Архивы

MOZART

Gələcəyi görmək yaxşı olardı —

Yüz il, iki yüz il, min il sonranı.

Bircə an ekranda, ayrı cür ya da,

Ancaq fərziyyə yox, əsil olanı.

 

Keçən əsirlərin qatını yaran,

Dinən gələcəyin səsidir yəqin.

Yüz il, iki yüz il, min il sonranın,

Kim bilir, bəlkə də lap qiyamətin.

07.09.2017

Samara

İLAHİ, QÜVVƏ VER AYAQLARIMA…

İlahi, qüvvə ver ayaqlarıma!

Səndən istəmirəm mən heç nə ayrı.

İlahi, sən yası günah buyurdun,

Məyusluq üz versə, qoy gedim onda.

Dağa-daşa çıxım, qaya dırmaşım,

Ayaqdan düşməyim, nəfəsdən düşüm.

Gəzim saatlarla çay qırağında,

Həm səhər, həm günün gedər çağında.

İlahi, qüvvə ver ayaqlarıma,
Qüssə təqibindən qaçım, yayınım.

Mənə təsəllidir sular, buludlar,

Gəzə bilirəmsə — hələ ümid var.

Çiyin də qalmadı söykənəm daha,

İlahi, qüvvə ver ayaqlarıma!

Qüssədən qaçıram, çətindir işim,

Ayaqdan düşməyim, nəfəsdən düşüm…

 

04.09.17

Samara

QURŞAĞACAN SOYUNUB…

Qurşağacan soyunub,

Dizəcən su içində.

Dəstəyini tilovun,

Sıxıb durur haçandır.

 

Bir nöqtəyə zillənən,

Baxışları bulanıq.

Yığılır gözlərinə,
Ləng suları Volqanın.

 

İpi boşaldır, çəkir,

Yığır, təzədən atır.

Kim bilir, indi bəlkə,

Xırda sufa da şaddır.

 

Ürəyindən, keçir ya,

Balıqların zırpısı.

Dürtmələyə, sıçraya,
Qolu qıra zərbəsi.

 

Dayanıb elə bil ki,

Yer və su yaranandan

Çay deyil önündəki,

Sərhədsiz okeandır.

 

31.08.17

Samara

 

 

 

 

VAXT VARDI VƏTƏNƏ GEDİRDİM HƏR İL…

Vaxt vardı vətənə gedərdim hər il,

Bu, səfər deyildi, ziyarət idi.

İl tamam olan tək yola düzəlir,
Pulum nəyə çatsa, minib gedirdim.

 

Vətənə gedəndə dəyişirdi il,

Köhnə bitib gedir, təzə gəlirdi.

Sanki hər gedən il ömürdən deyil,

Ölümdən gedirdi – yaş azalırdı.

 

Vətəndə yoluma göz dikən indi,

Anamın şəklidir məzar daşında.

Fəsillər dəyişir, iqlim həmindir,

İllərsə yığılır qalır yaşımda.

 

13-16.08. 2017

Samara

 

HƏYATDAN GETMƏKDƏ QORXULU NƏ VAR…

Həyatdan getməkdə qorxulu nə var? —  

 Elə bil iş bitib, evə gedirsən.

Ağrın, yorğunluğun canından çıxar,

Gedərsən, çatanda qarşılar sevən.

 

Ya da müharibə bitib elə bil,

Evə qayıdırsan silahı atıb.
Partapart, qan, yara yoxa çəkilir,
Əbədi yatarsan sən də baş atıb.

 

Ya da ki, bitibdir türmə müddətin,

Qapılar açılıb, azadlıqdasan.

Ölmək nə qorxulu, nə də ki çətin,

Bilsən bu həyatda kimsən, hardasan.

 

30.06.2017

Samara

 

VAĞZAL

Səfərin yoxsa da, hərdən, arabir,

Vağzala gedəsən, gəzəsən orda.

Baxasan ki necə qatarlar gedir,

Necə yan alırlar perrona ya da.

 

Əldə nə çamadan, nə də düyünçə,

Gedənə, gələnə gözün zillənir.

Yük elə özünsən, qiymətin heç nə,

Birdən yanağında yaş gilələnir…

 

Diktorun səsində müəzzin hökmü,

Hamı həyəcanda, hamı fikirdə.

Axır və dəyişir zaman su kimi,

Yaxına gedən də əbədi gedir.

 

Burda ağuşlardan axan isti var,

Burda baxışlardan sızan soyuq da.

Dolur və boşalır platformalar,

Pozulmur axında nizam və qayda.

 

Sanki bu görüşlər, bu ayrılıqlar,

Haçandan yazılıb, möhürlənibdir.

Dünyanın nizamı sanki yaranır,

Hər kəs öz yerini tutmağa gedir…

 

30-31 mart, 2017

Samara

İLAHİ, YAXŞI Kİ, MÜVƏQQƏTİYƏM…

Baxırsan bu çayın buz örtüyünə,

Yox bu işdə qüsur ya natamamlıq.

Nə mil işlədilib, nə də ki iynə,

Fikirdən, xəyaldan yaranıb xalı.

 

Haldan hala düşən, neçə rəng alan,

Buludlarda nizam qəlbi titrədir.

Qocalan, əyilən, hətta yıxılan,

Ağac da görürsən öz yerindədir.

 

Bu əyri sahildə kim eyib tapar?

Kim deyər bu kollar yerində deyil?

Qar dolu yarğanlar, yastı təpələr,

Yaranıb ən dahi rəssam əliylə.
Talanı bürüyüb quşların səsi,

Yox qüsur, yox eyib nəğmələrində.

Duyğudan, həvəsdən ötür hamısı,

Zilləri, bəmləri gözəl, yerində.

 

Mənsə… Yad, artığam təbiətdə mən,

Qar üstə saldığım iz də eybəcər.

İlahi, yaxşı ki, müvəqqətiyəm,

Gedərəm, izim də silinib gedər…

 

06-07.03.2017

Samara

 

 

 

 

 

 

İTİRİB SƏSİNİ MƏNİMSƏ XALQIM…

Çoxlu ölkələr var yer üzündə ki,

Qadınlı-kişili hamı oxuyur.

Beş nəfər bir yerə yığılan kimi,

Bir anda yaradır peşəkar xoru.

Kefdən oxuyurlar, həm də sevincdən,
Toyun da, yasın da mahnıları var.

Verərlər baş-başa, çiyin-çiyinə,

Səs-səsə qatılar, mahnı ucalar.

Tanrının adına nəğmə deyilən,

Çoxlu məbədlər var yer üzündə ki,

Kişili-qadınlı çiyin çiyinə,

Elə oxuyurlar, ürək kövrəlir.

Elə ölkələr var işləyən zaman,

Oxumaq adətdir. Çöldə, zavodda,
Oxuya-oxuya işləyən insan,

Əlləri məşğulsa, ruhu azaddır…

Bizəsə oxumaq sanki yasaqdır,

Çaşıb oxuyarsan – fitə basarlar.

Xəlvətə çəkilib kim oxusa da,
Tutub utandırar, asıb-kəsərlər.

Bizdə sevgi ayıb sayıldığı tək,

Oxumaq da ayıb havalananda.

Sevgi nəğməsini sevənçin gərək,

Manıslar oxuya qaval əlində.

Oxuyur Avropa, Yapon, Afrika,

Gürcülər oxuyur verib səs-səsə.

İtirib səsini mənimsə xalqım,

Ya da sinəsində salıb qəfəsə.

Nə dərddən oxuyur xalq, nə sevicdən,

Hamı xəlvət gülər, gizli də ağlar.

Beşiyin başında analar indi

Layla deməyi də yadırğayıblar.

Xalq varsa, var xalqın mahnıları da,

Neçəsi şöhrətli, şanlı, möhtəşəm.

Çoxdan ötübsə də ömür yarıdan,

Xalqımı oxuyan görməmişəm mən…

30-31. 01, 2017

Samara