Архив тегов | Avropa oyunları

DABAN ƏLLİ ALTI

Tezliklə Azərbaycanda Avropa oyunları başlanacaq. Avropanın bütün ölkələrindən idmançılar bizim Asiya ölkəmizə gəlib yığışacaqlar. Bir həngamə, bir vur-çatlasın olacaq ki, gəl görəsən.

Bəzi insanlar təəccüblənirlər ki, niyə bu Avropa oyunları Avropada yox, Azərbaycanda keçirilir. Ölkəmizi gözü götürməyənlər deyirlər ki, bu oyunları Bakı guya rüşvətlə alıb. Yalançının lap… Bəziləri də deyirlər ki, Azərbaycan öz ziyanına götürüb bu işi boynuna. Bu da yalandır və yalançınlın lap…

Avropa oyunları Azərbaycana xalqımızın idman sahəsində qazandığı analoqu olmayan nailiyyətlərinə görə verilib. Çünki yer üzündə azərbaycanlılar kimi idmançı xaql yoxdur. Özünüz fikirləşin: idmanın kraliçası yüngül atletikadır. Yüngül atletikanın da padşahı qaçışdır. İndi özünüz deyin: bu dünyada azərbaycanlılar kimi qaçan ikinci bir xalq var ya yox? Yaxşı fikirləşsəniz, görəcəksiniz ki, yoxdur və ola da bilməz!

Azərbaycanlılar bəlkə qısa məsafələrə qaçışda bir az zəifdirlər. Ancaq orta və uzaq məsafələrdə heç bir millət bizim millətin tozuna da çata bilməz. Özünüz baxın da: doqquz milyondan artıq bir xalqın iki-üç milyonu peşəkar qaçışçı sayıla bilər. Hansı xalqda bu qədər qaçan var? Bir də gördün azərbaycanlı götürüldü İmişlidən, iki-üç günə gedib çıxdı Saxalinə, Kamçatkaya… A qardaş, bu rekorda heç Gines kitabı da layiq deyil, gərək ayrı bir kitab yaradıla ki, bizim millətin rekordları ora yazıla. Azərbaycanlı bir də gördün tüpürüb dabanına, gözünü açıb-yumunca çatır Kalininqrada, Arxangelskə, Xakasiyaya, Tuvaya. Rusiya nədir ki. Görün nə qədər azərbaycanlı qaça-qaça gedib Fransaya çıxıb, Almaniyaya çıxıb, İsveçə çııxıb, Belçikaya çıxıb. Qardaş, bu, marafon-zad tayı deyil, bizim azərbaycanlı bir dəfəyə iyirmi-otuz marafon qaçır! Hələ mən qaça-qaça Avstraliyaya gedib çıxanları demirəm. Qardaş, gərək bu insanlaırn hər birinə qızıldan düzəldilib brilyanta tutulmuş medallar verilə, adları tarixə yazıla!

Hər millətə yaradan xüsusi bir istedad verib. Bizim xalqdakı qaçmaq istedadı da Tanrı vergisidir. Azərbaycanlı balası ayağı bir az yer tutan kimi başlayır qaçmağa. Evdən qaçır, dərsdən qaçır, əsgərlikdən qaçır. Bəlkə bizdə iki-üç milyon arvadından, uşağından qaçan var.Ancaq ölkədən qaçmaq istəyənlər daha çoxdur. İndi hamı da qaçsa, ölkədə adam qalmaz. Ona görə də hökumət bu qaçmağın qabağını almaq üçün bəzi vacib tədbirlər görür. Ölkəyə gərəkli, lazımlı oğulların, qızların qaçıb getməməsi üçün onları dama salıb qıfıllayırlar. Bunu, əlbətə, millətin xeyrinə edirlər. Yaxşı siyasətçilər, yaxşı jurnalistlər, yaxşı hüquqçular ölkədən çıxıb getsələr, ölkə nə günə qalar? Ona görə də bu adamlar damda saxlanılırlar, gecə-gündüz əsgərlər əllərində avtomat onları qoruyurlar. Xarici ölkələrdə bunu səhv başa düşürlər, elə bilirlər ki, hökumət onlara cəza verir. Cəza nədir, a qardaş! Hökumət o insanların qədrini bilit, istəmir ki, onlar başqa ölkələrə qaçıb xeyirlərini yadlara versinlər!

Bizim millətin az-çox zəif yeri qısa məsafələrdir. Məsələn, biz polisdən qaça bilmirik, bir də görürük ki, dəyənəyini endirib təpənə. Məmurdan qaça bilmirik, əlini salır cibinə, müəllimdən qaça bilmirik, qulağını keçirir əlinə. Bu millətdə də hər vəzifəsi olana müəllim deyildiyinə görə onların hamısı fürsət axtarır ki, vətəndaşın qulağını əlinə alıb bursun. Ona görə də biz azərbaycanlılar yavaş-yavaş qısa məsafələrə də qaçmağı da öyrənməliyik ki, qulaqlarımız ələ keçməsin…

Bəli, tezliklə Bakıda Avropa oyunları başlanacaq. Bir neçə milyon azərbaycanlı bu oyunlara Avstraliyada, Amerikada, Avropada və hətta bəlkə Afrikada televiziya ilə baxacaq. Və tarixi vətənlərinin paytaxtı küləkli Bakı şəhərində dillərini iki metr çıxarıb nəhləyə-nəhləyə  bir neçə yüz metr qaçan idmançıları görəndə soydaşlarımız qəhqəhə ilə gülüb deyəcəklər: “bunlar da adlarını qaçan qoyublar. Qaçan bizim kimi olar. Gör hardan qaçmışıq, hara qaçıb gəlmişik…”

 

БЕГ гр.

 

“Ocaq” qəzeti, may 2015

 

NEYLƏYİRDİK OYUN-MOYUN…

Стадион

Bakıda tezliklə Avropa oyunları başlanacaq…

Özümlə bacara bilmirəm: “oyun sözünü eşidən kimi “qoyun” yadıma düşür. Neyləyirsiniz, eləyin, lap vurun, öldürün. Nə qədər çalışıram Ki, gözümün qabağınA ayrı şey gətirim, olmur. Kimin ağzından “qoyun” sözü çıxsa ya bir yerdə bu sözü oxusam, elə bilirəm yaxında bir sürü qoyun mələşir.

Bəlkə də bu məsələ məktəb kirablarına salınmış bir nağılla bağlıdır: “Getdin gördün qoyun, neyləyirsən oyun-moyun…”

Ürəyinizə ayrı şey gəlməsin…

Bəklkə də “oyun” sözünün yadıma qoyunu salması mənim kənddə keçmiş uşaqlığımla bağlıdır. Başqa kəndləri bilmirəm, bizim kənddə uşağın ayağı topa dəyən kimi böyüklər onun yadına qoyunu salırdılar: “Qoyun qalıb yiyəsiz, sən top vurursan! Qıçın sınsın!”

Biz uşaq olanda əsil topu altı ayda, ildə bir dəfə görürdük. Biz topu əskidən-üsküdən düzəldərdik. Bizdən sonrakı nəsillərin topu olub. Yəni uşaqlar cib xərcliklərini, ya sünnət olanda onlara bağışlanan pulu yığıb özləri xəlvətcə top alırdılar. Ancaq böyüklər çox vaxt bu topları da alıb ya cırırdılar, ya da iti bir şeylə deşirdilər. Çünki uşaqların başı qarışırdı oyuna, qoyun qalırdı yiyəsiz! “Qoyunun dərdi ürəyinizə! Çörəyi qoyundan yeyirsiniz, burnunuzdan gəlsin!”

Eşitdiyimə görə, Azərbaycan kəndlərində indiyəcən böyüklər hərdən-hərdən uşaqların toplarını alıb cırırlar.

Buna görə də Azərbaycana futbolçuları banan, kartof, mobil telefon kimi başqa ölkələrdən gətirirlər. Öz uşaqlarımız qoyun qabağındadırlar…

Azərbaycanda niyə Asiya yox, Avropa oyunlarının keçirilməyi də bir az təəccüblüdür. Çox mötəbər mənbələrdə Azərbaycanın Asiyada yerləşdiyi göstərilir. Elə insanların bir-birinə, hakimiyyətin vətəndaşlara münasibətindən görünür ki, Azərbaycan Avropada deyol, Asiyadadır.

Belə bir lətifə var: birinə “öküz” Məhəmməd deyirmişlər, o da çox inciyirmiş. Yaxşı bir danası varmış, kəsir, yekə bir qinaqlıq verir ki, “öküz” sözünü üstündən götürsünlər. Camaat yeyib-içir, dağılışanda deyir ki, sənin adaından “öküz”ü götürürük, sən bu gündən olursan “dana” Məhəmməd…

Mən qorxuram ki, Avropadan idmançılar, məşqçilər, məmurlar gəlb iki həftə Azərbaycan xalqının hesabına yeyə-içə, dağılışanda deyə ki, siz Asiya deyilsiniz, Afrikasınız…

Hərçənd valideynlərin uşaqlardan topu alıb cırdığı ölkə heç Afrika adına da layiq deyil. Baxın Afrikaya, görün necə futbolçular yetişirlər. Afrikalılar çoxdan başa düşüblər ki, qoyunun öz yeri, oyunun öz yeri…

Ancaq gözünü beş-altı qotur qoyuna dikmiş soydaşımıza da rəhmli olaq: o yəqin ki, indi Avropa oyunlarına çəkilən xərcləri görüb başını yelləyir: “Neyləyirdik oyun-moyun…”

Mirzə ƏLİL

 

 

 

Mirzə TƏBİL.  KOMMUNİST ŞAİR SƏMƏD VURĞUNA NƏZİRƏ

                      

 

Yerdən ayağını quş kimi üzüb,

Qaşını oynadıb, gözünü süzüb,

Bəlkə bizi kimi ölkədən bezib,

Baş alıb gedirsən hayana ceyran?

 

Bir məsəl qalmışdır ata-babadan:

“Üç yüz il geriyik biz Avropadan”.

Çətin ki çatarsan, necə də qaçsan,

Bələmə özünü tər-qana ceyran!

 

İlham, insaf elə, keçmə bu düzdən,

Kürünü, neftini çıxar dənizdən.

İndi ki asırsan pərdəni gözdən,

Yoxdu Mehribandan yaxşı talisman,

Qıyma ki qatıla yalana ceyran!

Bunu bağışlamaz insana ceyran!

 

27.11. 2014

Samara