Архивы

KÖTÜK ÜSTDƏ, QULABANDA…

Kötük üstdə qulabanda,

Söykənib əlağacına,

Qoca atam, xəstə atam,

Ağlayırdı acı-acı.

 

Dişsiz damağında hələ,

Sevinc, kədər dadı vardı.

Ölmək istəmirdi lələm,

Darıxır, zar-zar ağlardı.

 

O dünyadan danışanda,

Deyərdin ki, görüb gəlib.

Söz deyəydin – qan düşərdi
Əsərdi-coşardı lələm.

 

“Ha din belə, iman belə,

Kitab belə, Quran belə.

Huri belə, qılman belə”, —
Əqidəsi daş-dəmirdi,

Ancaq ölmək istəmirdi.

 

Öz ömrünün peşmanıydı,

Oğul-uşaq düşmanıydı.

Can xəstə, yaş doxsanıydı,
Ancaq ölmək istəmirdi.

 

Ağrılardan qovrulanda,

Çağırardı yaradanı.

Bəlkə də qulaqlarında

Tanrı səsi cingildərdi:

“Cahangir, hey!…”

 

İncidilmiş uşaq kimi,

Atam getmək istəmirdi.

Lələm ölmək istəmirdi…

                                                                       21 may 2002, Samara

 

 

HACININ XATİRƏSİNƏ

Dünya dülgərlərinin,

Yox gündüzü, gecəsi.

Qulaqlarımda dinir,

Aramsız çəkic səsi.

 

Qaralı-qırmızılı –

Sayı yox tabutların.

Məzar-məzar qazılır,

Bu torpağım qatları.

 

Gah başlanğıc, gah yarı –

Qayçılanır ömürlər.

Qoca-cavan boylara,

Kəfən biçir ölümlər.

 

Ölür çılğın ürəklər,

Ölür ağıllı başlar.

Ölür xalqa gərəklər,

Vətənə arxadaşlar.

 

Nə sanbalım, dəyərim,

Nə şöhrətim, adım var.

Ölür mənim yerimə,

Məndən yaxşı adamlar…

 

…Sirli meşə sükutu,

Baltalanır anbaan.

Baş aldı quşlar uçdu,

Ruh kimi budaqlardan.

 

Yer itir ayaq altda,

Ön duman, boşluq arxam.

Nə əl qaldır, nə balta –

Təklikdən yıxılaram…

 

                                                       7-8 noyabr 1991 Samara

 

QALXMAQ İSTƏMİRİK…

Qalxmaq istəmirik isti yataqdan,

Oyada bilmir bizi

Sübhün təmiz havası,

Quşların nəğməsi.

Anamızın, qadınımızın səsi də,

Saat zəngi kimi dözülməz olur.

Qapayır gözlərimizi

Uyumaq, uyumaq həvəsi…

Ölüm yuxusu da beləcə

Şirin olacaq görəsən?…

 

                                        20 iyun1980, Ərəbqardaşbəyli

BORC

mobil       

Şirvan Mürvət oğluna həsr olunur

 

Nə il, nə aydı bəlkə

Ömrümün qalan vaxtı.

Ya həftə, ya il çəkər,

Bəlkə qalan saatdır.

 

Mənə ömürdən qalan,

Bəlkə çəkiyə gəlməz.

Əzizləyib qoyasan,

Aptek tərəzisinə.

 

Bəlkə olub-qalanı,

Yüyrək saniyələrdir.

Bəlkə nöqtə qaralır,

Bir ulduzun yerində.

 

Macal tapmaz son udum

Hava çıxa sinəmdən –

Ömrü borcla yaşadım,

Borclu da gedərəm mən…

 

 

15-16 fevral 2005, Samara

 

UNUTDULAR

Xeyrulla XƏYAL

   

“Unutmarıq!” – dedilər,

Gün keçdi – unutdular!

Məni tezcə ötürüb,

Qısaca yas tutdular.

Ağı deyən olmadı –

Guya mənə yaddılar.

Elə deyib-güldülər –

Qonşunu ağlatdılar!

Pula gedən nəyim var,

Heç-neçəyə satdılar.

Kağız-kuğuzlarımı,

Yığıb oda atdılar.

Harda adım vardısa,

Rəngləyib qaraltdılar.

Albomlardan şəklimi,

Qoparıb çıxartdılar…

Uşaq-muşaq soruşdu –

Başını aldatdılar.

Kimsiz qaldım, ruhumu

Yurddan uzaqlatdılar.

Səfil ruhlar yığışıb

Ruhumu ovutdular…

 

                        09 may 1993, Samara

GÖRÜŞ

 

Titrəyə-titrəyə sıxdım əlini,

Ovcunun içində ovcum isindi.

Zərif barmaqların alov dilimi?-

Sandım ki, ömürlük bu od bəsimdi.

 

Üz-üzə dayandıq, yaxın dayndıq,

Qarışdı nəfəsim gül nəfəsinə.

Mənim kiçik ovcum döndü bir anda,

Bir dünya səadət xəritəsinə.

 

İki əl qovuşdu asma körpü tək,

Üstündən duyğular adladı, keçdi.

İki ürək dindi iki körpə tək,

İki əl  — birləşmiş iki beşikdi.

 

Könül qüssəsini, könül yasını,

Azdırdım ovcunun qırışlarında.

Oxudum ilk eşqin əlifbasını,

Oxudum ovcunun naxışlarında.

 

Bir ömür yaşadım bu bircə anda,

Qovuşdum sevincə, yad oldum qəmə.

Gülüş qanadlanıb dodaqlarından,

Qondu qaranquş tək ümidlərimə…

                                                        21 noyabr 1977, Salyan-Ərəbqardaşbayli

SAĞINA, SOLUNA «POLYOT» YAZILMIŞ…

Sağına, soluna “polyot” yazılmış,

Avtobus görəndə ürəyim əsir.

Tutqun pəncərəyə dağılan baxış,

Yandırır canımda uçmaq həvəsi.

 

Ötüb avtobusu qabaqlayıram,

Gəlib yetişirəm aeroporta.

Təyyarə gərilib qanadlarıyla,

Motoru hikkədən özünü yırtır.

 

Dəli buludların cilovu əldə,

Üz tutub vətənə uçur ürəyim.

Donur ayaqlarım bu qərib eldə,

Vətən həsrətiylə canım əriyir.

 

Təyyarə qıy çəkər, kəndimi aşar,

Anam şəkkə düşər, anam dayanmaz.

Balağı ilişər, yerişi çaşar,

Özünü həyətə yetirər ancaq.

 

Əlini qaldırıb gözünün üstə,

Məni buludlardan soruşar arvad…

Vətən həsrətiyə ürəyim əsdi –

Gedir bu avtobus aeroporta…

1-2 fevral 1988, Samara

Xeyrulla XƏYAL. CO DASSENİN XATİRƏSİNƏ

                                                       

Bir səs gəzir gərib-gərib,

Dünyanın küçələrini.

Gəzir gündüzlərini,

Gəzir gecələrini.

 

Ürəklərdə qərar tutmaz,

Ağlayar, ağlayar, gedər.

 

Yetim-yetim uçan quş,

Kim dağıtdı yuvanı?

Dünyanı bir səs dolanır,

Ovunmur ki ovunmur.

 

Bülbül ölüb, gül ölüb,

Yas içində yaz qalıb.

Dodaq ölüb, dil ölüb,

Nəfəs qalıb, səs qalıb.

 

Bir səs gəzir başılovlu,

Soyuq bilməz, isti bilməz.

Bir səs gəzir qaşqabaqlı,
Daha bir də üzü gülməz.

 

Haray salıb bir körpə,

Ağlayar, beşiyin istər.

Uyumur, uyumur bu səs,

Ürəklərin dizi üstə…

                                                                1980, Ərəbqardaşbəyli

ƏBÜLFƏZ ELÇİBƏYİN ÖLÜMÜNƏ

Rus qəzetlərindən kifirlik yağır,

Qaradır hər sətrin üzü, həm altı.

Çeçen savaşında itkilər ağır,

Uçarlar vurulur, gəmilər batır.

+

Ölüm xəbərini burda, Elçibəy,

Qəzetlərdən aldım. Qəribik, atam.

Milli rəzalətdən üz çevirərək,

Gedirik. Ölümdür yurda qaytaran.

+

Kələkidə qalxmış qoz ağacıydın,

“Gülxanə”də soldun. Kimdi fərqində?

Türkün vurğunuydun, türkün acıydın,

Toxtayıb vətənə dönürsən indi.

+

Məhbəs qapısını bir vaxt arxanca,

Örtən polis qəlbli qoca general,

Fəxri xiyabanı üzünə açar –

Əvf et – tabutunun! Kütlə, cah-cəlal…

+

Bəzən məğlubiyyət, bəzən qələbə,

Bəzən də savaşdır ölüm. Səninki

Gedişdir – déjà vu! – ancaq bu dəfə,

Oxşamaz, ovutmaz səni Kələki.

+

Firqədaşlarının çiyinlərində,

Fəxri xiyabana gedər cənazən.

Son avqust qızmarı baş hərləndirər,

Ərəb bəlağəti ağır, canüzən.

+

Əfsus! Rusiyanın qəzetlərində,

Bu ali dəfndən yox təfərrüat.

Bəli, ölür keçmiş prezidentlər,

Yataqda… Azardan… Adi əhvalat…

+

Milli mübarizən, uğursuz hərbin,

Burda unudulmuş, Elçibəy, artıq.

Axı cəbhədə də ölə bilərdin,

Ya da sui-qəsddən – buna ustayıq…

+

Yataqda keçindin. Qürbətdə hərçənd,

Xərçəngdən.Vətənə dönürsən indi.

Toxta, sən deyilsən, doğma, uzaq kənd,

Son mənzil birinci prezidentə…

+

Ölkə çalxalandı nə addım atdın,

Ayama qazandın ad-san yerinə.

Xalqına qəribdin, xalqına yaddın,

Elçibəy, qəbrin də qərib görünər.

+

Məzarçı! Mərmər yox, qan-tər hopulu,

Daş gətir Qaradağ karxanasından.

Vaxt gələr açılar Qarabağ yolu –

Bir sıxım torpaqçın yer də saxla sən…

23. 08 – 16.09. 2000 Samara

 

 

MƏNİ YEGANƏ YARATMIŞ TANRIM…

Məni yeganə yaratmış tanrım,

Olmayıb bənzərim, yaranmayacaq.

Tanrı ruhundan od tutub yanıram,

Keçəcək, bir də bu od yanmayacaq.

 

Təkəm ürək kimi, aləmdə təkəm,

Nə qan axmış qanım kimi, nə axar.

Mənəm bu dərdləri birinci çəkən,

Mən təkəm, bilmərəm əvvəl və axır.

 

Yeganəyəm, yeganədir dünyam,

O da mənimlə yaranmış birgə.

Tanrı idrakıma tutmuş ayna,

Məndə dünyanı seyr edər bəlkə.

 

Mənbəyi məndə əyrinin və düzün,

Ağı mən rənglərin,  mənəm qarası.

Nə günah işləsəm, günahkar özüm,

Məni qurtarmaz özgənin duası.

 

Göz yaşım tək nə su axmış, nə axar,

Daddığım odlu nəşələrdə təkəm.

Əbədi şübhədir ki, ruhu yaxar,-

Yeganə tanrı səhviyəm bəlkə…

23-24 fevral 1990, Samara