Архив тегов | Az
DƏDƏM VAY!
O gün bir soydaşıma rast gəldim, deyir Mirzə, xəbərin var bir azərbaycanlı qızının oğurlanmağından? Deyirəm xəbərim yoxdur, ancaq burda nə qəribə iş var ki, yəqin demək istəyirsən qaçırıblar. Bizim qızlarınkı elə dədə-baba qaçırılmaq deyilmi? Deyir yox, bu uşağın qaçırılmaq vaxtı deyil, cəmi on üç yaşı var. Deyirəm a kişi, on üç yaş bəs azdır? Azərbaycanda ondan da kiçikləri valideynləri könüllü verirlər gedir. Yəni ki, valideynlərin könlü olur, qızı deyə bilmərəm. Əslinə qalsa, on bir-o iki yaşlı qızda nə könül… Soydaşım deyir ki, a Mirzə, vallah sən məni yaxşı başa düşmürsən. Bu qızı əməlli-başlı oğurlayıblar, belə maşın oğurlayan kimi, qızıl-gümüş oğurlayan kimi… Bunu eşidəndə çox darıxdım, dedim ki, a kişi, bunu bayaqdan de də. Yəqin oğurlayanlar erməınilərdir, o qırışmallar torpağımızı oğurladılar, ürəkləri soyumadı, yeməklərimizi, mahnılarımızı oğurladılar. İndi də balaca qızlarımıza əl atıblar. Soydaşım dedi ki, a Mirzə, nə erməni, qızı özümüzkilər oğurlayıbmış, dəstəbaşı da iyirmi yaşlı azərbaycanlı qızıdır…
Ah cəsur, qeyrətli qəhrəman Azərbaycan polisi, olaydın burda, görüm bu uşaqlar o qələti eləyərdilər ya yox. Siz öləsiniz demirəm, Mirzə Əlilin başı haqqı, Azərbaycanda nəinki oğurluq eləməyə, hətta dilənməyə də qoymurlar. İnternetdə hansı Azərbaycan saytını açırsan, görürsən ki, Bakının bu küçəsində bu qədər dilənçi tutulub, o metro stansiyasında filan qədər. Vallah, polislər qırğı kimi şığıyırlar dilənçilərin üstlərinə, “dədəm vay!” deməyə də macal verməyib qandallayırlar. Düzü, hara aparırlar, deyə bilmərəm. Bunu yazmırlar. Yəqin dövlət sirridir. Azərbaycan da, özünüz bilirsiniz, çox sirli dövlətdir. Dövlət deyil ey, qardaş, sirlər xəzinəsidir!
Ancaq bir fikir beynimdə elə hərlənir ki, başım qızır. Məsələ burasındadır ki, bu dilənçiləri nə qədər tuturlarsa, qırılmışların sayı azalmır, bəlkə elə artır da. Çox təəccüblüdür, Azərbaycan kimi varlı dövlətdə dilənçi hardan əmələ gəlir? Bir restoran sahibi var, mötəbər insandır, maşını da çox yekədir, deyir Mirzə, o dilənçiləri Ermənistanda hazırlayıb vertolyotla atırlar Bakının, Sumqayıtın, Gəncənin, Salyanın küçələrinə. Deyirəm niyə? Deyir ki, bizi biabır eləməyə, ermənilərin fikri-zikri bizi biabıer eləməkdir…
Vallah, ağlabatan sözdür, ermənilərdən nə desən çıxar…
O ki qaldı oğurlanan qıza, urusun milisi sağ olsun, azad eləyib. Uşağın atasından pul istəyən dəstəbaşını tutublar. Ata da başını yelləyib gülür ki, a kişi, məndə pul hardaydı?
Ürəyimdə dedim ki, o sözü burda deyirsən, Azərbaycanda deyə bilməzdin. Azərbaycanda kimin pulu olduğunu və nə qədər olduğunu bircə polis bilir. Kimə barmağını uzatsa ki, səndə bu qədər pul var, o adam o pulu yerin deşiyindən də olsa çıxarır və özü də məəttəl qalır ki, bu qədər pulu olduğunu indiyəcən bilmirmiş…
Sizə deyim Vasif Talıbovadan…
Yox, bu dəfə heç nə deməyəcəyəm, çünki naxçıvanlılar söz qoyublar ki, Mirzə, bir də Tasif Talıbovdan artıq-əskik yazsan, üzünə baxmarıq. Naxçıvanlıların baxmadıqları üzsə, vallah, qaradır…
Gəlin sizə deyim İrandan. Deyirlər ki, çalmalılar İranda o qədər törəyib-artıblar ki, bir-birinin ətini yeyirlər, camaat da aralıqda qalıb qırılır. Bir azərbaycanlı ayaq altında qalıb qışqırırmış ki, “dədəm vay!” Jandarm dəyənəyi endirib kürəyinə ki, əksinqilabçı köpəkoğlu, dərdini farsca de, bilək nə deyirsən…
A qardaş, nə olar, farsca de də, bu fars köpəkoğlu da bilsin sənin dərdin nədir…
Mirzə ƏLİL
26.06.09 Samara