Архивы

NAMƏLUM ƏSGƏRƏ

Aləmə sükut enər,

Kiriyər qələbəlik.

Susarıq şərəfinə,

Hər il bir dəqiqəlik.

 

Zəlzələdən sonra da,

Sükut yaradılar ki,

Torpağın, daşın altdan,

Səs-səmir gələ bəlkə.

 

Dəqiqə yox, saatla,

Susub duraq – yenə də,

Bizə nə səsin çatar,

Nəfəsin yetər nə də…

 

Döyüşdə can qoymusan,

Faciə qəhrəmanı!

Hanı bəs sinə yırtan,

Ağlayanın, yananın?

 

Yadırğadıq ya bezdik,

Yaş töküb ağlamaqdan.

Sükutdur dəqiqəlik,

Sənin payın, qəhrəman…

 

09.05. 2015 Samara

 

 

 

AZƏRBAYCAN DİLİM

                      Memleketim, memleketim, memleketim,
                          ne kasketim kaldı senin ora işi
                                           ne yollarını taşımış ayakkabım…

                                             Nazim HİKMƏT

 

Papağı çatanda çovğun apardı,

Yoldaca dağıldı ayaqqabılar.

Vətən! Saç ağardı, saqqal ağardı,

Üstümdə, içimdə indi nəyin var?

 

Büküb gətirmədim yaylığa torpaq,

Gətirmədim çiçək, ot qurusu da.

Əziz bir şeyin var, vətənim, ancaq,

Həmişə hardayam, ordadır o da.

 

O nə satılandır, nə bağışlanan,

Xərclənən, əyinə geyilən deyil.

Nəsildən nəsilə keçər, daşınar,

Köhnələn, aşınan, yeyilən deyil.

 

Azərbaycan dilim! Səni daşıyan

Mənəmmi? Aparan məni ya sənsən?

Torpaq götürmədim ayrılan zaman,

Yaylıq arasına sığışmaz Vətən.

 

Səni sərhədlərdən keçirərəm mən,

Azərbaycan dilim, qaçaq mal kimi!

Qürbət torpağında  şeir cücərdən,

Qəribin tükənməz sərvəti, mülkü.

 

21.04. 2015 Samara

 

 

 

DƏLİLİK

“Не дай мне Бог сойти с ума…»

                                      А.С. Пушкин

 

Güllə qabağına gedə bilsə də,

Puşkin dəlilikdən qorxub nədənsə.

Axı dəlilikdə qorxmalı nə var? –

Dalınca bir həkim, bir də sanitar,

Gəlib aparalar. Vurub iynəni,

Atalar bir dəmir yatağa səni.

Zaman sonubitməz gecəyə dönə,

Oyada sanitar… əlində iynə.

Yanına gələni tanımayasan,

Fikir çəkməyəsən, gələn olmasa.

Sözünün başına ip atmayalar,
Açıb ayıbını ağartmayalar.

Qarışa ağzının-burnunun suyu,

Gözünün yaşına, yuyan olmaya.

Qarnına nə getsə, doyura səni,

Yumruğu sığaldan ayırmayasan.

Başına buz kimi su əndərələr,

Çırpalar, özündən gedənə qədər,

Gedə ayılınca acığın, kinin,

Sevəsən cəlladı qardaşın kimi…

Nə ölüm qorxuda, xəstəlik nə də,

Sanitar Allahın, qüdrət iynədə.

Küçəyə atalar, dondura şaxta —

Elə biləsən ki, hamı bu halda…

Keçilməz, aşılmaz olsa hasar da,

Sarıyıb yatağa bağlasalar da,

Dərmandan ayıldın – yenə azadsan,

Ağılın quludur həmişə insan.

Yeganə sərvətdir ağıl, itəndə,

Nə axtaran olur, ağlayan nə də…

 

03-11.04.2015 Samara

YAZISINI SƏSİMİN…

Yazısını səsimin,

Eşitdim, tanımadım.

Elə bil ki, yiyəsi

Tamam ayrı adamdı.

 

Mənimki deyil çalar,

Ucalığı da yaddır.

Nə bir yapışığı var,
Nə şirinliyi, dadı…

 

Danışır, öz səsini,

Eşidə bilmir insan.

Bəlkə səsin əslini,

Bilir ancaq Yaradan.

 

01.04. 2015 Samara

HAMI BİLİRSƏN Kİ, ÖLÜB GEDƏCƏK…

клад 5

Hamı bilirsən ki, ölüb gedəcək,

Bir gün ölməlidir dünyaya gələn.

Hamının, hamının ölümü gerçək,

Ancaq inanmırsan öz ölümünə.

 +

Ölür atan-anan, ölür qardaşın,

Dərdi gedənlərin bükür belini.

Ölür yanın-yörən yarı yaşında.
Yenə inanmırsan öz ölümünə…

 +

Mən də gedəriyəm – indi, gələn il…

Qalmaram qurd ilə qiyamətə mən.

Amma səadətdir ölüm elə bil –

İnana bilmirəm səadətimə…

28.03. 2015

MÜSAVAT DİVANI

Müsavat yığışıbdır,

Şıdırğı Divan gedir.

Ara çox qızışıbdır,

Su yerinə qan gedir.

 

Qubad İbadoğlu tək,

Sıradan insan gedir.

Çarpışır Koroğlu tək,

Əldən-ayaqdan gedir.

 

Partiya dəyənəyi,

Əzir, yarımcan gedir.

Hələ ki İsa bəyin,

Qurduğu dövran gedir.

 

06.01. 2015 Samara

LAZIM: “ÇAĞIRSAN GƏLƏRƏM…”

 

Qabilə nəzirə

Eşitdim deyirlər neft ucuşlaşır,

Ancaq ölkədə kef elə həmindi.

Harın balaları lap quduzlaşır
Ayı yeyən də var, adam yeyən də.

Özün bil,
Çağırsan gələrəm, çağırmasan yox. 

 

Eşitdim deyirlər məvacibləri,
Artıb iki dəfə müəllimlərin.

Bəlkə ziyalının dolsa cibləri,

Dilini dinc qoyar, düşünməz dərin.

Özün bil,

Çağırsan gələrəm, çağırmasan yox.

 

Eşitdim deyirlər İrana gedir,

Ürəyi ağrıyan, qarnı ağrıyan.

Həkim polisdən də ağır zülm edir,

Belə səhiyyəyə analoq hanı? –

Özün bil,

Çağırsan gələrəm, çağırmasan yox.

 

Eitdim deyirlər dama salmısan,

İndi Leylanı da, Xədicəni də.

ABŞdan şiddətli töhmət almısan,

Kremlə baxırsan xəcalətindən.

Özün bil,

Çağısar gələrəm, çağırmasan yox.

 

 

Eşitdim deyirlər Şuşadan savay,

Dolur Kəlbəcər də, dolur Zəngilan.

Üzeyri, Bülbülü yetirən diyar,

Erməni bitirir, ya da ki şoran,

Özün bil,

Çağırsan gələrəm, çağırmasan yox.

 

  1. 01. 2015 Samara

 

 

SƏN GƏLMƏZ OLDUN

Lazıma həsr olunur

            Sözləri İ. Əliyevin

            Musiqisi İ. Əliyevin

            İfa edir millət vəkili Z. Xanlarova

 

On il bundan qabaq sən gələcəkdin,

On il gəldi keçdi, sən gəlməz oldun.

Gəlib qonşuları mələdəcəkdin,

Qonşular kef çəkdi, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Brat, gözləyirəm, sən gəlməz oldun.

Lazım, gözləyirəm, sən gəlməz oldun.

 

Niyə unutmusan söylə, əhdi sən,

Gül bayramı oldu, sən gəlnməz oldun.

Londona, Parisə bəlkə getmisən,

“Azadlıq” boğuldu, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Brat, gözləyirəm, sən gəlməz oldun.

 

Deyirdin quş kimi gəlib qonarsan,

Quşlar qəfəsdədir, sən gəlməz oldun.

İndi ağzınacan dolub Güzdəxan,

Susdu Xədicə də, sən gəlməz oldun.

 

Zalım, gözləyirəm, sən gəlməz oldun,

Lazım, gözləyirəm, sən gəlməz oldun.

Brat, gözləyirəm, sən gəlməz oldun.

 

10.01. 2015 Samara