Архивы

QURBAN BAYRAMI

U LENİ. KİNO

İlk dəfə qurd ilə quzu məsəli,

Haçan deyilibdir? Kim tərəfindən?

Necə gəlib bunu deməyə dili? —
Bu məsəldə yalan heç nə yox hərçənd.

 +

Burda yalan yoxdur, riya var ancaq,
Mİndə bir quzudur qurda rast olan,

Məsəli çəkənsə əlində bıçaq,
Qurban quzu seçir sürüdən bu an.

 +

Uşağa yanımda “quzu” deyilsə,

Canımdan həmişə keçir gizilti,

Bıçaq, qiyməkeş ya ayrı bir kəsər,

Göz önümə gəlir, qanlı və iti.

 +

Quzu qucağında, ya da yanında,
Şəkil çəkdirməyə həvəslilər var.

Quzu əzizləyən incə qadında,
Axtarsan, yekə bir bıçaq tapılar.

 +

Başlar bədənlərdən ayrılır hər an,
Burda “Allah əkbər!”, ordasa sağlıq,

Dünən əzizlənən, öpülən heyvan,
Bu gün dolmalıqdır, ya da kabablıq.

 +

Var hər birimizdə qurd təbiəti,

Hərisik biz sütül quzu ətinə.

Əlimizdə bıçaq qanlı və iti.

Dinimiz də bağlı quzu qətlinə.

 +

Hər ağac dibində axıdılır qan,
Başa, dəriyə də yiyə duran var.

Quzu qanı tökür vermədən aman,

Quzunun qanıyla günah yuyanlar.

 +

Mində bir quzudur qurda tuş olan,

Həmişə, əlbəttə, quzuda şans var.

Əlinə bıçağı alıbsa insan,

Baş hökmən kəsilər, qan axıdılar…

29. 06. 2023, Samara

GƏDƏBƏY ARVADLARI




Elə bil indicə yer yarığından,

Çıxaraq durublar onlar ayağa.

Hər biri hüznlü, qaraqabaqdır,

Gözləri alışmır sanki işığa.

 +

Cavanı, qocası, şübhəsiz ki, var,
Cavanı qocadan seçilmir ancaq.

Bəlkə eləsinin yaşı qırx olar,
Baxan deyər qoyub yetmişə ayaq.

 +

Paltarın, yaylığın gedib rəngləri,

Rəngi kül kimidir özlərinin də.

Boyunda, barmaqda yox bəzəkləri,
Soyulub elə bil hamısı birdən.

 +

Süni dişli də var, boş ağızlı da,

Sinə hamarlanıb, üz qırışlanıb.

Hər biri haçansa bəlkə gözəldi,

Hanı o gözəllik, indi bəs hanı…

 +

Gözəllik cəhənnəm, hətta qadınlıq,

Çıxıb canlarımdan, əyinlətrində
Nimdaş paltarlardır, bir də ki. yaylıq,

Onları ayıran kişilərindən.

 +

Gedir dağ döşüylə gədəbəylilər,
Maskalı polisin əhatəsində,
Çıxıb nümayşə kişiylə birgə
Arvad, qazla necə hədələnsə də.

 +

Qızıldır torpağın altı, həm üstü,
Burda gözəlliklər möcüzə və sirr!

Arvadısa xəstə, kişisi xəstə,
Hər biri elə bil hərbi əsirdir.

 +

Dəyənək altında milləti əzir,

Ölkədə nə vaxtdan bəy olub gədə,
Zindan divarını uçurub əsir,

Əzmi var Gədə bəy üstünə gedə.

 +

Gedir gədəbəyli, qaldırıb üsyan,
Arvad kişidən də irəlidədir.
Bilir kimdir onu bu günə qoyan,
Bilir hansı düşmən üstünə gedir…

 

22.06. 2023, Samara

EY FİZULİ…

U LENİ. KİNO

Daim bəşəri yoran suallar,
Sadə iki misranda olub cəm.

Baş çatladar, həm beyin sığallar,

Onlardır azar qəlbimə, onlarda da məlhəm.

Məhdudlara, cahillərə onlarda hökm var,

Onlar doğurar şübhəmi və bərkiyər onlarla əqidəm.
Toqquşsa fikir şübhə ilə bəlkə verər bar,
Tabesə fikir küt inama, qəlbi üzər qəm.

Bir gün, Fizuli, Kərbəlada sən verən sual,
Fikrin qidasıdır mənə, baş ağrısıdır həm:

“Gər kaf ilə nundan oldu aləm,

Ayə, nədən oldu kaf, nun həm?”

18. 06. 2023. Samara

TÜKƏZBAN XALANIN XATİRƏSİNƏ

18.11. 19

“Ədə, nöş gəlməmişdin,

Millət var idi bizdə…

Yanmışın adı nədi…

Zeynab… tuman da dizdən…”

 +

Özü çox vaxt ertədən,

Qapımıza gələrdi,
Televizora hökmən,

Bizi dəvət elərdi.

 +

Futbol olsun, ya konsert —

Yarıkənd olardı cəm,

O əsl  mədəniyyət,

İdman naziriydi həm.

 +

Gülər üz idi özü,
Dəvətsiz gələnə də.

Oğlu Məmmədhüseyn,

Səmayə gəlini də.

 +

Nə qədər axşamları,

Keçirdim o evdə mən…
Cib yaylığından iri,
Deyildi bəlkə ekran,

 +

Böyük mədəniyyəti,
Sığışdırırdı ancaq,
Anladırdı ruh nədir,
Nədir saf, nədir uca…

 +

Atsa da həyat yolu

Uzağa —  unutmadım,

Üzü qırışla dolu,
Həzin səsli arvadı.

 

13.06. 2023, Samara

 

AH, HEYVAN SEVGİSİ ŞİRİNDİR NƏDƏN…

1

Nə qədər it sevən, pişik sevən var!
Kimsə ilan sevir, tısbağa kimsə,

Az deyil meymuna mehr salanlar,

Quşlar da çox evdə verir səs-səsə.

 +

İndi adamlardan it-pişik artıq
Ulduzdur sosial şəbəkələrdə.

Milyon izləyici baxır, layk atır

Gətirir it-pişik gəlir bəlkə də.

 +

Heyvana məhəbbət adiləşsə də,
Heyrətə gətirir heyvana qulluq.

İt-pişk üstündə əsir yiyəsi,
Yutubda görəndə biz quruyuruq.

 +

Şəraitləri var kefin istəyən,
Ulduza yaraşan geyim, yatacaq.

Onlar yeyənləri bəlkə də sən-mən,
Bəxt ola, cənnətdə yeyərik ancaq.

 +

Başları ağrıdı – həkimi gəlir,

Professor özü dişlərə baxır.

Manikürü bitir, pedikürlənir,

Hər birini şəxsi dəlləyi qırxır.

 +

Çəkilir onların nazı anbaan,
Öpülür, quculur, sığallanırlar.

Belə nəvazişi görmür hər insan,
Bir sığal ömründə dadmayan da var.

 +

Gör necə şirindir bu ölmüşlər, ah

Özünəməxsus da gözəl hər biri.

Onların ömrünə, gününə baxcaq,
Adamın özündən zəhləsi gedir…

 +

Ah, heyvan segisi şirindir nədən,

Gözəldir ünsiyyət, dostluq, aşnalıq?!
Ucadır azı bir mərtəbə məndən,

Kim itə, işiyə mehrini salır.

 +

Üstündür, əlbəttə, məndən o insan,
Kim sevir bu dilsiz-ağızsızları.

Can eşitməsə də can deyir hər an,
Nə vaxt əsirgəyir, nə də ki, varı.

 +

Bircə şey dolaşıq hələlik qalır:

İt-pişik, tısbağa sevən elə ki,
Sütül ət eşqylə iştaha gəlir,

Quzu boğazına bıçağı çəkir…

 

05.06. 2023, Samara

 

İNŞALLAH

U LENİ. KİNO

Vardır hər əmələ Tanrıda hünər,

Yetir iradəsi hər şeyə, hökmü,

Bircə “Ol” deməyi kifayət edər,

Olar istədiyi an ötən kimi.

 +

İstəsə göyləri yerə endirər,

İstəsə, qaldırar yeri, əksinə.

Qurudub duzlağa həm də döndərər,

Bütün dənizləri, gəlsə fikrinə.

 +

Dağları düzlədər ovuc içi tək,
Mum kimi qranit əriyib gedər.
Ayın əvəzinə yapar ayrı peyk,
Günəşi Başına Yerin hərlədər.

 +

Hamını bir boyda eləyə bilər,

Eyni gözəllik də verər hər kəsə,

Hər kişi Van Dammdır, hər qadın Loren,
Bilən olmaz nədir paxıllıq, həsəd.

 +

İstəsə, hər xəstə sağalıb durar,
Xəstəlik qalmazdı, əgər istəsə,
Kor görə bilərdi, eşidərdi kar,

Yox, istəmir Tanrı, istəmir nəsə…
+

Uşaq çığırtısı gəlirdi indi,
Üzülüb əbədi susdu deyəsən,

Bir uşaq xilası əlində nəydi? –

Tanrı, bilmirik nə fikirdəsən sən…

 +

“Dur!” desə, dayanar müharibələr,
Silah götürənin əli quruyar,

“Ol!” desə, su, torpaq elə bar verər,
Bütün bu dünyanın acları doyar.

 +

Hələ su yerinə qan axır ancaq,
Qurdu ulamaqda müstəbidlərin.

Beşimiz yeyəndə onumuz acıq,
Susur yaradanı göyün və yerin.

 +

Bir cavan xərçənglə əlbəyaxada,
Bir sütül yollanır müharibəyə.

Nə qədər ümidlər qalıb Allaha,

O bəlkə “Ol”, deyə, ya da “Öl” deyə…

25. 05. 2023, Samara

“NƏSİL KƏSİLMİRMİ KƏSİLƏNDƏ DİL?..”

U LENİ. KİNO

Xəbəri uzlaşmır mübtədasıyla

Zamanı, cinsi də dəyişik salır.

Bacarmır nəinki sifətlə, sayla,
Burcudur, əl vermir ismin halları.

 +

Dilini ağzında güclə hərlədir,
Tərini əliylə silir üzündən.

Xam yeri şumlayır xışla elə bil,
Gedir məşəqqətlə, getsə də üzdən.

 +

Hakim qarşısında deyil bu kişi,

Nə də müstəntiqə verir ifadə.

Doğma balasıyla cənab danışır,
Danışır nədənsə urus dilində.

 +

Atası azəri, həm də anası,
Uşaq azəricə danışa bilmir.
Valideyn özü nəslini kəsir! —

Nəsil kəsilmirmi kəsiləndə dil?

 +

Deyən yox danışma ana dilində.

Yox qadağan qoyan, yox sıxışdıran,
Üstəlik səni öz evində güdən,

Zorla rus dilində yox danışdıran.

 +

Kölə təbiətli, nökər xassəli,
Yadın əyilirsən qabağında sən.

Ayıb, ar sayırsan dili və əsli,
Nəslin ayıbı da, arı da sənsən…

 +

Bitirir övladla cənab söhbəti,

Deyir üç-dörd dəfə “davay” və “ladna”.

Bir vaxt öz atası ona deyərdi:
“Allah amanında,  qadanı allam…”

20. 05. 2023, Samara

“SƏN DƏ O FİTƏ BƏNDDİN, MƏN DƏ…”

U LENİ. KİNO       

Cəfər Mehdiyevə

Bethovenin beşinci simfoniyası necə,
Başlananda ürəyi, sinirləri titrədir,
Vağzalda ya yolüstü qatar fiti dinincə,
Ürək elə çırpınır, bəzən qarışır fikir.

 + 

Kimsə ayrılıb gedir, özün gedirsən ya da,

Vaxt yetişir, fit dinir, çaşırsan, duruxursan.

Tale qapını döymür, durub artıq yanında,
Qulaqlarını dələn onun səsidir bu an…

 +

Qaynar yay gecələri, zəbt edib sərin zalı,
Səhər açılanacan çay içər, danışardıq.

Sağlam fikri və elmi elmikommunizmlə,

Uzlaşdırmağa cəhdlə tər töküb çalışardıq.

 +

Gecənin bir aləmi  qatar fiti dinərdi,
Çaşardıq, duruxardıq, yaranardı pauza.

Sən də bu fitə bənddin, mən də bu fitə bənddim,

Getməliydik elə bil biz haçansa, harasa…

 +

O gecə qatarınıın yolu uzaq deyildi:

Bakıdan Astaraya, Bakıya Astaradan,
Mükaliməni kəsən qatarın fiti idi,

Tale çağırışıydı sanki səslənən o an…

 +

Dahi Trevitikin ixtirası yoldadır,

Relslərdən krujeva toxunub kürəmizdə,

Dəyişılib ölkələr, dəyişilib adları,

Yox daha SSRİ, elmi kommunizm də.

 +

Qatar fiti eşitsəm harda, kinoda belə,

Duruxuram. Elə bil taleyin öz səsidir,

Qulaqlarımı dələn Bethoven qüdrətiylə.

Yola səsləyir, ancaq vaxtını saxlayır sirr.

 

14.05 2023, Samara

 

 

«EŞŞƏKARISININ UÇUŞU»

(«POLYOT ŞMELYA»)

Qəribə rekordlar dünyada çoxdur,
Onların ayrıca bir kitabı var,

Nə vaxtdan Rimski-Korsakovu da,
Çalıb yeni-yeni rekord vururlar.

 + 

“Arı uçuşu”nu səkkiz ya doqquz,
Saniyəyə biri deyirlər çalıb.

2000 bhm olub tempi düz,
Birinci yerdədir amerikalı.

 +

Çalınır nonstop və antraktsız.

İndi Rusiyada xırda bu əsər,

Gecı-gündüz dinər, vaxtlı ya vaxtsız,
Əgər yata bilsən, yuxuna girər.

 +

Rimski-Korsakov sanki himn idi.

Putinin Kiyevə həmləsinə də,
Tempi bir neçə min bhm idi,
Rekordsuz, uğursuz qayıtdı hərçənd.

 +

Uçur qoşun-qoşun eşşəkarısı,
Tutur vızıltısı şəhəri, çölü,
Arzular ölkənin bəlkə yarısı,
Çalına tezliklə “Sonalar gölü”.

 +

Bu himnlə gedir cəbhəyə əsgər,

200 nömrəli yük olub dönür.

Yox ölənə yanıb ağı deyənlər,
Arı vızıltısı nonstop dinir.

 +

Tutub aparırlar gündüz, həm gecə,

Dolu avtozaklar anbaan gedir
İyirmi ildir ki, ölkədə təkcə,

Eşşəkarısının səsi leqaldır.

 

26. 04. 2023, Samara

XRİSTOS DİRİLDİ!

U LENİ. KİNO

Pasxa təntənəsi. İnkivizitor,
Başdadır, əlində şam tutub durur.

FSB, FSO həndəvərində

Dayanıb, şamı var hər birinin də.

“Xristos dirilib!” deyilən anda.

Deyir “həqqətən dirilib!” o da.

Deyib xoflu baxır həndəvərinə,
Yoxdur şübhəlisi, yad görünəni.

“Xristos dirilib!”  — zilə çəkir xor,
İlhamla qoşulur inkivizitor.

Xorda oxuyan da özünkülərdir,
Ciddi yoxlanılıb hamısı bir-bir.

Burda keşişlər də poqonlulardır,
Hərbi rütbələri yəqin ki, vardır.

Yüz faiz əmindir inkivizitor,
Ona bu məbəddə təhlükə yoxdur.

Dirilib Xristos gəlsə də birdən,
Burda qamarlanar o, əlli yerdən.

Hər iki nəfərdən biri İuda,
Göstərib satarlar hələ qapıda.

Gedər məhkəməyə qolları bağlı,
Hökm çıxarılar təcili, ağır.

Kimliyi boynuna qoyular, yəni:

Xarici agent və vətən xaini…

Çarmıx etibarlı sayılmır indi,
Çəkərsən – çəkilər, dönər yenə də…

Ən etibarlı yer türmədir amcaq,
Müddətin üstünə müddət alacaq…

Gedir kilsədəsə hələ təntənə,
“Xristos dirildi!” – oxunur yenə.

Xiristos dirildi!” – zilə çəkir xor,
“Həqiqətən! – deyir inkivizitor.

 

18. 04. 2023 Samara