Архивы

ÖLÜR ARA YERDƏ KƏND UŞAQLARI…

Doyunca gəzməmiş, şirin yeməmiş,

Bahalı paltarlar alıb geyməmiş.

Sevgili əlinə əli dəyməmiş,

Ölür cəbhələrdə kənd uşaqları.

 

Yığırlar bığ yeri qaralan kimi,

Quzunu anadan qoparan kimi,

Qurbanlıq yerinə aparan kimi –

Ölür cəbhələrdə kənd uşaqları.

 

Gəzir harınların harın balası,

Nə pula pul deyir, nə insan sayır.

Kasıbın boynunda vətən qovğası, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Qapalı tabutda qayıdıb gələr,

Üçüncü dərəcə medallı əsgər.

İndi məzarıdır əbədi səngər, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Milləti talayıb satan kefində,

İsti ağuşlarda yatan kefində.

Nə öıkə? Nə Vətən? Vətən kefində!

Ölür ara yerdə kənd uşaqları…

 

07.04. 2016

Samara

 

 

 

 

ÇIXDIM BU QIŞDAN DA, TANRI, DEYƏSƏN…

Çıxdım bu qışdan da, Tanrı, deyəsən,

Ümidim yox idi yazı görməyə.

Ümidim yox idi hava isinə,

Yerin yeddi qatlı buzu əriyə.

 

Çəkib həsrətini gülün, bülbülün,

Könlü sərçələrə verib yaşadım.

Yırtıb özlərini ötdülər hər gün,

Yarıac-yarıtox başıdaşdılar.

 

Qış həmin qış idi, yaman qış idi,

Günəş həftələrlə itirdi gözdən.

Qanım yavaşıdı, canım üşüdü,

Büdrədim  yollarda, yıxıldım da mən.

 

Bir vaxt yaz gəlirdi qış tükənəndə,

İndisə yaş üstə yenə yaş gəlir.

Ağır imtahandır hər fəsil indi,

Bilmirəm qabaqda neçə qış qalır…

 

03-05.2016 Samara

 

 

 

QARA BAYRAMIN GƏLİR..

ANAMIN XATİRƏSİNƏ

8

 

Qocanın atılmışı –

Sənə asanmı gəlir?

Səhərin açılmamış,

Qərib axşamın gəlir.

 

Çay-çörəyin gecikir,

Şişir, udulmur tikə,

Süfrənə elə bil ki,

Öd dolu camın gəlir.

 

Gözün yola zillənir,

Sözün öz-özünlədir.

Nə yazan, nə zəng edən,
Nə bir adamın gəlir.

 

Məmə, yaz gəlir yenə,

Qəbrin otla bürünər.

Getdi qara günlərin,

Qara bayramın gəlir.

 

    27.02.2016 Samara

 

 

HƏR YAZIMI BƏYƏNƏN…

HACINIIN XATİRƏSİNƏ

Hər yazımı bəyənən,

Əzbərləyən Hacıydın.

Yazıma “əsər” deyən,

Yeganə oxucuydun.

 

Danışsaydım hər nədən,

Susub qulaq asardın.

Təkcə səndin kəsməyən,

Sözümü yarısında.

 

Təkcə sən məni yekə,

Bir sənətkar sayırdın.

Sənin gözündə bəlkə,

Mən ağıl dəryasıydım.

 

Dünyaya gəlmişlərin,

Ən həqiri indi mən.

Sənin qiymətin imiş,

Məni ucaldan demə.

 

Yoxsan – yox oxuyanım,

Eşidənim yox daha.

Sən yoxsan, ən yaxınım,

Mənə səndən uzaqdır…

 

07.01.2016 Samara