Архив тегов | Amarsana Ulzıtuyev

AMARSANA ULZITUYEV. SIĞIN NƏĞMƏSİ

Я способен любить лосих…

 

Sevişə bilərdim sığınlarla mən –

Səskeçməz, nursığmaz sidrliklərə,

Çaytikanlarına batıb bürünən,

Diyarda sevməli ayrı kimdi ki.

 

Sığın instinkti mənə doğmadır,

Adət eləmişəm mən onlar kimi,

Rəqibin gözünə baxam qorxmadan,

Qırıb buynuzunu davada tökəm.

 

Nəhəng erkəklər tək mən də həvəslə,

Elə hayqıraram, ağaclar əsər.

Bəlkə də içimdən yüksələn səsi,

Mənə mehr salan eşidib gələr.

 

Onda baxmaram ki, bəlkə görən var,

Qızaram, basaram sığını o dəm.

Vəhşi, uzaq, Tanrı unudan diyar —

 Mən necə başqa cür ola bilərdim?

 1982

ruscadan tərcümə

12.05. 2015 Samara

 

AMARSANA ULZITUYEV. «DAŞLAR»

                 DAŞLAR

 

                         Утесом, песчинкой, Каабы быть камнем…

 

Qum dənəsi, ya qaya, ya Kəbə daşı olmaq

Ördəyin mədəsində, okeanda, çəməndə.

Görəsən insanların dayanmaz axarını,

Necə çaylar axıdır əbədi gəncliyini.

 

Necə karvanlar gedir ləngərli, səmum dinir,

Necə kasıb yükünü sürüyür peyinqurdu

Çaydaşıyla örtülü yollarını keçərək
Babil tək ucaldılan küylü daş şəhərlərin.

 

Qarlı zirvə olasan kosmosla qonuşmağa,

Ya da cahiliyyədən gəlib çıxan bir sənəm.

Okeanlar dibindən püskürülüb ucalan,
Maqmaya, külə dönüb torpağa qayıdasan.

 

Tanrısız göydən gələn zərbəylə gumbuldamaq,

Açıb odlu ağzını girdaba, loqquldamaq.

Haçansa Yer olası bir kometaya dönmək,

Od vermək hominidə qədim mağarasında.

 

Sapanddan qanad almaq, dəyirmanda gurlamaq,

Cəvahirət tək gözü qamaşdırmaq işıqla.

Əsgərin kəsərində, qeoloq çantasında,

Ya da cavan tanrının-yaradanın əlində.

 

ruscadan tərcümə

11.05. 2015 Samara