Архив тегов | 6-cı sinfin Ədəbiyyat dərsliyi

HİKMƏT ZİYANNIN «QARABAĞDA» ŞEİRİNƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ BAXILMALIDIR…

Hikmət Ziya Qarabağda

Mən uşaq vaxtı Hikmət Ziyanı təmsilçi kimi tanıyırdım, 1-ci ya 2-ci sinfin dərsliyinə tülkünü aldadan inkubator cücəsi haqqında təsili salınmışdı, o vaxtlar , yənii 50-70 il qabaq Azərbaycanda inkubatorlar texnoloji yenilik idi, bunun şeiri yazılıb dərsliyə salınmalıydı.

Demə Hikmət Ziya dağa-daşa da dırmanırmış. 6-cı sinfin dərsliyində “Qarabağda” adlı mətni var. Qırx misradır. Yəqin elə birincii dəfə qəzetdə ya jurnalda çıxanda 80 sovet manatı alıb, bir müəllimin aylıq maaşı…

“Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…”

Ərəbcədən çevirsək, gözəlliyi yaşıl bağlardır, vüqarı dağlar.

Bağlar il uzunu yaşıl olur? Bəs yarpaqlar saralanda? Töküləndə?

“Başqa ətirlə açır qönçələr Qarabağda…”

Uşaq müəllimdən soruşa bilər: başqa  — yəni hansı ətirlə? O ətrin adı olmalıdır ya yox? Mən də deyərəm Salyanda qönçələr başqa ətirlə açılır. Bununla “Salyan ətri” barədə hansısa təsəvvür yarana bilər?
Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.

Bunların hansı qardaş, hansı bacıdır? Rus dilində, məsələn, cins kateqoriyası var, Azərbaycan dilində yoxdur. Deyək ki, Füzuli qardaşdır. Ona bacı Ağdamdır ya Bərdə?

“Hər daşını görənlər dirçələr Qarabağda”

Elə hər daşı görən kimi dirçəlir? Kim dirçəlir? Xəstə? Ölü?

Bilirsiniz müəllif niyə bu cəfəng ifadələri işlədir? Çünki bəndlərəin sonuna  5-ci misra  — “Min ilin yorğunu da dincələr Qarabağda” əlavə olunur, ona görə hər bənddə “şair” “dincələr” sözünə qafiyə tapmalıdır. Hər cür hoqqaya əl atır, əlbəttə, oxucunu avam bilir, nə varsa, soxuşdurur – buna başqa ad qoymaq mümkün deyil…

 

“Köksündə hər qayası tarixləşib tunc olan”

Qarabağın köksünü təsəvvür etdiniz? Hər qaya bu köksdə tarixləşib. Daş şəklində də yox, tuncdan! Qaya tunc olub…

Yenilməz abidəmdir yerdən göyə ucalan”.

Qarabağ – yenilməz abidədir. Yerdən göyə ucalır? Tərsə, başıaşağı ucalan abidələr var?

Sonrakı iki misraya baxın. Bu beytin müəllifinin cinayəti milyon manatlarla maliyyə fırıldağı eləyən məmurun cinayətindən ağırdır. Çünki bu şair uşağın da, böyüyün də tərbiyəsini, yəni estetik tərbiyəsini pozur, yəni pozğun edir.

“Yaşı yüzü ötsə də, yoxdur burda qocalan”.

Bu cinayətkar deyir ki, Qarabağda yüz yaşı ötən də qocalmır.Və davam edib deyir:

“İnsan ömrü çətin ki, köç eylər Qarabağda…”
Bir şey başa düşdünüz? Ömür köç eləyir ya bitir? Deyək ki, canımızı dişimizə tutub ömrün köç eədiyini qəbul etdik. Ancaq bu allahsız deyir “çətin ki, köç elər”. Yəni adamlar Qarabağda ölmürlər…

Bəs buna nə deyirsiniz:

 “Bülbül tək ötür, hətta sərçələr Qarabağda…”

Bu lotu bilir ki, sərçələr bülbül  kimi ötə bilməz, ancaq buna “dincəlir” sözünə qafiyə lazımdır…

Sərçələr… hətta!

«Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı…»

«Min-min illik» — bu nədir və ya nə qədərdir?

Qarabağın neçə aranı var?

“Burda hər kəs qonağa hörmətini bol eylər..”

İlahi, bu nə dildir! “Hörmətini bol eylər…”

“Dünya gözəllərini qamətilə lal eylər…”
Hansı dünya gözələrini? Sofi Loreni? Kətrin Denövü? Klaudiya Şifferi? Julia Robertsi? Görmüşük Qarabağ gözəllərini… Ağdamın, Bərdənin, Füzulinin pambıqçı gözəllərini… Ağır iş, qıt, keyfiyyətsiz qida…

Sonra şair elə qızışır ki, gözü ayağının altını görmür, hətta qafiyə olanla qafiyə olanı ayıra bilmir
“Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var…”

“Var” rədifinin əvvəlində gələn sözlər qafiyələnməlidir, ancaq qafiyələnmir: “türbə”, “iz”, “səs”, “zəngulə”…

Cəfər Cabbarlını personajı nə deyirdi? “Şəriət avam adamlar üçündür, sənə-mənə nə şəriət”. İndi şeirlərini dərsliklərdə gördüyümüz sovet şairlərinin hamısı sovet vaxtı nəşiyyatlarda, dövrü  mətbuatda, Yazıçılar ittifaqında, hətta Mərkəzi Komitədə yüksək vəzifə tutublar, onlara nə qayda? Özləri yazan, özləri redaktor, özləri naşir.

Birdən 6-cı sinif şagirdi soruşsa ki, müəllim, bu şeirdə məhz Qarabağa aid nə var? Şair Qarabağın adi insanın görə bilmədiyi nəyini və hansı bədii vasitəərlə göstərib? Müəllim nə cavab verəcək? Deyəcək başından yekə söz danışma? Deyəcək şeirdə Natəvanın, Üzeyirin, Bülbülün adı çəkilir? Şagird deməzmi ki, bu məlumatları Vikipediyadan oxumaq daha yaxşı olar? Mən niyə heç qafiyəsi də düz olmayan bu cəfəngiyatı əzbərləməliyəm?

Hə? Azərbaycanlı oğlan, qız niyə bu cəfəngiyatı əzbərləməlidir?

Bu mətnin şeiriyyəti cəhənnəm, şeiriyyət yoxdur. İnformativliyi də şübhəlidir.

“Yolunda qurban verər hər bir övladı canın”.

Verdi? Hər bir övladı? Ya fəhlə-kəndli övladları?

“Döyünən ürəyidir doğma Azərbaycanın”.

Qarabağın mədəniyyət mərkəzi, paytaxtı olmağı mifdir. Azərbaycan əjdahalarından kim qarabağlıdır? Füzuli? Mirzə Fətəli Axundov? Cəlil Məmədquluzadə? Sabir? Heç biri! Üzeyiri bəstəkat kimi Qarabağ yetirməyib, rus imperiyası, Qori seminariyası, rus konservatoriyası yetirib…. Qarabağa yazılan şeirlərin hamısında adı çəkilən Vaqif qazaxlıdır. Natəvanı isə şeiri qanmayan adam böyük şair sayar, Natəvan da Azərbaycan miflərindən biridir…

Mənim sualım təhsil nazirliyinədir: 6-cı sinif şagirdləri bu mətndən nə öyrənə bilərlər? Heç nə! Əlli ilin şairinin mətnində hətta qafiyələr də düz deyil.  Dağı, bağı, bulağı sadalamaqla Qarabağ mənzərəsi yaranır? Bunlardan, məsələn, Lerikdə yoxdurmu?

Mən 6-cı siniflə işləyən müəllimlərə məsləhət görərdim ki, bu şeirə çatanda barmaqlarına tüpürsünlər. Bəli, barmaqlarına tüpürüb vərəqi çevirərək bu cəfəng mətni arxada qoysunlar. Əgər vicdanları və az-çox savadları varsa…

X.X.

06.05. 2024, Samara

GƏDƏBİYYAT: XƏLİL RZA ULUTÜRK. «GERBİMİZ -QƏLBİMİZ»

6-cı sinfin Ədəbiyyat dərsliyində “Gerbimiz-qəlbimiz” şeirini görəndə başa düşdüm ki, mənim xoşbəxt uşaqlığım olub. Birincisi, 1965-66-cı dərs ilində Azərbyacanın padşahının kim olduğunu uşaqlar bilmirdilər, Vəli Axundovun məktəbdə şəkli yox idi, bəlkə televizorda hərdən göstərirdilər, ancaq kənddə o vaxt bir ya iki televizor vardı. İkincisi, yöndəmsiz onaltı hecalıqla yazılmış o boyda şeiri o vaxt əzbərləsəydim, sonralar rus zavodunda aldığım zədələri elə onda alardım və bəlkə canım da çıxardı. Yəni ki, bəxtim gətirib. İndikilərin halına acıyıram.

Şeiri oxuyaq.

Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda…” 

Yəni gerb Xəlil Rzanın həm nəfəsi, həm “varlığında qanı” olub. Gerb necə nəfəs, qan olur – mən başa düşmürəm. Ancaq bu absurd bəyanatı 16 yox, 11 heca ilə ifadə etmək olar – uşaqlar yazıqdırlar!

“Sən şəkil yox, nəfəsimsən, qanımsan…”

“Yaşıl rəngim – yaşıl bahar, müsəlmanlıq timsalımdır”.

Məlumat üçün deyirəm ki, katolik İrlandiyanın bütün rəmzləri yaşıldır.

Və sual: bəs Azərbaycanda dövlət dindən ayrılmayıb?

Və əgər ayrılmayıbsa, müsəlmanlıq gerbə həkk olunubsa, niyə müsəlman dövləti arzulayanları türmələrdə çürüdürlər?

“Göy rəngimdə türklük yaşar — millətimin amalıdır”.

Türklük amaldır ya etniklik? Amal – hüquqi, ədalətli dövlət, abad, firavan ölkə ola bilər, amalı türklük olan millətin başını Türkmənbaşı kimi, Nazarbayev kimi, İslam Kərimov kimi, İham Əliyev kimi müstəbid və korrupsioner padşahlar  əzirlər.

 “Qırmızılıq — simvoludur çağdaşlığın, yüksəlişin..”

Gerbdə ya bayraqda çağdaşlıq nədir? Bir neçə əsrlik tarixi olan bayraqlar hansı çağdaşlığı əks etdirir? Məsələn, Britaniyanın bayrağı. 

“Vətənimə can verməli mənim əzmim, mənim işim”.

Bir şey başa düşdünüz? Mersedes avtomobilini qayıran alman Almaniyaya can verir?

Sonra qəfildən Ulukürk özünü çəkir ön plana.

“Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində “

Ərzin mərkəzi hardadır? Yəni yer kürəsinin mərkəzi? Kök dərindədirsə, yerin özəyində olmalıdır.

Sonrakı misrada Xəlil Rza cızığından çıxdığını başa düşüb çevrəni daraldır, məlum olur ki, kök “ərzin mərkəzində” deyilmiş.

“Kökü burda, budaqları xan Arazın o üzündə…”

Əlbəttə, Arazın o üzündə (“o tayında» olmalıdır, ancaq qafiyə xatirinə X. R. “üzündə” yazır). Yaşıl budaqlar, əlbəttə ki, Arazın “o üzündə, yəni İran İslam Respublikasında olmalıdır. Budaqlar müsəlmanlığın harda olduğunu yaxşı duyurlar. Arazın “bu üzündə” nə müsəlmanlıq? Bu üzdə dövlət allahşükürçülüyü var.

 “Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var…”

Hörmətli oxucu! Razı olun ki, burda Xəlil Rza bizi dolayıb. A kişi, səkkizguşəli ulduz harda, türklük harda, cənnət harda… Cənnət istidən qovrulan ərəbin təxəyyülündən doğulub…Ümumiyyətlə, bu nə eybəcər dildir – ulduzda qapı? Özü də səkkizi birdən?

“Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən
Ərzə bəhrə-bar gedəcək bu müqəddəs məmləkətdən”. 

Başa düşdünüz? Ərzə, yəni bütün yer kürəsinə “müqəddəs məmləkətdən” (əslində quldurxanadan), yəni Azərbaycandan “bəhrə-bar” gedəcək? 

Vallah, mən fikirləşirəm ki, Xəlil Rza xalqı dolayırmış. A kişi, Azərbaycan özünü dolandırsın, qalsın “ərzi” yedirtməyi…


“Əvvəl-axır qıracağız qart düşmənin belini biz…”

Bunu 11 heca ilə demək olar: “Düşmənin belini qıracağıq biz”. Uşağa 16 hecalıq misra yükləmək elə onun belini qırmaq deyil?

“Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq,..”

Sadalanan sözlərdə ya məna yaxınlığı, ya əksliyi – təzad üçün – olmalıdır. Alovla çovğun arasında heç nə yoxdur. “Daim yaşa dolasıyıq” – bu, Xəlil Rzanın kəşfidir ya təbiətin qanunu?

“Aləm üçün, bəşər üçün məşəl tutduq qəlbimizi”

Yəni azərbaycanlılar qəlblərini bütün dünya üçün məşəl tutublar…Vay-vay… Bilnirsən güləsən ya başına qapaz salasan…
“Dedik: — Bu Yer kürəsində nə qan, nə bir məzar olsun,”.

Yaxşı, qan olmadı, insanlar hamısı yataqlarında, təbəssümlü dodaqlarında öndərin adı öldülər. Bəs basdırılmaq məsələsi? Yandırıb külü göyə sovrulacaq?

Sonrakı misra:

“Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!”

İndi gördünüz mən deyəndir? Ya Xəlil Rza bunu yazanda kefli olub, ya da bizi dolayıb. Əvvəl deyir məzar olmasın, sonra deyir məzara gül qoymayaq…


“Od yurdunda od tükənsə, özümüz od olasıyıq…”

Yəni neft, qaz tükənsə, Əliyevlər azərbaycanlıları sobaya qoyacaqlar?

Vallah, düzünü desək, keçən əsrin 60-cı illərinin uşaqlığı da çox xoşbəxt olmayıb. Sentyabırn 1-dən basırdılar pambığa, ta noyabrın 7-nə ya 15-nə qədər. DDT ilə zəhərlənmiş pambıq tarlaları sütül Azərbaycan uşaqlarını yaman günə qoyurdu. Rübün biri gedirdi pambığa. Ancaq bunun bir müsbət tərəfi oludru, məsələn, Leninə, kommunist partiyasına, komsomola, Şaumyana Səməd Vurğunun ya Rəsul Rzanın həsr etdiyi şeirlər də gedirdi pambığın hesabına, yəni keçilmirdi…

Və bəlkə də Xəlil Rzanın bu şeirini əzbərləməkdənsə, pambıq və hətta tütün yığmaq faydalı olar…

Yazıq azırbaycanlı uşaqlar…

x.x.

25. 04. 2024, Samara