Архив тегов | Alim Qasımov bığ

GÜLMƏLİ ŞEİRLƏR: ƏNVƏR ƏLİBƏYLİ. «AZƏRBAYCANIM».

Ənvər Əlibəylinin sözlərinə Rauf Hacıyevin yazdığı “Azərbaycan” mahnsının ən geci keçən əsrin 60-cı illərinin sonunda ən geci 6o-cı illərin əvvəllərində yarandığını güman edirdim. İnternetdə bu mahnının tarixinə həsr olunmuş videoya baxıb gördüm ki, elədir: mahnı 1962-ci ildə yazılıb. Onu müxtəlif müğənnilər oxuyublar. 1963-cü ildə “Azərbaycanım” Flora Kərimovanın ifasında lentə yazılıb – o vaxt müğənninin yaxşı səsi və … şəvə kimi bığları vardı. Haşiyə çıxaraq deyim ki, bəzən müğənninin bioqrafiyasında bığ mühüm yer tutur. Alim Qasımovun bığlı vaxtları ilə bığsız vaxtlarını müqayisə edin. Bığını qırxdırandan sonra səsinin elə bil ki, yarıdan çoxu getdi. 60-ci illərin çəkilişlərinə baxın –bığlı Floranı sonrakı Flora ilə müqayisə edin…

Mən hələ aşağı siniflərdə olanda bu mahnını nəğmə dərslərində oxuyardıq. Heç bir musiqi təhsili, bəzən heç musiqi eşidimi olmayan müəllim mahnını başlayır, biz də düşürdük onun dalınca.

Al bayraqlı vətənimsən, Azərbaycanım…

Sinifdə yaxşı səsi olan yox idi, mahnının da ritmi ləng idi, bizim ifamızda “Azərbaycanım” mahnısı kasıb yasında yediyi cücənin keyfiyyətindın narazı qalan mollanın oxuduğu Yasinə bənzəyirdi…

Sonralar bu mahnı elə bil təzədən doğuldu, tamamilə yeni ritmlərlə, yeni ruhla səsləndi. Bu möcüzəni Rəşid Behdudov yaratdı. Daha doğrusu, Rəşid Behbudovla onun ansamblının rəhbəri, gözəl musiqiçi, metroda partlayış zamanı həlak olmuş Rafiq Babayev. Dünənəcən elə bil ki, bronxial astmalı kimi nəfəs alan, candərdi sürünən mahnı birdən cins at kimi kişnəyərək şahə qalxdı…

Al bayraqlı  vətənimsən…

Rəşid Behbudov çox mahnıya, o cümlədən xalq mahnılarına yeni həyat verib.

İndi mahnının sözlərinə baxaq.

Qabaqcadan onu deyim ki, Ənvər Əlibəyliyə mənim hörmətim şərtsizdir. Bu kişi həqiqi zabit olub, döyüşçü olub. Mahnının sözlərinin ötəri təhlilində məqsəd nə oxuduğumuza diqqət çəkməkdir. Biz nə yediyimizə fikir veririk? Bəs nə oxuduğumuz barədə niyə düşünməyək? Axı yemək insanı fiziki cəhətdən formalaşdırdığı kimi, bu mətnlər də bizdə zövq ya zövqsüzlük tərbiyə edir.

“Özün kimi vüqarlıdır uca dağların”.

Uca olmayan dağ var? Azərbaycanın dağları çox ucadır? Hansı dağlardan? Himalaydan, Pamirdən?
“Hüsnünə bir yaraşıqdır yaşıl bağların”

“Hüsn” ərəbcə gözəllikdir. “Yaraşıq” da gözəllikdir. Yəni bağlar yaraşığa yaraşıqdır?

Yaşıl bağlar? Bağlar həmişə yaşıl olur? Bəs qışda, bağlar lütlənəndə? Azərbaycan olur çirkin və eybəcər?
“Bizimlə bir başlamışdır gözəl çağların”

Bu misranı başa düşən var? Azərbyacanın gözəl çağları, deyək ki, başlayıb. Haçandan? Bizimlə — yəni kimlə? Bunu azərbaycanlıların Azərbaycana hardansa gəldiklərinə işarə kimi başa düşmək də olar. Yəni gəldik və ağ günə çıxdın…

Hə?

Ermənilərin qulaqlarına qurğuşun…

Ya bolşeviklərin gəlməyinə işarədir?
“El bilir ki, tükənməyən sərvətin vardır”.

El elə Azərbaycan deyil? Yaxşı, deyək ki, nəzərdə tutulan “xalq”dır.

Diqqətlə fikir verin: şair özü də bilmədən əbədi Azərbaycan probleminə işarə edir. Xalq tükənməz sərvətin olduğunu bulir. Bilir! Ancaq bu sərvətin sahibi deyil!

İndi elə deyilmi? Yəni diqqətlə baxanda şairin absurd misrası bu gün üçün aktual həqiqətə çevrilir!

Xalq – ayrı, Azərbaycan ayrı. Xalq bilir ki, Azərbaycanın tükənməz sərvəti var, ancaq bu sərvət ona məxsus deyil, çünki bu dövlətdə o, muzdlu işçidir, qastarbayterdir.
Sinən üstdə ağ pambıqlı göy tarlalardır…

Pambıq qozadan çıxıb açılanda, yəni ağ olanda, tarla göy olmur. Olur… Nə rəngdə deyim… Bizim kənddə toyuqpoxu rəngdə deyərdilər… Bakılı Ənvər Əlibəyli bunu bilməyə bilərdi, gərək soruşaydı…

Buruqlar dənizdə qatar-qatar… Yaxşı ki, Səməd Vurğunun şeirindəki kimi hayqırmırlar…

“Sənə şirin arzum deyim, diləyim deyim…”

Bu da aktualdır. Azərbaycan – arzudur. Feodal əsarətindən azad ölkə…

Bir haşiyə də çıxım. Mən “Azərbaycanım” mahnısını YouTube-da axtaranda Zeynəb Xanlarovanın ifasında “Azərbaycanım” adlı başqa bir mahnı çıxdı. Hansı təntənəli konsertdəsə yazılıb, beş-altı nağara və dümbək Ləzginka döyəcləyir, xalq artisti və deputat Xanlarova atılıb-düşür, oxuyan isə fonoqramdır,

Qaynayır qanım, Azərabcanım…

Ələkbər Tağıyevlə mazaqlaşanda Zeynəb Xanlarovanını qanı çox qaynar olub, düz deyir…Ancaq rəqsi də, oxumağı da, oxuduğu sözlər də o qədər iyrənc idi ki, tapançam yanımda olsaydı, özümü vurardım…

Mirzə Əlil

01. 04. 2025, Samara

P.S. Son cümlədəki “yanımda” sözü artıqdır. Mənim heç vaxt tapançam olmayıb. Samarada tapançası olmayan yeganə azərbaycanlı mənəm. Ancaq Azərbaycan musiqisinə qulaq asan adamın yanında ya belində gərək tapançası, ya da cibində mərgümüş ola. Dözmək olmur, ay müsürmanlar…

M.Ə.