Архивы

MİRZƏ TƏBİLİN İLHAM ƏLİYEVƏ ƏRİZƏSİ

Əlahəzrət, sən Bakıda,
Döydürdün beş-altı rusu,

Milyon azərinin burda,
Əngələ düşüb yarısı.

 +

Əyilib gedirik yolu,

İtirmişik düz yerişi.

Şükr buna! – elə olur,
Yeridirlər qaz yerişi.

 +

Söyülən var, döyülən var,

Bakıya gəlirmi səsi?

Çoxdur deport olunanlar,

İçəridədir neçəsi.

 +

Əlahəzrət, tələs, lütfən,

O beş-altı rusu burax.

Özün görürsən axı sən,

Başımızda sınır çanaq.

 +

Bizə belə müdafiə,

Gərək deyil, açıq desəm.

Bizi çevirdin hədəfə,
Sənin girovunuq biz həm.

 +

Özümüz öz başımızı,
Girələrik, kənardan bax.

Yoxsa bizim hamımızı,
Mələdərlər bu gün-sabah.

 +

Burax tutulan rusları,

Qurtar bizi təhlükədən,

Burax jurnalist qızları –

Rəhmli ol öz ölkəndə!

 

Mİrzə TƏBİL

 17. 07. 2025, Samara

TƏSADÜFİLİK

         

                                                       Şirvan Kərimova

Qırx il  əvvəl uçub mən bura gəldim,

Gerçək tarixidir bu, təsadüfin.

Qırx il əvvəl ayrı bir yerə yəqin,
Axı bilet alıb uça bilərdim…

 +

Nədir bu şəhərə bağlayan məni?

Azmı şəhərdə var bu küçələrdən?

Çoxundan elə bu çay keçir həm də…

Ayrı şəhərlərdə adamlar eyni…

 +

Yanğından çıxmışam tam təsadüfən,
İndi və bir dəfə körpəlik çağı.

Səbəbli baş verir həmişə yanğın,

Təmiz təsadüfdür xilassa bəzən.

 +

Burda təsadüfəm, təsadüfiyəm,

Nə qırx il – qırx əsr yaşasam hətta.

Bəzən duruxuram öz astanamda,
Qapım yad görünür – bilmirəm niyə…

 +

Təsadüf imişəm öz ölkəmdə həm,

Nə yerim görünür, nə qalır adım.

Ölkəyə, millətə mənsubiyyətim,
Bir təsadüf imiş, indi görürəm.

 +

Amma baş verərsə üçüncü yanğın,
Salamat canımı əgər çıxarsam,
Yad telefonunda nömrə yığarsam,

Təsadüfi olmaz o nömrə yəqin…

 

15. 07. 2025, Samara

QRENLANDİYA

“Qrenlandiyanı alıram dedi,

Xoşluqla ya zorla – qərarım budur!

ABŞ-a birləşir Kanada həm də,

Növbədə Panama, Meksika durur.”

 +

Və qolf oynamağa getdi uçarla,

Uddu nazirini, köməkçisini.

Medal, diplom verdi özünə hələ,

Şəkil də çəkdirdi, qabardıb sinə.

 +

Putinə zəng vurdu şamını yeyib,
Danışdı dostuna qolf yarışından.

Putin dönə-dönə “malades” deyib,

Birtəhər elədi onu başından.

 +

Girdi arvadıyla sonra yatağa,
Qrenlandiya tək soyuqdur yataq.

“Nəyinə lazımdır Qrenlandiya?” –

Soruşdu arvadı, aralanaraq.

 +

“Fələstinliləri ora köçürmək,

Fikrim var, söz verdim Netanyahuya.

Qəzzanı tezliklə boşaldaq gərək,

Orda kazinolar planlayıram.”

 +

Sonra mesaj yazdı Zelenskiyə,

Soruşdu: “kostyumsuz gəzirsən yenə?

Sənə bağışlardım köhnə pencəyi,
Qorxuram olmaya ancaq əyninə.”

 +

Kim Çen Ina yazdı girib Votsapa,

Yazdl ki, “sevirəm səni ürəkdən”.

Dərhal Kim Çen In da Donald Trampa,
Bir raket göndərdi, çatmadı hərçənd…

 +

Arvad xoruldayır, gecə uzanır,

Trampın çəkilib ərşə yuxusu,
İrana səhərə yaxın bir neçə,

Bomba atdı – yekə, ağır xüsusi…

 +

Beləcə dünyanı idarə edir,
Bütün dünyanı da hərləyir hələ.

Dünya fəlakətə doğrumu gedir? –

Yox, yox… zəif deyil dünya da elə…

 +

Ötər bir neçə il, müddəti bitər,

Taxtını tərk edər narıncı adam.

Bundan əvvəl ölüm gəlməsə əgər…

Həm qanun amansız orda, ölüm həm.

 +

Bizim hökmdarsa ağlı başında,
Ona gərək deyil Qrenlandiya.

O nə ölüb gedən, nə dəyişəndir,

Nə qanun tanıyır, nə abır-həya…

 

13. 07. 2025, Samara

«GÜLMƏKDƏN ÖLƏSƏN — BU, PİSDİR MƏGƏR?…»

Son dəfə ürəkdən haçan gülmüşəm,

Demişəm: “gülməkdən ölərəm indi?”

Bir anda ovunub şirin irişən
Uşaq mən idimmi ya mən deyildim?

 +

Adamlar güldürə bilməyəndə də,
Kitab güldürürdü, kino həmçinin.

Xəlvəti gülürdün bəzən, içində,

Üzün də gülürdü bu zaman yəqin.

 +

Bizi uşaq vaxtı qınayardılar,
Çox əgər gülsəydik, ucadan həm də.

Guya gülməyin də qaydaları var,
Nə qayda – bilmirəm indiyə qədər…

 +

Hətta deyirdilər guya heç Allah
Bəyənməz, insan çox əgər gülərsə.

Gülməyin həmişə sonu ağlamaq

Olur – belə idi tərbiyə dərsi…

 +

Son dəfə gülməyim yadıma gəlmir,
Kitablar güldürmür, həmçinin kino.

Gülmədim, lətifə danışdı biri,

Yaxşı tanıyıram çünki mən onu…

 +

Gülüş nə xoş şeydir… güldürən ola,
Güləsən nəfəsdən düşənə qədər.

Tanrı cin atına minsə də belə.
Gülməkdən öləsən – bu, pisdir məgər?…

 

11. 07. 2025, Samara

ŞAİRLİYİN ADI AĞIRDIR, OĞLAN…

                     

Həsən Kürün faciəli ölümü münasibətilə

Şairliyin adı ağırdır, oğlan,
Hər kəslik deyildir məsuliyyəti.

Özün verirsənsə əgər bu adı,

Ölüm təhlükəli bir oyundasan.

 +

Elə ki, özünə bu adı verdin,
Özündən çıxırsan, ayrı birisən.

Alqışa, tərifə indi hərissən,

Dilin tərif deyir sənin də indi.

 +

Rütbə gözləyirsən adına dəyən,
Rütbə səviyyəli münasibət də.
Günün, güzəranın həmindir hərçənd,

Yox “yuxarı başda gəl otur” deyən…

 +

Ucuz çayxanada yavan çay ancaq,
Özün kimisiylə içirsən hərdən.

Köhnə telefonun dinir qəfildən:

Borcunu yadına salır yenə bank…

 +

Lütsən, yox heç nəyin girov qoyası,
Dəyər yox özünə qoyduğun adda.

Sən hamıya düşmən, sənə hamı da,

Kimdən almalısan indi qisası…

 +

Yox, şair adından uzaq qaç oğlan,

Onda məsuliyyət, təhlükə var həm.

Adın var, adın yox – həmindir qələm,

Yoxsa – arxayınca yazıb-pozursan.

 +

El gözünə de ki, əkinçisən sən,
At, öküz yerinə qoşul kotana.

İlhamın gələndə dayan, yaz yenə,

Ancaq oxumaqdan hələ çəkin sən.

 +

Və ya əsgər kimi tanın hər kəsə,

Seçilmə, özünü sıravi göstər.

Gəzdir ciblərində qıfıllı dəftər,
Xəlvət yaz, ilhamın əgər gələrsə.

 +

Zəngindən yal umma, kütlədən alqış,
Süd kimi çürüdür həm alqış, həm yal.

Öz adınla yaşa, öz adınla qal,
Sənət nə alverdir, nə də ki, yarış.

 +

Barı hör, suvaq vur, ya bağ-bostan ək —

Bil ki, ən uca bir adın var: insan!

Özünə ki, şair adı qoyursan,
Zillətə həyatın, bil ki, dönəcək…

 

08. 07. 2025, Samara

YUXU YA GÖRÜRƏM YA BASIR QARA…

Yuxu ya görürəm ya basır qara:

Gecədir, qaranlıq küçə adamsız.

Nəhəng asfaltbasan qarabaqara,

Haçandan izləyir məni aramsız.

 +

 Bilmirəm hardandır məndə bu sürət,
Qaçıram, bir qarış dil çıxardaraq.

Arxada qalardı yəqin Hüseyn Bolt,

Yarışa çıxsaydıq elə bu sayaq.

 +

Ancaq asfaltbasan maşın da gəlir,
Güllə sürətiylə, yalan olmasın.!

Boynumu alovlu həniri dəlir,

Təkərin altına az qalır basa.

 +

Baxmır ayaqlarım sözə, keyləşir,

Dururam, maşına tərəf dönərək.

Sükan arxasında polis əyləşib,

Mənə tuşlanıbdır əlindı tüfəng.

 +

“Sənədini göstər!” — əmr edir ötkəm,

Üstümü sinirli gəzir əllərim.

Əfsus! Cib də yoxdur, sənəd nəinki!

Sarsılır, əsirəm, soyuyur tərim…

 +

Nəhəng asfaltbasan üstümı gəlir,

Üzüstə düşürəm çatmamış mənə…

Bir anda eləyər məni yolla bir,

Düşər ayrısının dalınca yenə…

 +

Ha de ki, dünyanın vətəndaşısan,
Yerini ayda gör, ulduzlarda bil.

Kimdir və nəçidir sənədsiz insan? —

Cəld ol, asfaltbasan üstünə gəlir…

 

05. 07. 2025, Samara

İT DƏ ADAM KİMİ QOCALIR ELƏ…

It də adam kimi qocalır elə,

Seyrəlir həm yunu, çallaşır həm də,

Dişləri daşlaşır, düşür kəsərdən,

Azalır yeməyə iştahı belə.

 +

Yesə, də əziyyət verir yediyi,

Mədə qabaqkı tək üyütmür daha,

Qəbizlik də üzür, gedir qarnı da,

Xoş deyil ən ləziz yeməyin iyi.

 +

Tutulir it də — yox ayrı-seçkilik,

Ən ağırlarına xəstəliklərin.

Çəkir it eynilə insan çəkəni,

İnsan it əzabı çəkir necə ki.

 +

Köpək pilləkəndə çıxır qarşıma,

Baxır, ehtiyatla düşürəm necə.

Deyir düşmək çətin deyildir, qoca,
Əzabı artıqdır qayıdanbaşın.

 

01. 07. 2025, Samara

 

 

MƏHKƏMƏYƏ BƏNZƏYƏN DƏFN MƏRASİMLƏRİ

Bizim məhkəmələri xatırladan nəsə var

Dəfn mərasimində — gəncsə, xüsusən, ölən.

İstərsə molla olsun, istərsə yasa gələn —

Ölüm səbəbkarını təmizə çıxarırlar.

 +

Bir ağızdan deyirilər: “Yaradandır hər kəsi
Dünyaya gətirən də, aparan da dünyadan.

Başında bir tükü də itirə bilməz insan,
Bu işə Yaradanın olmasa iradəsi.

 +

Bu gəncin ölümü də, Tanrıdandır, şübhəsiz, 

Biz kimik bilək ancaq nədir bu işdə niyyət.

Nə gəlirsə Tanrıdan, ya dərsdir, ya da ibrət,

Həqir səcdə edərək şükr deməliyik biz.
+

Yaxşılığadır ancaq, Tanrıdan nə gəlirsə,

Bundan yaxşı dünyaya, bu gənc yəqin gedəcək,

Yaradanın hökmüdür, buna baş əyək gərək,

Səxavətdə o təkdir, min verir, bir alırsa…”

 +

Üzümüzü tuturuq göylərə, əl açırıq,

Alqış pıçıldayırıq faciə törədənə.

Gözlənilən tək sona yetir məhkəmə yenə,
Hönkürən var, kimisə boğur isti hıçqırıq….

 

26. 06. 2025, Samara

DOKTOR MƏSUD PEZEŞKİAN

“Dünyanın köksündə ürəkdir İran” –

Nizami Gəncəvi bunu deyibdir.

Ürəkdə min yerdən yara var indi,

Kimsən doktor Məsud? Həkim, qəhrəman?

 +

Doktor, ürək birdir, dilsə bir deyil,
Sənə hər ikisi əziz və doğma.

Şəhriyar şeirini deyəndə amma,
Özün kövrəlirsən, xalqın ağlayır.

 +

Dağıdır ölkəni raket və bomba,
Heyf ki, acizsən skalpelinlə.

Şəhriyar şeirini gətirib dilə,

Deyirsən, kömək ol, ya Heydərbaba…

 +

Azarlı kimiyik biz də bu tayda,
Bizə dərman dedin öz dilimizi.
Elə  bil ayıltdın, sağaltdın bizi,

Dərman içməmişdik biz heç bu dadda…

 +

Dövlət borcu da var, şəxsi borc da var,
İxtilaf yaranır, məhv olur insan.

Doktor, sən facisə qərəmanısan,
Millətin indidən yasını saxlar…

 +

20.06. 2025, Samara

MƏNƏ ÇİYƏLƏK PAYI GƏTİRMİŞ RÖVŞƏN QULİYEVƏ

Qardaş minnərdarlığım,
Bil ki, yerlə göy qədər.

Xəcalətdən qızardım,

Bu çiyləkdən betər.

 +

Talan edib bostanı,
Bağı yağmalamısan,
Belə payı dostuna,

Qıyardı çox az insan.

 +

Sənin yerində hər kəs,

Bu neməti satardı,
Pulunu tez xərcləməz,

Dal gününə atardı.

+

Elə bu  gedişlə də,
Pul yığardı bir kisə,
Nivanı dəyişərdi,
X5 Mersedesə.

 +

Sözüm yox dəyə bircə

Çiyələk dənəsinə.
Ona görə sadəcə,

“Sağ ol!” deyirəm sənə…

 

14. 06. 2025, Samara