Архив тегов | körpə

GÖRÜŞ

 

Titrəyə-titrəyə sıxdım əlini,

Ovcunun içində ovcum isindi.

Zərif barmaqların alov dilimi?-

Sandım ki, ömürlük bu od bəsimdi.

 

Üz-üzə dayandıq, yaxın dayndıq,

Qarışdı nəfəsim gül nəfəsinə.

Mənim kiçik ovcum döndü bir anda,

Bir dünya səadət xəritəsinə.

 

İki əl qovuşdu asma körpü tək,

Üstündən duyğular adladı, keçdi.

İki ürək dindi iki körpə tək,

İki əl  — birləşmiş iki beşikdi.

 

Könül qüssəsini, könül yasını,

Azdırdım ovcunun qırışlarında.

Oxudum ilk eşqin əlifbasını,

Oxudum ovcunun naxışlarında.

 

Bir ömür yaşadım bu bircə anda,

Qovuşdum sevincə, yad oldum qəmə.

Gülüş qanadlanıb dodaqlarından,

Qondu qaranquş tək ümidlərimə…

                                                        21 noyabr 1977, Salyan-Ərəbqardaşbayli

Robert FROST. SÜVARİLƏR (RİDERS)

   

T1520565_05

 

Kimik biz — əlbəttə, süvariyik biz,

Quruda çapırıq, aşırıq dəniz.

Hava qatlarından keçirik hətta,

Kimsə böyük uğur qazanmasa da.

 

Yəhərsiz çapırıq bu dünya boyu,

Bəlkə də “doğumun sirri” bundadır.

Xırda əlləriylə sıxaraq yalı,

Yeriş öyrənməmiş körpə at çapır.

 

Bizim çaparımız dəlisov atdır.

İstədiyi səmtə amma varsa da,

Cavab almasa da bizim haraylar,

Çoxlu sınanmamış niyyətimiz var.

 ingiliscədən tərcümə

2000-ci illər, Samara

+++++++++++++++++

Robert FROST

Riders

The surest thing there is is we are riders,
And though none too successful at it, guiders,
Through everything presented, land and tide
And now the very air, of what we ride.

What is this talked-of mystery of birth
But being mounted bareback on the earth?
We can just see the infant up astride,
His small fist buried in the bushy hide.

There is our wildest mount- a headless horse.
But though it runs unbridled off its course,
And all our blandishments would seem defied,
We have ideas yet that we haven’t tried.

 

Xeyrulla XƏYAL. CO DASSENİN XATİRƏSİNƏ

                                                       

Bir səs gəzir gərib-gərib,

Dünyanın küçələrini.

Gəzir gündüzlərini,

Gəzir gecələrini.

 

Ürəklərdə qərar tutmaz,

Ağlayar, ağlayar, gedər.

 

Yetim-yetim uçan quş,

Kim dağıtdı yuvanı?

Dünyanı bir səs dolanır,

Ovunmur ki ovunmur.

 

Bülbül ölüb, gül ölüb,

Yas içində yaz qalıb.

Dodaq ölüb, dil ölüb,

Nəfəs qalıb, səs qalıb.

 

Bir səs gəzir başılovlu,

Soyuq bilməz, isti bilməz.

Bir səs gəzir qaşqabaqlı,
Daha bir də üzü gülməz.

 

Haray salıb bir körpə,

Ağlayar, beşiyin istər.

Uyumur, uyumur bu səs,

Ürəklərin dizi üstə…

                                                                1980, Ərəbqardaşbəyli

Robert FROST. OTLAQ

      

(THE PASTURE)

 

Örüş çeşməsini gedirəm açam,

Süpürüb ataram xəzəli tezcə.

Bir azca gözlərəm su dirçəlincə,

Çox da yubanmaram, gedək mənimlə.

 

Balaca buzovu gedirəm tutam,

Odur, anasıyla durub. Körpədir.

Ana yaladıqca əsir, büdrəyir,

Çox da yubanmaram, gedək mənimlə…

ingiliscədən tərcümə

2000-ci illərin əvvəli, Samara

++++++++++++++++

The Pasture

Robert FROST

1874 –1963
I'm going out to clean the pasture spring;  
I'll only stop to rake the leaves away  
(And wait to watch the water clear, I may):  
I sha'n't be gone long.—You come too.  
  
I'm going out to fetch the little calf
That's standing by the mother. It's so young,  
It totters when she licks it with her tongue.  
I sha'n't be gone long.—You come too.

MUSANIN BACILARI

                                    

Ikinci dünya müharibəsi illərində

                               Ərəbqardəşbəylidə iki xırdaca yetim

                                qız körpə qardaşlarını ölməyə qoymayıb

 

 

Boyları bir qarışdı,

Ataları ölmüşdü,

Anaları ölmüşdü,

Qalan körpə qardaşdı.

 

 

Nə top, nə tüfəng səsi —

Müharibə uzaqda.

Qızları səksəndirən,

Ac qardaşdı bucaqda.

 

 

Havada çörək ətri

Gəzir, baş gicəlllənir.

Bəs bu süd ətri hardan?-

Bacıların burnundan…

 

 

Musa gah bu qucaqda,

Gah o qucaqda Musa.

Hərbin özü uzaqda,

Sinə üstdə balası…

 

 

Ha borc de, ha de vicdan –

Bunu anlar böyüklər.

Bacıları oyadan,

Qardaş səsiydi səhər.

 

 

Nə məktəb bilirdilər,

Nə kitab açmışdılar.

Həm müəllim, həm də dərs –

Körpə ac qardaşları.

 

 

Körpə uşaq qucaqda,

Qapı-qapı düşdülər.

“Musa ölür acından”!-

Qışqırıb döyüşdülər.

 

 

Kimi öz tikəsini,

Gizləməyə tələsdi.

Çoxu qırıntı yığdı,

Tikədən tikə kəsdi.

 

 

Ev-ev, küçəbəküçə,

Bacılar gəzdi kəndi.

Ayaqyalın, başaçıq,

Cüt qızı İskəndərin.

 

 

Neçə ağır il ötdü,

Qırıntı tikə oldu.

Musa artdı, böyüdü,

Qızlardan yekə oldu…

 

 

Saxlanmayıb yazıyla,

Yaddan çıxıb adları.

Ancaq Firon qızıyla,

Cici-bacılıqdadır

 

 

Bəlkə onlar. Kim bilir,

İndi bəlkə o qızlar,

Körpəcə mələklərin,

Oynarlar hər nazıyla…

                                        27-29 fevral 2008, Samara