cü ayəsində deyilir: ”Ərlər arvadlarından yüksəkdə dururlar, çünki Allah birinə o biri qarşısında üstünlük vermişdir… itaətsizliyindən qorxuqlarınıza tövsiyə edin, onları yataqdan ayırın və döyün…”

Ümm Sələməyə evlənəndən qısa müddət sonra Məhəmməd oğulluğu Zeydə baş çəkmək üçün onun evinə gedir. Qapı yerinə asılmlş tük pərdəni külək qaldırır və Məhəmməd Zeynəbi alt paltarında görüb vurulur…

Mürəkkəb sitüasiya yaranır… Allah işə qarışmalı olur…

Və Məhəmməd yeddinci dəfə evlənir…

X.X.

04. 11. 2024, Samara

PEYĞƏMBƏRİN BEŞİNCİ ARVADI ZEYNƏB. PEYĞƏMBƏR DƏ ONUN BEŞİNCİ ƏRİ OLUB…

download (2)

Məhəmməd peyğəmbərin beşinci arvadı Zeynəb bint Xuzeymə  (595-625) olub.

Maraqlı və hətta bir qədər məzəli görünən budur ki, Məhəmməd də Zeynəbin beşinci əri idi…

Məkkədəki Hilal tayfasından olan Zeynəb ilk dəfə qohumu Jahm ibn Əmr ibn Harizə ərə gedib.

Rəvayətlərə əsaslanan müxtəlif mənbələr hələ bütpərəst ilən Zeynəbin ço səxavətli olduğunu və buna görə “kasıbların anası” adlandırdığını qeyd edirlər. Demək lazımdır ki, bu rəvayətlərə skepsislə yanaşmaq lazımdır, çünki səxavətlilik Məhəmmədin bütün arvadlarına aid edilir. Yəqin ki, indi dəbdə olan terminlə desək, İslam “narrativ”ini yaradanların fikrincə peyğəmbərin aldığı çoxlu arvadın hər biri bu keyfiyyətə malik olmalı idi.

İkinci dəfə Zeynəb Abdulla ibn Jəhşə ərə gedir. Abdulla əvvəlcə Məhəmmədin oğulluğunun, sona Məhəmmədin özünün arvadı olmuş Zeynəb bint Jahşin qardaşıdır…

Zeynəblə Abdullanın ər-arvadlığı boşanma ilə bitir. Bunu bioqraflar Abdulla ölən vaxt Zeynəbin artıq başqa ərdə olduğuna görə təxmin edirlər…

Zeynəbin üçüncü əri Tufəyl ibn əl Harizdir, Mütəllib klanından olan müsəlmandır.

Bu nikah da boşanma ilə bitir.

Bundan sonra Zeynəb qardaşı Tüfəylin qardaşı Ubəydəyə  ərə gedir.Ubəydə ondan otuz yaş böyük idi. Bədr döyüşündə Ubəydə öldürülür. Zeynəb bir ilədək dul qalır.

625-ci ilin fevralında  əmisi oğlu, birinci ərinin qardaşı Qübəysə Zeynəbi Məhəmmədə ərə verir. Qeyd etmək lazımdır ki, Məhəmməd Zeynəbi alanda Hafsə bint Ömərə bir aya yaxın idi ki, evlənmişdi…

Zeynəbin Məhəmmədlə evliliyi cəmi bir neçə ay çəkir. O, otuz yaşında vəfat edir.

Yazıq Zeynəb…

Onun evi altı ay boş qalır, sonra ora Məhəmmədin altıncı arvadı Ümm Sələmə gəlir…

İslamçı resursların birində Zeynəb bint Xuzeyməyə həsr olunmuş  məqalənin başlanğıcında deyilir ki, Məhəmməddən sonra bizim nümunə götürməli olduğumuz şəxslər onun məslək, silah yoldaşları, ailə üzvləri, o cümlədən arvadlarıdır.

İndiki qızlar üçün, məsələn, Zeynəb bint Xuzeymə nümunə ola bilərmi? Məsələ hətta neçə dəfə ərə getməkdə deyil. Məsələ ev əşyası kimi əldən-ələ keçməkdədir…

Onu da demək lazımdır ki, Məhəmmədin sonuncu, on birinci arvadı Maymunə  (Barra bint al-Harith) Zeynəbin anabir bacısı olub…

LƏTİFƏ

Salyan məclislərində ağır söhbətlərdən yaranan təəssürü dəyişmək üçün lətifələr danışılır, ara bəzən elə qızışır ki, yas məclisi dönür məzhəkəyə…

Mən də uşaqlıqda eşitdiyim bir lətifəni danışmaq istəyirəm.

Küçədə yoldaşları ilə oynamağa getmiş bir oğlan ağlaya-ağlaya gəlir evə. Anasına deyir ki, böyük uşaqlardan biri onu söydü, dedi ki, sənin anan doqquz kişiyə gedib. Uşaq hələ də ağlaya-ağlaya soruşur: “Sən doğrudan da doqquz kişiyə ərə getmisən?” Arvad deyir: “Bala, birdən-birə deyə bilmərəm, gərək sayam. Bax, İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri, rəhmətlik dədən, cənnətlik əmin, biri də orda yatan…”

Arvad bunu deyib evin küncünə sərilib yuxuya getmiş kişini gostərir…

X.X.

02. 11. 2024, Samara

HAFSƏ BİNT ÖMƏR, ƏL TƏHRİM SURƏSİ, BAL, QALMAQAL…

HAFSƏ BİNT ÖMƏR

Hafsə bint ömar Məhəmmədin dördüncü arvadı, ikinci xəlifə Ömərin qızıdır.

İngilis Vikipediyası Məhəmməd ibm Saadaya istinadla yazır ki, Hafsə “…qureyşilər Kəbəni tikəndə, Məhəmmədə peyğəmbərlik verilməmişdən beş il qabaq, yəni 605-ci ildə doğulub. O, Xunays ibn Hudhafəyə ərə gedib, 624-cü ilin avqustunda dul qalıb.”

“Gözləmə müddəti” bitəndən sonra atası Ömər onu əvvəl Osmana, sonra Əbu Bəkrə təklif edib, ancaq hər ikisi bu təklifi qəbul etməyib.Yenə İbn Saadın yazdığına görə,  Ömər bu barədə Məhəmmədə şikayət edəndə  peyğəmbər deyib: “Hafsə Osmandan yaxşısına gedəcək, Osman Hafsədən yaxşısını alacaq”.

Bir şey başa düşdünüz?

Azərbaycan Vikipediyası aydınlıq gətirir: “Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümm Gülsüm isə Osmanla evlənəcək deyə bildirir.” 

(“…deyə bildirir…” Bu nə dildir?)

Azərbaycanca məqalə orijinal deyil, ruscadan tərcümə edilib. Ancaq sonda fərqli mənbə siyahısı göstərilib. Oğurluqlarını ört-basdır eləyirlər…

Quranın əl Təhrim surəsi Hafsənin adı ilə bağlıdır.

Məhəmməd bal içərmiş. Günlərin bir günü bal içməyi tərgidir. Və Allah narahat olub peyğəmbərə ayə göndərir.

Peyğəmbərin balı necə içməyi yəqin çox insanı maraqlandırır, bunu Qooqle-a müraciət edəndə görürsən. Yəqin bəziləri fikirləşirlər ki, Məhəmməd də  qədim germanlar kimi bal arağı, ya ruslar kimi “medovuxa” içirmiş.  Qoogle məsələni izah edir. Məhəmməd balı su ilə qarışdırıb içirmiş ki, bunun da müalicə əhəmiyyəti var imiş. “…bağırsaqların işini yaxınlaşdırır, nəcis daşlarını əridir, disbakteriozu müalicı edir, qara ciyərin işini yaxşılaşdırır, zərərli maddələri çıxararaq orqanizmi təmizləyir”.

Deməli, Məhəmmədin bal içməyi tərgitdiyini bilən kimi Allah ona ayə göndərir: “Ey peyğəmbər, arvadlarının lütfünü qazanmağa çalışaraq niyə Allahın sənə icazə verdiyinə qadağa qoyursan? Allah bağışlayan və rəhmlidir!”

Məlum olur ki, Allah peyğəmbərin həzm prosesini diqqətlə izləyirmiş. Yəni fasiləsiz monitorinq.

Bəs Məhəmməd niyə balsudan imtina edir? Arvadlarının buna nə dəxli?

İngilis Vikipediyası bu barədə iki rəvayətin olduğunu bildirərək yazır ki, biri inandırıcıdır, o biri yox. İbn əl Ərəbi yazır: “Əslində bal haqqında doğru hekayə bundan ibarətdir ki, Məhəmməd onu Zeynəblə içirmiş, və Ayişə ilə Hafsə özlərini elə göstərirlər ki, guya buna görə inciyiblər. Məhəmməd də and içir ki, bir də bal içməyəcək. Bunu arvadlarına deyir və sonra onların hamısına aid olan ayələr gəlir.”

Guya inciyiblər ya əməlli-başlı? Qısqanırlarmış Zeynəbə, buna şübhə yoxdur…

Əl Buxarinin “səhih” syadığı hədisdə (3714)  deyilir: “Nəbinin arvadı …Aişə söyləyir ki, peyğəmbər tez-tez Zeynəb bint Cahşin yanında ləngiyir və orda bal içirdi. Mən Hafsə ilə sözləşdim ki, peyğəmbər hansımızın yanına gəlsə, ona deyər: “Mən səndən qummi iyini duyuram. Sən qummi yemisən?” Və Aişə bunu ona dedi, o isə cavabında dedi: “Mən Zeynəblə bal yemişəm. Bunu bir də eləmərm!”

Deyirlər ki, Aişə Məhəmmədin sevimli arvadı olub. Ancaq bu qalmaqaldan görünür ki, oğulluğunun (keçmiş oğulluğunun) arvadını peyğəmbər daha artıq istəyirmiş. Qısqannclıq, mərəkə, and-aman… Allah məcbur olub şəxsən işə qarışır…

Məhəmmədin arvadları haqqında məlumatların hamısında onların vaxtlarının çoxunu ibadətlə keçirdikləri hökmən qeyd edilir. Fikrləşirəm: vaxtın çıxu – yəni 24 saatın nə qədəri? Yaxşı, beş dəfə namaz qıldı, sonra? Bu balsu əhvalatı göstərir ki, arvadların vaxtının xeyli hissəsi günülərini güdməyə, peyğəmbərə yaxınlıq uğrunda mübarizəyə, intriqa toxumağa gedirmiş. Aydın məsədir ki, peyğəmbər arvadları ilə bacara bilmirmiş… Təəccüblü deyil, heç bir arvadla bacarmaq olmur, on-on ikisi ilə necə bacarasan…Yaxşı ki, Alla vaxtında ayə göndərib aranı düzəldirmiş…

Təxminən bu dövrdə:

AVROPA

605 — Britaniyada Nortmbriya krallığı yaranıb

613 — 629— 2-ci Xlotarın idarəsi, onun vaxtında franklar yenidən vahid dövlət olublar.

ÇİN

609 — 619—  türk xaqanı Şibinin idarəsi, onun vaxtında türklər Sui Çiniylə mübarizədə müstəqilliklərini qoyuyublar.

620 — 630 — kaqan Xilinin idarəsi, onun vaxtında türklər Çinə qarşı 67 yürüş ediblər.

AMERİKA

7-ci əsr –indiki Mexikonun 50 kilometrliyində yerləşən polietnik şəhər-dövlət Teotiukanın məhvi

 

Bütün bu və bu kimi hadisələri hansı tanrı idarə edirmiş? Bizimki? Yox. Bizimkinın başı ailə-məişət məsələlərinə qarışmışdı…

X.X.

01. 11. 2024, Samara

İKİ BACILAR YAN-YANA… XƏLİFƏ OSMAN, ONUN ARVADLARI, MƏDİNƏ BAZARI VƏ S.

xəlifə Osman

Rus Vikipediyassında oxuyurq ki, xəlifə Osman Məhəmmədin iki qızına evlənmişdi və buna görə “zunnurayn”, yəni “iki işığın sahibi” fəxri titula layiq görülmüşdü.

Müsəlmanların Yaqub dediyi Yakov iki bacıya birdən evlənmişdi. Bunu isə Tövrat qadağan edir: “Qadını  bacısına günü gətirmə ki, çılpaqlığını onun yanıda, onun sağlığında açasan”.

Bu məsələ bəzi yəhudiləri və yəhudi olmayıb Tövratı müqəddəs kitab sayanları indiyəcən naraha edir və haqlı sual doğurur. Ravvin Bentsion Zilber bu suala belə cavab verir:

“Yakov bilirdi ki, gələcəkdə Tövrat iki bacıya evlənməyi qadağan edəcək. (! – X.X.) Ancaq o bilirdi ki, yəhudi xalqını yaratmaq lazımdır və onun bu hərəkəti pozitiv nəticə verəcək. Beləcə Amam öz xalasına (bəlkə də bibisinə -X.X.) evlənmişdi ki, bunu da Tövrat qadağan edir. Bu nikahdan Aaron və Miryam doğulublar”.

Vicdansızlıqda ravvin bizim çalmalılardan geri qalmır. Yəhudi xalqının sayını artırmaq üçün… Elə bu məqsədlə peyğəmbər (!) Lot öz qızları ilə yatırdı…

Yeri gəlmişkən, Netanyahu və onun nazirləri fələstinliləri qırmaqlarını özlərinin tayfa allahlarının peyğəmbərlərinə verdiyi tapşırıqla izah edirlər.

Bir abırlı yəhidi xadim deyirdi ki, yəhudilərin çoxu allaha inanmır, ancaq inanırlar ki, allah Fələstini onlara verib…

Yaxşı, bəs Osman niyə iki bacını alırdı?

Demək lazımdır ki, Osman ikinci bacını Ruğiyyə öləndən sonra alıb. Hərçənd bu işin yöndəmsizliyi aydındır – bacı mərhum bacısının hansı ofisdəsə tutduğu  vəzifəyə getmir. Bacı ölmüş bacısının yatağına girəcək. Yeznəsi ilə bir yatağa…

Guya peyğəmbərin iki qızını aldığına görə layiq görüldüyü “zunnurayn” titulunun mənası “iki işıq sahibi” dir. Ancaq bu fəxri adda bir rişxənd hətta sarkazm gizləndiyini də demək olar: Məhəmmədin “işığ”a bənzədilən hər iki qızı Osmana ərə gedəndən sonra gənc yaşlarında ölüblər. Ruğiyyənin oğlu Abdulla da anasından sonra altı yaşında ölüb.

Ruğiyyənin miladi 601-ci ildə doğulduğu göstərilir. Osmana 615-ci ildə, yəni 14 yaşnda gedib.

Məhəmmədin Xədicədən olan ikinci qızı Umm Gülsüm Osmana 624-cü ildə, yəni bacısı Rağiyyə ölən kimi ərə gedib. Uşaqsız olub, 27 yaşında vəfat edib.

İngilis Vikipediyasında Osmanın on arvadının adı var. Az-çox ətraflı məlumat Məhəmmədin qızları və xəlifə öldürülərkən yanında olmuş Nailə bint əl Furafisa haqqındadır. Osman Nailəyə 649-cu ildə, yəni ən azı 66 yaşında olarkən evlənib və ondan altı övladı olub. Qızlarından biri Umm Səid Abdulla ibn Xaliidn arvadı olub, öləndən sonra bacısı Umm Xalid onun yerinə Abdulla ibn Xalidə ərə gedib…

Heç bilmirsən nə fikirləşəsən… Bu qızğın ərəblər arvadsevərlikləri ilə yəqin Allahı da çaşbaş salıblar…Q. Bolşakov yazır ki, Osmanın idarəçiliyinin ilk altı ilindən sonra ondan kütləvi narazılıqlar yaranır və get-gedə güclənir. Xəlifətdə bütün mühüm vəzifələri xəlifənin qohumları tuturdular. Ancaq bundan çox hiddət doğuran ictimai sayılan fondlardan onlara çoxlu bahalı hədiyyələr verməyi idi. İfrikiyəyə yürüşdə götürülən qənimətdən xümsün bir hissəsini, 100 ya iki yüz min dinarı Osman qızına təzə evləndiyi qayınatası Marvana bağışlamışdı. Marvanın atasına isə sədəqə kimi yığılmış dəvələr hədiyyə verildi… (Əsl Paşaholdiqdir…)

Bazar məsələsi dı var, bu həm gülməlidir, həm də biz müsəlmanlar üçün çox aktualdır.

“Marvanın qardaşı əl Xarisə Osman Mədinə bazarına nəzarəti tapşırdı. O isə öz mövqeyindən istifadə edərək gətirilmə malları məcburi qiymətlə aıb bazar qimətinə satmağa başladı. Bundan əlavə, peyğəmbərin vaxtından bazar rüsumsuz idi, indi Marvan haqq almağa başladı. Mədinəlilər tələb edtilər ki, ticarətə belə nəzarətçidən onları xilas etsin. Ancaq Osman onların şikayətini qulaqardına vurdu…”

Heç nə dəyişməyib…

31. 10. 2024, Samara