Архивы

«İSA SEVGİSİNİN YOX İDİ HƏDDİ…»

İsa sevgisinin yox idi həqqi,

Çirkini həm sevib, gözəli həm də.

Sevib müstəbidi, sevib həqiri,
Bitib-tükənməzdi onda rəhm də.

Acıyıb məzluma, həm də zalıma,

Zənginə acıyıb, aca acıyıb.

Qucub cüzamlını, öpüb alnını,
Korun tüpürcəklə gözünü acıb.

İlahi! Həqirəm mən, həm də miskin!

Sevgim öz ölkəmə itib nə vaxtdan.

Adı çəkiləndə ürəyim əsmir,
Getməyə, görməyə atmıram da can.

İsa nemətindən mənə ver azca,

Sevim öz ölkəmi əhalisiylə.

Dövləti başından aşanı, acı,

Sevim yad insanı, düşməni belə.

Sevim müstəbidi, qan içəni də,

Əzib soydaşını incidəni də,
Ağladanı, zəhər içirdəni də,
Yalandan Qurana and içəni də.

Sevim eybəcəri, gözəli sevim,
Sevim qəhrəmanı, sevim qorxağı.

Nə qazancım olsun, nə də ki, evim,

Ancaq hamı kimi sevim torpağı.

Tüpürcəyinə də həqir qulunun,

İsa qüdrətini, Tanrı, ver ancaq,
Sürtüm gözlərinə ölkəmin onu,

İsa tək torpaqla qarışdıraraq.

27. 01. 2022, Samara

ÇEXOV

Qırx dörd yaş nədir ki, indiki vaxtda?

Kim axı bu yaşda indi gənc deyil?

Görərdi birinci Dumanı o da,

Artıq yaşasaydı bir il-iki il. 

Yaşaya bilsəydi əlliyə qədər,
Bir Fiat alardı, Linkoln ya da.

Qraf Tolstoyun dəfninə gedər,
Bəlkə qısaca nitq deyərdi orda.

Görərdü Lenini, bolşevikləri.

Ömür eləsəydi daha yeddi il.
Görərdi gün-gündən ölkə dəyişir,

Böyük Saxalinə necə çevrilr.

Gəmiyə oturub bəlkə Krımda,
Sonra İstanbula çıxıb gedərdi.

Ordan da Berlinə, Parisə ya da.

Çəkərdi hamı tək Rusiya dərdi.

İyirmi səkkizinci iləcən əgər,
Çexov yaşasaydı, Aleks  Fleminq
Görərdi əməyi getməyib hədər,

Taparaq, nəhayət, penisillini.

İngilis kəşfindən yardım alaraq,

Yəqin sağaldardı vərəmini də,
Parisdə xiffətdən saç ağardaraq.

Qorkiyə qoşulub geri dönərdi.

Böyük təntənəylə qarşılanardı,
Dəvət eləyərdi Kremlə Rəhbər.

Adı qəzetlərdə işıqlanardı,
Şəhər mərkəzində mülk verərdilər.

Sıxardı qəlbini müftə dəbdəbə,

Yatmazdı nədənsə əli qələmə.

Nə özü istərdi bir yerə gedə,

Nə də sevinərdi gedib-gələnə.

Görərdi dəyişib həyat, teatr,

Başqa cür oynanır başqa pyeslər.

Ölkə Saxalin tək mənfur adadır,
Müdhişdir “altıncı palata” qədər.

Üzərdi gördüyü, qulu özündən,
Sıxıb damla-damla çıxaran kəsi.

Şair söyləyəndir gözü önündə:

Həmindir “ağalar-qullar ölkəsi”.

NKVD durub pəncərə altda,

İndi qapını da yəqin güdən var.

Elə bil türmədir, ya da palata,
“İch sterbe” deyib Çexov uzanar…

25-26.01. 2022, Samara

“AH, BU NƏ QARDİR, ARA VERMİR, YAĞIR…”

Ah, bu nə qardır ara vermir yağır,
Qaldı qar altında bütün yol, cığır.

Damları basmış neçə tonlarla qar,  

Zirvələnib dağ kimi evlər durar.   

—              

Zilləti çoxdur bu müsibət qarın,
Dar günüdür indi dalandarların.

Yox macalı baş qaşıya özbəyin,

Pambığı xatırlayır indi yəqin.

Bənd yaradır tində, dalanlarda qar,
Pərçim olub avtomobillər qalar.

Kim piyada getsə, girincdir o da,
Tapmır elə yer ora addım ata.

Ah, bu müsibətdə gözəllik də var

Hər ağaca ayrı naxış düzdü qar.

Şux bəzənib, nazlı durub hər biri,
Möcüzəkar əllə yaranmış pəri.

Körpə gedir kirşədə, bax, bəxtiyar,
Bəlkə onun xətrinə yağmış bu qar…

19.01. 2022, Samara