Архив тегов | əsgr haqqında şeir

ŞƏHİD HAQQINDA BALLADA

Oğul elə-belə dünyaya gəlmir,
Oğul əvvəl olur ürəkdə istək.

Tanrıya ibadət, seyidə nəzir,

Hələ həkimləri görəsən gərək.

+

Naz-nemət içində gün görənlərin,

Varisi doğulur, oğulsa əgər.

Kasıb, əli qabar kənd gəlinləri,
Doğurlar ölkəyə əməkçi, əsgər.

+

İşdədir, ayağı yer tutan andan,
Mal-qara otarır, çəpər bərkidir.

Ota, suya gedir yol tanıyandan,

Sökür köhnələni, təzəni tikir.

+

Səhər bir tikəni gəvələr çıxar,
Naharın və şamın vaxti bilinməz.

Yanından qız keçsə, qızarıb baxar,
Başı sığallanmaz, əzizlənılməz.

+

Yaşının üstünə yaş gəlib düşər,

Ata-ananın da gəlməz eyninə.

Elə ki, on səkkiz yaşı yetişər,

Əsgər paltarını alıb geyinər.

+

Anası ağlayar, kövrələr ata,
Oxşayar, saç yolar, varsa nənəsi.

Avtobus aparar, ya da ki, qatar,

Məlum bir ünvana: cəbhə bölgəsi.

+

Deputat oğlunu, nazir oğlunu,
Ana-doğma vətən yollamaz ora.
Onu əli qabar bir gəlin doğub,

Ölsə, eləsindən yenə doğular.

+

Metal tabutunda bəlkə qayıdar,
Üçüncü dərəcə dəmir medalla.

Qıy vurub dünyanı ana oyadar,
Metal tabutunda oyanmaz bala.

+

Bəlkə nazir gələr, gələr deputat,
Vətənə xidmətdən nitq deyərlər.

Harın balaları indi, bu saat,
Cənnət bir guşədə yəqin kef elər…

+

Mərasim üz qoyar qəbiristana,
Arvadlar üz cırar, saç da yolarlar.
Yaylım atəşiylə basdırılaraq,
Başqa bir dünyaya şəhid yollanar.

+

Nə varlı, nə kasıb var orda bəlkə,

Vətən hamınındır, varsa da əgər.
Hamının dərdini hamı da çəkər,

Analar bölünməz dərəcələrə…

+

Üçü, dördü gedər, qırxı da ötər,
Atanın, ananın, dikələr beli.
Düşüb ayağına prezidentin

Bəlkə acizanə pul diləyərlər…

29. 01. 2019, Samara