Архив тегов | aşıq festivalı

AŞIQ PƏNAH KAZUSU. «İNQİLAB OĞLU İNQİLABAM MƏN…»

aşıq pənah

You Tybe-da Aşıq Pənahla Aşıq Bəylərin “De gəlsin” adlı deyişməsi var. Bu deyişmə çox gülməlidir. Salyanlılar əslində, tərif olmasın, yer üzünün ən gülməli tayfasıdır. Çox təəssüf ki, indi Salyanda əsl salyanlı tapmaq təmiz araq, təmiz yağ tapmaq kimi bir şeydir, əsl salyanlılar çoxdan köçüb gediblər Bakıya və daha uzaq yerlərə, ancaq bu ayrı söhbətdir, həm də qəmli söhbətdir. Biz gülməli şeylərdən danışmalıyıq. Keçək deyişməyə. Təzədən dönə-dönə qulaq asıb sözlərini yazdım. Kim mənim kimi bu işi görərsə, biləcək ki, du deyişməni bir adam, yəni eyni adam yazıb. Yox, yox, nahaq düşünürsünüz ki, bunu ya Bəylər, ya Pənah yazıb. Heç biri yazmayıb. Çünki heç biri yazan olmayıb. Bu deyişməni, çox güman ki, Ağacavad Əlizadə yazıb. Ya da ayrı adam.

Deyişməni Bəylər başlayır:

“Aşıq Pənah, sən də köklə sazını”.

Bu misra çox informativdir. Burdan biz başa düşürük ki, Bəylər artıq özü  sazını kökləyib. Bəylər doğrudan da sazı nəinki kökləyirdi, Aşıq Bəylər gözəl saz çalırdı. Onun çalğısını 1976-cı ldə Salyanda gənc aşıqların Respublika festivalı keçiriləndə mədəniyyət evinin həyətində eşitmişəm. Azərbaycanın hər yerindən gəlmiş gənc sazçılar ustadın başına yığılıb xahiş etdilər ki, saz çalsın. Aşıq Bəylər də sazı alıb çox gözəl “gəzişdi”. Aşıq Pənah isə sazı yalnız kökləyə və akkord tuta bilirdi. Çalmağı bimlirdi. Lent yazılarına qulaq asın – melodiyanı balaban çalır, saz isə ancaq dınqıldayır. Mənə elə gəlir ki, Salyan aşıqları içində Aşıq Bəylərdən başqa saz çalan olmayıb. Qalanları ancaq dınqıldadırdı.

Aşıq Bəylər sonra deyir:

“Tərif elə bu ölkənin yazıını,
Göy çəməndən, göy bağlardan de gəlsin”.

Deyəcəksiniz ki, yenə yaz! Yazıq Aşıq Bəylər neyləsin (Əslində onun yerinə bu şeiri yazan). “Yaz” sözü “saz” sözünə qafiyədir, bu hələ akademik şair Səməd Vurğunun vaxtında məlumdur.

İnвi görün aşıq Pənah nə deyir:

“Kəmənd atıb Kür çaylara, sellərə,

Alqış onu cilovlayan əllərə”.

Bu şeiri Pənah üçün yazan, şübhə yoxdur ki, “gur çaylara” yazıbmış, Pənah ya səhv oxuyub, ya da fikirləşib ki, bir salyanlı kimi “Kür” desə daha yaxşı olar, savadı olmadığından bilməyib ki, bu halda Azərbaycan dilinin qanunları pozulur və cəfəngiyat alınır…

Sonra Bəylər deyir:

“Köç edəndə dağa ellər, obalar,

Səsli-küylü yaylaqlardan de gəlsin”.

Salyanın ətrafında dağ yoxdur, əhalinin “dağ” adlandırdığı təpəliklər var ki, yayda cəhənnəm kimi yanır…

Sonra Pənah (yəni Pənahın yerinə bu şeiri yazan, deyək ki, Ağacavad Əlizadə) söhbətin səviyyəsini kosmosa qaldırır:

“Biz birinci fəth elədik fəzanı,

Ölkəmizə bu dünyada tay hanı.

Xalqımızın qorxu bilməz tərlanı,
Qaqarin tək qoçaqalardan de gəlsin”.

Doğrudan da kosmosa uçmuş ilk insan rus Qaqarindir, ancaq Ameruka ilə kosmos yarışı aparan SSRi-də əhali çox kaslb yaşayırda, Salyan kəndlərinin xeyli hissəsində işıq yox idi, qaz yalnız şəhərə çəkilmişdi, yamaqlı paltar geymək ayıb sayılmırdı, bəzi ailələr üçün qənd, çay özü dəbdəbə idi, üstəlik 1961-ci ildə çörək qıtlığı başladı, Salyanın özündə un, çörək növbəsində baş yarırdılar…

 Pənah (bu şeiri kim yazıbsa, o) sonra öz sevimli inqilab mövzusuna keçir. Süleyman Rüstəm deyirdi: “İnqilab oğlu inqilabam mən”. Pənah da inqilab oğlu inqilab idi. Yəni Süyelman Rüstəin salyanlı qardaşı.

Vuruşlarda qanımızdan rəng alan

İnqilabdan bizə yadigar qalan….

Burda aşıq Pənah şikəsteyi-fars üstündə haşiyə çıxır:

“Ay sənə nənəm qurban,   ay sənə nənəm qurban, ey…”

Bilmək olmur ki, Pənah nənəsini kimə qurban eləyir: Aşıq Bəylərə, yoldaş Leninə, yoldaş Stalinə, yoldaş Şaumyana və ya o vaxt Azərbaycana rəhbərlik eləyən Vəli Axundova.

İnqilabçı aşıq deyişməni belə bitirir:

Pənah deyər aya, günə ucalan,

Yenilməyən bayraqlardan de gəlsin”.

Mən yuxarıda aşıq Pənahın adından Lenin haqqında bir kirtablıq şeir yazıldığını, aşığın bu şerləri aşıq mahnısı kimi nəinki Azərbaycanda, hətta Moskva və SSRİ-nin başqa şəhərlərində də oxuduğunu demişdim. Azərbaycan televiziyasında Aşıq Pənah  Şövkət Ələkbərovadan da çox görünürdü, mən hələ Tükəzban İsmayılovanı, Fatma Mehralıyevanı demirəm. Onlara aylarla növbə çatrmırdı…

Və, nəhayət, Leninin yüzillik yubileyi gəlib çatır. Bakıda böyük şənliklər keçirilir Hydər Əliyevə qədər Lenin azərbaycanlıların babası idi. Heydər Əliyev gələndən sonra Lenin oldu həm babamız, həm atamız…Elə o vaxtlar müxtəlif yerlərdə müxtəlif cür danışılan bir lətifə yaranmışdı. Bir uşaq atasından soruşur: Ata, niyə görə Lenin bizim babamızdır? Atası deyir: Bala, çünki o bizim hamımızın nənəsini zad eləyib…

Yekun yubiley tədbirləri Leninin vətəni Ulyaniovsk  (keçmiş Simbirsk) şəhərində və Moskvada oldu. Ulyanovska Azərbaycandan böyük bir mümayəndə heyəti getdi, əlbəttə, aşıq Pənah da daxil olmaqla. Tədbirin rəsmi hissəsində Ulyanovskun rəhbəri, yəni oranın birinci katibi elan edir ki, dünya proletariatının rəhbəri Leninin yez illik yubileyində  Azərbaycandan gəlmiş böyük sənətkar aşıq Pənah iştirak edir. Və deyir ki, bu sənətkar “Leniniana” yaradıb, yəni Leninə bir kitablıq şeir həsr edib. Və sözü aşıq Pənaha verir…

Aşıq Pənah rusca azdan-çoxdan bilməliydi, çünki tez-tez  Şimali Qafqaz kurortlarına gedirdi. Orda, əlbəttə, rus xanımları ilə ünsiyyətdə olurdu. Yəni mədəni ünsiyyətdə. Yəqin ki, aşıq Pənah rus xanımlarına Heydər Əliyevin Azərbaycanda korrupsiyaya qarşı necə amansız mübarizə apardığından danışırmış. Bəlkə  ayrı şeylərdən də. Ulyanosk rəhbəri isə düşünür ki, bu xalq sənətkarı rusca bilməz, elə öz tatarski dilində danışacaq.  Aşıq Pənah qalxır tribunaya…

  1. 08. 2013, Samara