Архив тегов | Azərbaycan dili haqqında şeir

DOKTOR MƏSUD PEZEŞKİAN

“Dünyanın köksündə ürəkdir İran” –

Nizami Gəncəvi bunu deyibdir.

Ürəkdə min yerdən yara var indi,

Kimsən doktor Məsud? Həkim, qəhrəman?

 +

Doktor, ürək birdir, dilsə bir deyil,
Sənə hər ikisi əziz və doğma.

Şəhriyar şeirini deyəndə amma,
Özün kövrəlirsən, xalqın ağlayır.

 +

Dağıdır ölkəni raket və bomba,
Heyf ki, acizsən skalpelinlə.

Şəhriyar şeirini gətirib dilə,

Deyirsən, kömək ol, ya Heydərbaba…

 +

Azarlı kimiyik biz də bu tayda,
Bizə dərman dedin öz dilimizi.
Elə  bil ayıltdın, sağaltdın bizi,

Dərman içməmişdik biz heç bu dadda…

 +

Dövlət borcu da var, şəxsi borc da var,
İxtilaf yaranır, məhv olur insan.

Doktor, sən facisə qərəmanısan,
Millətin indidən yasını saxlar…

 +

20.06. 2025, Samara

KARLIQ

25.09.18

Məndə karlığı var böyük almanın,

(Özüm nə almanam, böyüyəm nə də!),

Az qala əsrdir dili anamın,

Yalnız ürəyimdə yaşayar, dinər.

 

Yazdığım sözlərin musiqisini,
Ancaq öz içimdə eşidirəm mən.

Misranın fonetik səliqəsini,

Duymuram, təxmini zənn edirəm mən.

 

 

Vergül harda olur, yaxşı bilirəm,

Nöqtə, sual, nida göz qabağında.

Necə ah çəkilər, köks ötürülər,

Amma, təəssüf ki, çıxıb yadımdan.

 

Çıxıb yaddan çalar, intonasiya,
Sözlərin soyuğu, istisi vardı.

Eləsi çiy idi, ancaq eləsi,
Təndir çörəyi tək bişib çıxardı.

 

Ordan yaddaşımda gətirdiyimi,
Çıxarıb yazıram dərin sükutda,

Yer iqlimi deyil yaddaş iqlimi,
Var istisi ancaq, var soyuğu da.

 

Sehrli çırağın qüdrəti ilə,
Sözləri töhfə tək sanki alıram.

Özümsə yeraltı dünyada elə
Qalmışam, zülmətdə, sükutda aləm.

 

Çıqqıldar astaca klaviatura,
Dayanmaz yağışı narın şriftin.

Ekranda yazılan şeirdən artıq,
Kardioqramdır, anlamaq çətin.

 

Çoxdan eşitmirəm yazdığım dili,
Oxumuram özüm yazdığımı da.

Sözləri tərk edib səslər elə bil,
Dilim yaddaşımda qalsa da, laldır.

 

Kar alman dahisi öz əsərini,

Özü də səhnədə  durub çalardı.

Qorxuram oxuyam mənsə şerimi,

Elə bil həm karam, dilim də laldır…

 

30.09-01.10. 2018

Samara

AZƏRBAYCAN DİLİM

                      Memleketim, memleketim, memleketim,
                          ne kasketim kaldı senin ora işi
                                           ne yollarını taşımış ayakkabım…

                                             Nazim HİKMƏT

 

Papağı çatanda çovğun apardı,

Yoldaca dağıldı ayaqqabılar.

Vətən! Saç ağardı, saqqal ağardı,

Üstümdə, içimdə indi nəyin var?

 

Büküb gətirmədim yaylığa torpaq,

Gətirmədim çiçək, ot qurusu da.

Əziz bir şeyin var, vətənim, ancaq,

Həmişə hardayam, ordadır o da.

 

O nə satılandır, nə bağışlanan,

Xərclənən, əyinə geyilən deyil.

Nəsildən nəsilə keçər, daşınar,

Köhnələn, aşınan, yeyilən deyil.

 

Azərbaycan dilim! Səni daşıyan

Mənəmmi? Aparan məni ya sənsən?

Torpaq götürmədim ayrılan zaman,

Yaylıq arasına sığışmaz Vətən.

 

Səni sərhədlərdən keçirərəm mən,

Azərbaycan dilim, qaçaq mal kimi!

Qürbət torpağında  şeir cücərdən,

Qəribin tükənməz sərvəti, mülkü.

 

21.04. 2015 Samara