Архивы

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «VAR İNDİ TEXNİKADA İXTİSASI ÖLKƏMİZİN…»

Əliağa Vahid

Səməd Vurğun “26-lar”, “Komsomol”  poemalarını, Rəsul Rza “Stalin can”,  şeirini, “Lenin” poemasını yazanda Əliağa Vahid də yatmayıb, şura hökumətini, proletariat diktaturasını, sosializmin nailiyyətlərini, boleviklərin xalqa bəxş etdiyi xoşbəxtliyi tərənnüm edən şeirlər yazıb. Onlardan biri “Ölkəmizin” adlanır. “Ölkəmizin” – rədifdir. Rədif önündə gələn qafiyələr: səfası, binası, sədası, havası, aşinası, qəzası, ixtisası.. Bəli, hətta belə qafiyə də var: “ixtisası”…

Şeir yəqin ki, Stalin-Bağırov dövründə yazılıb.

“Gözəlləşir günü-gündən binası ölkəmizin.”

“Ölkəmizin binası” deyəndə şair konkret olaraq nəyi nəzərdə tutur – demək çətindir. Açılış beytindən sonra gələn dördlüklərdə bəzi şeyləri təxmin ermək olur.

“Baharda çölləri çulğar çiçəklərin qoxusu”.

Kitabda belədir: “çulğar”. Bəlkə “çuğlar” olmalıdır?

“Çəmənlərində bitən dadlı meyvədir çoxusu.”

Burda baş sındırmaq lazımdır. Yəni çəməndə bitən ağacların çoxu meyvə ağacıdır? Beləmi? Hərçənd meyvə ağacı bağda olur, çəməndə ot bitir…

Vallah, qalırsan girinc, bilmirsən kimdən soruşasan…

Dalı:

“Çayı, balı, düyüsü, çəltiyi, gözəl lumusu”

Sayılanlar, əlbəttə, çəməndə bitmir. Bal ümumiyyətlə bitmir…

“Ətirli, güllü, yaşıl dağlarında laləsi var,”

Dağların ətri var? Lalənin ətri var?

“Dirildir aləmi abü havası ölkəmizin.”

Ölkə — yəqin ki, Azərbaycandır. Azərbaycanın suyu, havası alımi dirildirmiş? Kürün lıqqa suyu? Ya Arazın?

“Bəzəkli quşlar olub aşinası ölkəmizin.”

Bəzəkli quşlar hansıdır? Bəzəyi olmayanlar Azərbaycanı bəyənmir? Sərçənin bəzəyi yoxdur, ancaq qışda da köçüb heç yerə getmir…

“Süzər gölündə gözəl dumalar, gözəl qazlar”

Durna göldə süzməz, bəlkə gölün üstündə süzə. Qazların da süzməyi yoxdur, üzməyi var.

“Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.”

A kişi, Allahın olsun, kolxozda işləyən qızlar Osventsim əsirlərinə oxşayırdılar. Qırx dərəcə istidə kətmən vuran qızlar. Bu boyda yalan olar?

“Bir özgə ləzzət alırlar hünərli kolxozlar”…

Kolxozların ləzzət aldığını bilmirdim. O qədər gülmüşəm ki… Nə gizlədim, bu gülməklə elə mən də ləzzət aldım…

“Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır”

“Vətəminizə” yazanda əruz pozulur, ona görə Vahid “vətənmiz” yazır. Bunu eybi yox.

“Traktoru, maşını hər yeri gəzib dolaşır”

Belə gülməli şeir dünyanın heç bir ədəbiyyatında yoxdur!

Rusiyada traktorlar hərdən gəzib-dolaşırdı, çünki sükan arxasında oturan traktorçu lül-qəmbər olurdu… Mənə danışırdılar ki, bur traktorçu kabinənin açıq qapısından dombalıb yıxılır, traktor keçir onun üstündən… İki dəfə…

“Var indi texnikada ixtisası ölkəmizin.”

Ancaq bu misranı başa düşmədim. Adamın ixtisasl ola bilər. Ölkənin ixtisası olar?

Yüz illər ilə bizi bəy, xan işlədib yordu”…

Vay-vay… İşləyib yorulan xalqım…Can… İngilis, alman yatırdı, bizim babaları xan işlədib yorurdu. Təkcə yorsaydı, nə vardı ki:

“Şərəfli xalqımızı incidib, qanın sordu”

Necə qan ağlamasın daş bu gün…

Sonra optimist beyt, sosializm, apofeoz:

“Vətənmiz indi deyil zülm edənlərin yurdu,

Sovet hökumətidir rəhnüması ölkəmizin.”

Ay Əliağa müəllim, sən Azərbaycanı indi görəydin! Adamlar “zülm” sözünün özünü unudublar. Soruşursan “zülm” nədir, deyirlər bilmirik, bizdə belə şey olmur…

“Vətənmiz indi azad xalqlar vilayətidir.

Leninə — partiyaya ellərin məhəbbətidir

Qızıl çiçəklər açıbdır fəzası ölkəmizin.”

Fəzası qızıl çiçəklər açır! Bəh-bəh!

Sonra Əliağa Vahid fövqəladə təvazökarlığını bir daha Azəribaycan xalqın nümayiş etdirir:

“Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,

Ucaltdı ömrümü nəşvü nüması ölkəmizin!”

 Mirzə ƏLİL

15. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «KOMMUNİST» QƏZETİNİN 25 İLLİYİNƏ»

Əliağa Vahid

Əliağa Vahidin ən gülməli şeirləriudən biri “Kommunist” qəzetinin 25 illiyinə həsr olunub. ““Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu.” (https://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_avqust2009/88698.htm) Beləliklə, güman etmək olar ki, qəzetin 25 illik yubileyi ya 1944-cü ildə, ya da 1945-ci ildə, müharibə qurtarandan sonra qeyd edilib.

Vahid yubiley şeirində “Kommunist” qəzetini “cavan oğlan” adlandırır.

“Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,

Bundan belə düşmənlərinin bayrağı yatdı.”

“Kommunist” qəzeti yetmiş il ərzində, Leninin dediyi kimi, Azərbaycanda azərbaycanlılar üçün əsas “təbliğat və təşviqat vasitəsi” olmuş, əhalini məlumatlandırmaqdan çox yalan və dezinformasiya yaymış, ictimai həyatda, yaradıcılıqda müstəqil düşüncəyə, alternativ fikrə qarşı aqressiv mübarizə aparmış, Stalin-Bağırov irticası dövründə “xalq düşmənləri”nin ifşa kampaniyasının ön sırasında getmişdir. Demək olar ki, Müşfiqi, Cavidi, Çəmənzəminlini, onlarla, yüzlərlə sənətkarı, on minlərlə sıravi vətəndaşı məhkəməsiz, istintaqsız məhvə aparan yol “Kommunist” qəzetinin səhifəsindən başlanmışdır. Əliağa Vahid, şübhəsiz ki, bunları gözəl bilirdi.

Əliağa Vahid həmçinin gözəl bilirdi ki, “Kommunist” qəzetinin müxtəlif illərdə redaktoru olmuş Ruhulla Axundov, Əliheydər Qarayev, Böyükağa Talıblı, Ağababa Yusifzadə, Həbib Cəbiyev 1837-38-ci illərdə güllələniblər.

Əliağa Vahid isə deyirdi:

“Sən bir ləkəsiz ayinəsən kütlə gözündə…”

Hə? Əliağa müəllim, heç xırda bir ləkə də yox idi bu aynada? Məsələn, Müşfiqin qanından bir damla…

Mirzə ƏLİL

14.07. 2024, Samara

 +++++++++++++++++++

Əliağa Vahid

“KOMMUNİST” QƏZETİNİN 25 İLLİYİNƏ

 

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,

Bundan belə düşmənlərinin bayrağı yatdı.

Fikrin, qələmin ox kimi batdı cühəlayə,

Hər bir kəsə təsirin olub payəbapayə,

Ariflərə, rəssamə, ədibə, şüərayə.

Loğman kimi çox xəstəni tədbirin oyatdı,

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı. Читать далее

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «BİR DƏ SEVSƏM SƏNİ İNSAN DEYİLƏM…»

Əliağa Vahid

Qəzəl janrı üçün təkrarlar xarakterikdir. Ümumi sayı tək olan beytlərin məzmununu poetik fikirdən, bədii surətlərdən, məntiqdən çox qafiyə müəyyən edir. Qəzəllərinin əksəriyətini Vahid, yəqin ki, toylarda oxunmaq üçün müğənnilərin sifarişi ilə yazıb. “Yazıb” sözü bu mənada yersiz görünür, çünki şübəhsiz poetik istedada malik, ancaq bu istedadı könüllü olaraq kütlə zövqünün xidmətinə yönəldərək alçaltmış şair bu mətnləri yazmır, elə bil dönər çubuğunda bişirir.

“Sevmişəm mən səni, ey şux, peşiman deyiləm,

Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.”

Peşiman, xəndan, insan… “Əl çəksəm, insan deyiləm…” Bu, poetik söz deyil, dönər yeyən adamın ağzından çənəsinə axan piy damcılarıdır…

Eybi yox. Şair, ya da onun qəhrəmanı and içdi ki, “əl çəksə, insan deyil”.

Sonrakı beyt xeyli maraqlıdır:

“O vəfasız ki, səninlə belə rəftar elədi,

Mən bu işdən, gözəlim, zərrəcə xəndan deyiləm.”

Burdan nə başa düşmək olar? Belə çıxır ki, canan bir müddət ayrısıyla gəzib, o ayrısı isə aldadıb atıb, canan yenə köhnə aşiqinin yanına qayıdıb…

Vallah, Vahidin vaxtında vur-çatlasın imiş….

İndi başqa bir qəzələ baxaq.

Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm,

O xumar gözlərə bundan sora heyran deyiləm.”

Hansı qəzəlin əvvəl yazıldığını bilmirik, ancaq bu, vacib də deyil. Vahidə necə sifariş veriblər, elə də yazıb. Bəlkə də ikinci qəzəli sifarişi verən cananı ilə küsübmüş, belə qəzəl yazdırıb ona acıq-ucuq vermək istəyirmiş.

“İndi get həsrətini başqa bir aşiq çəksin,

Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm.”

Əliağa Vahid bu qəzəldə bundan əvvəl içdiyi andın indi tərsinə içir. Birində deyir sevməsən insan deyilən, o birində “sevsəm insan deyiləm”…

“Gəz, dolan, seyr elə öz sevdiyin aşiqlər ilə.”

“Öz sevdiyin aşiqlər” – bu, azərbaycancadır? Haranı seyr eləsin?

“Səndə bir azca gözəllik: iki qaş, göz vardır”

İki qaş, göz – bu, “bir azca” gözəllikdir?

“Bivəfasan, demişəm aləmə, qorxan deyiləm.”

Qorxan deyil, ancaq ağzı yırtıqdır… Aləmə car çəkib, xanımı biabır eləyib…

“Könlümü güclə xilas eyləmişəm zülfündən…”

Səhnəni təsəvvür edirsiniz? Canan bunu zülfünə ilişdirib, bu da dartınır, çırpınır, son nəfəsində zülfü qırıb qaçır…

Birinci (şərti) qəzəldə deyir:

«Sevirəm mən səni, biəhd hesab etmə məni,

Səndən özgə gözəlin eşqinə qurban deyiləm.»

İkinci (şərti) qəzəldə:

«Vahidəm, indi sədaqətli gözəllər sevirəm,

Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.»

Dönər çubuğu fırlanmağındadır…

Mİrzə ƏLİL

13. 07. 2024, Samara

 

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «DEDİM ƏĞYAR İLƏ GƏZMƏ, SƏNƏ ÇOX YALVARDIM…»

Əliağa Vahid

Azərbaycan xalq artisti və eyni zamanda milli konservatoriya professoru adını daşıyan müğənnilərin sevə-sevə oxuduğu qəzəllərin biri belə başlanır:

“Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardım”.

Təsəvvür edirsiniz? Bunu yazan Əliağa Vahid və ya bunu boğazından çox burnunun telləri ilə oxuyan İslam Rzayev yalvarır ki, “gəzmə”. Gəzəyən canan da Flora Kərimova kimi deyir ki, gəzirəm, əlimin içindən gəlir. Və sözünü rusca tamamlayır: «Да пошел бы ты на…»

Gəzəyən canana yalvarıb “gəzmə” demək, Məzahir Pənahova “seçkini saxtalaşdırma” deyib yalvarmaq kimidir. Nətəcə — sıfır.

Maraqlıdır ki, Azərbaycan qəzəllərində, xüsusən Vahiddə və Vahiddən sonra vahidanə yazanlarda ancaq qadınlar gəzəyəndirlər. Kişilər – yox! Kişiyə “gəzmə” deyib yalvaran qadın dilindən qəzəl eşitmisiniz? Vahid özü deyir ki, ətrafı gözəllərlə doludur. Ancaq bu, gəzmək sayılmır.

Və daha maraqlı budur ki, Vahid bu qəzəli cananının gəzmək dərdindən öləndən sonra yazır. Özünüz baxın:

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.”

Ölüb ya ölmэyib?

“Bir sədaqətli gözəl tapmadım aləmdə, qərəz,

Bu az ömrümdə çox ətrafı gəzib axtardım.”

Şair az ömründə bütün Azəribaycanı ətraflı gəzib, bir “sədaqətli gözəl” tapmayıb, hamısı gəzəyən çıxıb.

“Könlüm aldatdı məni hüsnünə məhparələrin,

Sanmayın, mən bu vəfasızlara bel bağlardım.”

Akademik şair Səməd Vurğun deyirdi ki, ürək candan ayrılmaz. Ancaq Vahid bunu təkzib edir, onun ürəyi canından ayrıdır, öz könlü, yəni ürəyii onu aldadır, o da “vəfasızlara” bel bağlayır.

“Fələkin qəddi bükülmüşsə, mən ondan qocayam,

Onda ki, yoxdu nə dünya, nə fələk, mən vardım!”

Fələyin qəddi niyə bükülür və necə bükülür? Vahidi fələkdən qoca edən nədir? Dünyadan, fələkdən qabaq olmağına Vahidin nə sübutu var? Biz bilirik ki, fələkdən qədim ancaq erməni ola bilər.

Bəlkə bu qəzəl erməni dilindən tərcümədir? Bəlkə bunu erməni yazıb və ona görə bizim gözəllərə gəzəyən deyilir?

“Səni mən istədiyim günlər ölürdüm sənsiz”

Bir şey başa düşdünüz? Aranızda “Tarix-Nadir”i yarısınacan oxuyanlar var? Əvvəldə deyirdi ki, cananın gəzmək dərdi onu öldürüb, indi deyir “sənsiz ölürdüm”.

Axırda məlum olur ki, şair ölməyib, tamamilə sağdır, eşqində də, yarının gəzəyənliyinə baxmayaraq, “sabitqədəmdir”.

“Vahidəm, eşqdə mən indi də sabitqədəməm,

Varam öz yarım ilə mən necə əvvəl vardım.”

Azərbaycanda hər şeydən vacib sabitlikdir. Eyni rəhbərlik, eyni kütlə, eyni Məzahir Pənahov, canan əğyar ilə sabit gəzməyində, yar sabit yalvarmağında və yalvarıb yerində oturmağında…

Akademik şair Səməd Vurğun nə deyirdi? —

“Bundan da gözəl bir daha dövran ola bilməz…”

Mirzə Əlil

12.02. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «GECƏ ÖZ  İSTƏDİYİM YAR İLƏ İŞRƏTDƏ İDİM…»

Əliağa Vahid

«Gecə öz istədiyim yar ilə, işrətdə idim»

Bu “öz” əvəzliyi Azərbaycan şairləri üçün kənd bənnalarının barı hörəndə  işlətdiyi para kərpic kimidir, misrada heca çatışmayan kimi “öz”ü pərçim eləyirlər. “Hər aşiqə öz istədiyi yarı gözəldir…”

Necə yəni “öz istədiyi”?

Bu, heç.

Deməli, gecə şair ya da şairin lirik qəhrəmanı “öz” istəditi yarı ilə kef eləyirmiş.

“Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.”

Pardon, Adəm cənnətdə “işrət” eləmirdi, Adəm və Həvva körpə kimi məsum idilər və utanmadan lüt gəzirdilər.

Sonra Vahid bir saniyə əvvəl dediyini təkrar eidr.

“Mən idim, bir də öz istəkli gözəl yarım idi”.

Həmin “öz istəkli yardır”, ancaq indi gözəlləşib.

“Yoxdu əğyar, əgər olsaydı, müsibətdə idim.”

Ömrü boyu qədəşlərlə oturub-duran şair qurumsaq əğyarın əlində qalıb girinc…Əğyar olaymış, vurub Əliağanın ağız-burnunu qanadacaqmış…

Badə camın mənə canandı verən məclisdə”

Aha! Məclis! Bayaq deyirdi bir özüdür, bir də öz istədiyi yar.

“Bütün ətrafımı almışdı gözəllər səf-səf”.

Gözəllər bir deyil, iki deyil, bir sürüdür, yəni dəstədir, sıra ilə düzülüblər.

“Məst ikən yar ilə bir başqa məhəbbətdə idim.”

Bu misranı hər oxucu ya hər dinləyici öz pozğunluq dırəcəsinə uyğun yoza bilər. Mən Vahidin öz istədiyi yar ilə nə hoqqalar çıxardığını təsəvvür  də eləmək istəmirəm.

Sonra yenə təkrar:

“Həsrətin çəkdiyim öz yarım idi saqi olan”.

Yadınızdadırsa, yuxarıda demişdi ki badəni canan verir. İndi canan saqi statusu alır. Ancaq canan saqilik edirsə, qəzəlxan onunla necə işrətdə olur?

«İndi təsvir elə bax, gör nə qiyamətdə idim!»

Yox, bunu ayıq başla təsəvvür eləmək çətindir…

“Vahidəm, eşqü-məhəbbətlə cahandan getdim…”

Siz bu qəzəldə eşq gördünüz? Gecə yarısı işrət, məclis, badə, saqi… Bu aşiqin dünyadan getmə səbəbini bilmək üçün pataloqoanatom olmaq lazım deyil…

09. 07. 2024, Samara

 

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «YARIMSA GƏZİR ŞÖVQ İLƏ ƏĞYAR HƏVƏSİNDƏ…»

Əliağa Vahid

“Mən aləmə minnət çəkirəm yar həvəsində”

Şair yar, yəni öz dilimizdə desək, arvad həvəsinə düşüb. Bu, aydındır. Fellinin “Amarkord” filmində dəlixana pasiyenti ağacın başına dırmaşıb haray çəkir: “Mən arvad istəyirəm!” Ancaq  “aləmə minnət çəkirəm” necə başa düşülməlidir?

“Yarımsa gəzir şövqlə əğyar həvəsində.”

Yenə Vahidin yarı gəzəyəndir! Özü də elə-belə gəzmir, “şövqlə” gəzir!

İkinci beytdə Vahid toyxana əhlinə sual verir:

“Bilməm, bu necə sirrdir, necə hikmətdir, əzəldən

Bülbül gülə mail, gül olar xar həvəsində?”

Toyxanadakılar, və ya indiki vaxtda şadlıq evinə yığılıb tuluqlarını dolduranlar bu suala cavab axtarsalar, gərək yeyib-içməyələr, ayfonlarını qabaqlarına qoyub ekranı barmaqlayalar. QOOGLE Vahidin sualına çətin ki, cavab verə, çünki sualın cavabı yoxdur, çünki bülbül gülə vurulmayıb, gül tikan həvəsində deyil, bu metaforları, bənzətmələri şərq şairləri Vahiddən yüz illərlə qabaq milyon dəfə işlədib çürüyünü çıxarıblar.

Beytdə başa düşülən budur ki, Vahid özünü bülbülə, əğyarı, yəni onun yarını zad eləyən oğlanı tikana bənzədir.

Gülməli deyil?

“Mey oxşamasa ləblərinə qırmızılıqda,

Bir kimsə tapılmaz meyi-gülnar həvəsində”.

Başa düşdünüz? Əgər çaxır, yəqin ki, qırmızı çaxır, Vahidin yarının ləblərinə, yəni dodaqlarına bənzəməsəydi, bir nəfər də “meyi-gülnar”, yəni qırmızı çaxır içməzdi. Yəqin ki, hamı elə araq ya ağ çaxır içərdi. Bunu Əliağa Vahid deyir, mən demirəm.

“Hər gün üzünü görməyə həsrət çəkir aləm”.

Aləmin işi-gücü, dərdi, qayğısı yoxdurmu ki, Vahidin yarının üzünü görməyə həsrət çəksin? Əvvəldə demişdi ki, yar əğyar ilə gəzir. Yəni aləm bunu görməliydi. Belə deyil?

Aha! Yenə zülf! Vahid Zülfsevər!

“Bilməm, nə görüb zülfdə Məcnun kimi könlüm?”

Məcnun zülfə vurulmuşdu? Yalançının…

Füzuli Leylidən nə deyirdi?

Rahü-rəvişi müdam ğəmzə,
Başdan ayağa tamam ğəmzə…

Sonra qəzəldə olduqca maraqlı, Aynur Camalqızı demişkən, sensasion bir açıqlamaya rast gəlirik.

“Aşiq sevir ol şuxi, təəccüblü budur ki,

Yüzlərlə gözəllər də onun var həvəsində.”

Əliağa Vahid özü mat-məəttəl qalıb.Vahidin cananını yalınız kişilər sevmirlər, yüzlərlə gözəl də, yəni yüzlərlə xanım da o canana vurulub…

Qadının qadına aşiq olmağına nə deyirlər? Mən bu sualın cavabını versəm, dava düşər…

Qəzəlin sonuna yaxın cəfəngiyat daha da cəfəng olur, bunu ruslar yaxşı deyirlər: “marazm krepçayet…”

“Vahid! Yenə qiymət çoxalıb Yusifı-şerə…”

Yəqin Vahidin qəzəlləri oxunmamışdan qabaq şadlıq evində gərək dərin bilikli akademik çıxış edib milləti başa sala. Məsələn, akademik, Nobel əsilli və Nobel namizədi Kamal Abdulla. Füzuliyə “qara deşik” deyən müdrik insan. Ondan yaxşı namizəd görmürəm…

09. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «DİNDİR MƏNİ HƏRDƏN, GÖZƏLİM, FÜRSƏT OLANDA…»

Vahidin qəzəllərinə baxdıqca görürsən ki, şübhəsiz poetik istedadı olan insan müxtəlif səbəblərdən şəxsiyyət və sənətkar kimi ifrat deqradasiyaya uğrayıb və yüksək Füzuli qəzəlini lotu-potunun məzə tələbatına çevrib. Və Vahid qəzəllərindəki bayağılıq ən yaxşı ifalarda səslənən muğamları belə hörmətdən, dəyərdən salır.

“Dindir məni hərdən, gözəlim, fürsət olanda”.

Hərdən… fürsət olanda…Bunu kim kimə və harda deyir? Bəlkə deyəndə o yan- bu yana baxıb bir çimdik də götürür?
“Vəslin bizə bir an, nə olar, qismət olanda?”

Vəsl, bunu demişdim, adi görüş deyil, üstüörtülü desək, qovuşmaqdır. İndi bu aşiq nə deyir? Yəni sən hamıya…  nə olar, bizə də…

Toyda tuluğunu doldurmuş kişi bunu eşidəndə kimi gözünün qabağına gətirir? Doldurmadodaq müğənniləri və aparıcıları? Kim Kardaşyanı?

“Bax, gör, məni zülfün nə pərişanliğa saldı”…

Vahidin zülfsüz qəzəli var? Bu zülf adamı o qədər bezdirir ki, qəzəlin heç olmasa birində ya ikisində keçəl görmək istəyirsən…

“Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm”.

“Yüzlərlə cəfa…” Bu nə qədərdir? Canan yüzlərlə cəfanı necə edir? Dalını qamçılayır?

“Biganə əgər olmasa, tez vəslə yetərdik”.

“Biganə” kimdir? Qızın qardaşı? Cangüdəni? Əmioğlusu? “Tez vəslə yetmək” necə olur? Cananı bir saatlıq otelə aparacaqdı?

“Zülfün ki, tutub ruyini, çox qorxuram ondan”.

İki misra əvvəl zülf şairi pərişan eləmişdi, indi qorxudur.

Şair niyə qorxur?
“Aləm toxunar bir-birinə zülmət olanda”.

Guya zülf üzü bürüyəndə qaranlıq olacaq. Ancaq bu misra göstərir ki, basməmmədi yazmaq Vahidin, özü demişkən, şakəri olub.

Aləm – təkdir. Tək olan şey “bir-birinə” necə toxuna bilər?

Xalq necə deyir? “Aləm qarışar”. Qarışar! Xalq dilinin morfologiyası, sintaksisi qaydasındadır. Vahidə xalqın şairi deyən xalqını tanımır.

Vahidlə Səməd Vurğun arasında oxşarlıq çoxdur, hər ikisi basməmmədi yazır, biri partiyanın göstərişi ilə, biri də toyxananın. İkisi də kommunizmə inanır.

“Vahid, hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!”

Ləzzət verəcək…

Haçan?
Rəhmətlik qonşumuz Tükəzban xala belə abırsız sözləri eşidəndə deyərdi: “Əndamun yansın…”

08. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «NƏ QƏDƏR EŞQİMİZ, EY GÜL, BELƏ PÜNHAN OLACAQ…»

Əliağa Vahid

Vahidin bəzi qəzəlləri sualla başlayır:

“Nə qədər eşqimiz , ey gül, belə pünhan olacaq?”

Yəni şair deyir ki, eşqimiz haçanacan gizli qalacaq, çünki “aşikar eyləməyincə” “ürəyi qan olacaq”.

Əliağa Vahidin yadından çlıxlb ki, başqa bir qəzəlində tamam ayrı söz demişdi:

“Etibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!”

Məsələ burasındadr ki, Vahidin qəzəllərinə nəinki sevgi şeiri, hətta şeir demək çətindir. Bu qəzəllərin  çoxu müğənnilərin sifarişi ilə, “dılöy-dəlöylə” oxumaq üçün yazılıb. Ona görə də bu mətnlərdə hansısa gerçək yaşantıların, ürək ağrılarının, konkret sevgi tarixinin ifadəsini axtarmaq mənasızdır. Vahid qafiyə seçir və illərlə işlətdiyi trafaretləri götürüb gedir qafiyənin dalınca.

“Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?”
Abır-həyada yer üzündə birincilərdən olan millətimizdə bu “imkan olacaq” ifadəsi necə başa düşülməlidir? Aşid “vəslə yetməyə” imkan axtarırsa, canan ismətli gözəl deyil, bəlkə də qədim peşə sahibidir…

Vəslə yetmək istəyirsən? Göndər elçini? Nec yəni “imkan”? Qızı otelə ya manatlıq evə aparmaq istəyirsən?

Sonra gül-bülbül cəfəngiyatı gəlir:

“Bəs haçan rəhm edəcək bülbülü — biçarəyə gül?”

Heç haçan! Bülbül harda, gül harda?
“Nə qədər bəs o fəğirin işi əfğan olacaq?”

Bülbülə heç olmasa bir dəfə qulaq asmış və bülbülü sərçədən ayıra bilən hər kəs bilir ki, bülbül “fəğan” eləmir, bülbül şən nəğmələr deyir, bülbülün nəğməsi xəstəyə dərmandır….

Bu beytə baxaq:

“Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?”

1-ci misrada dedi ki, eşqdən başqa hər dərdə çarə var. Deməli, ayrılığıa da. 2-ci misrada deyir ayrılığa çarə yoxdur.

Mən Vahidin içkili yazdığını iddia eləmirəm, ancaq təkid edirəm ki, o lotu-potu üçün, avam kütlə üçün yazıb və basməmmədi yazıb.

“Öz xoşumla o qarə zülfə əsir oldum özüm…”

Yenə zülfə əsir oldu! “Özüm oldum…” Öz xoşuyla – bu necə olur?

“Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.”

Aha! Məclisə canan gələcək! İçki məclisinə! Birinci beytdə deyirdi ki, “eşqimiz haçanacan gizli qalacaq.» İndi məlum olur ki, cananla içki məclisləri qurur və yəqin ki, hər ikisi xirtdəyəcən vurur…

Kül bizim başımıza…

Bu mətnləri poeziya sayan insanların xəstə olduğuna kiminsə şübhəsi var? Mənim – yoxdur!

07. 06. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «ZÜLFÜN DAĞILMAQ ADƏTİDİR…DARAQ NEYLƏSİN…»

Əliağa Vahid

Əliağa Vahidi, məncə, zülfsevər şair adlandırmaq olar.

“Zülfün dağılmaq adətidir, şanə neyləsin?”

Şanə — yəni daraq. Yəni: xanımın saçları dağılıb (makaron fabrikində partlayış), Vahid deyir ki, buna daraq neyləsin.

Vahid fikrini düz ifadə edə bilibmi? Yox! Şanənin, yəni darağın funksiyası saçı nizama salmaqdır. Ona görə də saçın dağılmağına səbəb ola bilməz. Şairin sualı ritorik səslənsə də, yersizdir.

Maraqlıdır ki, toyxanalrda “şanə” sözünü “daraq” kimi başa düşənlər olmurdu və indi də yox kinidir, çox adam “şanə” sözünü müğənninin dilindın eşidəndə az qalır qəşş eləsin, elə bilir ki, söhbət qurbanı olduğu imamların müsibətindən gedir…

Yox, şanə — daraqdır…

Şanapipik – yəni pipiyi darağa bənzəyən…

Şeyx Əhməd buna görə Şeyx Nəsrullaha pıçıldayırdı: “Ərəbcə de, ərəbcə…”

“Yarın vəfası olmasa, biganə neyləsin?”

Maraqlıdır ki, Vahid “biganıə” sözünü “əğyar” sözü ilə misranın, əruzun tələbindən asılı olaraq  paralel işlədir. Ancaq bu sözlər mənaca eynidirmi?

Əğyar kimdir? Hüseyn Cavid demişkən, “cümlə cinatətlərə bais”, Məsələn, Məşədi İbadın qanuni nişanlısı ilə gündüz-günorta çağı eyş edən. Azərbaycan ədəbiyyatında elə bir aşiq yoxdur ki, əğyar onun cananını  yoldan çıxarmasın. Əğyar təkcə Azərbaycan  ədəbiyyatının yox, bütün millətin bir nömrəli problemidir. Biganə isə, lüğətə görə, “yad, yabançı, özgə, tanış olmayan” adamdır.

Bununla işimiz yoxdur.

“Pərvanə eşqi var, dolanır şəm başına,

Şəm isə yandırır onu, pərvanə neyləsin!”

Burda da Vahid sadə bir mülahizəni, fikri dolaşıq və səhv ifadə edib. Pərvanə özünü oda salıbsa, sual belə olmalıdır: Buna şam neyləsin?” Ancaq qafiyə xatirinə Vahid “pərvanə” yazır, çünki xalqı avam  və küt sayıb.

Vahid zülfsevər şairdir. Qəzəldə hökmən zülf olmalıdır.

“Zülfündə nalə eyləsə, incitmə könlümü”.

Könlün zülfdə nalə eləməyi necə olur? Başa düşən var? Bəlkə “zülfündən ötrü” olmalıdır?

Sonra Vahid toyxanadakı kişilərə müraciət edir:

“Məşuqən özgələrlə gəzir, umma xəlqdən…”

Vahidin gözəllərinin bir eybi varsa, özgələrlə gəzməkdir.

“Bir ev ki, getdi qarətə, həmxanə neyləsin?”

Həmxanə — yəni qonşu. Yəni sevgilin özgəsiylə gəzir, buna qonşu neyləsin.

A kişi, necə neyləsin? Uşaq qonşuya oxşayırsa, onda necə?

“Gül qönçəlikdən adət edib bivəfalığa”

Yəni məktəbli vaxtından gəzəyən olub.

“Meyxananənin şərafətini anla badə iç,

Sərxoşluq eylədin, buna meyxanə neyləsin?”

Əxlaq pozğunluğu məsələsini tam həll etməmiş Vahid keçir alkoqolizm probleminə. Deyir ki, sən içib özünü heyvan kimi aparırsansa, buna kafe ya restoran neyləsin, sən gərək normanı biləsən.

Ancaq son beyt indicə dediyini yalana çıxarır. Məlum olur ki, sən əgər çox içib açarını itirmisənsə, sən özün günahkar deyilsən, günahkar sınin stəkan yoldaşındır…

“Vahid deyirsə xəlq həkimanə badə iç,

Həmdəm fəsad olanda həkimanə neyləsin?”…

Vahid nədən başlamışdı? Zülfün dağılmağından və daraqdan.

Hara gəldi çıxıdı?

Kimdir günahkar? Vahid özü ya onun stəkan yoldaşı?

 

06. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «QƏM ÇƏKMƏ, KÖNÜL, MƏCLİSƏ CANAN YENƏ GƏLDİ…»

«Qəm çəkmə könül, məclisə canan yenə gəldi…»

Bu misranı biz necə başa düşməliyik? Deyək ki, Əliağa Vahid beş-altı qədəşlə oturub vurur. Və birdən canan girir içəri. “Yenə gəldi” deməklə Vahid bildirir ki, canan belə məclislərin daimi iştirakçısı olub, ancaq arada nə baş veribsə, qısa fasilə verib. Təəssüf ki, şeirdən anlamaq olmur ki, məclisdə Vahidlə oturanların da cananları yanlarındadır ya elə cananla məclisdə oturmaq yalnız Vahidin imtiyazıdır.
“Bu qalibi-biruhə verən can yenə gəldi”.

Yəni canan gələn kimi ruhsuz Vahidə “can gəlir”.

Sonra:

“Bir neçə gün olmuşdu günüm tirə qəmindən”

Bu misra çox maraqlıdır, çünki əruz tələb edir ki, “neçə” sözündəki “e”ni uzadasan. “Bir neeeçə gün olmuşdu…” Ayrı cür olmaz.

“Ahəstə yığıb başına öz ləşkəri-zülfün”

Vahidin zülfsüz qəzəli çox azdır. Sözün hər cür mənasında Vahid zülfün əsiridir. Yəni Vahid bir növ fetişistdir, onun fetişi zülfdür, yəni qadın başının tük örtüyü.

“Ləşkər” sözü bizə Füzulinin “Söz” rədifli qəzəlindən tanışdır, “qoşun” deməkdir. İndi özünüz hökm verin: qadın saçları nə dərəcədə qoşuna bənzəyir? Qadınlar iki saç hörərdilər  — iki saçdan nə qoşun? Bəlkə məclisə gələn canan afrikalı gözəl imiş?
“Könlüm evini etməyə viran yenə gəldi”.

İki misra əvvəl deyirdi ki, ölübmüş, canan buna can verib, indi deyir “könül evini” xaraba qoyacaq…

“Yenə dedi Ocaqqqulunun axsaq eşşəyi!”

Bu, Cəfər Cabbarlıdandlr. Vahid isə yenə zülf deyir.

“Sal boynuma, canana dedim, həlqəyi zülfün”

Bayaq zülf ləşkər idi, indi oldu həlqə…

Aha! Qəzəldə bülbül olmalıdır. Al gəlsin, bu da bülbül:

“Qan ağlama, bülbül, dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi, gülüstan yenə gəldi.”

Bülbül xəzanı, yəni payızı harda görür? Bülbüllər avqustun ortalarından Afrikaya köçürlər…

Yenə zülf! Yenə zülf!

“Vahid, bilir aləm məni, ol zülfə əsirəm”….

A kişi, bilirik. Vallah, Bilirik…

Dəlöy-dəlöy… Uy aman…

05. 07. 2024, Samara