Архив тегов | Əli Kərimin şeirləri

ƏLİ KƏRİM FACİƏSİ: LİRİK ŞEİRLƏRDƏ KOMSOMOL TƏRBİYƏSİ VƏ PROKUROR İTTHAMLARI

Əli Kərim

Totalitar ideoloji sistemin vətəndaşların ruh və mənəviyyatın necə ziyanlar vurduğunun ən əyani sübutu ədəbiyyatdır, hərçənd humanitar həyatın, incəsənətin başqa növ və janrlarında da bu fəlakətli fenomen yaxşı görünür.

Əgər Səməd Vurğun kimi insanlar təbiətən ptinsipsiz v əxlaqsız olaraq hər cür rejimə, hər cür rejimin hər cür rəhbərinə xidmətə və bu xidmətdə hər cür alçaqlıqlara enməyə hazır olubsa, Mikayıl Müşfiq və Əli Kərim kimi fövqəladə istedadla və saf ürəklə doğulmuş insanlar üçün hakim ideopogiyaya, bu ideologiyanın təlimatrlarına əməl etmək sosial mühitin şiddətli təzyiqi ilə baş verir və şəxsi faciəyə və yaradıcılıq dramına çatdırır.

Əli Kərimin “Qaytar ana borcunu” şerindən mən bir neçə il əvvəl yazmışam. İndi şairin başqa bir şeiri haqqında fikirlərimi demək istəyirəm.

Mən özüm  ilk gənclik illərində bu şeiri əzbərləmişdim və onun az qala hər misrası gözümü yaşartmasa da, ürəyimi titrədirdi.

Ancaq çoxdan bu şeir barəsində rəyim başqadır.

“Gözəl qız, sən saf susan…” misrası ilə başlanan şeirin Tanrı vergili şairin qələmindən çıxdığına şübhə yoxdur. Burdakı metaforalar həm təzədir, həm də ilkinliyi, kinematoqrafiq qabarıqlığı  ilə “Dədə Qorqud”dakı bənzətmələri xatırladır.

 “Susuzluğun od vurub köz kimi yandırdığı

Dodaq su sevən kimi…”

Yaxşı deyilib…

“İynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi…”

Bu da yaxşıdır…

Pardon!  Bəs bu prokuror tonu hardandır?

Yaşlı nəsildən olanlar sovet dövrünün yoldaşlıq məhkəmələrini xatırlamalıdırlar. Mən özüm mexaniki sexdə fəhlə işləyəndə belə məhkəməni görmüşəm.

Əli Kərim, yaxud Əli Kərimin lirik qəhrəmanı ittiham edir!

“O isə səni sevir…”

Sonra kabab və sair. Yəqin araq-maraq…

Fransızlar demişkən, pardon! Oxucu bu eşq üçbucağındakı ikinci aşiqi görmür. Rəqiblərin bir-birlərini gözdən salmaqları köhnə əhvalatdır. Yəni Əli Kərim yaxud onun lirik qəhrəmanı var gücü ilə, gözəl sözlər işlədərək öz rəqibini xanımın gözündən salmaq istəyir. Və and içə bilərəm ki, bu şeiri oxuyarkən Əli Kərimin yaxud onun qəhrəmanının tərəfində olanlar özləri kabab həvəskarlarıdır.

Kababı kim sevmir ki…

Kabab üstündən sərin suyu da hamı sevir…

O adam kimdir? Biz o adamı görmürük. Yalnız prokuror çıxış edir və zala gətirilməyən müttəhimin eninə-uzununa döşəyir… Salyanlılar buna «pəl vurmaq» deyirlər…

“Danış, ucalsın səsin…”

Belə çıxır ki, xanım utancaqdır. Təvazölüdür. Əli Kərimə elə gəlir ki, belə xanımın saqqızını “kabab həvəskarı” oğurlaya bilər. Öz namizədliyini irəli sürür və xanımla komsomol işi aparır.

Ah, bu komsomol işi! Komsomol işinin nə olduğunu indiki nəsil bilmir. 14 yaşı olan hər yeniyetmə komsomola girir və cilovunu verirdi komsomol katiblərinin əlinə. Komsomol hər şeyə rəhbərlik edir, hər işə qarışırdı. Bu şeirdə Əli Kərim komsomol fəalıdır. Vurulduğu qızı  Cəfər Cabbarlının Almazı kimi fəal ictimai həyata çağırır. Yalnız ictimaiyyət içində olmaq, komsomolçu yoldaşların çiyni, dəstəyi, ünsiyyəti iki sevgi arasında tərəddüd edən bu qızı qarınqulu kababsevərin caynağından qurtara bilər.

Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi…”

Yəni Əli Kərimi bu təvazölü, məsum qızı evdən çıxarıb ictimai həyatın burulğanlarına atmaq istəyir. Bakıdakı səsin nə olduğunu biz bilirik.

“Buruqları hayqıraraq,
Nərə salır boz çöllərə…”

Yəni 26-ların nəvəsi Səməd Vurğun Bakının səsini əbədiləşdirib: buruqların hayqırmağı…

Buruq görən hər bir insan bilir ki, buruq hayqırmaz. Ancaq mənim Azəribaycan xalqıma Səməd Vurğun ciddi poeziyadan və həqiqətdən daha əzizdir…

Yəni Əli Kərim qızı buruq səsi kimi sevir.

Pardon, bəs bu Daşkəsən nədir?

Aha! Filiz mədənləri! Ekskavatorlar, buldozerlər… Naçalniklərin anqırmağı, söyüşməyi: “Sənin ananı…”

Əli Kərim bu məsum qızı evdən çıxarmaq, buruqlar arasında, Daşkəsənin filiz mədənlərində görmək istəyir. Almazların vaxtı keçib, kəndlərdə kolxozlar qurulub, ancaq Azəribaycan xalqı ağ günə çıxmayıb…

Cəfər Cabbarlı səhv edirdi…Radikal inqilabçıların səhvləri olur. Bu səhvlər bəzən milyonların məhvinə səbəb olur…

Əli Kərim Stalin-Bağırov dövründə yox, əsasən Xruşşov vaxtı, Axmatovanın “vegeterianlıq” adlandırdığı dövrdə yaşayıb.

Ancaq komsomol ayıq idi. Gənclərin cilovunu əldən buraxmırdı…

Komsomol komitələri də öz məhkəməlrini qururdu. Bəzən “səhv” buraxmış komsomolçuya düzəlmək üçün vaxt verirdi.

Əli Kərim də qıza vaxt verir: get fikirləş. Üç nöqtə…

Əli Kərim ailəli adam olub, arvad, üç uşaq, Bakıda həyat baha… O, şeirlə, “Azərbaycan” jurnalındakı işiylə dolanıb. Bəlkə ona heç kim deməyib ki, Daşkəsəni sox lirik şeirə. Ancaq Əli Kərimin içində qorxu yaşayıb. Həmişə fikirləşib ki, şeirində komsomol tərbiyəsi motivləri olmasa, onun jurnaldakı yerini verərlər başqa şairə. Onun yerini tutmağa hazır o qədər oğraş adamlar vardı ki…

And içərəm ki, bu şeiri sevənlər içində çox az adam (kişi cinsndən) tapılar ki, sevdikləri qızların ictimai həyata atılmağına, Daşkəsəndə filiz mədənində işləməyinə razı olsunlar. Azərbaycan oxucusu hələ də nə oxuduğunu başa düşmür…

Bu şeir Azərbaycanın son 60-70 ildə ən istedadlı adamlarından birinin faciəsini göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Təəssüf ki, Azərbaycanda əslində antiestetika olan sovet estetikasının mənəviyyata vurduğu ziyan barədə geniş və dərin diskussiya mümkün deyil. Çünki bu antiestetikanın yaradıcııq üzərində hakim olduğu dövrün xeyli hissəsində rəhbər olmuş insan ökədə toxunulmaz elan edilib. Antiestetika da onun qoyduğu irsin üzi hissəsi sayılır. Ona görə də “Komsomol poeması” oxunmasa da, komsomol səsi həyatımızda və sənətimizdə hələ uzun müddət səslənəcək…

 14.01. 2021, Samara

«QAYTAR ANA BORCUNU». İKİ NƏSİL AZƏRBAYCANLINI AĞLADAN CƏFƏNGİYAT…

əli kərim

Mənim oxuduğuğum pedaqoji məktəbdə müxtəlif təntənəli günlərlə və bayramlarla bağlı tədbirlər keçirilərdi və bu tədbirlərdə gözlərindən cin yağan, aktrisalıq istedı şübhəsiz olan, səhv etmirəmsə, hacıqabullu tələbə qız hökmən “Qaytar ana borcunu” şerinin oxuyurdu. İnanmıram ki, bizim aramızda Əli Kərimi tanıyanlar çox olardı, ancaq şeir hamını sarsıdırdı, qızlar ağlaşırdılar, çox hissiyatlılar “Can, ay ana!” deyib hönkürtü vururdular. Bayram şənliyi yasa dönürdü…

Yaşlıların yadında olar, o vaxt toylarda xanəndələr hökmən “Ana ürəy”ini oxuyurdular. Binamus oğulun bir qızdan ötrü anasının ürəyini çıxarmağından bəhs edən  faciəvi dastan…Geydrmə araqdan başları xarab olmuş kişilər toy üçün xüsusi ətirlə islatdıqları dəsmalları gözlərinə tutub  ağlaşırdılar…

“Ah, ana, nə gözəl zadsan…”

İndi Əli Kərimin şeiri haqqında bir neçə söz.

Bu şeir Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirinin qəlibindən çıxıb – həmin ölçü, həmin pafos, təxminən həmin leksika. Hər iki şeirdə analar müharibə dövrünün arvadlarıdırlar. “Dörd” rəqəmi də Süleyman Rüstəmdən keçir – onda “dörd ay”, Əli Kərimdə “dörd il”…

Bakıda dörd illik təhsil müddəti (yəqin pedaqoji instituda oxuyub, başqa ali məktəblərdə təhsil müddəti beş il idi) keçəndən sonra Oğul nə gəlir, nə məktublara cavab yazır. Oxucu bilmir ki, Oğulun başına nə gəlib. Bəlkə tutulub? Bəlkə öldürülüb? Bəlkə kQB xarici ölkəyə kəşfiyyata göndərib? Yəni şair Oğulun Bakıda nə ilə məşğul olduğundan bir kəlmə də yazmır. Ancaq birdən prokuror mantiyası geyib qiyabi mühakimə olunan Oğula qarşı ağır ittihamlar irəli sürür. Bu ittihamlardan belə çıxır ki, Oğulun anasını yaddan çıxarmağında “büzmədodaq” qız günahkardır. Bu “büzmədodaq” zalım qızı “işvə-nazla” “enlikürək”, “gensinə” və “gur çatmaqaş” kəndli oğlanı hardasa əsir edib saxlayır…

Belə şey olar?

Ananın yazdığı məktublar qayıdıb üstünə gəlirdisə, deməli, ünvana çatmırdı. Bu halda ana ya özü Bakıya getməliydi, ya da rayon milisinə şikayət yazmalıydı ki, oğlum itib.

Oğlundan xəbər olmayan hansı ana rayondan Bakıya iki-üç saatlıq yolu gedib balasının başına nə gəldiyini öyrənməz?

Yəni bu şeirdə baş ayaqla uyğun gəlmir, yalan müddəa üstündə qurulduğundan cəfəngiyata çevrilir.

Mənə elə gəlir ki, ciddi və savadlı redaktor şeirdəki bu uyğunsuzluğu Əli Kərimə göstərsəydi, şair yazısını qaydaya salardı. Məsələn, oğlunu yaxşı tanıyan bir gənc anaya xəbər verir ki,  dostu  Bakıda “büzmədodaq” bir qıza uyub…

Məsələ burasındadır ki, bu şeir o vaxtkı günün aktual mövzusunda yazılıb. Kommunist partiyası başqa əyintilərlə mübarizə ilə bərabər kəndi unudub şəhərdə “yüngül” həyata uyan gənclərin tərbiyəsi ilə də məşğul olurdu. Bizim şairlərə və yazıçılara da  də bir him bəsdir: onlarının yazdıqlarından belə çıxırdı ki, Bakının “büzmədodaq” qızları durublar şəhərin tinlərində, güdürlər kənddən gələn “çatmaqaş”, “gensinəli” oğlanları, “işvə-nazla” tora salıb aparırlar…

Bu, əlbəttə, doğru deyildi…

Ancaq məsələ partiya və hökumət tərəfində qoyulurdusa, onun bədii təcəssümünün qabağında hər bir redaksiya qapısı taybatay açılmalıydı…

Hansı köpəyoğlu redaktor deyərdi ki, bala, Əli, bu şeir gərək təzədən yazıla. Bəlkə oğul Bakıda tramvay altında qalıb, indiyəcən morqdadır, tanıya bilmirlər?

Şair isə binamus oğula döşəyir:

“İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan”…
Lal olarsan…

Yerindəcə qalarsan…

Bu cəfəng və bədiilikdən uzaq misralar ən azı iki nəsil azərbaycanlıları hönkür-hönkür ağladıb…”Can, ay ana…”

Əli Kərim iyirminci əsrin ikinci yarısının, yəqin ki, ən istedadlı azərbaycanlı şairidir. Lakin az sayda ən yaxşı şeirlərini yazanadək o da sovet şairi olmuşdu, redaksiya çörəyi yemişdi və istər-istəməz, komsomolun, partiyanın xətti ilə yazmışdı.

«Qaytarsan o sözləri…»

Əli Kərimin yaradıcıılığındakı belə şeirləri sahibinə, qeybə çəkilmiş sovet rejiminə qaytarsaq, onun irsi daha sanballı görünər…

24.02.2018

Samara

ƏLİ KƏRİM FACİƏSİ: LİRİK ŞEİRLƏRDƏ KOMSOMOL TƏRBİYƏSİ VƏ PROKUROR İTTHAMLARI