Архив тегов | 11-ci sinif Ədəbiyyat dərsliyi

GÜLMƏLİ ŞEİRLƏR: ƏHMƏD CAVAD. «SƏSLİ QIZ» II

əhməd cavad səsli qız

ƏVVƏLİ BURDA: https://xeyrulla.com/2024/04/27/gulmeli-seirler-ehmed-cavad-sesli-qiz-i/

Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə!

Şagird bunu necə başa düşməlidir? Başa düşməyəndə müəllim necə izah etməlidir? Belə çıxır ki, mühasirə “acı basqına” tutulub?  Və “altı aydan çox sürən”“birdən-birə” necə uyuşur?

Yüz minlərlə atılan
Can yağısı oxları,
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.

Təsəvvür edirsiniz? Gülləni ağzı ilə tutan qoçaqlar haqqında lətifələr eşitmişdim, ancaq “oxları dişləri ilə çeynəyib sərilənlərin” olduğunu bilmirdim.

Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc!

“Xınchaxınc” sözünü eşidən var? “Xıncım-xıncım” bilirik, ancaq “xınchaxınc” ı yox. Bu yöndəmsiz sözü Əhməd Cavad ona görə uydurur ki, sonrakı beytdə “qılınc” sözünə qafiyə olsun. “Tökülmüşdü yerlərə” – bu, azərbaycancadır? Biz “yerə tökülmüşdü” deyirik. Döyüş meydanını təsəvvür edin – qılınc, qalxan səpələnər, ancaq qalaqlanıb dağ olmaz, əlbəttə, əgər onları böyük bir ərazidən yığmasan…

İncilərin sayı-hesabı yoxdur.

Hər şeydən xəbərsizkən
Yandırıldı çox canlar.

Canlar nədən xəbərsiz idilər? Yandırıldılar ya “xınchaxınc” oldular?

Qalmadı ağızlarda
Yaşamağın heç dadı.
Bir çox yazıq quşların
Qoparıldı qanadı.

Burda xeyli güldüm.Quşların qanadlarının qoparılmağı, əlbəttə, heç yaxşı iş deyil, ancaq gözünün qabağına gətirirsən ki, düşmənin bir alayı ancaq quşların qanadlarını qoparmaqla, yəni ütməklə məşğul olur, özünü saxlaya bilmirsən.

Yazıq quşlar… Yazıq Azərbaycan uşaqları. Belə təhsil almaq elə qanadı qoparılmaq kimi bir şeydir.

Əsgərsiz komandanlar
Qırıb atdı yayını,
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.

Başa düşdünüz? Əsgərlər düşmən oxlarını çeynəyib səriliblər, komandanlar əsgərsiz qalıb öz yaylarını qırıblar.  Fələk də bu ölkənin payını “zəhrə” döndərib…

Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq…

Yəni deyir ki, onsuz da gülən yox idi, ağlamağı da qadağan edlədilər… İlham Əliyev bunu oxusa, millətə ağlamağı qadağan edər. Yaxşı ki, azərbaycanca oxuya bilmir…


Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü,
Hıçqırıqla bir diyar.

Necə istəyirsiniz, elə də başa düşün. Mən üfqi də oxuyuram, şaquli də oxuyuram, bir şey başa düşmürəm…
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.

Qanı hıçqırıq qusur?

Qaranlığın qalmadı
Dodaqlarında qanı.

Qaranlığın dodaqları var imiş. Dodaqlarda da qan.


— Dünən buludların da

Çox dönük rəngi vardı! —
Bir az sonra onlar da
Əkildilər, getdilər.

Rəngin dönüklüyü necə olur? Ancaq buludların “əkilib getməyi” gülməlidir, bunu gərək etiraf edəsən…

Sonrakı misradan məlum olur ki, buludların hamısı əkilib getməyib. “Yerdə qalanı” da var.

Yerdə qalan buludlar
Matəmi tərk etdilər.

Sonra şair deyir ki, günəş çıxanda çiçəklər mahnı oxuyur.

Bu qıldıqsız günəşin
Sehr var baxışında.

“Qıldıqsız”ı başa düşmədim, ayıb sözə oxşayır… Lənət şeytana…

Çoxlu canların yandığı, əsgərlərin oxları çeynəyib sərildiyindən cəmi bir gün keçsə də:

 Doğrudan çıxdı yasdan.
Düşmən şalım gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər,
Qanlı sevinclə doldu.

“Qanlı sevinc”…

Şair keçir fəlsəfəyə, azərbaycanlı yeməsin, içməsin, ancaq qoyasan filosofluq eləyə.

Qəribə şeydir insan:
Al əlindən canını,
İstəyirsən ovucla
Hortlat axan qanını.

“Hortlat”! Qulaqlara qurğuşun…

Qoparıb əz qəlbini
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə…

Beyninin bağasi”  bilmirəm nədir, bəlkə osmanlıcadır. Şair insanın başına gətirilə bilənləri sadalayıb deyir:

Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.

Bunu elə bil Tərtər generallarına deyib, yəni generallar işgəncə verəndən sonra “məğrur baxışla” baxıb görəcəklər ki, bağırsaqları baldırlarına dolanmış qurbanlar generalları bağışlayıb “dadlı-dadsız gülmyə” hazırdırlar…

Etiraf etmək lazımdır ki, burda həqiqət var…

Ancaq “Səsli qız” — ədəbiyyat deyil, müsibətdir, fəlakətdir. Mən Əhməd Cavadın böyük insan, cəsur, fədakar vətənpərvər şəxs olduğuna bir saniyəliyə də olsa şübhə eləmirəm. Ancaq şair vətənpərvərliyin ya cəsurluğun bir xassəsi deyil, tanrı vergisidir. Əhməd Cavadın bu mətni öz müəllifini ancaq hörmətdən sala bilər. Azərbaycan ədəbi dilinin belə mətnlərlə tədrisi və təbliği dolaşıq nitqli, dolaşıq düşüncəli, dolaşıq yazılı on minlərlə, yüz minlərlə gənc deməkdir, perspektivdə isə kəmsavad millət deməkdir. Sosial şəbəkəlrdə yazılan minlərlə, on minlərlə postu, şərhi nəzərdən keçirin — ən azı Avropanın, Asiyanın mədəni millətləri arasında yazı savadı baxımından ən geridə olduğumuzu görərsiniz…

28. 04. 2024, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «ŞƏHİDLƏR»

Sovet vaxtında da yumor var idi. Əlli ya da altmış il bundan qabaq “Azərbaycan gəncləri” qəzetində uğurlu sayıla biləcək bir zarafat oxumuşdum: “Anasına məktub yazmağa şairin vaxtı yox idi, çünki, o, ana haqqında poema yazırdı”.

Şəhidlərə həsr olunan kitabları, filmləri görəndə bu zarafat yadıma düşür və eyni zamanda acı ironiyaya çevrilir. Özləri, övladları, yaxınları müharibədən yayınanlar, fəhlə-kəndli balalırını, kimsəsizləri qabağa verənlər intensiv şəkildə şəhidlərin xatirəsini istismar edir, çörək pulu qazanırlar. Belə adamları “ölüsoyan” ( ingiliscə: “marauder”) adlandırmaq doğru olmazmı? Viktor Hüqonun “Səfillər” romanında maradörlərin yaxşı təsviri var. Qaranlıq düşəndə döyüş dayandırılır, rəqiblər səhər açılanacan öz mövqelərinə çəkilirlər. Döyüş meydanına maradörlər çıxır və başlayırlar götürülüməmiş əsgər zə zabit meyitlərini soymağa…

11-ci sinfin Ədəbiyyat dərsliyində Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini oxuyanda müəllifi, yəni xalq şairi, professor və akademik titulları daşımış Bəxtiyar Vahabzadəni maradör kimi rəsəvvür etdim…

“Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər”.

Bu blirsiniz nəyə oxşayır? Rusiyanın keçmiş müdafiə naziri Qraçov 1-ci Çeçen müharibəsində minlərlə rus əsgər və zabiti Qroznıda qıırılanda demişdi ki, “rus əsgəri dodaqlarında təbəssüm ölür”.

Vahabzadənin sağlığına deyirəm: A kişi, vicdanın olsun, sabah nədir, güllə qabağına gedən sabah hayındaydı?

Dalı lap ayıbdır:
“Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…”

Yəni akademik-deputat şair demək istəyir ki, şəhid qanıyla torpağa Azərbaycan bayrağının şəklini çəkib. Yalançının lap…Qanla üçrəngli bayrağı necə çəkmək olar? Qanla keçmiş sovet bayrağını, indiki Çin bayrağını çəkmək olar, üçrəngli bayrağı yox…

Bəxtiyar Vahabzadə şəhidləri lağa qoyub?

“Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…”

 Akademik şairin bu beytindən bir şey başa düşdünüz? Ölümü necə kama çəkmək olar? “Kam almaq”, “kama yetmək” – bunu bilirik. “Ölümü kamına çəkmək” nə deməkdir və ya hansı dildədir?

“O şənbə gecəsi, o qətl günü…”

Aha, deyəsən, şeir yanvar  qırğınının qurbanlarına yazılıb. Maraqlıdır, Meydan tribuynasında nitqlər deyib xalqı “rus imperializmi” ilə mübarizəyə çağıran cənab Vahabzadə niyə rus tanklarının qabağına özü çıxmadı? Niyə 20 yanvarda qırılınlanrın içində Meydan liderlərindən, natiqlərindən bir nəfər də olmadı?

Dalına baxın. Heyrət, ey…söz! 

“O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü…”

“O gecə döndərdik…” Vahabzadə birinci şəxsin cəmi ilə özünü qatır qırılanlara. Bu, heç. Sözə baxın: “namümkün”. Belə söz eşitmisiniz? Bir köpəkoğlu bu sözü Azərbaycanın harasındasa eşidib? Yox, eşitməyib, belə söz yoxdur. Nakişi var, namümkün yoxdur. “Qeyri-mümkün” var, “namümkünü” Vahabzadə qondarıb ki, “mülkünü” sözünə qafiyə olsun. Xalqı tanklar gülləbaran edib, bu lotu da gücənib qafiyə qondarır ki, bazara çıxarmalı şeir təşkil eləsin…

“Tarixi yaşadıb diləyimizdə…”

Diləkdə yaşayan tarix necə olur? Görən, bilən var?

Yuxarıda deyir ki, “qorxu mülkünü dağıdıb tökdü şəhidlər”. Ürəyi soyumur, sonrakı bənddə deyir “Cəsarət mülkünü tikdilər”…
Cəsarət mülkünü tikdilər… Bu eybəcər misra daş dövründə yox, iyriminci əsrin sonunda Bakıda yazılıb…

Cəsarət mülkünü görən var? Olubsa da, onu çoxdan polis dəyənəyi dağıdıb…

 “Şəhidlər” həmişə böyük hərflə yazılır, Vahabzadə fəhə-kəndli balaları üçün böyük hərfi əsirgəmir…

 “Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər”.

Haqqı dindirmək olmaz, haqqı susdurulan, tapdanan insanı dilə gətirmək olar, hərçənd Azərbaycanda bu, çətin işdir. Bu da heç. İkinci misraya baxın.

“Qaraca torpağı qiymətləndirər…”

Yəni şəhidlər torpağı qiymətləndirər… Yəqin 20 yanvardan sonra Bakıda torpağın sotunun qiyməti on dəfə qalxıb. Hə? Bunu acığımdan deyirəm. Çünki bu lotu Vahabzadə abır-həya bilmir, misranı doldurmaq üçün “qara” əvəzinə” “qaraca” yazır!

İndi deyin: bir köpəkoğlunun ağzından indiyəcən “qaraca torpaq” ifadəsi çıxıb? Torpaq qara olur, qaraca olmur. Qaraca — qız olar, inanmayan Süleyman Sani Axundovu oxusun…

“Donan vicdanları qeyrətləndirər…”

Vicdan donur?

Vicdan və qeyrət insana aid əxlaqi keyfiyyətlərdir, mənaca yaxın məfhumlardır.  Bu, elə “vicdan vicdanlanır” ya “qeyrət qeyrətlənir” kimi bir şeydir…

Bu savadda adama akademik adı verən ölkə dağılsın!

“Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…”

Bir şey başa düşdünüz?  Deyək ki, qoca qurd “rus imperiyası”dır, hərçənd rus dövlətini ayıya bənzədirlər. “Qurdun doğru, düz cildini çəkdi Şəhidlər”.

Cildi hara və necə çəkdilər? Bunun tərcüməsi var?

Şeirdə çoxlu fəlsəfə var, gəl apar, ay kasıb!

“Millət, millət olur xeyri, şəriylə…”

Yəni manıslı toylar, allahşükürlü yaslar bizi millət eləyir? Manıslı toyların, sünnətlərin, allahşükürlü yasların sayı-hesab yoxdur. Bəs niyə millət olmuruq? Niyə bəs biz İlham Əlievin çomağından it kimi qorxuruq?

“Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər…”

Başa düşdünüz? Yəni hər şəhid cəsədi azadlıq toxumudur, bunu akademik xalq şairi, millət vəkili, Bəxtiyar Vahabzadə deyir…

Bu, həmin Bəxtiyardır ki, rus tankları Bakıda fəhlə-kəndli balalarını gülləbaran eləməmidən beş-on il qabaq kommunist rus imperiyasının banisi, 1920-ci ildə Azərbaycan Cümhuriyyətini məhv etmiş  Leninə poema yazmış və Heydər Əliyevin dəstəyi ilə SSRİ Dövlət mükafatı alıb debil oğullarının kefinə xərc eləmişdi. Vahabzadənin oğullarının, ən azı birinin, deyəsən adı İsfəndiyardır, debilliyinə şübhəniz varsa, YouTube-da çıxışlarına qulaq asın…

Bəxtiyar Vahabzadə ömrü boyu lotu və manipulyator olub, onun bütün  yaşayış tərzi, yazısı, nitqi – poza idi. 20 yanvar qırğınında bu lotunun 65 yaşı olub, yəni o vaxt həm ata, həm baba idi. Ancaq arasında uşaqlar da olan şəhidlər üçün bir damla yaş axıtmır. Kütləvi ölümlərdə fayda görür, çünki şeiri bazar üçün yazır. Azərbaycan, məktəbi daxil olmaqla, böyük bir bazardır…

Bu şeiri 11-ci sinif uşaqlarına tədris edən müəllim haqqında nə deyəsən? Ədəbiyyat müəllimlərinin əksəriyəti savadsızdır. Notarius sənədinə, polis protokoluna şeir adı qoyub dərsliyə sal – rəhim və rəhman öndərin adıyla uşaqların başına yeridəcəklər. Bu, fəlakətdir. Ən azı üç nəfər, beş nəfər adam olmalıdır ki, Azərbaycan mənəviyyatını leninçi, şaumyançı Səməd Vurğunun, leninçi, əliyevçi Bəxtiyar Vahabzadənin əsarətindən qurtarsın.

Özümüzün yaxşı şairlərimiz yoxdur? Onda dərsliklərə yunanları, latınları, fransızları, ingilisləri, italyanları salın. İyirmi il, otuz il keçər, bizdə də əsl şeirin nə olduğu başa düşülər və əsl poeziya yaranar.

Mən Tsarskoye Selo litseyində Puşkinin yaşadığı kiçik otaqda olmuşam. Rəflərdəki iyirmi ya otuz kitabın hamısı Avropa dillərindədir. Yunanı, latını, fransızı iliyinə keçənəcən öyrənən Puşkin sonra rus poeziyasının qızıl nümunələrini yaratdı…

 X.X.

16. 04 2024, Samara

P.S. 1943-cü ildə, 2-ci dünya müharibəsinin qızğın vaxtı, Bəxtiyar Vahabzadənin 18 yaşı olub, yaşıdlarından fərqli olaraq cəbhəyə getməyib.

Səhv etmirəmsə, iki oğlu var, onların heç biri nə Meydanda olub, nə də Qarabağ döyüşlərində. Belə adamın ümumiyyətlə şəhid mövzusuna hətta yaxın getməyə haqqı vardımı?

X.X.