
Aşıq Pənah gəraylı oxuyur.
Naşı bağban, girmə bağa,
Yarpaq düşər, gül inciyər.
Başa düşdünüz? Aşıq Pənah yəqin bu gəraylını yazana on kiloluq bir ağbalıq, üç-dörd kilo da qara kürü gətirib Salyandan. Gəraylı yazan da ilişib bəlkə tanıdığı hansı bağbanasa. Niyə ilişib, bilmirik. Naşı bağbanı kim işə götürüb, bilmirik. Bağ hansı bağdır, o da məlum deyil. Bəlkə Salyanın indi ləğv edilmiş Qələbə bağı, bəlkə Bakının eləcə qeyb olmuş Parapet bağı… Ancaq balığı, kürünü Pənahdan alıb bu hoqqanı yazan özü də naşıdır, aferistliyinə isə söz yoxdur.
Aferist naşı bağbana qadağa qoyur:
Gəl toxunma göy budağa!
Və qadağanın səbəbini izah edir:
Dəymə ona əl inciyər.
Bu misradan belə çıxır ki, bağban əlini göy budağa vursa, əli inciyər. Ancaq deyəsən məsələ ayrı cürdür. Pənah üçün gəraylı qondaran naşıdır, ancaq aşıq Pənah, üzr istəyirəm, kütdür. Yəni savad cəhətdən. Ayrı işlərdə bir respublikanın əhalisini susuz aparar, susuz gətirərdi.
Yəqin o aferist şair(Əliağa Kürçaylı? Ağacavad Əliazadə? İlyas Tapdıq?) belə yazıb:
Vurma ona əl, inciyər. (Yəni “göy budaq” inciyər.)
Pənah fikirləşib ki, “vurma” ya “dəymə” — nə fərqi var. Ancaq dalı məzhəkədir. Yadınızdan çıxarmayın ki, gəraylı naşı bağbana müraciətlə başlayıb, gərək belə də gedə. 2-ci bənd:
Hər axşamın səhərisən,
Ala gözlü dilbərisən…
Bu naşı bağban indi oldu “ala gözlü dilbər”? Burdan görünür ki, aferist cızmaqaraçı bəlkə də erməni olub, çünki Azərbaycan dilinin qrammatikasını bilməyib. Baxın: “Hər axşamın səhərisən”. Bildik ki, naşı bağban hər axşamın səhəridir. Birinci bənddə deyirdi bağa girmə, indi deyir belə gözəlsən, çıraq kimi yanırsan…
“Ala gözlü dilbərisən”. Burda naşı bağbandan başqa bir müraciət olunan şəxs yoxdur. İkinci misra da ona aid olmalıdır: Naşı bağban kimin ala gözlü dilbəridir?
Vallah, qulaq asıdıqca başın çatlayır.
Sonra:
Şirin dillə dindirməsən
Dodaq küsər, dil inciyər.
Kim kimi dindirməsə? Şeirin əvvəlində bağ vardı, naşı bağban vardı. Bu “dodağı, dili” küsəyən kimdir?
Bu cəfəngiyata bir neçə dəfə qulaq asıb aşıq Pənahın Bakıda 90 illiyinə həsr olunmuş təntənəli tədbirin videoyazısına baxdım. Arif Məlikovun çıxışına qulaq asdım, mərhum bəstəkarın yerinə xəcalət çəkdim. Ciddi musiqi yazmış bəstəkarı nə vadar edirdi ki, bu aferist aşığı böyük sənətkar adlandırsın? Vallah, fikirləşirəm ki, bəlkə heç Arif Məlikov da heç bəstəkar olmayıb, “Məhəbbət əfsanəsi”ni adsız bir bəstəkara beş-on kilo kürüyə yazdırıb…
Deməliyəm ki, o vaxt Salynda qara kürü balıq bazarında, necə deyərlər, ayaq tutub yeriyirdi. Ancaq kasıb-kusubun yemi deyildi…
Çox təəssüf…
“Mədəniyyət” kanalının filmində bir qoca salyanlı danışır ki, 40-cı lillərin axırında Salyanda teatr varmış və Pənah o teatrda Məcnunu, Kərəmi oynayırmış.
Pənahı Məcnun rolunda təsəvvür edirsiniz? Pənah zəngulə vurmur, qaqqıldayır. Heb-be-be-be-be…
Bəlkə Salyanda “Leyli və Məcnun”u komediya kimi oynayırlarmış?
Salyanlılar “Leyli və Məcnun” nədir, “Hamlet”i də komediyaya döndərərlər. Salyan yasında olmusunuz? Çadırın yanından keçən nabələd adam elə bilər ki, danışan molla yox, Lütvəli Abdullayevdir, dirilib gəlib…
Filmdə Pənahın Stalin kostymunu haçan geyib, Allahşükür papağını haçan qoyub aşıqlığa başladığından danışılmır.
Qəribə deyil? Saz çala bilməyən, şairlik talantı olmayan, üstəlik müharibəyə səfərbərlikdən yayınmış bir cavan oğlan özünü aşıq elan edir və az sonra respublika və sonralar hətta ümumittifaq miqyaslı proyekt kimi irəlilədilir.
Kim olub bu proyektin müəllifi?
Məlum məsələdir ki, Pənahın dalında duranlar, onun cəfəng mahnılarını studiyada lentə alanlar, televziya ilə müntəzəm göstərənlər, ona xarici səfərlər təşkil edənlər bunu təmənnasız eləməyiblər. Şübhəsiz ki, Pənah onun üçün cəfəng şeir yazanlara da, səsini lentə alanlara da, efirə çıxaranlara da Salyandan maşın-maşın qara kürü daşıyıb, onları evində qonaq eləyib, ciblərinə pul da basıb. Yəni “Aşıq Pənah” proyektindən qazanan təkcə Əlipənah Pənahov olmayıb.
Aşıq Pənah proyektinin uğuru Azərbaycanda əməlli-başlı aşıqqayırma industriyasının əsasını qoyub. Uzağı kasıb toylarında xanəndəliyə yarayan xeyli adam qırmızı komissar formasını geyib Allahşükür papağı qoyaraq özünü aşıq elan edib. Və bu industriya əvvəldən mafioz xarakter daşıyıb. Bu qondarma aşıqların, onların adından başqaları tərəfindən yazılmış şeirlərindən ibarət məcmuələr çap olunub. Yalançı aşıq-şairlərin “yaradıcılığından” saysız-hesabsız məqalələr, monoqrafiyalar, dissertasiyalar yazılıb. Yalan – yalan doğurub, yalan alaq otu kimi bütün ölkəni bürüyüb.
“Aşıq Pənahın sazı” – bunu “tədqiqatçılar elə riqqətlə tələffüz edrilər ki, guya söhbət sazı yalnız zınqıldada bilən qondarma aşıqdan yox, Paqaninidən gedir…
Yeniyetmə vaxtımda bir həftənin içində bir aşığın necə qayırılıb-düzəldildiyinin şahidi olmuşam.
1969-cu ilin yazında mən Əlibayramlı pedaqoji məktəbinin 1-ci kurs tələbəsi idim, on beş yaşım vardı. Məlum oldu ki, iyun ayında Bakıda Əlibayramlı günləri keçiriləcək. Bu, Vəli Axundov dövrünün son mədəni proyekti idi: Bakıda bütün rayon və şəhərlərn mədəniyyət günlərinin keçirilməsi planlanmışdı. Nəyə görəsə Əlibayramlıdan başlmışdılar. Bakıdakı tədbirdə şəhərin bütün peşəkar və özfəaliyyət bədii kollektivləri iştirak edəcəkdilər. Pedaqoji məktədən mənim də üzv olduğum xor, bir neçə müğənni, rəqs ansamblı seçilmişdi. Bizi dərslərdən azad elədilər, çünki şəhərin mədəniyyət evində hər gün məşqlər keçirilirdi. Bakıdan da mütəxəssislər dəvət olunmuşdular, onlardan biri Tofiq Quliyevin qardaşı Oqtay Quliyev idi. Bakıdan gələnlər, şəhər məmurları bütün bədii kollektivlərin ilkin baxışını keçirəndən sonra qərara gəldilər ki, çatışmayan – aşıqdır. Əlibayramlı qədim tarixi, ənənələri olan yer deyildi, kiçik bir qəsəbə istilik elktrik stansiyasının tikləməsi və ətrafda tapılmış neft yataqlarının istismarı ilə əlaqədar indi-indi şəhərə çevrilirdi. Hərə bir tərəfdən gəlmişdi, nə aşıq… (Estrada orkestri, qəribə görünsə də, vardı, çünki şəhər əhalisinin xeyli hissəsi DRES tikməyə gəlmiş və sonra Rusiyaya qayıtmamış ruslardan ibarət idi…) Ancaq Bakıdan gələnlər təkid elədilər ki, gərək bir həftənin içində aşıq qayırılıb istifadəyə verilə. Əlibayramlı xanəndələrini saf-çürük eləiyb Nadir adlı birini seçdilər. Niyə məhz Nadiri seçdilər, dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, Nadirin gözləri qaynayırdı, aşığın da gərək gözləri qaynaya…
(ardı var)
04.09. 2023, Samara