Архив тегов | Ərəbqardaşbəyli kəndi

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 29. TOYLAR. NİYƏ ARVADLAR YASDA OXUYURLAR, TOYDA YOX?

Kişi toylarında arvadlar toyxanaya toyun lap axırında girirdilər. Bütün arvadlar yox, bəyin anası, yaxın qohumları. Onlar gəlib yığılırdılar toyxananın aşağı başında. Bəy tərifindən sonra xanəndə bir-bir çağırırdı: “Gəlsin xələt versin bəyin anası… bəyin xalası… bəyin bacısı…”Arvadlar da irəli gəlib əllərindəki iki-üç metrlik parçanı ya bəyin ya onun sağdış-solduşunun qoluna bağlayır, ya da “aşıqçılara” verirdilər. Ana və bacılar belə anlarda riqqətə gəlib ağlayırdılar. Bəlkə də ayrı səbəbdən Məsələn, Füzuli demişkən, “Axır günün əvvəl eləyib yad, Axıtdı sirişk, qıldı fəryad”. Düzdür, Füzuli bunu Məcnun barəsində deyib, ancaq evinə gəlin gələn qayınana haqqında da demək olar. Gələcək dumanlı idi. Bir Azərbaycan operettasında qız hələ ərə getməmişdən deyirdi: “Toy gününün səhəri qayınatamla qayınatamla qayınanama divan tutmaq mənə borc olsun…”

Salyandan gələn tumsatanlar kənd toylarının vacib atributu idi. Toy günü iki, üç, dörd tumsatan dallarında tum kisəsi Kürdən keçib kəndə gəlirdilər. Onlar müxtəlif kəndlərdəki toyların vaxtını, yəqin ki, “aşıqçılar”dan öyrənirdilər. O vaxtlar ancaq qovrulmuş ağ tum satılırdı. Təzə pul dəyişilən vaxtlar tumun stəkanıını on qəpiyə, sonralar 15, 20 qəpiyə satırdılar. Nədənsə beş-altı kisə günəbaxan tumu qabaqcadan alıb qovurtdurmaq və uşağa-böyüyə paylamaq heç kimin ağlına gəlmirdi. Yemək yeyiləndən və toyxana dolandan sonra hamı tum çırtlayırdı. Başqa ölkədən gəlmiş bir adam toyxananın ağzında durub tum çırtlayanlara baxsaydı, elə bilərdi ki, bura idmançılar yığışıblar, tüpürmək yarışı keçirilir…Tum çırtlamaqdan baş barmaqla şəhədət barmağının ucları yeyilib yara olurdu…

Tumsatanlar ucuz konfet, karamel də gətirirdilər. Çox vaxt bizim arvadarın “işkalad” dediyi iris satılırdı, İrisin “rahəthulqumu” da olurdu, dişlərin dibinə yapışanı da…

Toy sahibinin uşaq-muşağa şirniyyat payladığını görməmişəm. Bəlkə də olurmuş, mən bilmirəm… Başa pul səpirdilər… Bundan iyrənc şey təsəvvür etmək çətindir…

Mən Rasimin toyundakı davadan yazmışam. Ayrı ciddi dava yadıma gəlmir. Böyükkişinin (bəy) toyunda, almanlar demişkən, blits-kriq, yəni qısa savaş oldu. Bəy stoluna yaxın oturmuş Məhərrəm yəqin kefinin artıqlığından Böyükkişiyə “qulağını bəri elə” demiş, bəy başını ona tərəf uzadanda Səmədin oğlundan təhqirli söz eşitmişdi. Bəy stolun üstünə meyvə kəsmək üçün qoyulmuş bıçağı qapmışdı, sağdış ya solduş olan Məmmədhüseyn bıçağı onun əlindən almaq istəyəndə öz əli yaralanmışdı… Bu davanı tez yatırtdılar, Məhərrəmi də toyxanadan çıxarıb apardılar… Davadan ən çox zızır çəkən Məmmədhüseyn olmuşdu, gözlənilməz hadisənin dəhşətindən, aldığı yaradan o, bayılan kimi olmuş, öyüyüb bahalı kostyumunu bulamışdı…

İndi yenə də yuxarıda verdiyim suala qayıdıram: bizim toylara el şənliyi demək olardımı? Yenə də “yox” deyirəm. Mən toylarımızın pisliyindən ya yaxşılığından danışmıram, onlara qiymət vermirəm. Hər toy mübarək olsun! Mən ancaq demək istəyirəm ki, toylarımız heç cəhətdən el şənliyi sayıla bilməzdi.

Toy mərasiminin iki zəruri tərkib hissəsi var: yemək-içmək və çalıb-oynamaq. Toylarda, hələ nəinki şadlıq saraylarının, hətta çadırların da olmadığı vaxtlar, həm yemək-içmək, həm çalıb-oynamaq reqlamentləşdirilmiş, standartlaşdırılmış prosedur idi. Yəni toya gedib yeməklə, Salyanda qovurmaçı Əsədin dükanında yeməyin fərqi yox idi. Toyda da, dükanda da pulunu verib yeyirdin. Toydakı musiqi isə, istər bankəli Teymur Hüseynov gəlsin, istər əməkdar artist Teymur Mustafayev, konsert idi. Qonaq toya atdığı üçlüyün ya beşliyin bir hissəsi ilə bu konsertin pulunu ödəyirdi.

Mən lap bu yaxınlarda You Tube-da bir iranlının “folk music”, yəni xalq musiqisi kanalına rast gəldim. Hər biri bir neçə dədiqəlik videolar hədsiz maraqlı olduğundan iki saata qədər telefonu söndürə bilmədim…

Mən İranın çoxmillətli ölkə olduğunu bilirdim, ancaq İrandakı etnik zənginliyin nəinki planetar, hətta kosmik zəngiliyi barəsində təsəvvürüm yox idi. “İran xalq musiqisi” kanalında farsların, lorilərin, müxtəlif kürd tayfalarının (onlar çoxdur!), türkmənlərin, talışların, qaşqayların, İran ərəblərinin, İran beluclarının, və əlbəttə, azərbaycanlıların mahnı və rəqslərini görmək olar. Molla hökümətinin İranda bütün musiqi mədəniyyətini məhv etdiyini mənim kimi düşünənlər bu videolara baxanda yanıldıqlarını görəcəklər. Mollaların çənələri, qırmancları, dar ağacları, əlbəttə, gecə-gündüz işləyir, ancaq xalq da, daha doğrusu, xalqlar bütün basqılara, yoxsulluğa baxmayaraq çalıb-oxumağındadır. İrana gedənlərin hamısı ordakı yoxsulluqdan, qıtlıqdan danışır. Ancaq xalq mahnı və rəqslərini ifa edən arvadların və kişilərin geyimlərinə baxın: onların gözəl biçimi, əlvan rəngləri, zəngin naxışları adam valeh edir. Və adlarını çəkdiyim və çəkmədiyim xalqların hər birinin  özünəməxsus ənənəvi geyimi var. Biz guya müstəqil dövlətik, farslardan da iki yüz ildir ki, aralanmışıq, ancaq indiyəcən bizim çalanlarımız, oxuyanlarımız farsları yamsılayır, ya da onlardan oğurluq götürdüklərini ifa edirlər. Mənim yerlim Aslan İlyasovun çaldığı populyar rəqsi Aslan qoşub? Əlbəttə, yox. Mən o melodiyanı uşaqlıqdan İran radiosuyla eşidirdim… İndi İranda farsların əhatəsində yaşayan, məsələn, qaşqaylara qulaq asıb görürsən ki, bu türk xalq öz sözünü, öz musiqisini, yəni etnik identikliyini mədəniyyət vasitələriylə qoruyub saxlaylıb.

Bizim milli paltarlarımız niyə iz-toz qoymadan yoxa çıxıb? İndi YAP üzvlərinin rəhbərıik etdiyi mədəniyyət evlərində öndərə, zəfərə, səfərə həsr olunmuş konsertlərdə ifa olunan musiqidə nəyin xalqa aid olduğunu müəyyən etmək mümkün deyil. Niyə molla İranında talışlar belə zəngin geyim, vokal, rəqs mədəniyyətini saxlayıblar, guya «multilultiralist» olan Azərbaycanda yox?

Deyək ki, bizim də nənələrin milli geyimləri, bəzəkləri olunb, aclıq, müharibə illərində dağılıb gedib. Bəs İranda müharibə olmayıb? İranın səhralıq hissəsində yaşayan xalqlar o zəngin rəngləri hardan və necə alırlar? O nəfiz parçaları nədən və necə toxuyurlar? O mahnıların musiqisini və sözünü kim qoşr? Rəqslərin quruluşunu kim verir?

Demək vacibdir ki, videolardakı bütün mərasimlərdə kişilərlə arvadlar bir yerdədirlər, yəni nəinki mollaları saya salmırlar, hətta onların gözlərinin içinə tüpürürlər…

Bəli, İrandakı rejim müstəbiddir, ancaq xoşbəxtlikdən mollalar totalitar rejim qura bilməyiblər. Totalitar siyasi rejim bilirsiniz nədir? O deməkdir ki, İlham Əliyev həmişə haqlıdır, onu haqsız sayanın dərisini boğazından çıxarırlar. Bəlkə bizdə də bir vaxt adamlar müxtəlif bitkilərdən cürbəcür rənglər alıblar, cürbəcür parçalar toxuyub üstünə zəngin naxışlar vurublar. Bunun üçün adamlara iqtisadiyyat azadlığı lazımdır. Yəni zirək adam boya sexi aça bilir, başqa birisi toxuculuq manifakturası yaradır, elə ailə üzvləriylə parça istehsal edir. Bu, Azərbaycanda mümkündürmü? Boya sexini açanın polis belini sındırmazmı? Özbaşına toxuculuq eləyənin dəzgahını öz başında sındırarlar. Əkin, biçin, tikiş, yamaq – hamısı inhisardır. Belə getsə, Novruzda yumurta boyamaq da Paşa holdinqin inhisarına çevrilər… Totalitar rejim şəraitində hamı eyni fikirli olmalı, hamı Heydər Əliyev küçəsi ilə getməli, Heydər Əliyevin heykəlinə sitayiş etməlidir. Totalitar rejim – mənəvi soyqırımdır.

Mənim yaşım çoxdur. Ancaq nəinki indi məndən yaşda iki, üç dəfə kiçik olanlar, mən özüm də xalqın necə oxuduğunu eşuitməmişəm. Biz nəğmə dərsində “Sürəyya”, “Qızqayıt” mahnılarını oxuyurduq. Bu mahnılar sovet hökumətinin əli ilə qondarılıb yaxalarına ulduz taxılmış “qəhrəmanlara” həsr olunmuşu. Nəğmə dərslərində oxuduğumuz daha bir mahnı:

Kür, Araz. Ararat,

Gözəldi bu həyat,

Qardaş olub Hayastan, Azərbaycan…

İranda lorilər, qaşqaylar, ərəblər, farslar, kürdlər bir vaxt babalarının, nənələrinin qoşduqları, indi də özlərinin yaratdıqları mahnıları oxuyurlar.

Hər xalqın içində yaradıcılıq potensialı var, istedadsız xalq yoxdur, ancaq mənəvi əsarətdə yaşayan xalqın potensialı qıfıllanıb qalır.

“Qarabağ şikəstəsi”ni, “Şirvan şikəstəsi”ni, “Pəncərədən daş gəlir” mahnısını, bayatıları yapçı mədəniyyət nazirliyi yaratmayıb, onları türkü, farsı yamsılayan manıslar da yaratmayıb, onları hələ mənəvi əsarətə düşməmiş xalq, yəni onun istedadlı oğulları və qızları yaradıblar.

Niyə bizim xalq özü öz şənliyində oxumur, ancaq “manıs”ları oxudur? Niyə yasda arvadların hamısının səsi açılır, hamısı ağı deyir, əzizlərinin toyunda nəinki bir ağız da oxumurlar, hətta oxumağı ayıb sayırlar?..

İranda gec-tez çalmalıların rejimi çökəcək, İran xalqı, daha doğrusu, İran xalqları azad yaşamağa hazırdırlar, onlar indidən azaddırlar- bu onların molla hökumətinə vaxtaşırı meydan oxumaqlarındn bilinir. Onlar içəridən azaddırlar, ona görə arvadlı-kişili oxuyurlar.

Bizim nəğməmiz içimizdə ölüb, səsimizi ancaq çəpər davasında bir-birimizə qışqıranda çıxarırıq. İçinə qorxu salınan xalqın böyüklərini məmur, polis minib çapır, balalarını isə maşınla basıb əzir…

25. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 28. TOYLAR. GÖZƏL MEHPARƏ VƏ ABASQULU

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 27. TOYLAR: YEMƏYƏ GÖRƏ QINANMAQDAN OĞURLUQ ÜSTÜNDƏ TUTULMAQ YAXŞIDIR…

1961-ci il yanvarın 1-dən SSRİ-də denominasiya şəklində pul islahatı keçirilib. 1947-ci ildə buraxılan pullar 1961-ci ilin birinci kvartalında məhdudiyyət qoyulmadan 10:1 nisbətində təzə pullara dəyişdirilib. Buna “gizli devalvasiya” da deyirlər. Əhalinin alıcılıq qabiliyyəti 2 – 2,5 dəfə aşağı düşür.

İlk baxışdan heç nə dəyişmir, dəyişən pulun kütləsidir. Əslində isə denominasiya əhalinin öz təsərrüfatlarında yetişdirdiyi məhsulların, məişət xidmətlərinin qiymətinə ciddi təsir göstərirdi.

Lələm deyirdi ki, pul dəyişməmişdən qabaq ayaqqabını Salyanda dörd manata yamatdırırdın. İndi dörd manat olub qırx qəpiyə. Pinəçi ən azı bir manat istəyir.

Eləcə dəlləyə baş qırxdırmaq ya üz vurdurmaq.

Toylara denominasiyya qədər 30 manat atırdılar. Otuz manat on dəfə kiçiləndən sonra 3 manat atan adam “qara siyahı”ya düşürdü. Toyun yemək yerinə keçid balı göy “beşlik” olurdu. Pullular qırmızı onluq atırdılar. Qız toylarında bir müddət “üçlük” atmaq böyük rüsvayçılıq sayılmırdı.

Toyxananın yeməkyerini müvəqqəti kafe adlandırmaq olardı, hərçənd yeməklərin çeşidinə və keyfiyyətinə görə o, bəzi ölkələrdə evsizlər üçün açılan xeyriyyə yeməkxanalarına daha çox bənzəyirdi. Toyxanadan aralıda olan yeməkyerinin  girişində qoyulmuş stolun arxasında pulyığan və onun yazanı otururdu. Qonaq üçlüyünü ya beşliyini yazdırır, yeməkyerinə keçirdi. 1960-cı illərdə yemək çeşidsiz və standart idi: üçlük atana da, beşlik atana da kasada bozbaş verirdilər. Kasa yarıdan bir az çox doldurulurdu. Əlbəttə, ətlə yox. Pomidordan ya tomat pastassından qıpqırmızı qızarıb qovrulmuş soğanla dada gəlmiş suyun içində kartofun böyüyünün üçdə biri ya kiçiyinin yarısı və uzağı əlli qram ağırlığında ət tikəsi üzürdü. Hər kişiyə yüzqramlıq daş stəkanda araq da verilirdi və arağın da başı yarım olurdu. İnsafla desək, 60-cı illərdəki araqlar saxta deyildi, yetmişinci illərin əvvəllərində mal damlarında saxta araq istesalı başladı.Yəni ucuz, əslində içilməsi təhlükəli olan oğurluq spirt alıb Kür suyuyla qarışdırır, şüşələrə töküb saxta zavod kağızı yapışdırırdılar. Toy eləyənlər pula qənaət üçün saxta araq alır, yəni əziz övladlarının toylarına çağırdıqları insanları bilə-bilə zəhərləyirdilər.

Oğlan məcburi evləndirilməyibsə, qız zorla qaçırılmayıbsa ya ata-anasının zoruyla verilməyibsə, toy bəylə gəlinin də, onların valideynlərinin də həyatında ən əlamətdar hadisədir. Ancaq mənim uşaqlıqda gördüyüm toylara el şənliyi demək olarmı? Mənə elə gəlir ki, olmaz.

Elə yeməkyerinin qapısının ağzında pulyazanın oturmağı bizim toyarı şənlik statusundan mərhum edirdi. Hələ dəvətnamə olmayan vaxtlar kənddə qapı-qapı düşüb təkidlə toya dəvət edirdilər. Yəni acizanə xahiş edirik gəlib bizim gədənin toyunu öz hüzurunla şərəfləndirəsən… Ancaq belə təkidlə dəvət edilən insan yemək yerində qarnı doymayanda və bozbaşının qalan suyuna doğramaq üçün  yemək paylayandan daha bir parça çörək istəyində qiyamət qopurdu. Bəyin atası, anası, nənəsi, cicisi, bibisi yemək yerinə nəzarətçi təyin edilmiş adamdan tələb edirdilər ki, “doyub-dolanmayan” kimdisə, onu atsın qırağa…

Toylardan sonra bəzən aylarla kimin nə qədər yediyi barədə biabırçı söhbətlər gedirdi…

Mənə elə gəlir ki, yeməyə görə qınanmaqdan oğurluq üstündə tutulmaq yaxşıdır. Yediyini qonağın, hətta yaxın qohumsa da, başına qaxmaq bizim milli xassəmizdir… Qonağın dalınca nə deyirlər? “Mal kimi yedi… Pota kimi basdı… Gəirdiyini də özü tıxdı…”

Toyxanadan, yemək yerindən başqa toyda daha bir strateji məkan var idi: yemək bişirilən yer. Sıra ilə ocaqlar qurulur, teştlər, qazanlar asılırdı. Mən uşaq olanda kənardan aşpaz da gəlirdi. Kəndimizn xeyli toyunda lələmin dayısı qızı Narxanım xala aşpazlıq eləyərdi. Çox döyüşkən, hazırcavab, zarafatcıl arvad idi. Bəzən ağzından hətta kişini də qızarda bilən sözlər çıxırdı. Sonradan kəndimiz öz aşpazlarını yetişdirdi… Mal-heyvanı “farağatlayandan” sonra bəlkə evdə yavan çörək də yeməyə macal tapmamış, indi toyxana ətrafında qaçdı-tutdu oynayaraq acıyıb ürəyi axan azyaşlı uşaqlar həndəvərini qovrulmuç soğanın ətri bürümüş yemək yerinə yaxın gedirdilər ki, bəlkə aşpaz bozbaşın suyundan iki-üç qaşıq boşqaba töküb verələr.

Uşaqları toy yiyəsi qabağına qatıb qovurdu…

Məgər el şənliyi ilk növbədə uşaqar üçün deyil?

Bəlkə hərə evində olanını büküb gətirsəydi, daha yaxşı olardı? Əsl el şənliyi belə olmurmu?

Mən 60-cı illərin toylarından danışıram, əlbəttə, adamlar çox kasıb idilər. Ancaq sən beş-on uşağı başına yığıb qabaqlarına yarım kasa bozbaş suyu ilə para təndir çörəyi qoymursansa, bu, kasıblıqdan deyil. Bu o deməkdir ki, öz elədiyin toya nə özün şadsan, nə gələnləri şənləndirmək fikrin var. Sənin fikrin xərcini çıxarmaq, “irəli düşmək”, ən pis halda “əl-ələ baş-başa” çıxmaqdır…

 Əksəriyyətində uşaqların dərsliyindən başqa kitab olmayan evlərin hər birində göz-bəbəyi kimi qorunan, ailənin qızıl-gümüşü ilə bir yerdə saxlanılan, az qala hər sətri əzbərlənsə də, vaxtaşırı çıxarılıb baxılan bir kitab, daha doğrusu dəftər var idi: toyun pul hesabatı. Nəinki ölkənin tarixini, hətta doğmalarının, əzizlərinin dünyaya gəldiyi ya öldüyü günü bilməyənlər lap əlli il qabaq hansı toya nə qədər pul atdıqlarını, kimin onlara nə qədər borclu qaldığını, gecə yarısı yuxudan ayıltsaydın, səhvsiz söylərdilər. Toya gəlib borcundaz az verənin qapısına da gedirdilər, yolda tutub adam içində abrını da alırdılar…

Sonralar, bəlkə də 70-ci illərin əvvəllərindən, bozbaş kasası xeyli qatılaşdı, üç adama bir araq şüşəsi qoyurdular. Toy yerində arağın satılmağı da o vaxt ya daha əvvəl başlandı. Verilənlə doymayan puluyla araq ala bilirdi. Toyda araq satmaq da “çax-çuxa” çevrilirdi…

Əlbəttə, yəqin ki, lap min il qabaq, ən kasıb adamların da toyu el şənliyi olub. Yəni yığılıblar, çalıb-çağırıblar, atılıb-düşüblər. Varlı kasıbın, yetimin qarnını doydurub, kasıb toyuna elliklə kömək eləyiblər. Toylar sonradan tədricən əsasında “əvəz-əvəz” prinsipi duran üzücü marafona, borca salan, müflis edən bəhsləşməyə çevrilib…

Bizim toylarda pərtlik, narahatlıq keçirməmək üçün gərək dərin qalın olaydı…

Sonradan toy texnologiyası dəyişdi. Toyxanalar yığışdı, toyxanaların yerinə “məclis  (Milli məclisdən qabaq) gəldi, onun da yerini “şadlıq sarayı” tutdu.

Şadlıq…

Mənə deyirdilər ki, indi (yəni ən azı on il əvvəli deyirəm, son dəfə Azərbaycanda olduğum vaxtı) toylarda yeddi-səkkiz yemək verilir, tökülüb qalır, yeyilmir…

Məsələnin əxlaqi, yəni sadə dillə desək, insanlıq tərəfini götürsək, vəziyyət əslində daha da xarablaşıb. Bir ailədən toya adətən bir nəfər gedir. Deyək ki, yüz, iki yüz, üç yüz, lap min manat yazdırır və partlayanacan yeyir. İçəndirsə — içir də, ürəyin istəyən içkilər var. Yəni verdiyi bir ətək pula bir ton basır içəri. Ancaq verdiyi pul ailə büdcəsindəndir. Tək adam bir toyda yeyib-içməyə ailənin bir həftəlik, on günlük büdcəsini xərcləyir, ailənin qalan üzvləri həmin müddətdə yavan çörək yeyir…

Adamların başına yerimir ki, hamının da olmasa, əksəriyyətin kasıb olduğu vaxt həmişəlik keçdi. İndi varlı da var, kasıb da. Bunu, əlbəttə görürlər, ancaq nəticə çıxarırlar. Kasıb varlının yerişini yerimək istəyir, var-yoxdan çıxır, sələmçi, bank əsarətinə düşür…

Qəribədir ki, israfçılıq edənlər də, “millət acından ölür” deyənlər də eyni adamlardır. Yaşayışlarında nizam yaratmağa heç kimin əzmi çatmır…

ardı var

22. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 26. TOYLAR: QİSMƏTİN TOYU

ƏRƏBQARDAŞBƏLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 26. TOYLAR: QİSMƏTİN TOYU

Qonşumuz Qismətin toyunun neçənci ildə olduğu yadımda deyil, ancaq bu toya şamaxılı aşıq Məmmədağanın gəldiyinı yaxşı xatırlayıram. Bəlkə də şamaxılı aşıqğı Qismətgilə yaxın olan cəyirli, yəni Şamaxı əsilli süddaşıyan sürücüsü Məmmədağa təklif eləmişdi. O vaxtlar Pənah, Bəylər, Şakir kimi aşıq Məmmədağanın da səs yazılarını vaxtaşırı radio ilə səsləndirirdilər.Yəni tanınmış adam idi. Ancaq aşıq Məmmdağanın o toyda nə oxuduğu, necə oxuduğu, xanəndəsi ilə necə deyişdiyi yadıma gəlmir. Yadıma gələn odur ki, Qismət çox yaxşı, yəqin ki, bahalı bəylik kostyumu geymişdi. Sonralar başqa toylara gedəndə Qismət bəylik kostyumunu geyirdi.

Qismətin toyundan yadımda qalan aşıq Məmmədağanın dümbəkçisidir.Yəni nə balabançılar, nə xanəndə qavalıyla, nə aşığın özü yadımda qalıb. Təkcə tez-tez dümbəyini manqalda qızdırıb qoşa çubuqlarla döyəcləyən dümbəkçini xatırlayıram, özü də yaxşı xatırlayıram. Özü də dümbək çalğısına görə yox, oxuduğuna görə.

Toyun axırına yaxın bəstəboy, arıq bir gənc olan dümbəkçi ayağa durub xanəndədən oxumaq üçün icazə istədi. Xanəndə icazə verdi və balabanın müşayiəti ilə dümbəkçi, bəlkə də Mahur üstündə bir qoşma oxudu. Qoşmanın rədifi “lənət” idi. Yəni hər bəndin axırında  filan şeyə lənət, filan kəsə lənət. O vaxtdan əlli beş-altmış  il keçib, qoşma yadımda deyil, son iki misra yadımdadır və elə qoşmanın canı da bu iki misradadır. Budur həmin misralar:

Arvad küsüb getsə dədəsigilə,

Onu gətirməyə gedənə lənət…

Ingilislərdə belə ifadə var: “steal the show”, yəni şounu, təntənənin “oğurlamaq. Məsələn, zəngin bir məclisə bir məşhur dəvət olunur. O, ulduzdur. Bütün diqqət onda olmalıdır. Birdən bir uşaq bir mahnı oxuyur ya rəqs edir və ulduzu qoyur ölgədə. Qismətin toyunda da dümbəkçi bir ağız oxumağıyla tanınmış aşıq Məmmədağanı qoydu kölgədə. Toydan sonra həftələrlə kənddə elə dümbəkçidən daanışırdılar. Ərəbqardaşbəyli xalqını, xüsusən kişiləri dümbəkçi vokaılı ilə, yəni səsi, oxumaq üslubu və texnikası ilə yox, oxuduğu sözlərlə sarsıtmışdı.

Arvad küsüb getsə dədəsigilə…

Çünki arvadın küsüb getməyi, yəni “acıq eləməyi” bütün Azərbaycanda olduğu kimi Ərəbqardaşbəylidə də aktual idi. Əri tərəfindən döyülən, söyülən və ya qayınanasının, baldızının sıxışdırdığı, gözümçıxdıya saldığı gəlin uşağını atıb ya uşaqlarını da götürüb gedirdi atasıgilə. Beş gün, bir həftə, bir ay qalan olurdu. Sonra dalınca gedib gətirirdilər. Kənddə boşanma olmurdu. Qadının təhsili yox, peşəsi yox – ata evində, qardaş evində haçanacan qalacaqdı? Bəzən ata, qardaş gedəni özü gətirib ərinə təhvil verir, yəni zülm ocağına qaytarırdı. Gətirməyəndə ər ya da onun adamları gərək minnətə gedəydilər. İndi dümbəkçinin oxuduğu sözlər kişiləri elə bil ayıldırdı, başa düşürdülər ki, acıq eləyən arvadın dalınca getməklə “biqiryət” olurlar…

O vaxt yox, sonralar dümbəkçinin “qeyrətli kişi manifesti”nə çevrilmiş sürpriz çıxışına toyxananın və ümumiyyətlə kənd kişilərinin necə reaksiya verdiyini təsəvvür etməyə çalışırdım.

Son iki misra dümbəkçinin ağzından çıxan kimi bizim Şirməmməd cəngənli Məmmədnağının ətli böyrünə dürtmə vurub deyir: “Eşitdün nə didi?” Məmmədnağı gürz kimi ağır yumruğunu Şirməmmədin dizinə endirir: “Necə eşitdün? Gərəy yazzıırıb vurağ traxtırın qabağına…”

Təsəvvür edirdim ki, tay-tuşlarını dolamağa həvəskar olan Şiralı Bədəlov Qismətin toyundan onlara nə toy tutur.

ŞİRALI VƏ ALIHÜSEYN

 — Alseyn, eşitdün də?

 — Nə eşitdim, canciyər?

— İndi özüü qoy biməməzziyə. Qismətin dümməyçisi nə diyirdi?

— Şiralı, mən əldə-ayağda işdiyirdim, heç xəbərim olmıyıb.

— Diyirdi, acıq eləyən arvadın dalıycan gedən kişi döür.

 — Nə diyim, valla, gedən gedir, gedmiyən gedmir…

 — Sən özünnən danış ey. Üşşəxanım acıq eləsə, dalıycan gedəssən?

 — Üşşəxaam nöş acığ eliyir, ay Şiralı?

 — Necə nöş? Döyərsən, söyərsən, eliyər də.

 — Mən arvad döyən dörəm, ay Şiralı…

 — Arvadı hamı döyür, sən nöş döymürsən? Diməli, sən arvaddan qorxursan.

 — Qorxmıram, qardaş caa. Bilirsən, Şiralı, gərəy aradan pərdəə götütmiyəsən.

 — İndi diyirsən Üşşəxamnan səən arunda pərdə var?

— Bə nəə? Qardaş caa var… Saxlamuşuğ…

 — Nə diyim, ay Alseyn, məətəl qalmışam…

 

ŞİRALI VƏ SEYFULLA

  — Seyfulla, eşitdün də, Qismətin dümməyçisi nə oxudı?

 — Nə oxudı? O boyda aşıq qalıb, sən də tutmusan dümməyçidən.

 — Əşş, aşığ heç bildüy nə oxudı? Əsl oxuyan elə dümməyçiymiş. Didi acıq eləyən arvadın dalıycan gedən kişiyə min lənət.

 — İndi mııı məə diməydə məqsədün nədir? Biz elə arvad saxlamuruğ ki, acığ eliyə.

 — Boy, süz nətəər arvad saxlıyırsız?

— Biz arvadı yaxşı saxlyıruğ, arvad öz yerin də bilir, kişinin də yerin.

— İndi birdən Zenfira yerin dəəşiy sadı, onda bə nə?

— Dəəşiy salar, cəzasın alar.

— Pah! Nağayrassan?

— Nağayracam? Qaynar qazanı çırpacam başına.

— Sən lap ağ elədün a. Valla, sən heç qazan çırpana oxşamırsan.  Dərinkə-zad olar. Gərəy Zenfiradan soruşam.

 — Soruş…Özüə xiyalun gedməsin…

++++++++++++++++

ŞİRALI VƏ QİSMƏT

Elə əlgördü günü Şiralı təzəbəyin qoparağını götürür.

— Qismət, xəbərün var kəddə sənnən nə danışıllar?

— Nə danışıllar, Şiralı? Toyda yiməy qıt olub?

 — Yo, yiməydən danışmıllar. Diyillər o dümməyçini Qismət özü oxutdurub.

— Ay toba, əyər məəm xəbərim var. Biz aşığ danışmışuğ, dümməyçi aşığın yanında gəlib.

— Nəblim ey. Camaatdı dı də. Diyillər Qismət o sözzəri Mirzadıyçın oxutdurub. Yanı bəri başdan çatdırıb ki, acığ eliyib gessün, dalucan gələn dörəm.

 — Şiralı, peyğümmər haqqı, xəbərim yoxdı.

— Diyirsən də, Qismət… Ancağ camaatın ağzın yığmağ olmır…

— Şiralı, İmamseyn haqqı…Bıy, ottığımız yerdə işdə düşdüy a…

+++++++++++++

TOYXANANIN DALINDA ARVADLAR

ATKƏ (AĞABİKƏ)

— Bıy, bı nə diyir a? Kül başua! Papağ boydadı, oxudığı sözə bax. Səə kimsinə arvad gələcək ki, acığ da eliyə?…

ƏTLAZ (ATLAS)

 — Mən acığ eliyib gedəm, Adil özün gülliynən vırar. Məə oğədə iisiyir ki, mən Kürün o tayına keçəmiş özün öldürər…

KİÇİK SƏMAYƏ

— Adilin tüəngi var, ay Ətlaz?

ƏTLAZ

Yo, tüəngi yoxdı. Gedib Abasqulıdan alar də… Valla, bı kəddərdə Adil kimi arvad issiyən bi də kişi yoxdı. Məə baxun də, görün arvadı nətəər saxlıyallar…

(ardı var)

19-20. 01. 2025, Samara

 

əvvəli burda

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 25. TOYLAR. AŞIQ BƏYLƏR HAQQINDA

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 25. TOYLAR. AŞIQ BƏYLƏR HAQQINDA

Hava qaralmağa başlayandan “aşıqçılar”, yəni musiqiçilər terlərini tutub başlayırdılar. Yemək yeri toyxanadan ayrı idi, buna görə adamlar toyxanaya tədricən doluşurdular. Başı xeyli yarım olan bir kasa bozbaşı yeyib yüz qram araq içəndən sonra toyxanaya girirdilər. İlkaxşamdan toyxanada çoxlu uşaq olurdu, böyüklər gəldikcə sərxeyir onları durğuzub aşağı başa keçirirdi. Toy gur olanda uşaqlara yer qalmırdı və onlar çıxıb qıraqdan baxırdılar. Xeyli adam yığışandan sonra bəy sağdışla solduşun arasında toyxanaya girir və musiqi sədaları altında gedib yuxarı başdakı yerini tuturdu. Aşıq isə hələ yox idi. Aşıq dincəlirdi. Toy sahibinin evində şərait olmayanda aşığı qonşuda yerləşdiridilər. Yadımdadır ki, Abasqulunun toyu olanda  Pənahıın toyxanaya gəlişini səbrsizliklə gözləyənlər deyirdilər ki, aşıq İbadın evində qonaqlıqdadır…

Saat ona yaxın əvvəlcə bir nəfər aşığın sazını toyxanaya gətirirdi. Saz görünən kimi “aşıqçılar” tuş çalırdılar. Saz gələndən sonra intizar daha da artırdı. (Maraqlı burasıdır ki, Salyan aşıqları içində Bəylərdən başqa saz çala bilən yox idi. Qalanları ancaq dınqıldadırlar. Ancaq bir evdə belə musiqi alətinin olmadığı kəndin adamı çalmaqla dınqıldatmağı necə ayıra bilərdi?) Nəhayət, elan eləyidilər ki, “aşıq gəlir!” Aşıq bir neçə adamın əhatəsində qaranlıqdan sıyrılıb toyxanaya girirdi. Aşıqçılar ayaqğa qalxıb “tuş” çalırdılar. Toyxanadakıların da bir hissəsi dururdu – indi “həcilər” yas məclisinə girəndə durduqları kimi…

Aşıq toyxanaya girən kimi oxumurdu. Toya gələnlər sərxeyir vasitəsilə hava çaldırıb oynayırdılar. Mənim yadıma gələndən bizim toylarda həmişə Ərəstun sərxeyrlik edirdi və gənc vaxtlarından toy idarəçiliyində böyük ustalıq və səriştə göstərirdi. Onun toyu idarə etməsini maestro Noyazinin dirijorluğu ilə müqayisə etmək olardı. Maestro Nyazi kimi Ərəstunun da əlində çubuq olurdu və bu çubuğun qabağında heç kim xaric çalmırdı, yəni artıq-əskik hərəkət eləmirdi, eləyən toyxanadan çıxarılırdı…

Nəhayət, aşıq sazını götürüb balabançıların müşayiəti ilə toyxanın ortasına çıxır, “nağıl” ya dastan danışırdı. Bəzən aşıq xanəndəsi ilə deyişirdi. Aşıq Ramizlə Cəbrayılın deyişməyi yadımdadır. Binlar bir-birinə hərbə-zorba gəlməliydilər. Aşıq Ramiz nə deyirdisə, Cəbrayıl ona belə cavab verirdi: “Cəbrayılam, çaylar kimi çağlaram, Sən öl, Ramiz, səni bu stolbaya bağlaram”…

“Stolba” — əslində rusca “stolb”dur. Toyxananın ortasında, düz aşıqçıların stolunun qabağında toyxananın üstünü saxlayan dirək olurdu. Bu dirək çox vacib dirək. Xanəndənin qabağında durub ona “ana ürəyi”ni oxutduran adam əgər qanuni yüz qaramdan əlavə özü gətirdiyi bir şüşə arağı da içmişdisə, dalını dirəyə verirdi, çünki həm “Ana ürəyi”ni yaratdığı həyəcandan, həm də yarım litrdən çox araq beyninin dərin qatlarına nüfiz etdiyindən yıxıla bilərdi…

Aşıq oynayırdı da. Əynində bolşevik komissarının paltarı, əlində çala bilmədiyi saz, ayağında bahalı uzunboğaz general çəkməsi – dala-qabağa gedir, guya oynayırdı…

Biz isə teatr, tamaşa, musiqi tamarzısı idik. Ac adama yavan quru çörək də dadlı gəlir… Biz nə görmüşdük, nə eşitmişdik ki…Tamaşa tələbatı isə insanın təbii xassəsidir. Hələ iki min il əvvəl Roma şairi və yazıçısı Yuvenal deyib ki, xalqa çörək və tamaşa lazımıdır…

Toyxananın aşağı başında, girəcəkdə bir stol qoyulurdu. O stol bəzənmirdi, üstünə örtük də atılmırdı. Onun arxasında kəndin qocaları otururdular. Müxtəlif illərdə o fəxri yerdə Alışır və Qəfər qardaşlarını, Əliağa kişini, Saleh kişini, Əbilhəsən və Əlihəsən kişini görmüşəm. Lələm də hərdən oturardı. Çalğıya, ümumiyyətlə, musiqiyə, elə həvəs göstərməzdi. Ancaq evdə hərdən-hərdən mərsiyələri avazla oxuyanda gözünün yaşı axardı…

Qənbərin toyuna Aşıq Bəylər gəlmişdi. Toya hansı xanəndənin ya aşığın gələcəyini an azı bir həftə, bəzən bir ay qabaq kənddə bilirdilər. Ərəbqardaşbəyli əhalisi, Bala Surra qarışıq, çox narazı qalmışdı. Adamlarımız avropalılar kimi şüurlu, siyasi cəhətdən fəal olsaydılar, Alışır kişinin evinin qabağında etiraz nümayiş keçirərdilər, başlarının üstündə “Rədd olsun Aşıq Bəylər!” yazılmış banerlər də tutardılar. Ancaq bizim xalq qıpıq və hətta başıqapazlı olduğundan narazılığı qalmışdı içində. Təkcə balasurralı Fazil Aşq Bəylərə qarşı kampaniya aparır, hətta təhqirli ifadələr işlədirdi…

Aşıq Bəyləri kim seçmişdi? Bəlkə Məlahət  özü? Əgər belədirsə, Məlahətin gözəl musiqi zövqü varmış. Qənbərin toyu yadımda deyil, bəlkə Əlibayramlıda olmuşam. Ancaq bir neçə il sonra Aşıq Bəylərin necə gözəl müğənni və musiqiçi olduğu mənə çatdı. Onun “Şirvan şikəstəsini” ürəkdn sevdim və indi də sevirəm. Aşıq Bəylərin “Şiran şikəstəsi”, Alim Qasımovu çıxmaqla, bu gözəl meodiyanın ən yaxşı ifasıdır. Alim Qasımov da, fikrimcə, Bəylərin ifasından xeyli bəhrələnib, o da bizim yerlimiz kimi Tufarqanlı Abbasın sözlərini oxuyur…

1976-cı ya 77-ci ildə Salyanın sonralar Əlieyv kompleksinə yer eləmək üçün sökülmüş mədəniyyət evində mədəniyyət gənc aşıqların respublika müsabiqəsi keçirilirdiə Azərbaycanın çox yerindən gənc və yeniyetmə sazçalanlar gəlmişdilər. Fasilə zamanı onlardan bir neçəsinin Aşıq Bəylərin başına yığışdığını gördüm. Onlar aşıqla ustad kimi danışırdılar. Aşıq gənclərin  xahişilə birinin sazını alıb qəşəng çaldı da. Aşıq Bəylər belə aşıq bəylər idi…

(ardı var)

18. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 24. TOYLAR: BABAKİŞİNİN TOYU, «ULDUZLU TOYLAR»…

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 24. TOYLAR: BABAKİŞİNİN TOYU, «ULDUZLU TOYLAR»…

Altmış-yetmiş il bundan qabaq bəziləri kənd məktəbini qurtarancan heç Salyana da getməyən, klub, kino, teatr, sirk görməyən uşaqlar hər il səbrsizliklə Novruzu və toyları gözləyirdilər. Toylar adətən yay aylarında olurdu. Qalan bütün aylarda toy eləmək riskli iş idi. Bizim yerlərin havasına etibar yoxdur, toyun yaxın ərəfəsində ya elə toy günü başlayan leysan toyu müsibətə çevirirdi. Qabağa qaçaraq mərhum Babakişinin toyunu, əslində baş tutmamış toyundan deyim. İli yadımda deyil. Bəlkə də yazın axırı, ya da yayın əvvəli imiş. Məməmin yerlisi, arbatanlı gözəl Həziranla Babakişinin toyu günü elə leysan başladı ki, hamı ertədən mal-heyvanı dama salıb girdi evə. Leysan Əbilhəsənin həyətində yemək bişirilən yeri bataqlığa çevirmiş, qazanlar, teştlər yağış suyu ilə dolmuşdu. Boş toyxanada da dizəcən su. “Aşıqçılar” da boynu bükülü yığılıblar evin bir küncünə. Əbilhəsən kişi Borodino döyüşündə məğlubiyyətdən sonra Filidə generallarla müşavirə keçirən feldmarşal Kutuzov kimi öz yaxınları ilə  müşavirə keçirərək qərarını elan edir: Toy ləğv olunur. Deyilənlərə görə, bunu eşidən Babakişi əyninə xeyli böyük bəy “qəssum”unda qapıya cumur ki, mən gedirəm bəy çıxmağa. Beş-altı adam onu süpürləyib qapıdan geri çəkir, Babakişi onlara təpik ata-ata, cırmaqlaya-cırmaqlaya qışqırır ki, yox, mən bəy çıxmalıyam, buraxın, dədəmi öldürəcəm…

Desəm ki, o leysan məni elə Babakişi qədər məyus eləmişdi, şişirtmiş olmaram. Çünki uşaqlıda kənd toylarını bəlkə bəydən də çox səbrsizliklə gözləyirdim: musiqiyə sevgimə görə. Kəndin lap yuxarı başından çalğı səsi gələn kimi ürəyim az qalırdı çırpınıb sinəmdən çıxa…

Mənim bacım Ağənnənin toyu 1975-ci il sentyabır 5-də olub. Axşamçağından başlayan külək get-gedə elə güclənirdi ki, toyxananı içərisindəki arvadlar qarışıq laxladırdı. Toyxananın büründüyü brezenti külək şişirdir, bütün bu həngamənin havaya qalxmaq təhlükəsi yaranırdı. Xeyli adam dayaq verməklə, ciyə bağlayıb çəkməklə toyxananı birtəhər saxlayırdı. Eyni vaxtda Cəngəndə də toy idi. Ya orann küləyi daha güclü olmuşdu, ya o toyxananı çəkənlər səhlənkarlıq eləmişdilər – külək toyxananı çərpələng kimi qaldıraraq aparıb atmışdı pambıq sahəsinə…

Uşaqlıqdan yadımda qalan ilk toy Seyfullanın toyu olmalıdır. Ancaq o toydan yadımda qalan həyət-bacada çoxlu qonaq,  Salyandan gəlmiş ətirli arvadlardır. Çalğı yadımda deyil. Kim bilir, bəlkə də ertədən yatmışam. Belə şeylər çox olurdu. Uşaq bir ay toy gözləyir, günləri sayır, toy günü o qədər vurnuxur, mal-heyvan dalınca o qədər qaçır ki, toyun lap əvvəlində, salyanlı tumsatanlardan alıb cibinə tökdüyü tumu yarıyacan çırtlamamış toyxananın aşağı başında dalını taxtalara dirəyib yatırdı, ağzı da qalırdı açıq…

Seyfullanın toyundan sonralar danışılanlardan ən maraqlısı bu idi ki, lələm, Quran oxuyan adam olduğuna görə, araq verməyib. O vaxt pul yazdırıb yeməyə oturan hər kişiyə yüz qramlıq daş stəkanda araq verilirdi. Deyilənlərə görə, lələmin bu zalım hərəkətindən keflərinə soğan doğranmış bir neçə nəfər narlığa girib ucadan ögüyürmüş ki, kişi eşitsin. Lələm də qaranlıqda görmədiyi adamların ünvanına guya deyirmiş: “Ölün! Harda o zəhrmarı içdüz?!”…

60-cı illərin ortalarına qədər kəndin kişi toyları aşıqlı olurdu. Kənddə Aşıq Pənahı, Aşıq Bəyləri, bankəli Aşıq Ramizi görmüşəm. Bunların əslində adları aşıq idi. Aşıq söz qoşmalı, saz çalmalıdır. Salyan aşıqlarından söz qoşanı yox idi, bunların adından şeir yazırdılar. Aşıq Bəyləri çıxmaqla, saz da çala bilmirdilər, elə sinələri üstdə tutub dınqıldadırdılar. Geyimləri də bolşevik komissarlarını geyimindən fərqlənmirdi. Kim onları belə geyindirmişdi, bilmirəm. Bircə tapançaları çatışmırdı…

Tədricən toya tək xanəndə gətirməyə başladılar. Məmmədhüseyn Məmmədovun toyunda Nəriman Əliyev oxuyub – bu müğənninin radioda lent yazıları var idi. Salahın toyuna Şahmalı Kürdoğlunu gətirmişdilər. Ancaq Salahın toyunun ulduzu  Şahmalı deyildi. Əsl uşduzlar gənc, ancaq sürətlə məşhurlaşan Aftandil İsrafilovla Vəli Qədimov idi. Bizim kənd toylarına gələnlərin içində ən məşhuru, əlbəttə, Rəmiş kimi tanınmış gitaraçı Rafiq Hüseynov olub. Sima xalanın qardaşları Rəmişlə dost idilər, onların dəvətiylə təzə-təzə adı bütün ölkəyə yayılan, ev maqnitafonuna yazılmış ifaları  hər çayxanada səslənən, rentgen kağızından düzəldilən valları hər tində satılan bu virtuoz musiqiçi 1970-ci il avqistunda Gülağa Ağasıyevin toyuna gəlmişdi. Rəmişin ifaçı kimi zirvə dövrü elə vaxt olub…

Sonralar, çox sonralar Rəmiş Ehtiramla dostlaşmışdı, onu çox istəyirdi…

Gülağanın toyunda xanəndə Qaraxan Behbudov idi. Rəmiş kimi sənətkarın yanındakı az adamın yadında olar…

Aşıqlı toylar kasıbların teatrı idi…

Mən birinci sinifdə oxuyanda, yəqin ki, 1961-ci ilin yazının axırında kəndə kəndirbazlar gəlmişdilər. Məktəbin yuxarı sinifləri təzə məktəbə, yəni ləğv olunmuş kolxoz üçün tikilmiş idarə binasına köçmüşdülər. İbtidai siniflər köhnədə qalırdı. Sonralar yerində mağaza tikilmiş həmin məktəbin qabağnda bir-birindən xeyli aralı iki dirək basdırıb onları ciyə ilə birləşdirmişdilər. İki kəndirbaz əllərində balans payası ciyənin üstü ilə gəzirdi. Aşağıda zurna, təbil çalınırdı. Keçi maskası geymiş kloun mayallaq aşa-aşa çəmənliyə yığılmış adamlara yaxınlaşır, tamaşanın pulunu yığırdı –uşaqdan10, böyükdən 20 qəpik…

O vaxt yaşadığım xoşbəxt dəqiqələr sonralar həyatımda az olub…

İndi aşıqlı toylar haqqında.

Toyxanalar üç-dörd günə çəkilirdi.Çox dərin çonalar qazılır, teleqraf, elektirik dirəkləri boyda dirəklər basdırılır, sonra üstü, böyür-başı taxtalanır, sovxozda açıq havada qurudulan pambığı örtmək üçün istifadə olunan qalın brezentlə bürünür, yalnız girişi açıq qalırdı. Toyxananın başında bəy stolu qoyulurdu. Sağ əldə “aşıqçılar” otururdular – zurnaçı (balabançı), onun dəm tutanı, xanəndə qavalıyla, dümbəkçi. Toy yarı olanacan aşıq toyxanaya girmirdi, toyu xanəndə “aparırdı”. Bizim kəndin toylarına gələn aşıqların yanında bir neçə dəfə Cəbrayıl gəlib – mərhum Sovet müəllimin yeznəsi.

Çalanların stolunun böyründə manqal olurdu, bu manqalda dümbəkçi dümbəyini, xanəndə qavalını qızdırırdı. Nəmişlikdə bu alətlərin dəri hissəsi boşalır, çalmağa yaramır. Toyda qabaqcadan manqala baxan təyin olunurdu. Bu, çox fəxri vəzifə idi…

(ardı var)

17.01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 23. ƏLFAĞA (II)

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 23. ƏLFAĞA (II)

20230721_135628

Dövlət – sosial kontrakt, ictimai müqavilə, razılıq a sazişdir, dövlətdə konsensusla hamı üçün məcburi olan qaydalar, qanunlar yaradılır və onlara riayət eləmək birgə yaşayışda yarana biləcək ixtilafların qabağını alır.

On yeddinci əsrin ingilis filosofu Tomas Qobbsın  fikrincə, azad insanlar ictimai müqavilə vasitəsilə vətəndaş cəmiyyəti yaradırlar və mülki məcəlləyə və siyasi hakimiyytə tabe olmaqla hər kəs vətəndaş hüquqlarından faydalanır.

Əgər kənddə hamı eyni qanuna əməl edirsə, qonşu qonşunun yolunu, suyunu kəsməz.

Qanuna hörməti dövlət, dövlət rəhbərliyi öz nümunəsi ilə yarada bilər. Bizdə qanuna ən böyük hörmətsizlik, yəni ən çox qanunsuzluq dövlət tərəfindən, daha doğrusu hakimiyyəti qəsb etmiş, özünü dövlət sayan insan ya qrup tərəfindən edilir. Vətəndaşda qanuna hardan hörmət olar?

Pambıq, taxıl – ictima mülkiyyət idi. Yəni hamının. Ancaq hamı bilirdi ki, şumdan məhsul yığılanacan rəhbərlik bu ictimai mülkiyyəti mənimsəyir. Və ətək-ətək pullar mənimsəyən adamlar pambığa ağzını atmış heyvanı dama salır, yiyəsini cərimələyirdilər.

Başqa bir məsələ: niyə kənd adamlarının örüş yerləri yox idi?  Niyə pambığı, taxılı gətirib kəndlilərin çəpərlərinin dibində əkirdilər? Niyə pambığı 100 hektar əvəzinə 300 hektar torpağa əkirdilər? Hektardan 10 sentner alıb 30 sentnerin raportunu verməyə? Niyə 300 hektarın alağını vuran arvadlara heç 100 hektarın da pulunu vermirdilər?

Proletariat diktaturası (!) kimi yaranmış sovet hakimiyyəti sözdə özünüidarənin tərəfdarı olsa da, aşağıdan yuxarıyacan təkhakimiyyətliliyi yeridib və bərkidib. Kəndlərdə tam hakimiyyət kolxoz sədrlərinə, sovxoz direktorlarına və onların əlaltılarına məxsus idi. Kəndlilər onlara dədə-babalarından qalmış torpaqlarda kirayəçi, qastarbaytar kimi yaşayırdılar və indi də belədir. Kəndlərdə dinc-yanaşı, hamı tərəfindən razılıqla qəbul edilmiş qaydalara əməl edərək yaşamanın əsasında təşkilatlanma durur. Yəni adamlar Konstitusiyanın onlara verdiyi hüquqlar əsasında idarəçilik yaradırlar və qanunların icrasına nəzarət edirlər. Əliyev isə təşkilatlanmanı öz diktaturasına ən böyük təhlükə sayır.

Təkhakimiyyətlilik – istər ölkə miqyasında, istər kənd miqyasında – hampazor məmurlara meydan yaradır, ölənəcən ya tutulanacan bildiyini eləyir, yəni adamları minib çapırlar. Ən kiçik vəzifə tutan məmur üçün də vəzifə xalqa xidmət aləti yox, xalqı özünə xidmət etdirmək vasitəsidir.

“Qarovulçu” fenomeni torpaqlar xüsusi mülkiyyətdən çıxarılıb kolxoz, sovxoz mülkiyyətinə çevriləndən yaranıb.Xüsusi mülkiyyətin konkret yiyəsi var, onun mülkiyyətinin yanındakı da xüsusidir və onun da yiyəsi var, bunlar bir-birinin mülkiyyətinə ən azı qarşılıqlı hörmət eləməyə məcburdurlar. Kolxoz, sovxoz əkini ictimaidir, yəni guya hamınındır, əslində hamı bu mülkiyyətin sahibi deyil, bu mülkiyyətdə nökərçilik edəndir. Ona görə bu mülkiyyətə hörməti yoxdur. Mülkiyyətdən əsas mənfəət götürənlərin buna görə qarovulçulara ehtiyacı var.

“Qaçın, qarovulçu gəldi,

Qoçu oğlu qoçu gəldi…”

Bunu şair İsa İsmayılzadə əlli-altmış il qabaq yazıb…

Əlfağa uşaqlığından naxırçı idi, fermada olur, öz mal-heyvanını da orda saxlayırdı. Yəni  əslində onun cüzi qarovulçu məvacibinə ehtiyacı yox idi. Qarovulçuluq ona hakimiyyət verirdi. O, ərazidə Amerika şerifi kimi bir şəxs idi. Hamının cinayəti var idi, pambıq, taxıl hamının qapısının ağzında əkilirdi, elə heyvan olmazdı ki, əkinə girməsin. Qarovulçuya him eləsydilər, nəinki mal-qaranı, hətta onların yiyələrini də basardı qoduqluğa.

Yazıb-oxumağı bilməyən bu adam sovet hərcmərcliyindən, hampazorluğundan yaranmış vəzifəsinin ona verdiyi hakimiyyətdən ləzzət alırdı… O, at üstündə malların üstünə Napoleon Austerlits döyüşünə gedən kmi gedirdi…

Əlifağanın müsbət cəhətlərindən biri o idi ki, Azərbaycanın başqa vəzifəlilərindən fərqli olaraq, qohumbaz deyildi. Doğma əmisi oğlu Kamil müəllimin mallarını başqa heyvanlardan ayırmırdı. Kamil müəllimin mallarının cəzası daha ağır ola bilirdi, çünki minnətə gedən olmadığına görə Əlfağanın damında qalıb arıqlayırdılar…

O vaxrlar Sumqayıtdan, Rusiyadan tarla ziyanvericilərinə qarşı tətbiq edilən zəhərli maddələr Salyan stansiyasına gətirilir, təsərrüfatlar ordan öz paylarını daşıyırdılar. Onlar stansiyanın ərazisini boşaltmağa məcbur idilər, ancaq kəndə gətirilən zəhəri çox vaxt heç sahələrə səpmirdilər. Zəhər dolu iri kisələr elə sahələrin qırağında qalırdı. Tədricən kisələr cırılıb-dağılır, zəhər yağış sularına qarışıb suvarma arxlarına tökülür, torpağı hopurdu. Sahələrin qırağında otlayan mallar dönə-dönə zəhər yeyib ölmüşdülər. Bir dəfə Əlfağa qabağına çıxana sevincək deyirmiş: “Kamılın malının biri ölüb, biri də dumuğa gedib…”

“Dumuğa getmək”, yəqin ki, rusların “dumat” sözündən törəyib, bu, fikirləşmək  deməkdir. Yəni Əlfağa şairanə deyirmiş ki, ikinci inək də bugün-sabah canını tapşıracaq…

Buna baxmayaraq, çətinliyə düşəndə Əlfağa Kamil müəllimin yanına gəlirdi. Bir dəfə Lətifin oğlu Fazildən şikayət eləyir. “Kamıl, bilirsən Fazil məə nə diyir? Məə diyir səə maralnan öldürəcəm”. Kamil müəllim əmioğlusunu sakitləşdirir. “Mən Fazilnən danışaram, lap lazım gəlsə qulağını çəkərəm, qoxma…”

Bəlkə Əlfağa fikirləşirmiş ki, Fazil hardasa yekə buynuzlu maral saxlayır və günlərin bir günü at belində gedəndə qısqırdacaq üstünə. Nə bilsin ki, Lətifin oğlu onunla rusca danışır… “Maralnan”, yəni “moralno”, yəni mən səni mənəvi cəhətdən öldürəcəyəm…

Şübhəsiz ki, Fazil yüksək intellektli mədəni şəxs olub…

ƏLFAĞANIN MƏDİNƏYƏ ELÇİLİYİ

1960-cı illərin ortalarında Gülsüm xalanın gözəl qızı Mədinə boşanandan sonra kənddə olurdu. Günlərin bir günü Əlfağa ona elçi göndərir ki, bəs onu almaq istəyir. Gözəl Mədinə ağ koppuş əlləriylə uzaqdan-uzağa əmioğlusunun başına ala verib demişdi ki, o yatanda yorğan-döşəyinə ətir səpir, zımrıqlı Əlfağaya nəinki ərə getməz, heç onunla bir süfrə başında oturmaz…

Əlfağa, yəqin ki, çox məyus olmuşdu. Füzuli deyib ki, eşq dərdindən ağır dərd yoxdur…Düzdür, Əlfağanın kürən arvadı Hafizə ölüb-eləməmişdi, top kimiydi. Ancaq fermada işləyənlər nədənsə bir arvada qane olmurdular: götürək Alşır kişini, Məmmədverdini, cəyirli Məmmədağanı… Yəqin heyvanlardan nümunə götürürlülər…

ƏLFAĞANIN ŞƏKLİ

Mən Moskvada oxuyanda Ehtiramla məktublaşırdım. Bir dəfə zərfi açanda Əlfağanın şəkli çıxdı. Mən o şəkli Kamil müəllimgilin albomunda görmüşdüm. Şəkil, yəqin ki, Salyanda fotoatelyedə çəkilmişdi. Yəqin ki, fotoqraf Əlfağanın qabağında xeyli atılıb-düşmüş, saçını öz darağıyıa daramışdı… İnsafla desək, Əlfağa pis oğlan deyildi..

Çox dərin fəhmli və incə qəlbli insan olan Ehtiram bu şəkli elə-belə göndərməmişdi. Əlfağa adi adamdan çox rəmz idi. Bizim qaydasız, nizamsız, hüquqsuz həyatımızın rəmzi. Belə həyat hamını eyibli, qüsurlu, gözükölgəli edir. Bu, təkcə kiçik bir kəndin həyatı deyil, bütün ölkənin həyatıdır. Və hər kəsin başının üstündə bir əlfağa var ki, bir himlə onu mal kimi atın qabağına qatıb dama salmağa hazırdır…

16.01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 22. ƏLFAĞA (I)

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 22. ƏLFAĞA (I)

“Əsgərlər, bu ehramların zirvəsindən sizə qırx əsr baxır!”

(Soldats, du haut de ces piramides quarante siecles vous regardent!”)

General Qurqonun yazdığına görə, bu sözlərlə Napoıeon 21 iyul 1798-ci ildə Misir ehramlarının önündə osmanlı məmlüklərlə döyüşdən qabaq öz döyüşçülərinə müraciət etmişdi. Qırx əsr deyəndə Napoleon Misir ehramlarının yaşını nəzərdə tuturdu.

Əfsanəvi Napoleonun tarixə düşmüş bu sözləri bilirsiniz mənə kimi xatırladır?

Sultan Səlimlə döyüşə girməyə hazırlaşan Şah İsmayılı? Yox! Dəlilərini tacir karvanını qarət etməyə aparan Koroğlunu? Yox!

Bəlkə İlham Dəmiryumruğu?

Yox, yox, yox!

Mən elə ilk dəfə Napoleonun bu müraciətini oxuyandan gözümün qabağına Əlfağa gəlib.

Bizm kəndlər üçün Əlfağa Napoleon vüsətli, Napoleon əzəmətli bir insan idi.

İnanmırsınız? Bəs niyə Səməd Vurğun deyəndə çoban Eldar qüdrətli bir dövlətin qüdrətli şahı olan Qacarın qoşununu milçək kimi qırdı, özünün də qarnına Misri qılınc soxub öldürdü, inanırsınız? Və indiyəcən bu ağ yalanı uşaqlarınız dərs kimi əzbərləyirlər, yalanı uyduranın heykəli isə indi də Bakının mərkəzindədir…

Mən qardaşbəylililərdən yazıram, Əlfağa isə isə surralıdır – ancaq burda ziddiyyət yoxdur. Əlfağa Hacı Mirağasının nəvəsi, Babanın oğludur. Yəni bu tarixi şəxsiyyəti öz kəndçimiz saymağa haqqımız var. Surralılar Əlfağanın davasını eləsələr, məhkəməyə müraciət etmək olar. Ya da püşk atmaq. Düşünürəm ki, püşk Azərbaycan məhkəməsindən daha etibarlı və ədalətlidir. Ya da surralıları qabaqlayıb Əlfağanın heykəlini qoymaq olar. Ya məktəbin qabağında, ya məscidin. Düzdür, onun Allaha inandığı barədə məlumatım yoxdur. Ancaq Allahı dandığını da eşitməmişdim…

Ərəbqardaşbəylidə nəyi bədbəxt hadisə saymaq olardı? Məsələn, Los Ancelesdəki yanğınlar kimi bir badbəxt hadisə. Bizdə də yanğın olub, məsələn, Əzizağanın evi bir göz qırpımında külə dönmüşdü. Ancaq bu, fərdi hadisədir. Mən bütün icma üçün problem yaradan hadisəni nəzərdə tuturam.

Kənddə bir neçə gün dalbadal yağan yağış bədbəxt hadisəyə bərabər idi. Yağış əlbəttə, nemətdir, ancaq vaxtsız, günlərlə yağan yağış yox. Belə yağışda torpaq yollar keçilməz olurdu. Kənddə, mən qırx-əlli il qabağı deyirəm, demək olar ki, heç kimin belə yağışlara uyğun paltarı, ayaqqabısı yox idi. Orası-burası deşilmiş qaloşla həyətin içində də gəzə bilmirdin. Ruslar deyirlər ki, bədbəxtlik tək gəlmir. Yağış başlayandan bir neçə saat sonra işıqlar sönürdü. Gedirdilər Ərəstunun qapısına, Ərəstun deyirdi, onluq deyil, hardasa yekə transformator yanıb, düzəlməyi bir həftə çəkər…

Və işıqlar sönəndən sonra gələn xəbər bədbəxt hadisəni fəlakətə çevirirdi: Əlfağa malları tutub!

Malları tutulanlar arvadlardan və kişilərdən ibarət dəstə düzəldib üz qoyurdular Surraya…

Əlfağa Ərəbqardaşbəylidə tutduğu malları Surraya aparıb öz damına salırdı. İndi fikirləşirəm ki, Ərəəbqardaşbəyli əhalisi kənddə gərək bir mal türməsi inşa eləyəydi, onda tutulan malları qarovulçu elə öz türməmizə salardı, daha adamlar dizəcən palçığa bata-bata Surraya getməzdilər…

Yağış yağmağında, mallarının dalınca gedənlər yolu hələ yarı eləməyiblər. Hər addım atanda bir batman palçıq qaldıran bu adamların hərəsi başına bir pambıq kisəsi atıb, arvadlı kişili hamısı bir-birinə oxşayır və qaranlıqda bir-birini seçə bilmirlər…

Nəhayət, gəlib Əlfağanın həyətinə çatırlar. Beş-altı it xorla hürüşür, Əlfağanın türməsindəki mallar yiyələrinin hənirini duyub zindan divarları arxasında mələşirlər…

Hafizə çıxıb deyir ki, Əlfağa gedib Pirəbbənin mallarını tutmağa, damın açarı da cibində… Zalətin, Ədalətin canına and içir…

Adamlar elə türmənin qabağında başları əyilmiş halda dayanıb Əlfağanı gözləyirlər. Başları həm Əlfağanın qorxusundan, həm yorğunluqdan, həm də islanmış kisənin ağırlığından əyilib.

İki saat keçəndən sonra Napoleon… yox, Napoleon yox, Əlfağa at belində gəlir.

Kaş Əlfağanın at belində Ərəbqardaşbəyli arvadlarının və kişilərinin qarşısında söylədiyi nitqi yazılaydı! Kaş indiki telefonlar onda olaydı! Səsi də yazılardı, video da çəkilərdi!

Mən bu böyük simanın kəndçilərimiz qarşısında söylədiyi nitqlərin ayrı-ayrı fraqmentlərini sonradan eşitmişəm. Bilirəm ki, Əlfağa tez-tez “qiryət”, “namus” sözlərini işlədirmiş. Yəni bu vacib keyfiyyətlərin mallarını pambığa buraxmış Ərəbqardaşbəyli xalqında olmadığını ya da kifayət qədər olmadığını bu xalqın üzünə deyirmiş. Gözünün içinə deyə bilmirdi, çünki xalq başını dikmişdi aşağı… “Utanun, utanun!” – deyən Əlfağanın səsi qaranlığı yarıb Kürü keçir, kəndimizin  o vaxt Komsomol adlanan adaşına qədər gedib çatırmış…

Əlfağa tutulan malların elə sabah boyunlarının vurulacağını, yəni rayona ətliyə veriləcəyəni deyəndə minnətə gələnlər ağlaşırmış…

Təxminən bir saatlıq nitqdən və Hafizə ərinin, daha doğrusu atının ayaqlarına düşəndən sonra Əlfağa sağmalları buraxır, subayları sabaha saxlayırdı…

Əlfağa, ağlım kəsəndən, fermada naxırçı olsa da, həm də qarovulçu idi. O həmişə və hər şeyin qarovulçusu idi – taxılın, pambığın, suyun… Qızmarda bağrı çatlayan bostanına oğurluqca su açmaq istəyəni atın qabağına salıb qovardı…

Əlfağa fenomeni – Azərbaycan həyatındakı qaydasızlığın, nizamsızlığın, təşkilatlanmanın və özünüidarənin rüşeym halında daolmadığının törəməsi və rəmzidir…

(ardı var)

15. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 21. GÜLSÜM XALA, OĞLU, NƏVƏLƏRİ

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 21. GÜLSÜM XALA, OĞLU, NƏVƏLƏRİ

Gülsüm xala Hacı Mirğasının oğlu Əyyanın arvadı idi. Hacının iki oğlu, səhv eləmirəmsə, türmədə ölüb. Mircabbar müharibə iştirakçısı olub, yaralı qayıdıb. Öldüyü il bəlkə də 53-dür. Gülsüm xalanın ərinin nə vaxt öldüyünü bilmirəm. Yadıma gələn vaxtlardan o da qaynıxatınlar Zinyət xala və Dünya xala kimi dul arvad idi. Qızları ərdəydilər, yeganə oğlu Qasımağa Ələtdə olurdu. Dədəsinin yurdunda ikigöz, qabağı aynabəndli ev tikmişdi, orda uşaqsız bacısı Mədinə ərindən boşanıb kəndə qayıtdığı vaxtlar qalırdı. Gülsüm xala isə həyətdə ayrıca kiçik evdə olurdu, qızı ilə münasibətləri anababalıqdan çox soyuq, hətta davalı qonşuluğa bənzəyirdi.1960-cı illərdə Qasımağanın ikinci oğlu Əflatun nənəsi ilə qalırdı. Gülsüm xalanı mal-heyvanı, çoxlu toyuq-cücəsi, qazı, hinduşkası var idi, ona “dəstək uşaq” vacib idi…

Gülsüm xala öləndən  və nəvəsi Böyükkişi ata-bab yurduna sahib olandan sonra, yəqin ki, orda çox dəyişmişdi. 60-cı illərdə Gülsüm xalanın zəngin sayıla biləcək bağı bar idi, üzümü, narı satılırdı. Mal-heyvana baxmaq və bağa qulluq əsasən daim kənddə yaşayan Əflatunun boynuna düşsə də, Qasımağa da mövsüm işləri vaxtı tez-tez kəndə gələrdi. Qasımağa şofer idi “Ural” markalı çox yekə yük maşını sürürdü. Rusiyada indi bu maşınlar ancaq hərbidə işlədilir. Qasımağanın maşını da tank kimi heybətli. Musalıya çatanda nəriltisi bizm kənddə eşidilirdi. Qasımağa tək gəlmirdi, Böyükkişini, Təhmirazı da maşına yığıb gətirirdi. Həyətə çatıb gətirdiyi mal-heyvan, toyuq-cücə yemini boşaldan kimi Qasımağa uşaqları qabağına qatıb aparırdı Kürün qırağına. Komanda motoru işə salıb həyətə su vurmalı, su çənlərini, hövuzu doldurmaılı idi. O motorlar sovet mühəndis fikrinin nailiyyəti idi: gərək onun donluğuna iyirmi-otuz vedrə su töküləydi. Ancaq bu hələ onun işə düşəcəyinə zəmanət vermirdi. Yüz metr aralıda Qasımağanın .misi oğlu Kamil müəllim də Lətifi, İlhamı, Ehtiramı yanına alıb motorla əlləşirdi. Doğma əmioğlu olsalar da, Qasımağa ilə Kamil müəllim arasında uca boyluluqdan başqa heç bir oxşarlıq yox idi. Qarabuğdayı əmioğlusundan fərqli olaraq Qasımağa  ağ-sarışın idi, iri gövdəsi, düz qaməti onu ağ amerikalılara oxşadırdı, elə bil ki, hardasa Texasda ya Corciyada amerikalı quldar azyaşlı qullarını günün qızmar çağı amansızcasına istismaer edir…Qasımağa ilə anası Gülsüm arasında da oxşarlıq yox idi, yekəliyi deyə bilmərəm, ağ-sarışınlığı yəqin ki, Hacı Mirağası tərəfdən gəlmə idi. Kamil müəllim isə, zənnimcə, anası tərəfə çəkmişdi..

Gec-tez motor işə salınır, həyət-baca sulanır, çənlər, hovuz doldurulurdu. Qasımağa anasının yanında çox yubanmırdı. Bir də görürdün Uralın səsindən kəndin dam-daşı titrəyir. “Qulaq tutuurdu” demək istəmirəm, çünki Qasımağa ağır eşidirdi. Sürücülük vəsiqəsini necə alır, vaxtaşırı necə komissiyadan keçirdi – demək çətindir. Güman etmək olar ki, bunu balıq, kürü verməklə həll eləyirmiş. Deyirdilər ki, Qasımağa həm də fəal brakonyerdir, dənizdə tor atır… Ancaq Qasımağanın qəza törətdiyini də eşitməmişdim. Bəlkə də başqa maşınlar uzaqdan Uralı gğrən kimi burcudub yan keçirlərmiş…

Nədənsə mən Gülsüm xalanın oğlu və nəvələri motor işlətdikləri müddətdə qazan asdığını təsəvvür edə bilmirəm. Yuxarıda dediyim kimi, həyət toyuqla, qazla, hinduşka ilə dolu idi, onların yemini Qasımağa gətirirdi. Ancaq mənə elə gəlir ki, Gülsüm xalanın ürəyi gəlməzdi ki, gözünün qabağında hinduşka nədir, hətta bir toyuğun da başı kəsilsin. Bu, Gülsüm xalanının hümanizmindən, heyvansevərliyindən deyildi. Gülsüm xala, deyilənlərə görə, çox xəsis arvad idi. Bəlkə öz qarnına yediyini də itki sayırdı. Şübhəsiz ki, Qasımağa yola düşəndə toyuqdan, cücədən, hinduşkadan uşaqlara tutdurub maşına atırdı, yəqin əlli-altmış yumurta da yığılırdı. Gülsüm xala, çətin də olsa, buna dözərdi. Ancaq gözünün qabağında bir hinduşkanı ya qazı kəssəydilər, yəqin ki, o dünyaya gedib qayıdardı.

Öz malının, sərvətinin keşikçisinə çevrilən adamlar az deyil…

Gülsüm xalanın bəzən çəpərində qıraqda durub evinin yanından ya böyründən keçəni baxşlarıyla qarşılayır, onun ərazisindən uzaqlaşana qədər dalınca baxırdı. Yəqin dünyada etibar elədiyi bir adam da yox idi.

“Kamılın uşaqları gecələr mənim çəpərimin taxtalarını söküb aparıb vururlar lötkələrinə”, — deyə Gülsüm xala şikayətlənirmiş.

İlhamın kiçik kolazı var idi. Onunla işə gedib-gəlirdi. Deyək ki, gecə getdi Gülsüm xalanın hasarından taxtaları qopardı —  kolazın harasına vuracaqdı?

Bir dəfə hansı böyrüsə ağrıyanda qızlarından biri onu dilə tutub həkimə aparıb. Həkimin kabinetində baş verəni sonra Gülsüm xala sonra özü danışırmış. “Doxdur didi ağrıyan böyrüü görkəz, mən də ağrımıyanı görkəzdim. Dəli dörəm ki, ağrıyanı görkəzəm, məni kəsib-doğrıyalar…”

Əflatun nənəsi ilə yola gedirdi, yəqin qabağına qoyulanı yeyirmiş. Əflatundan sonra Gülsüm xaanın yanında Allahyar qalırdı. Allahyar Gülsüm xala üçün nəvə deyildi, əsl günü idi. Davalaşırdılar. Gülsüm xala elə hesab edirdi ki, bir qaynanmış yumurta uşağa artıqlaması ilə çatar. Allahyar nənə haqqını qəddarlıqla tapdayaraq iki yumurta qaynadır, Gülsüm xalaya dərin ruhi iztirablar çəkdirirdi…

Ay Güsüm xala, ay arvad, niyə kəsib o cücələrdən yemirdin…

Öz dediyinə görə on üç yaşında ərə getmişdi. Onun öz yaşını dəqiq bildiyinə şübhə ilə yanaşmaq lazımdır. Onun vaxtında sənəd, kağız olmayıb. Nə bilirdi neçə yaşı var? Doqquz yaşı da ola bilərdi, on doqquz yaşı da…

Deyək ki, on üç yaşı olub. On üç yaşınacan ona öyrətməyiblər ki, mal, sərvət insanın xidmətində olmalıdır, əksinə yox. Öyrətməyiblər ki, qız, qadın özünə baxmalıdır, yəni əyninə-başına, dilinə fikir verməlidir, yoxsa nəinki ərinin, hətta uşaqlarının da, nəvələrinin də gözündən düşər…

Gülsüm xalanı yeniyetmə ya gənc, zərif dərili, qırmızı yanaqlı qız kimi təsəvvür etmək mümkün deyildi. Yaxşı ki, nə oğlu, nə də qızları ona oxşamışdılar…

Əflatun məndən iki sinif yuxarı oxuyub – Təhmirazla, Ağappa ilə. Onlar kimi olmasa da, yaxşı oxuyurdu. Bəlkə o da ali məktəbə gedib çıxa bilərdi. Ancaq atası onu balıqçılıq texnikumuna qoydu. Balıqçılığı qurtaranları əsgər aparmırdılar… Toyu kənddə olmuşdu. Deyirdilər ki, kənddə bəy hamamı ənənsini Əflatun pozub. Deyib ki, Kür evimin dalından da, qabağından da axır, dəliyəm durub Salyana gedəm? Və cummuşdu Kürün, şişirtmə ilə desək, Kürün büllür sularına. Sağdışla solduş da dalınca…

İndi fikirləşirəm ki, bəlkə nənəsinin xasiyyətindən Əflatunda da varmış? Bəlkə Salyan hamamından qənaət məqsədilə imtina edib?

Bir dəfə kənddə məzuniyyətdə olanda  Ehtiramın yanına gedərkən Əflatuna rast gəldim. Bəlkə onu iyirmi il idi görmürdüm. Məni gözdən keçirib dedi: “Xeyrulla, aya, nə günə qalmısan!”

Başına xeyir, ay Əflatun, mən haçan yaxşı gündə olmuşdum ki… Sən bir özünə baxaydın…

Əflatunun ölüm xəbərini eşidəndə çox məyus oldum. Kənd uşağı id… Mənə elə gəlir ki, ondan heç kim inciməmişdi…

Mən Moskvada oxuyanda bir dəfə institutun yataqxanasında dedilər ki, mənə zəng eləyiblər və nömrə də qoyublar ki, zəng vurum. Demə Allahyar imiş. Mənə ünvan deyib qonaq çağırdı. Mosfilm küçəsində başqa bir azərycanlı ilə Mosfilm küçəsində qalırdı. O vaxt Böyükkişi türmədə idi. Allahyar bir neçə il idi ki, yorulmadan və pulunu əsirgəmədən onun işini azaltmağa çalışırdı. Moskvaya gəlişi də buna görə idi.

Allahyar təkid elədi ki, mən də onlarla nahar eləyim. Küftə bişirmişdi. Bəlkə də küftə bişirməyi nənəsinin yanında yox, Bakıda tələbə olanda öyrənmişdi. Gülsüm xala evində belə pozğunluğa, yəni küftə bişirməyə yol verməzdi…

Təsəvvür elədim ki, Gülsüm xala Allahyarın mənə küftə yedizdirdiyini bilir. “Küftəni neynirdi Cahangirin oğlı, küftəsi əssiy iydi, qoyıydun qabağına şordan-çörəydən, yiyib gediydi…”

Allahyarın küftəsi çox ləzzətli idi… Az qalmışdım yazam ki, o vaxtdan elə ləzzətli küftə yeməmişəm. Fikirləşib gördüm ki, o vaxtdan, deyəsn, o vaxtdan mən heç küftə yeməmişəm…

14. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 20. «MİLSƏNER» ƏLİBALANIN QIZLARI VƏ OĞULLARI

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 20. «MİLSƏNER» ƏLİBALANIN QIZLARI VƏ OĞULLARI

20230721_135628

Mənim ağlım kəsəndən övladları kənddən çoxdan çıxmış, həmişə nəvələrindən biri ilə qalan iki arvad olub. Bunlardan biri kəndin yuxarı başında olurdu və indi də təəccüblənirəm ki, niyə mən onu heç vaxt görməmişəm, çünki ən azı mən səkkizilliyi qurtaranacan sağ olub. Bu arvad “milsəner” (milisioner) Əlibalanın anası idi. “Milsəner” ləqəb deyildi, Əlibala doğrudan da poqonlu idi, milis maşını sürürdü. Mən hələ məktəbə getməyən vaxtlar Əlibalanın böyük qızı Rübabə nənəsinin yanında qalıb və bizim kitabxanada işləyib. Yəqin ailə qurmağıyla əlaqədar Rübabə kənddən gedəndən sonra kitabxanada bir neçə ay ərzində kənd təsərrüfatını təzə qurtarmış qardaşım Seyfulla işləyib. O əsgərliyiə gedəndən sonra kitabxanay Gülbahar girib və daha heç vaxt çıxmayıb.

Rübabədən sonra nənəsinin yanında bacısı Elmira qalırdı. Elmiranı görmüşdüm, çünki bizim kənddə təkcə məktəbdə oxuyan vaxtlar yox, sonra da olub və tibb bacısı işləyib. Elmira gözəl olmasa da, yapışıqlı, qanışirin qız idi. Deyirdilər ki, onu istəyən çoxdur. Yaraşıq öz yerində, onun peşə sahibi olmağı, işləməyi, yəni pul qazanmağı da qiymətləndirilirdi. Elmiranı istəyənlərdən biri Qaraqaşlıdan olan Adil idi, ona “oğru Adil” deyirdilər. Nə oğurlamışdı – bilmirəm. Bəlkə heç nə oğurlamamışdı, elə adı çıxmışdı…

Adilin də özünə görə yaraşığı vardı. Birincisi, ucaboy idi, ən azı 180sm olardı. İkincisi… Çətinlik çəkirəm… Əslində uca boyu olan kişiyə ayrı gözəllik lazım deyil, hərçənd üzdən də pis deyildi. Gözlərində qırmızılıq olardı – bu, eşqdən də ola bilərdi, anaşadan da…Yəqin ki, Elmiraya görə bizim kəndin bütün toylarına gəlirdi. Qız toylarında, əlbəttə, brezent dalından baxırdı. Kişi toylarında hökmən oynayardı. Bir neçə dəfə yüngül dava da düşmüşdü, ancaq toyxananın içində yox, qıraqda. Deyirdilər Elmiranın başqa istəyənləri Adili vurmaq istəyirlər…

Elmira isə ona elçi ya məktub göndərənlərin hamısına qəti rədd cavab verirdi. Çünki sevdiyi oğlan var idi. Elmira Əbləsənin (yəqin ki, Əbdüləsən – yəni Həsənin qulu) oğlu Lazımı sevirdi.

Lazım haqqında nə demək olar? Mən “obaşdıları” yaxşı tanımırdım, Lazımı lap az görmüşdüm. Boyu uzun deyildi, olardı oğru Adilin sinəsindən. Ancaq oğru Adil kimi qara da deyildi, ağbəniz idi ya da onu ağ gün ağartmışdı. Çünki əmisi oğlu Məmmədhüseyn tikinti materialları bazasının şefi idi, Lazımı da götürmüşdü yanına satıcı-menecer kimi. Yəni Lazımın əli pulla oynayırdı. Kənd toylarında toyxanaya qardaşı Maliklə və imanqulularla girərdi. O da qardaşı Malik kimi oturanda başını geriyə atır, qaşları dartılı olurdu. Hökmən gülümsünürdülər – bilmirdin keflərindən gülümsünürlər, ya kasıb-kusuba, onlar kimi bəxti gətirməyənlərə rişxəndlə. Güman edirəm ki, onlar gülümsünməklə qızıl dişlərini göstrirdilər. Çünki o vaxtlar ağız dolu qızıl dişi olmaq indi cibdə ayfonun lap axırıncı buraxılışını gəzdirmək kimi bir şey idi. Saf dişlərini çıxartdırıb qızıl diş qoyanlar da var idi…

Malik, Lazım, rəhmətlik Adil çox vaxt bir sifarişlə  hava çaldırıb oynayırdılar. Rəhmətlik Ehtiram onların tərzini necə də gözəl çıxarırdı… Lazım əllərini qaşları səviyyəsində qaldırıb  elə də dayanır, gözlərini yumaraq qızıldiş ağzını bir az da geniş açırdı… Rəhmətlik Adilin oynamağı tamaşa idi. O, qollarını çiyni bərabərində uzadaraq əllərini oynadır, birdən yerindən qoparaq götürülürdü…

Adil hökmən xanəndəyə “Ana ürəyi”ni oxutdururdu. Səkinə xala toyxananın dalında “can bala” seyib ağlayırdı…

Kaş Ehtiram sağ olaydı… Allah sənə rəhmət eləsin, gözəl insan, səndən ötrü darıxıram…

Deyilənlərə görə, Lazıma varlı qohumunun qızını vermək istəyirdilər. Lazım özünü qanmazlığa qoyur, burcudur, ciddi söhbətdən özünü qaçırırdı. Günlərin bir günü qız tərəfdən bir dəstə arvad onu ortaya salıb tələb etmişdi ki, “axır sözünü” desin. Qorxusundan razılıq verməyə hazır olanda sevgilisi gözünün qabağına gəlmiş və Lazım kəkələyə-kəkələyə də olsa, ”yox” demişdi…

Yenə şayiələrə görə, arvadlar Lazımı döymüşdülər. Ancaq Lazım sevgisinə xəyanət eləməmişdi…

Yəqin Elmira kənddə tibb bacısı işləyən vaxtlar qardaşı Cabbar da nənəsinin yanında qalıb. O mənim bacım Ağənnə ilə bir sinifdə oxuyub və 1961-ci ildə o vaxt yeddiilik olan Ərəbqardaşbəyli məktəbini qurtarıb. Salyanda hansı orta məktəbi qurtardığını bilmirəm. Ancaq 70-ci illərdə taksi sürürdü…

“Milsəner” (milisioner) Əlibalanın anasının yanında qalan axırıncı nəvəsi Mehriban olub. Məndən iki sinif aşağıda oxuyurdu.

Sonralar cangüdən və parket generalı olmuş Vaqif kəndə hərdən gələrdi, onu kolazdan keçəndə görmüşəm. Neft institunu bitirəndən sonra təyinatla indi mənim yaşadığım şəhərə göndərilib, bir ilə yaxın elə mənim də işlədiyim zavodda tornaçı işləiyb…

Əlibalanın böyük oğlu Abdreyimi (Əbdürrəhim) kənd toylarında görərdim. Qardaşlarından boyunun uzunluğu ilə fərqlənirdi. Keflənən kimi sifarişsiz-təklifsiz ortalığa atılıb oynayır, köməkləşmə yapışıb toyxanadan çıxarırdılar. Yusifin oğlu Lazımın toyunda maraqlı bir şeyin şahidi oldum. Abdreymi (Əbdürrəhim) toyxanadan çıxara bilmirdilər, çünki kənddə o uzunluqda adam yox idi. Xeyli süpürləşəndən sonra bəyin qardaşını, kolxoz sədri Kazımı çağırdılar. Kazım bəlkə Abdreyimdən də uzun olardı. Ancaq onun həm də çox güclü olduğunu təsəvvür eləmirdim. O, Abdreyimi çəkib toyxananın ağzına tərəf gətirdi və qaldırıb taxtaların arasından qırağa tulladı. Abdreyim üzü üstə gecə şehi hopmuş və sərinləmiş torpağa düşüb huşunu itirdi…

Abdreyim də, səhv etmirəmsə, atası və qardaşı Cabbar kimi şofer idi.

Sonralar heç vaxt əsgərlik çəkməmiş Vaqif general-polkovnik rütbəsinə qədər yüksəldi. Bizim kənd uşağı, ata-anasının yeganə oğlu Şahlar canını verib Şuşanı alır, ona orden də qıymırlar, dəmir medal verirlər. Şücaəti can “güdməkdən” ibarət olanın sinəsində ordenlər, çiyinlərində generlal-polkovnik poqonları…

Bizim fəxrimiz Şahlar olmalıdır, parket generalı yox…

Parket generalının nə olduğunu bilənlər bilir, bilməyənlərə izah etməyə ehtiyac duymuram. Çünki Vaqif Axundov daha “parket generalı” deyil, “plastik-kütlə” generalıdır. Çünki, bildiyimə görə, sovetin, yəni xalqın qızıl milyonlarına tikilmiş plastik-kütlə zavodunu özünküləşdirib verib qardaşı Cabbarın ixtiyarına..

Xatırladıram ki, Cabbar taksi şoferi idi…

Bir vaxt o zavodda beş yüzdən çox ya minə qədər ixtisaslı fəhlə və mühəndis işləyirdi. Salyanın texniki ziyalılar zümrəsi formalaşırdı. Bu adamların içində kostyum, ağ köynək geyənlər, qalstuk bağlayanlar, kitab, qəzet oxuyanlar, dilinə söyüş gətirməyənlər, özündən böyüyə və ya tanımadığına “siz” deyənlər çox idi. Bu zavod Salyanın ictimai, mədəni simasını xeyli dəyişə biləcək bir implant idi…

Görünür, qismət deyilmiş.

“Milsəner” Əlibalanın törəmələrindən kiminsə nemətlərindən boğaza qədər və ondan da yuxarı faydalandıqları Vətən uğrunda haçansa döyüşdükləri barədə məlumatım yoxdur…

13. 01. 2025, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 19. TAMAM XALA

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 19. TAMAM XALA

20230721_135628

Tamam xaladan hökmən yazmalıyam.

Mənim yaxşı yadıma gələn vaxtlar Tamam xala sonbeşik qızı İnçəxanımla (İncəxanım!) qalırdı. Böyük qızı Minəxanım Qaraymanlıda, Vədilə Neftçalada, Narxanım Əlibayramlıda  ərdə idilər. Nisəxanım Bala Surra gəlmələrindən olan Əmən kişinin oğluna getmişdi, o da Əlibayramlıda olurdu. İnçəxanım (İncəxanım) subay idi. Yadımda fraqmentar şəkildə qalan şeylər də az deyil. Tamam xalanın həyatı həmişə davalı keçirdi, davaların iriləri də, xırdaları da var idi.

Məməmgil Tamam xalanın əri Atamalı kişidən çox danışırdılar. Müharibə vaxtı — yəqin bu, 43-də ya da 44-də olub – Kür donub. Elə buz bağlayıb ki, adamlar piyada, hətta araba da rahat keçirmiş. Atamalı kişi lələmə deyib: “Cahangir, hər addımıma bir imperial verələr, mən o buzun üstünə çıxmaram.”. İki gün keçməmiş görüblər Atamalı Kürü keçib, o taydadır…

Adamlar acından ölürdülər, jmıxdan, kəpəkdən ötrü nəinki buz üstündən, hətta qıl körpüsündən də keçərdilər…

Tamam xala hikkəli və hətta tərs arvad idi, gərək onu cinləndirməyəydin. Yəqin əri ondan da cinli imiş. Məməm danışırdı ki, bir dəfə Tamam xala başqa arvadlarla yaxınlıqda alaq vurarkən Atamalı kişi gəlib arvadıyla nəyinsə davasını eləyir. Tamam xala birdən cinlənib və başını əri tərəfə uzadıb: “Köpüyoğlu, nə isssiyirsən mənnən, vur başımı yar”. Atamalının da əlində dəmir nəsə var imiş, arvadından bu maraqlı təklifi eşidən kimi, həmin şeyi vurur onun başına. Məməm deyirdi Tamamın başından qan şoruldadı, arvad əlini yarasına basıb qaçdı suvat tərəfə ki, “köpüyoğlu gedirəm səni verəm prokrula, səni tutdurmasam, dədəmin qızı döürəm”.

Arvadlar Tamam xalanın qabağını kəsib bir təhər geri qaytarıblar…

Deyəsən, bu dava boranı üstündə olub. Atamalı qışda qaynadıb yeməyə xeyli boranı yığıbmış. Arvad da xəlvəti qaynadın qızlarla yeyirmiş. Atamalı bir də boranı yığdığı yerə baxanda görür ki, qış ehtiyatının ürəyi üzülüb…

Aclıq illərdində, xüsusən əri öləndən sonra və qızlarını ərə verəcən,  Tamam xala, yəqin ki, şox əziyyət çəkmişdi. Məməm deyirdi ki, bir dəfə kolxoza debitor borcu olduğu üçün gəlib evdən qab-qaşığını yığıb apardılar…

Tamam xalanın Əlibayramlıda yaşayan oğlu surralı Əvəzin qızı, Habillə Qabilin bacısı Tamaraya evlənmişdi. Qızı qaçırmışdı. Qabil isə Dünyamalının bacısı Narxanımı almışdı. Kim kimin bacısını əvvəl qaçırmışdı, bilmirəm, onu bilirəm ki, böyük qalmaqal və vuruşmalar olmuşdu. Əlibayramlıda oxuyan vaxtlar Qabili görərdim, taksi sürürdü. Arvadıyla dolanmırdılar. Elə mən oxuyan vaxtlar Narxanımı atıb təzə arvad almışdı. Təzə şəhərdə gənc  arvadı ilə yaşadığı mülkü mənə kimsə göstərmişdi. O zaman taksi şsürücüləri, xüsusən təzə “Volqa” işlədənlər, imtiyazlı zümrə idilər, indi proqramçılar qazanan kimi qazanırdılar. Ona görə bəziləri ya məşuqə saxlayır, ya arvadını təzələyirdi…

Bir dəfə Dünyamalını da gördüm. Bizim pedaqoji məktəbdə güləş yarışına baxmağa gəlmişdi – güləşiçilərdən biri dostu imiş. Kənddə əvvəllər onu bir neçə dəfə görmüşdüm. Dindirdim, deyəsən, heç dinmədi. Özünü elə təkəbbürlü aparan ikinci adam yəqin ki, Əliramlı şəhərinin rəhbəri, həmişə 99-99 nömrəli Volqada gəzən Bilal Kərimov olardı…

Dünyamalı dədəsinin yurdunda ağ daşdan ev tkdirirdi. Bir otaq tikib üstünü örtdü. Ev  illərlə elə də qaldı. Anası ərindən qalma komada olurdu. Koma lap dağılmağa başlayanda kürəkəni, Vədilənin əri Rəhim gəlib ona kiçik bir ev inşa elədi. Rəhim çox yaxşı adam idi. Cavan öldü. Ürəyi xəstə imiş. Yaxşı adamlarda saf ürək olmur ki…

Rəhim adlı kişi vardı,

Gözü uşaqlarının üstündə

Əli ürəyinin üstündə

Ölüb getdi…

Bu, mənim o vaxtlar Rəhimin öldüyünü eşidəndə yazdığım şeirdəndir. Şeir qalmayıb…

Uzun illərdən sonra, İnçəxanım (İncəxanım!) ərə gedəndən və Tamam xalanı da öz yanına Beşdəliyə aparandan sonra həyət Əlyara satıldı. Əlyar Dünyamalının tikilisini söküb Heydər üçün yekə ev ucaltdı…

Əlyargillə Tamamxalagil, yaxın qohum olsalar da (Tamam xala, mən bilən, Əlyarın dayısı arvad idi) yola getmirdilər. “Yola getmirdilər” yumşaq sözdür. Qanlı-bıçaqlı idilər…

Tamam xala sərt xasiyyətli olsa da, nəvələrinə qarşı çox mehriban idi. Yayın çoxunu Dünyamalının oğlu Atamalı, Qabillə Narxanımın oğlu Arif nənələrinin yanında qalırdılar. Dünyamalının qızı Kəmalə isə məktəbə gedənəcən çox vaxt kənddə Tamam xala ilə qalırdı.

Bizim evin günbatan tərəfində arxa qədər olan yerin çoxu o vaxt çəpərə salınmamışdı. Orda yaxşı ot bitirdi, axşamçağılar mal-heyvanın qabağına çıxan uşaqlar ora yığışıb oynayırdılar. Tamam xalanın nəvələri Ariflə Atamalı nənəsinin “Ağıllı” çağırdığı Ələkbər və Əzizağanın oğlu Əşrəflə düz gəlmirdilər. Oynamaqları çox çəkmirdi, elə dava düşürdü ki, ayırmaq olmurdu. Oğlanların dördü də əlli-qollu, dalaşqan idi. Tərəflərdən heç biri tam qələbə qazana bilmirdi, ancaq maykalar cırılırdı, burunlar qaynayırdı. Tamam xala, Bəyim xala yüyürüb gəlirdilər, hərə özünkündən yapışıb davanı yatırtmağa çalışırdı. “Ağıllının”, yəni Ələkbərin hirsini ancaq Bəyim xala yatırda bilirdi.

Əlibayramlı uşaqları ilə Ərəbqardaşbəyli uşaqlarının ədavətinin səbəbi mənə məlum deyil…

Pedaqoji məktəb Əlibayramlının Təzə şəhər hissəsində idi. Qabil də (təzə arvad alanacan), Dünyamalı da köhnə şəhərdə olurdular. Bir dəfə Arifə rast gəldim. Böyüyüb dəyişsə də, tanıdım. O da məni tanıdı. “Gedək qonağımız ol” da dedi. Əlində quş var idi, yadımda deyil nə quş olduğu, Arif o quşu təkidlə mənə bağışlamaq istəyirdi…

Tamam xala İnçəxanımla (İncəxanım) axşamlar gələrdilər bizə oturmağa. Bizim də televizorumuz yox idi, ona görə gələn söhbətə gəlirdi. Gələn kimi danışmazdı, bəzən xeyli dinməz oturub gözünü bir nöqtəyə dikərdi, elə bilərdin ki, sütunları ya pərdiləri sayır. Məməm ondan bir şey soruşmaqla, məsələn, Vədiləni ya Narxanımı xəbər almaqla Tamam xalanı dilə gətirirdi. Keçmişdən çox danışırdılar. Keçmiş çox ağır, Tamam xalanın əri ilə davalarını nəzərə alsaq, hətta qanlı olmuşdu. Puşkinin bir şeiri belə bitir: Все мгновенно, все пройдет, Что пройдет, то будет мило». Yəni hər şey anidir, hər şey keçəcək, Nə keçirsə, xoş olacaq. Doğrudan da bir vaxt əziyyətli olmuş günlərdən gülə-gülə danışırıq…

Tamam xala bütün qəribəliklərinə, tərsliyinə baxmayaraq, düz arvad idi. Yəni yalan danışmazdı, yaltaqlıqdan, ikiüzlülükdən uzaq adam idi.

Sonra İnçəxanım (İncəxanım) Beşdəliyə ərə getmişdi. Bir müddət Tamam xala tək xala tək qaldı. Əfəlləyəndə qızı aparmışdı. Sonra dedilər ki, gözləri tutulub…

Beşdəlidə onunla görüşmüş kimsə mənə bir dəfə dedi ki, “Tamam arvad səni soruşurdu”. Çox tərsirləndim…Yaddaşda yaşamaq, xatırlanmaq nəinki xoşdur, hətta şərəfdir də…

Tamam xalanın ağ-bozumtul rəngli bir lanqı iti var idi. Damın böyründə yatar, gəlib-gedən olanda dikəlib bir ağız hürər, yenə başını yerə qoyardı. Yəni hürməyə elə həvəsli deyildi. Qonşu Əlyarın altı-yeddi iti olardı. Onlar 7/24 rejimində hürüşürdülər. Ancaq gəlib Tamam xalanın itinin qulağının dibində hürsələr də, cavab vermirdi…Tamam xala bir gün başa düşür ki, iti dama girib toyuqların yumurtalarını yeyir. Elə hirslənir ki, deyir “köpüyoğlunun iti, səni yandıracam”. İt yatdığı yerdə üstünə bir az neft tökür, kibriti çəkir. İt alışan kimi özünü ora-bura vurur, soxulur ot tayasına, taya od tutur yəni Los Anceles müsibəti baş verir… Yanğın komaya tərəf irəliləyəndə haraya gəlib söndürmüşdülər…

İt isə, xəzini və olmayan gözəlliyini itirsə də, sağ qalmışdı…

Ondan əvvəl bu köpək pambığa qarovulçu olan Ağadədənin atını hürkütmüş, at kişini çırpmışdl yerə. Ağadədəni yerdə huşsuz uzanmış görən Tamam xala onu ölmüş bilən ikiəlli başına vuraraq deyirmiş ki, ay müsürmannar, məni tutacaqlar, əlli-ayaqlı gedəcəm, kişi öldü…

Ağadədə xeyli huşsuz qalandan sonra gözlərini açır. Ağadədə kommunist, yəni bolşevik idi. Bolşevikin də canı… Oğluna xəbər göndərirlər. Eşşəklə gəlir, atasını uzunqulağa yükləyib aparır…(Bəlkə də Ağadədə ayılan kimi başına yığılanlardan soruşub: “Ata bir şey omayıb ki?” Lenin təliminə görə, bolşevik ictimai mülkiyyəti canından artıq sevməliydi. Ağədədə kişi də özündən çox sovxoz atından ötrü nigaran olmalıydı…)

Ağadədəni tanıyanlar onu eşşəyin üstündə təsəvvür edə bilərlər. Ağadədənin çox uzun qıçları vardı. Məşhur rəqqas Tsiskaridze həmişə qıçlarının uzunluğu ilə öyünür. Gərək o bizim Ağadədə kişini görəydi. Özü də eşşəyin üstündə. Qıçlarını yığsa da, ayaqları yerlə sürünürdü…

Allah Tamam xalaya rəhmət eləsin.

10-11. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 18. TÜKƏZBAN XALA VƏ OĞULLARI (III)