Архив тегов | Ay mədəd qoşması

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AY MƏDƏD!»

“Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!”

Bir şey başa düşdünüz?  Deyək ki, Qasım bəy dostunun yolunda canını üzüb. Ancaq “məkana yetişməyib”. Hansı məkana? Bəlkə dostundan mükafat gözləyirmiş?

İkinci beyt:
“Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!”

“Əndamım”  — yəni bədənim. Bədəni mum kimi əriyib, çünki “canə (cana yox, canə!) eşq atşi düşüb. Belə çıxır ki, birinci beytdəki “dost” xanım imiş. Qasım xanımdan ötrü canını üzüb, ancaq “məkana yetməyib”. Deməli, məkan mükafat deyil, Qasım bəy yəqin xanımdan ayrı şey istəyirmiş.

Ay lotu…
“Muradımın şükufəsi bitmədi”

Azərbaycancaya çevirsək, belə çıxar ki, Qasımın istəyinin qönçəsi bitməyib, çünki, mən bilən, “şükufə” “qönçə” deməkdir. Hərçənd qönçə bitməz, açılar…
“Bəlalı sərimdən sövda getmədi”

“Sərimdən” – yəni başımdan. Ağdamlı Qasım niyə “baş”sözünü byənmir, elmə məlum deyil…

Dalı (bəndin) çox maraqlıdır:
“Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!”

Yəni Qasımın ömrü başa çatıb, ancaq sevgilisinin dağılmış saçlarını əlinə ala bilməyib…

Məşədi İbad demişkən, çox gözəl, çox pakizə…

Azərbaycanlı kişilər sevgidən havalı olanda xanımın saçına sığal çəkirdilər, hava dağılan kimi, elə bu saçı əllərinə dolayıb xanımı sürüyürdülər. “Danabaş kəndinin əhvalatlarında” Xudayar bəy arvadı saçlamaq üzrə master-klas göstərir…
“Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar”

Burası aydındır. Qəm Qasımın yaxasından tutub hər yana dartar. Eyni istiqamətdə dartmır ki, başı gizəllənməsin…
“Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!”

Aha! Yollar bağlanıbmış…
“Ayrı düşmək vətənindən yamandı”

Yadınıza salım ki, Qasım bəy üç ay sürgündə olub. Özü də Sibirdə, Maqadanda yox, Bakı şəhərində. Bu üç ay sürgünün ah-zarını biz iki əsrdir ki, eşidirik…
“Diyari-ğürbətda öldüm, amandı!”

Burda Qasım bəy ağını çıxarıb…
Axırda görün nə deyir:
“O qaşları yayı sevəndən bəri”
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!”

Yuxarıda demişdi ki, bədəni mum kimi əriyib. Mum kimi ərimiş adamın odu “asimana”, yəni göylərə necə od sala bilər?

Qasım bəyə niyə şair, özü də klassik statuslu şair deyirlər – başa düşə bilmirəm. Onun yazdıqları ancaq uşağın da, böyüyün də tərbiyəsinə, yəni estetik tərbiyəsinə ancaq ziyan vura bilər…

X.X.

23. 09. 2025, Samara